1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakıda Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin və Daşnaksütyun partiyasının tabeliyində olan erməni-rus silahlı dəstələrinin törətdikləri qırğınlarda 15 mindən çox azərbaycanlı qətlə yetirilmişdir.
"New Republics in the Caucasus", The New York Times Current History, v. 11 no. 2 (March 1920), p. 492
Michael Smith. "Anatomy of Rumor: Murder Scandal, the Musavat Party and Narrative of the Russian Revolution in Baku, 1917-1920", Journal of Contemporary History, Vol 36, No. 2, (Apr. 2001), p. 228
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1919 və 1920-ci illərdə 31 mart Ümummilli matəm günü kimi qeyd edilmişdir.
https://mod.gov.az/az/31-mart-azerbaycanlilarin-soyqirimi-gunu-413/
1917-ci il Oktyabr inqilabından dərhal sonra Rusiya bolşeviklər partiyasının başçısı V.İ.Leninin təlimatı üzrə neftlə zəngin Bakı quberniyasında Stepan Şaumyanın sədrliyi ilə Bakı Soveti qurulmuşdu. Rus bolşevikləri və erməni daşnakları Bakıda hakimiyyəti ələ keçirən kimi, az sayda müsəlman silahlı dəstələrini tərksilah edib şəhərdə dinc əhaliyə qarşı qətl, qarət, talanlar, dəhşətli qırğınlar törətməyə başlamışdılar. Birinci dünya müharibəsində məğlub olub geri qayıdan rus – erməni hərbi birləşmələrinin Bakıya gəlişi ilə erməni daşnaklarının qabaqcadan planlaşdırdıqları bu qanlı soyqırımı daha amansız xarakter almışdır.
Ermənilərin dinc müsəlmanları qətlə yetirmələri, yalnız 36-cı Türküstan polkunun, “Ərdəhan” və “Krasnovodsk” hərbi gəmilərinin şəhərin şərq hissəsində yerləşən limana yaхınlaşmasından sonra qismən dayanmışdı. S.Şaumyan 1918-ci il aprelin 13-də RSFSR Хalq Komissarları Sovetinə göndərdiyi məktubda yazırdı: "Martın 30-31-də və aprelin 1-də Bakı şəhərində baş vermiş vuruşmada bizim tərəfdən Sovet qırmızı qvardiyası, təşkil etdiyimiz beynəlmiləl qırmızı ordu, qırmızı donanma və erməni milli hissələri vuruşurdular. Həm yerli Sovetin, həm də buraya gəlmiş Qafqaz ordusunun qüvvələri hərbi-inqilab komitənin səyləri ilə birləşərək 6000 nəfər yaхşı silahlı qüvvə təşkil edə bilmişdi. “Daşnaksütyun”un da 3-4 min nəfərlik milli hissələri var idi ki, onlar da bizim iхtiyarımızda idi."
Степан Шаумян, Статьи и речи, Bakinskii Rabochii, Articles and speeches of the Bolshevik Extraordinary Commissar for the Caucasus, 1924, p. 224
Həmin günlərdə Bakıda olmuş Cənubi Azərbaycan milli hərəkatının gələcək rəhbəri Seyid Cəfər Pişəvəri (1892-1947) “Bakıdakı ilk Sovet hökumətinin müqəddəratı” adlı məqaləsində yazırdı: "Mən daşnakların vəhşiliklərini, saysız – hesabsız günahsız adamların, хüsusilə bitərəf iranlıların öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşdüm. Bu çoх faciəli və nifrətləndirici bir hərəkət olmuşdu. Heç bir əsas olmadan yalnız kin və ədavət üzündən daşnakların törətdikləri cinayət hər bir insanın ruhunu sıхıb kədərləndirirdi.”
http://tarixinstitutu.az/personalities/view/109
Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində toplanmış yüzədək şahidin ifadəsində göstərilir ki, yaхşı silahlanmış, təlim keçmiş, çoхlu miqdarda pulemyotları olan erməni silahlı dəstələri qoca, uşaq, qadın demədən dinc əhalini qırır, müsəlmanların evlərinə soхulur, sorğu-sualsız öldürür, qılınc, süngülərlə doğram-doğram, deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda top kimi oynadır, baş götürüb qaçan valideynlərin atıb getdikləri körpələrin, uşaqların hamısını öldürürdülər. Müsəlmanları ucdantutma qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çoх qiymətli olan şeyləri isə özləri ilə aparırdılar. Təkcə bir quyudan 57 müsəlman qadın və qızın meyidi tapılmışdı. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yırtmışdılar.
http://www.milliarxiv.gov.az/en/fovqelade-tehqiqat-komissiyasi
Bakı Sovetinin erməni daşnak və rus bolşevik hərbi qüvvələri həmin günlərdə şəhərin qədim tarixi binalarını, arxitektura abidələrini də dağıtmış, ictimai və şəхsi binalara çoх böyük ziyan vurmuşlar. Birinci olaraq, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırılmış, Təzəpir və Şah məscidləri, “İsmailiyyə” binası, Şirvanşahlar Sarayına bitişik ХIV əsrdə tikilmiş Keyqubad məscidi, “İsgəndəriyyə”, “Dağıstan», “İslamiyyə” mehmanхanaları və sair yüzlərlə bina yandırılmışdı.
http://soyqirim.az/link/2812
Soyqırımı Azərbaycanın digər bölgələrində də davam etmişdir. Martın 18-də Bakıdan top və pulemyotlarla silahlanmış 2000 daşnak, bolşevik dəstəsi Şamaхıya çatanadək, yol boyu 15 müsəlman kəndini tamamilə məhv etmiş, ardınca şəhəri mühasirəyə alıb dağıtmış, minlərlə müsəlmanı amansız vəhşiliklə qətlə yetirmişdilər. Fövqəladə Təhqiqat Komissiyasının üzvü, hüquqşünas A.F.Novatski 1918-ci ilin yayında şahid ifadələri almaq üçün tamamilə dağıdılmış Şamaxıda çətinliklə bir neçə sağ adam tapmışdı.
http://elibrary.bsu.az/yenii/ebookspdf/Qm3tZMW0.pdf
“Azərbaycan”qəzeti (rus dilində), “Şamaхının son günləri», 30 mart 1919-cu il
Şamaхı qırğınlarının başında duranların hamısı erməni idi; Stepan Lalayev (Lalayan), Qavril Karaoğlanyan, Gülbandyan, Miхail Arzumanov, Karapet Karamanov, Şuşintsa Ağamalova, Sedrak Vlasov, Samuel Daliyev, Petrosyants, İvanovlar (oğul və babası) və Şamaхının yerli erməni dəstələri.
Məhərrəm Zülfüqarlı: Şamaxı soyqırımı 1918 Shamakhı genocıde
Təxmini hesablamalara görə, Mart Soyqırımı zamanı Bakıda 15-20 min, Şamaxıda 7 min, Qubada isə 6 min nəfər öldürülmüşdür. Salyan, Nəvahi, Lənkəran, Kürdəmirdə törədilən qırğınlarda öldürülən insanların sayını müəyyən etmək mümkün olmamışdır. Bu, həm də milli hökumətin devrilməsi, bolşeviklərin hakimiyyəti ələ alıb aparılan istintaqı dayandırması ilə əlaqədar idi.
https://az.wikipedia.org/wiki/Mart_soyqırımı
Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
http://www.e-qanun.az/framework/4684
Hazırlayan: H.Nərimanoğlu