SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

eliyeva mehriban1

            

"Belə bir nəzəriyyə var ki, insan doğularkən verilən ad onun bütün taleyinə təsir göstərir. Deyə bilmərəm, bu nəzəriyyə real həyatda özünü nə dərəcədə doğruldur, amma yaxşılıq, mərhəmət kimi anlayışlar mənim üçün, həqiqətən ümdə anlayışlardır. Zənnimcə, geniş anlamda, mərhəmət ən yaxşı və ən ülvi insani keyfiyyətlərdən biridir".  

Mehriban Əliyeva

 

 

 

Dünyadan baxış

 Azərbaycanın Birinci Xanımı və Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəxsiyyətinə, çoxcəhətli fəaliyyətinə beynəlxalq aləmdə maraq ilbəil yüksəlir. Dünyanın nüfuzlu "The Times" qəzetinin apardığı araşdırmaların nəticəsi kimi Mehriban xanım Əliyevanın Eleanora Ruzvelt, Hillari Klinton kimi qadınlarla bir sırada dünyanın ən tanınmış 5 fəal birinci xanımı siyahısına daxil edilib. Məşhur “Vogue” dərgisi Mehriban xanıma həsr olunmuş yazıda onun dünyanın ən yüksək zövqlü xanımlarından biri olduğunu yazıb. “Washington Times” qəzetində Mehriban Əliyeva haqqında dərc edilən məqalə “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazı” adlanırdı. Bakıda qadınların mədəniyyətlərarası dialoqun dərinləşməsində artan roluna həsr olunmuş beynəlxalq konfransdan da söz açılır və Mehriban xanım uzun müddət xoşməramlı səfir olmuş məşhur Hollivud ulduzu Audrey Hepburnla müqayisə edilir, bildirilir ki, konfrans iştirakçıları qarşısında 3 dildə - Azərbaycan, ingilis və rus dillərində çıxış edən Mehriban Əliyevanın Şərq və Qərb dünyasında eyni səviyyədə ilk seçmək hüququnun məhz Azərbaycan qadınına verildiyini bir neçə dəfə vurğulanırdı.

Rumıniya mətbuatı isə onu “Miss NATO” tituluna layiq görmüşdü. Birinci Xanım zəmanəmizin bir sıra görkəmli qadınları, o cümlədən İngiltərə Kraliçası II Yelizaveta, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton, öz xeyirxah əməlləri ilə dünya şöhrəti qazanmış Tereza Ana və başqalarının da layiq görüldüyü “XXI Əsrin Böyük Qadını” titulunun nominantı olmuşdu. Onlarla belə məqalədə Mehriban xanımın gözəllik, nəciblik, intellektuallıq, xeyirxahlıq, mərhəmət, insanlarla ünsiyyət qurmaq bacarığı kimi keyfiyyətləri unikal formada özündə birləşdirdiyi vurğulanıb.

Mehriban xanım Əliyeva 1994-cü ilin 10 mayından Heydər Əliyev Fondunun prezidenti kimi genişmiqyaslı ictimai fəaliyyətə - cəmiyyətimizin sosial müdafiəyə ən çox ehtiyacı olan, az qala yaddan çıxmış hissəsinin-valideyn himayəsindən məhrum, yetim, fiziki və əqli-psixoloji qüsurlarla doğulmuş, əlil, eləcə də talassemiya və diabet xəstəliyinə mübtəla olmuş uşaqların, tənha, xəstə qocaların, bu insanların məskun olduqları evlərin, internat məktəblərinin çoxsaylı problemlərinin öyrənilməsi və həlli ilə başlamışdı. Birinci xanım həmin məktəb-evlərin hər birində azı 3-4 dəfə olmuşdu. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində xüsusi xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq görülüb. Bu, onlarla mötəbər mükafat, təltifdən yalnız biridir.

16 ildən çox AzərTAc-ın müxbiri olaraq  tam 4 il həm də Heydər Əliyev Fondunun və Birinci Xanımın fəaliyyətini, keçirdiyi tədbirləri işıqlandırmaq, görülən xeyirxah işləri cəmiyyətə, gələcək nəsillərə çatdırmaq missiyasını yerinə yetirmişəm. Bu müddətdə Birinci Xanımın fəaliyyətinin fəlsəfəsinə və mənəviyyatına, fərdi xarakterinə ayna tutan, portret cizgilərini canlandıran çoxsaylı hadisələrin şahid olmuş, inanmışam ki, insanlara sevgi, qayğı, səmimiyyət, yaxşılıq, mərhəmət kimi nəcib insani duyğular Mehriban xanım Əliyevaya ümumxalq sevgisi qazandıran əsas amillərdir.

Düşünürəm ki, bu fakt və detallar, ştrixlər oxucular üçün maraqlı olacaq.

      

Birinci ştrix: cavabsız «tapmaca»

 

Nizami rayonundakı psixi cəhətdən xəstə uşaqların müalicə olunduğu 1 nömrəli uşaq evinin açılışıdır. Oğlan uşaqlarından biri AzTV müxbirinin mikrofonunu tutub əlindən alır, televizorda gördüyü müğənnilər kimi ikiəlli tutub ağzına yaxınlaşdırır və guya, mahnı oxuyur. Tərbiyəçi müəllim, direktor nə qədər dilə tutursa, uşaq mikrofonu vermir. Mehriban xanım zərif ana nəvazişi ilə uşağa yaxınlaşıb boynunu qucaqlayır, qulağına nə isə deyir, uşaq bir anlıq düşünür, ürəkdən gülür, mikrofonu Mehriban xanıma verir...

Yolboyu jurnalist həmkarlarımla Mehriban xanımın xəstə uşaq psixologiyasına bələdliyini müzakirə edirik, nə qədər düşünsək də, bu «tapmacanın» cavabını açıb bir qərara gələ bilmirik: görəsən, Mehriban xanım o uşağa nə dedi?

        

İkinci ştrix: yetimlər anası

 

Mehriban xanım əvvəldən vəd etdiyi kimi qızları Arzu və Leyla ilə birlikdə Nəsimi rayonundakı 1 saylı körpələr evinə - Günelin 2 yaşını qeyd etməyə, ad gününə gəliblər. Ata-ana nəvazişinə həsrət qalmış körpələr onların qucağından düşmürlər. Mehriban xanım və qızları sıra ilə düzülmüş masaların üstündəki nemətlərdən götürüb uşaqları yedirdirlər, qulluq edirlər, körpələri ana-bacı nəvazişi ilə, ürəkdən gələn doğmalıqla əzizləyirlər. Mehriban xanım körpələr evinə gətirilərkən pəncəsi sınmış Orxanın ayağını özü açıb baxır, düzgün müalicə getdiyinə əmin olur. Burada böyüyən Fatimə və Zəhraya xüsusi diqqət göstərirlər. Bu əkiz bacılara islam dünyasının müqəddəs adlarını da Mehriban xanım qoyub. Qızlardan biri elə birinci xanımın qoynuna sıxılıb onun üz-gözünü sığallayır, şirin dillə “ana, ana” deyə şirin yuxuya dalır, tədbirin sonuna kimi şirin yuxuya gedən körpəni heç dayələrə də vermir ki, yuxudan yarımçıq oyanar...

 

Üçüncü ştrix: uşaq günəbaxan kimidi ...

 

Bakının Nəsimi rayonundakı 1 nömrəli uşaq poliklinikasında "Profilaktika! Müdafiə! İmmunlaşma!" həftəsi çərzivəsində peyvənd kampaniyası başlanır. Valideynlər, tibb işçiləri nə qədər çalışırsa, bir az da tünlüyə düşüb həyəcanlanan uşaqların heç birini öz xoşu ilə, könüllü ağzını açıb dərman udmağa təhrik edə bilmirlər. Vəziyyəti Mehriban xanım özü düzəldir: - Xahiş edirəm, siz məni uşaqlarla tək buraxın, mən onların dilini bilirəm...

Uşaqlar üçün gətirdikləri oyuncaqları bir-bir açır, birbaşa uşaqlara müraciətlə: - kim deyər, bunun içində nə var? Kim tapsa, bax, bu özügedən maşını ona verəcəm. Gəl, aç baxaq... Bəs neynəyək ki, bu maşın işləsin, mən bilmirəm... Qoy, bu şirin sudan özüm içim, bax, gör nə dadlıdır, bəh-bəh, sən də istəyirsənmi?...

Bir azdan uşaqlar növbəyə düzülür, həm poliomielitə qarşı vaksinlər içirlər, həm də hədiyyələrini alırlar, eləsi olur ki, hədiyyə almaq üçün ikinci dəfə dərman içmək istəyir... Hamının üzündə xoş təbəssüm yaranır.

 

Dördüncü ştrix: Badam nənənin süfrəsi

 

Birinci xanım Milli Məclisə deputatlığa namizəd kimi Xəzər rayonunun qəsəbə və kəndlərində seçicilərlə növbəti görüşü Zirədə keçirir. Üz-gözündən nur tökülən arıq, ağbirçək bir qadın Mehriban xanıma yaxınlaşır:

- Qadan canıma, səhər tezdən bu kəndlərdəsən, yorulub əldən düşdün, gedək bizə, evimdə öz əlimlə sənə çay dəmləyib süzüm, elə ürəyimə yatar ki, elə xoşbəxt olaram ki onda...

Bu səmimiyyətin qarşısında azacıq tərəddüd edən Mehriban xanım:

- Gələn dəfə yolum bura düşəndə, inşallah, mütləq sizə qonaq gələcəyəm.

Növbəti dəfə tədbirlərin əsas hissəsi başa çatandan sonra Mehriban xanım 80 yaşına çatan həmin Badam nənənin evinə gəlir, onunla birlikdə nahar edir. Nənənin sevinci yerə-göyə sığmır, bir əli elə göylərdə Mehriban xanıma, ömür-gün yoldaşına, övladlarına Allahdan dua edir:

- Səni dünyaya gətirən behiştlik, ad qoyan cənnətməkan haradan bilirmiş sən bu qədər mehriban olacaqsan ki, sənə bu adı qoyublar. Torpağı sanı yaşayasan...

2005-ci il iyulun 16-da Azərbaycan Prezidenti və xanımı Zirədə bir sıra obyektlərin açılışında, təməlqoyma mərasimlərində iştirak edirdi. Mehriban xanım özü camaatın içərisində sakit, məhəbbət dolu baxışlarla ona baxan, yaxınlaşmağa cəsarət etməyən Badam nənənin yanına gedir, boynunu qucaqlayıb üzündən öpür, Prezidentin yanına gətirir, heç təqdim etməmiş, Prezident deyir:

- Hə, tanıdım Badam nənə, Mehriban sizin haqqınızda mənə danışıb, sizi yaman çox istəyir.

O anda bu tənha, övladsız qadına bəxş olunan sevinci görmək lazım idi...

..."Hərəmiz bir ağac əkək" layihəsinin Qala kəndində icrasına başlanan gündür. Şüvəlandan çıxanda birinci xanım Fondun əməkdaşlarına Badam nənəni gətirməyi xahiş edir. Ağacları da onunla, bir neçə başqa ağbirçəklə birlikdə əkir. Bu hörmət və ehtiramdan, ünsiyyətə, kəsilmiş duz-çörəyə sədaqətdən ən çox məmnun qalan isə yenə Badam nənə olur. İmkan tapıb halını xəbər alıram. Mehriban xanımı göstərib deyir:

- Belə balası olan nətəhər olar, onunla nəfəs alıram, vallah, o olmasaydı, indi o biri dünyadaydım.

Badam nənə uzun illər kənd sovetinin katibi işləyib, özünün övladı olmasa da, çoxlarına ana əvəzi olub, hamıya yaxşılığı dəyib.

- Vallah düz deyir, Mehriban xanımla hər dəfə görüşdükdən sonra cavanlaşır Badam xala, - bunu da söhbətə qoşulan bir yaşlı qadın deyir...

 

Beşinci ştrix: hər kəslə öz dilində

 

Türkanda növbəti açılış mərasimi başa çatarkən bir nəfərin səsi gəlir:

- Mehriban xanım, xahiş edirəm, mənim şikayətimi dinləyin. Mehriban xanım onun əlil olduğunu görür, dərhal özü yanına gəlir:

- Eşidirəm sizi.

Həmin adam torpaq sahəsi istəyir.

Mehriban xanım:

- Biz ki tanışıq... Axı ötən il sən mənə dedin, mən də xahiş elədim sənə Qarabağ əlili kimi torpaq verdilər, düzdürmü, bəs indi?

- Onu satıb bir yerdə qaldığımız ailəli qardaşıma ev tikdirdik, indi özümə istəyirəm. Xahiş edirəm, yenə kömək edin.

Mehriban xanım rayon rəhbərlərinə üz tutur:

- Qarabağ əlilləri, torpaq uğrunda şəhid olanlar, fiziki sağlamlığını itirənlərin hamısı bizim üçün əzizdir, yəqin yenə kömək edəcəksiz...

Şamaxıda qaçqın ailələri üçün tikilib istifadəyə verilən 16 ailəlik evin açılışıdır. Yerli hakimiyyətdən nədənsə narazı qalmış, səs-küy salan köçkün ananı bir tərəfə çəkir, onu elə nəvazişlə dinləyir ki, bayaqdan əsəblərini cilovlaya bilməyən, səsi aləmi başına götürmüş xala ayrılanda bayaqkı hərəkətinə görə üzr istəyir.

İnsanları dinləmək, hər kəslə öz dilində danışmağı bacarmaq böyük mədəniyyətdir, xüsusi qabiliyyətdir.

 

Altıncı ştrix: əsas məsələ görülən işdir, mahiyyətdir

 

Fondda Rusiyadan gətirilmiş 4 mindən çox müxtəlif məzmunlu dərslik və ədəbiyyatın respublika ali məktəblərinə təqdimat mərasiminə 10-15 dəqiqə qalır. Mehriban xanım özü gəlir, stolların düzülüşünə baxan kimi: - Yox, bu düzülüş mərasimin ruhuna uyğun deyil, nəyə lazım belə rəsmiyyət? Dəyirmi masa düzəldin - deyib özü quruluş verir, biz jurnalistlər də kömək edirik. Tanınmış rus və azərbaycanlı ziyalıların iştirakı ilə keçirilən tədbirin belə qabaq-qənşər, səmimi şəraitdə, formatda keçirilməsinin indi daha yaxşı, düzgün olduğu göz qabağındadır.

Mehriban xanımın tədbirləri heç zaman 45-50 dəqiqəni keçmir, heç kimi yormur, çıxışları lakonikliyi, məntiqi tutumu, məsələnin mahiyyətini yığcam, lakin bütöv əhatə etmək baxımından, həm də səmimiyyəti, təsirliliyi ilə səciyyələnir.

 Birinci beynəlxalq rus kitabı festivalının iştirakçıları ilə Heydər Əliyev Fondunda keçirilən görüşdə dünya şöhrətli yazıçı Çingiz Aytmatov Mehriban xanımın söhbətlərini dinlədikdən sonra dedi: "n bayaqdan Sizinlə hbət edirəm, Sizə qulaq asıram, öz-ödüşüm ki, rus dilində belə lis, nalı, ağıllı çıxışı n heç zaman itməmişəm... Siz bizim YUNESKO firləri içərisində ən nc, ən rmətli və ən çox rli n firsiniz".

Həmin tədbirdə xalqımızın böyük dostu, məşhur yazıçı, şair və alim Oljas Süleymenov Heydər Əliyev Fondunda keçirilən tədbirdə Fondun fəaliyyətini əks etdirən sənədli film sona yetən kimi ilk sözü bu oldu:

- Yəqin ki, Fondda işçilərinizin sayı 100 nəfər olar?

Mehriban xanım gülümsündü:

- 8 işçimiz var.

Oljas Süleymenov təəccübləndi:

- Onda onların hərəsi bir nazirliyin işini görür ki...

 

 Yeddinci ştrix: sözünün sahibi

 

Şüvəlanda deputat kimi fəaliyyətinin bir ilinin hesabatını verirdi. Ağsaqqallardan biri sözünə üzrxahlıqla başladı:

- Siz bir il əvvəl bizimlə görüşəndə problemlərimizi, çatışmazlıqları soruşurdunuz, biz 3-4-nü deyəndən sonra, utanırdıq qalanlarını saymağa ki, bu zərif xanıma bu qədər əziyyət vermək olmaz. Heç mən özüm də inana bilmirdim ki, bu problemləri 1 ildə həll etmək olar; uşaq evi, məktəb, xəstəxana, yol, su, kitabxana, mədəniyyət evi, məscid, ziyarətgahlar, nəqliyyat - bunlar hamısı yeni tikilib, təmir olunub, təzə salınıb. Nə qədər xəstənin şəfa tapmasına göydə Allah, yerdə Siz səbəb, yardımçı oldunuz. Sizə o zamankı inamsızlığıma görə məni bağışlayın, siz bizim dilə gətirmədiyimiz xeyli məsələləri də həll etdiniz, özü də yüksək səviyyədə. Hər ev, hər ailə Sizi özünə doğma, əziz insan hesab edir. Siz verdiyiniz sözə, vədə yiyə durdunuz, əməl etdiniz. Bu ölkənin təkcə elə 200 məktəbində sizin adınız var. Camaat da, xalq da, Allah da sizdən razıdır.

