SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Zəngəzurun Ermənistana verilməsindən 93 il keçir

34599 130760 mTariximizin qara səhifəsi olan bu bədnam hadisə 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarın “q” bəndində deyilirdi ki, Zəngəzur və Naxcıvan Sovet Ermənistanının tərkibinə keçirlər.

 

Zəngəzur həmin tarixədək hər zaman Azərbaycan torpağı olub. Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilib ki, Zəngəzur türklərin qədim yurd yeridir. Zəngəzurdakı türk mənşəli toponimik adların çoxluğu da bu fikri təsdiqləyir.

XVIII əsrdə Zəngəzur mahalının ərazisinin böyük hissəsi Qarabağ xanlığının, bir hissəsi isə Naxçıvan və İrəvan xanlığının tərkibində olub.  Çar Rusiyası dövründə isə o, Gəncə (Yelizavetpol) quberniyasının tərkibinə daxil edilib.  XX əsrin əvvəllərində Zəngəzur mahalında 240 azərbaycanlı (türk), bundan üç dəfə az erməni kəndi var idi. Mahal 7 bölgədən ibarət olub: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, Zəngilan, Qubadlı, Laçın.

1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi kimi Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ general-qubernatorluğuna daxil idi. 1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Zəngəzur Azərbaycanın tərkib hissəsi kimi ayrıca inzibati bölgə - qəza olub. 

Birinci Dünya savaşında Rusiya və Osmanlıda baş verən hadisələrdən istifadə edən daşnaklar indiki Ermənistan ərazisinin böyük bir hissəsində öz hərbi diktatura hakimiyyətlərini bərpa etmişdi. Onların elan etdikləri Ermənistan (daşnak) Respublikası Zəngəzuru tam anneksiya etmək üçün silahlı mübarizəni davam etdirirdi. Bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. Acı təəssüflər olsun ki, 23 aylıq mövcudluğu ilə qürur duyduğumuz Azərbaycan Xalq Cümhuriyəti hökuməti Zəngəzurda törədilən qırğınların qarşısının alınması və bölgənin əldə saxlanması üçün qətiyyətli addımlar atıb düzgün siyasi qərar qəbul edə bilmədilər, dişsiz, hürkək bəyanatlardan uzaq gedə bilməyən hərəkətsizlikləri ilə Erməni Milli Şurasının bu yerlərdə tam hökmran olmasına imkan yaratdılar, əksinə erməni daşnaklarının Zəngəzur və Qarabağdan təmizlənməsi kimi tarixi şansı əldən verdilər. (Hökumətin ilk Hərbiyyə naziri və Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun parlamentə müraciətlərini xatırlamaq kifayətdir).

Azərbaycan SSR hökuməti (Müvəqqəti İnqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etmişdi. Bu arada bolşevik Rusiyası Azərbaycanın ardınca Ermənistanın da sovetləşməsi üçün erməni əhalisini müxtəlif şirnikləndirici addımlarla ələ almaq istəyirdi.

Gürcüstan və Azərbaycanın Rusiya tərəfindən təkrar işğal olunaraq sovetləşməyə başlamasından sonra Qafqazda rus-bolşevik nəzarətindən kənarda qalan bu yeganə ərazini öz tərkibində saxlamaq Pyotr vəsiyyətlərinə sadiq qalan bolşevik Rusiyası üçün çox vacib idi. Bu dəfə də Rusiya üçün ən asan yol, vasitə Azərbaycan torpaqları hesabına daşnakların şirnikləndirilməsi, ələ alınması oldu. Mikoyan başda olmaqla erməni liderləri bolşevik Rusiyasının rəhbəri Lenini inandırmağa çalışırdılar ki, Zəngəzurun (eləcə də Naxcıvanın və Qarabağın) Ernənistana verilməsi erməni xalqının sovet hakimiyyətinə inamını artıra bilər.

Lenin tərəfindən Zaqafqaziya üzrə fövqəladə səlahiyyətli şəxs (faktiki Qafqaz canişini) təyin olunmuş Orconikidze də bu məsələdə ermənilərə dəstək verirdi. Rusiyanın xarici işlər naziri Çiçerin 1920-ci il iyunun 2-də Orconikidzeyə məktubunda bu məsələ ilə bağlı yazırdı: ”Daşnak (Ermənistan) ilə hökuməti ilə kompromisə nail olmaq bizə vacibdir”.

1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olundu”.

 

Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarın başlıca məqsədi onun mərkəzi bəndində (“q“) öz əksini tapmışdı. Orada deyilirdi ki, Zəngəzur və Naxcıvan Sovet Ermənistanın tərkibinə keçirlər.

1920-ci il dekabrın 1-də Nərimanov Azərbacan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasındın qərarı barədə bəyanat verdi. Nərimanov həmin bəyanatda yalnız Zəngəzurun Ermənistana verilməsindan bəhs edirdi. Zəngəzurun inzibati bölgüsü ilə bağlı Azərbaycan rəhbərliyində narazılıqlar isə özünü göstərməkdə idi. Məhz buna görə Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da, qəzanın onun idarəçiliyinə keçməsi dərhal baş verməmişdi. AK(b)P MK Siyasi və Təşkilat bürolarının 1921-ci il 12 yanvar tarixli iclasında “Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili“ haqqında qərar çıxarıldı. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi - Kürdüstan qəzasına bölmək təklif edilirdi.

Naxçıvana gəldikdə, həmin dövrdə bu bölgə Türkiyə qüvvələrinin nəzarətində idi və burada sovet hakimiyyəti faktiki mövcud deyildi. Məhz Türkiyənin qəti mövqeyi, eləcə də Nərimanovun Naxçıvanla bağlı prinsipial mövqeyini Mərkəzə (Leninə) bildirməsi Azərbaycanın bu tarixi torpağının Ermənistana verilməsinin qarşısını aldı. 1921-ci ilin oktyabrın 13-də imzalanan Qars müqaviləsində Naxçıvanın Azərbaycanın ərazisi kimi təsdiqlənməsi ilə Ermənistanın Naxçıvana yiyələnmək cəhdi boşa çıxdı”.

1933-cü ildə Ermənistan SSR-in ərazisi rayonlara bölünür və Zəngəzur adı xəritədən silinir,  Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradıldı. Nəticədə Naxçıvanın digər Azərbaycan torpaqlarından ayrı salındı.  Zəngəzurun Azərbaycanda qalan hissəsində isə əvvəlcə Kürdüstan qəzası, sonra isə Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı. 1992-93-cü illərdə isə Zəngəzurun bu əraziləri də dünya supergüclərinin aktiv hərbi-siyasi dəstəyi ilə işğal edildi.

                                     

Hacı NƏRİMANOĞLU,

 

               “Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri