SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Heç nə unudulmamalıdır; Qubadlı rayonunun Eyvazlı kəndini 24  noyabr 1988-ci ildə ermənilər yağmalayıb yandırıb. Bu, I Qarabağ savaşında ilk Şəhid kəndimiz oldu. Faciə günü qələmə alınmış bu yazımı oxuculara təqdim edirəm.

        Vaxtı ilə adı-sanı respublikaya sığmayan, neçə dövlət xadiminin, generalın, alimin, çekist və bolşevikin anadan olduğu Eyvazlı kəndi. Yandırılıb məhv edilmiş evlərinə, həyətlərinə, quş-heyvan damlarına baxa-baxa qapqara qaralmış divarların arası ilə səssizcə addımlayan, doğma od-ocaqla vidalaşan kənd adamlarının kədərli, tutqun sifətləri. Görünməmiş vəhşiliyin şahidləri danışırlar:

       Fəhlə Fəzail Həsənov : - Saat onun yarısı idi. Mal-heyvanı rahatlayıb təzəcə televizora baxırdıq. Birdən işıqlar söndü, bir partapart qopdu ki, səsindən qulaq tutulurdu. Asfalt yoldan üzübəri dayanan yüzlərlə maşın aramsız siqnal verirdi, içində çoxlu milis maşını da vardı. Fırlanan işıqlar indi də gözümün qabağındadı. Ermənilərin çığır-bağırından ağızları deyəni qulaqları eşitmirdi. Evlərə, həyətlərə güllə dolu kimi yağırdı. Bircə kəlmə “gəldilər” deyə bildim. Neçə gün idi ki, Gorusda mitinq eliyirdilər, ürəyimə dammışdı ki, bu alçaqlar bir qan qaynadacaqlar, amma belə alçaqlığa gedəcəklərin ağlıma gətirməzdim.

        Zaman Quliyev, kənd məktəbinin müəllimi, əli ilə yanmış evi göstərib: - O bizim ev idi, - deyir, - Fişənglər, güllələr açılan kimi  pəncərə şüşələri çilik-çilik oldu, yol tərəfdəki otağa nə düşdüsə, o dəqiqə alov aldı ...

Uşaqlardan ikisinin toy hazırlığını qurtarmışdıq... Dədə-babadan qalma dəmir sandığı da aparıblar, pul-para da içində.

        Əmir İsmayılov, müəllim, əmək veteranı: - Kamillə bizim ev bitişik kimiydi. Onun ailəsi də axşam bizdə idi. Mən dedim : - istəyirəm səhər Mahirə zəng eliyəm deyəm, gəlsin bizi aparsın, yenə arvad dilləndi ki, a kişi, ayıbdı, camaat adama nə deyər ?  Nə isə ...  allahdan aşağı bizi o təpə saxladı. Birinci iti vurdular. Ən az heyvan elə bizimki idi kənddə, üç inək, dörd də dana-duna. Onları açıb apardılar, qoyun-keçinin yeri tövlənin o başındaydı. Hansısa çaşdı, onları cıxartmamış tövləyə tez od vurdu. Yazıq heyvanlar elə mələşirdilər ki, ürəyim dağlandı... Yanan tayaların işığında ev-eşiyi süpürüb yığdılar iki maşına. Bu boyda kənddə bir tüfəngli kişi olmadı ki, bu namərdlərə hec olmasa bir-iki güllə ata.

        Kimsə söhbətə qoşulur : -Tüfəng qoymuşdular qala camaatda, əvvəldən hamısın elə yığmamışdılar ki, bu günü fikirləşmişdilər e, erməni ona görə ermənidi də, işin əvvəldən elə qurur ki, heç bir qulp çıxmasın.

      -Ama gecə hayımıza gələn rayon rəhbərlərinə Bünyad müəllim yaman dedi:-yaxşı ki, erməni bu kəndi yandırdı, hec olmasa bu camaatın nə gündə yaşadığın gəlib bir dəfə də olsa gördüz, barı o gəldiyiniz yola baxanda bir xəcalət cəkdinizmi? Necə dəfə sizə sifariş göndərmişik ki, bu namərdlər bizi qıracaq, yuxarılara deyin, bir kömək eliyin, görsünlər ki, bizə də yiyə duran var. 

        Novludan bəri aşan iki-üç maşın söhbətin yönünü dəyişir.

     - Bizim uşaqlardı, şəhərdəkilərdi, nə cavab verək onlara, nə deyək ...  bəd xəbər nə tez gedib çatıb ...

     - Qeyrətləri oleydi, otureydilər burada, el-obanı on-on beş ağsaqqal-ağbirçəyin umuduna qoyub getmiyəydilər, bu günə də qalmazdıq.

      -Nətər qaleydilər, dünənə qədər işığımızı da Gorus verirdi, sən də söz danışdın, ot-əncər yeyib yaşıyeydilər, yoxsa bizim kimi onlar da gedib Voratanda erməniyə hambalcılıq eliyeydilər?

     - Elxandır, yazıq bala, dünən getmişdi, nə qədər elədi ki, ev tapmışam, gəlin sizi də götürüm gedək, onsuz da axırı yoxdu buranın, yenə qeyrət yol vermədi ...