Sözə qüvvət: Parlament jurnalistləri arasında keçirilən sorğuda Mehriban xanım seçici hüquqlarını ən fəal müdafiə edən deputat hesab olunmuşdu.

 

kkizinci ştrix: əsas n in mahiyyətinin cəmiyyətə çatdırılmasıdır

 

Mərdəkanda əsaslı təmir-bərpa işlərindən sonra tamamilə yenidən qurulmuş məktəbin açılış mərasimindəyik. Tədbir başa çatır, geri qayıdırıq, telefonuma zəng gəlir, Mehriban xanımın yorulmaz köməkçisi Anar Ələkbərovdur:-Mehriban xanımın tövsiyəsidir; siz o məktəbin fotosunu, tədbiri çəkdiniz, amma o məktəbin tam görüntüsünü, yəni görülən işin miqyasını ancaq qarşıdakı binanın üstündən çəkməklə göstərmək olardı, bəlkə belə edəsiz...

Mərhum dostum, AzərTAc-ın baş fotoqrafı Oqtay Məmmədovla geri qayıdırıq. Düz sözə nə deyəsən, belə etməli imişik...

Binə qəsəbəsindəki internat evdə burada böyümüş, yetkinlik yaşına çatmış, bir-birini seçib sevib Mehriban xanımın xeyir-duası ilə ailə həyat quran iki cütlüyün toy mərasimidir, Mehriban xanım onlar üçün ikiotaqlı mənzillər də hədiyyə edib. Bol süfrəli, musiqili toy mərasimidir, Mehriban xanım da daxil, hamı ürəkdən rəqs edir, təbii ki, çəkiliş izni almış daha çox televizya operatoru, fotoqraf bu fürsəti əldən qaçırmamağa çalışır. Masaya qayıdıb uşaqların əhatəsində əyləşən Mehriban xanım məni yanına çağırır, özünəməxsus mülayimliklə, nəzakətlə deyir: -Lütfən, operatorlara, fotoqraflara deyin məni yox, baxın o rəqs edən uşaqları, ailə həyatı quran gənclərin üzündəki təbəssümü, bu coşqulu mərasimi çəksinlər...

Mehriban xanım həmişə görülən işlərin mahiyyətinin, miqyasının, təsirinin cəmiyyətə çatdırılmasına xüsusi diqqət yetirirdi.

 

 

Doqquzuncu ştrix: ailə dəyərləri prioritet olmalıdır

 

Birinci xanımın xalqımıza, dövlətimizə, Prezidentimizə başucalığı, şərəf və şöhrət gətirən xanımlığına, genişmiqyaslı ictimai fəaliyyətinə ən layiqli və dəqiq qiymət Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur: "Mehriban mənim böyük dayağımdır".

Prezident - Birinci Xanım harmoniyası barədə görkəmli fizik, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, ABŞ-ın Merilend Universitetinin professoru, SİLKSAT qlobal layihəsinin müəllifi Roald Saqdeyevin sözləridir: "Bu cütlüyün gözəlliyi, gəncliyi, peşəkarlığı və erudisiyalılığı məni həmişə heyrətləndirib. Onların qədrini bilin. Onlar ölkəniz üçün çox iş görürlər. Məhz onların sayəsində Azərbaycan bu gün siyasi və iqtisadi sahələrdə islahatlar prosesində əsl liderdir - Vaşinqtonun siyasi dairələrində bu fikirdədirlər".

Azərbaycanın Qərb-Şərq mədəniyyətlərarası, sivilizasiyalararası dialoqun bütün dünyada qəbul edilmiş liderinə, Avrasiya dialoqunun mərkəzinə çevrilməsinin əsas səbəblərindən biri heç şübhəsiz, Mehriban xanım Əliyevanın şəxsiyyəti ilə bağlıdır. 