        Belə ağır görüşün olacağını kim düşünə bilərdi ? Bayaqdan özünü tox tutan, için-için boğulan kişilər indi övladları ilə öpüşüb görüşəndə elə hönkürtü qoparır ki, adamın dizləri əsir ...

     - Dədə, evimiz niyə bu günə qaldı ...

     - Dedim, ay baba, gəlin yığışaq gedək, bu alçaqların yan- yörəsindən ...

     - Günah bizdədi, sizi tək qoyub qaçmışdıq bu dədə-baba yurdundan ...

        Dünən gecədən icrakomun sədr müavini Elxan Ağakişiyev, kənd sovetinin sədri Mehdi Mehdiyev və mən burda qalmışıq, guya Bakıdan komissiya gələcək, onları gözləyirik, həm də  camaatın olan-qalanın yığıb rayon mərkəzinə köcməsinə kömək etməliyik. Gün qüruba əyilir, heç birimizin yadına da düşmür ki, dünən gecədən ağzımıza su, çörək dəyməyib. Qapqara qaralıb yanmış divarların ətrafına toplaşan iki-bir, üç-bir dodaqlarını gəmirən cavanları, qocaları buradan ayırmağa heç kim cəsarət eləmir. Kimsə dillənir :

     - O tərəfdən arvad-uşaq bəri gəlir, deyin gəlib bu nadürüstlərin gözünün qabağında vay-şivən qopartmasınlar.

        Bünyad müəllimin öz-özünə acı-acı gülümsəyərək dediyi sözləri eşidilir:

     - Ev-eşik doluydu orden-medalnan, kimlər taxmamışdı döşümə iki müharibədə, biri də qalmayıb...

     - Mənim partbiletim nolacaq ey, yanığın da tapmadım, - bunu da Əmir müəllim dedi.

        Rayondan Eyvazlıya gələn kəsə yolu axşamdan kəndə hücumdan əvvəl partladıblar, biz də axşam bu yolu piyada gəlmişdik, indi  Novlu yolu ilə rayona qayıdırıq, “kənddə kimsə qalıb” - deyirlər, dayanırıq. Cavan bir oğlan gəlir:-İtimizi açırdım, nə qədər elədim bəri gəlmədi, yolda duran rus, ermənilərə tərəf qaçdı, vurdular …

       Gözdən itincə hamının nəzərləri uzaqlaşmaqda olan Eyvazlının xarabazara çevrilmiş dam-divarlarına zillənir :- Əlvida, doğma od-ocaq, bağışla bizi,  Eyvazlım, səni qoruyub saxlaya bilmədik.

       ... Üz-gözündən qəzəb, kədər yağan bir dəstə ilə rastlaşırıq, söz soruşuruq, acı xəbər günün dərdini unutdurur :  ermənilər Ağbulaqlı Əmrah kişinin oğlu Bərxudarı öldürüblər, ötən həftə toyu olub, altı nəfər yaralı, maşınla özünü güclə sərhədə çatdıra bilib, evlərini köçürüb aparırlarmış, hamısını əllərindən alblar, Şırnıxlı dükançı Əsədi öz maşınının içində dərə aşağı yumalayıblar. Yenə daşnak Hamletin dəstəsidi, hamısı da türmədən açılıb buraxılanlardı. Köpəklər türkün qanına susayıb.

       ... Qubadlıya çatmağa az qalmış, Qarağac bulağı yanında insan axını ilə qarşılaşırıq.

           Dərd dağı, dərd yığnağıdı bura. Ürək lazımdı dözə bilə gördüklərinə.Yumağa dönmüş maşın, hər yana dağılmış ev-eşik əşyaları, Sisian rayonunun Dəstəyurd kəndindən ev-eşiyini yığıb qaçan dolu yük maşını aşıb, üç nəfər ölüb, dörd nəfər yaralanıb.Hıçqırıqlar arasında bir qadın səsi:

       - Qardaşımın, ata-anamın qəbrindən götürdüyüm torpağı da əlimdən aldılar, yerə çırpdılar, ürəyimə dağ  çəkdilər kafirlər.

       - Qızılcıq yurdunda nə qanlar oldu, ilahi, kar oleydim, kor oleydim, ay ellər, obalar görmiyəydim, dil gəlmir deyə...

          Huşa gəlmiş bir ana göynərtisi: - Allahverdim, Sürahım, nəvəm, ilkim Gülənim, mən də siznən öləydim...

          Ağbirçək bir ananın harayı ürəkləri səksədir.

       - Allah, hanı sənin qəzəbin, allah, səbrin dolmadımı, allah ?

Hamı qeyri - ixtiyari göyə baxdı, bu an ayaqlar altından dəhşətli bir uğultu-torpağın bağrını dələ-dələ uzaqlara yön aldı ... Bu qədim türk ellərinə sahib cıxıb indi onu qana boyayan haylara Allahın göndərdiyi zəlzələ adlı cəzaydı. orpaq bu fəryada dözə bilməzdi, dözsəydi bağrı çatlardı, ölərdi...

            Azərbaycan hələ indi başlayan bu savaşın sonundan xəbərsizdi…

 25.11.1988.   Hacı Nərimanoğlu