Bu fikirlər Mehriban xanım Əliyevaya məxsusdur və həmin qiymətli fikirlərə heç bir şərh lazım deyil: “Mən öz ailəmi çox istəyirəm və ailə ənənələrinə hörmətlə yanaşıram. Əgər evdə qarşılıqlı münasibət, qarşılıqlı yardım və hörmət varsa, hesab edirəm ki, qalan hər şey öz axarına düşəcək... Son illər mənə yalnız həyat yoldaşım deyil, sanki birdən-birə böyüyən qızlarım da mənəvi dəstək olublar. Oğlumla təmasda olmaq isə gün ərzində yığılmış yorğunluğu aradan götürür... Ailə və ailə dəyərləri prioritet olmalıdır. Ailə, ilk növbədə, həmfikirlər deməkdir. Bu insanlar oxşar həyat prinsipləri və mənəvi dəyərləri olan kişi və qadındır. Odur ki, məncə, ailədə, sözün radikal mənasında, müxalifət olmamalıdır. İlhamla mənim çox şeylər barədə təsəvvürümüz eynidir. Biz təxminən oxşar mühitdə böyümüşük. Biz, ötən əsrin bütün mürəkkəbliklərinə baxmayaraq, öz ideallarına, mənəvi dəyərlərinə, milli ənənələrinə sadiq qala bilən Azərbaycan ziyalılarıyıq. Belə köklərə malik olmaq xoşbəxtlikdir. Qadın, hətta əgər o, prezidentin xanımı da olsa, hər şeydən əvvəl, qadındır, ailədə sülhün, razılığın və məhəbbətin təminatçısıdır. Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər. Mən həm dost, həm də sevimli olmaq istəyirəm...”

 

Onuncu ştrix: xoş məram, xoş niyyət örnəyi

 

Heç tərəddüd etmədən demək olar ki, MDB məkanında ən mükəmməl formalaşmış, üzdə olan birinci xanım institutu Azərbaycandadır. Bu da ilk növbədə Mehriban xanımın özünün intellektual səviyyəsindən, cazibəsindən, əhatəli ictimai fəallığından, siyasi yetkinliyindən, rus və ingilis dillərində sərbəst danışmasından irəli gəlir. Məhz buna görə YUNESKO-nun Baş direktoru Koitiro Matsuuranın dediyi kimi, "onun fəaliyyəti çoxdan ölkə, regional miqyası aşıb qlobal əhəmiyyət kəsb etmişdir". YUNESKO-nun Baş direktorunun müavini Marsio Barbosa isə bildirir ki, Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfirləri üçün örnəkdir.

Prezidentlərə, dövlət və hökumət rəhbərlərinə ən çox təsir etmək imkanı olan birinci xanımlardır. ABŞ, Fransa və Rusiya kimi dövlətlərin başçılarının xanımları ilə görüşlərində yaranmış isti şəxsi münasibətlər, ünsiyyət heç şübhəsiz, bu dövlətlərin başçıları ilə Azərbaycan Prezidentinin münasibətlərinə də, dövlətlər və xalqlar arasındakı münasibətlərə də yalnız müsbət təsir göstərir, belə gücə malikdir. Fonda gələn dövlət, hökumət başçılarının, yüksək ranqlı rəsmilərin, tanınmış şəxslərin Mehriban xanımla görüşlərdən, söhbətlərdən nə qədər zəngin təəssürat aldığı dərhal aydın görünür.

2005-ci il iyulun 18-də "Yaxt-klub"da Mehriban xanıma "İlin qadını" mükafatı təqdim olunur. Fransanın ölkəmizdəki səfiri xanım Şantal Puare çıxışına bir hadisə-detalın nəqli ilə başlayır: “Bakıya təzə gəlmişdim, ziyafət mərasimində hiss etdim ki bərk üşüyürəm. Burda iqlimin tez-tez dəyişməsini bilməmişdim. Hətt, məclisdən çıxmaq istəyirdim, elə bil ürəyimdən keçəni hiss etdi, yanaşı oturduğumuz Mehriban xanım, çiynindəki örtüyü elə nəzakətlə çıxarıb çiynimə saldı ki, nə təşəkkürə, nə də etiraz etməyə yer qoymadı... mən sizi belə tanıdım”.

 

On birinci ştrix: zəriflik, nəciblik mücəssəməsi

 

Qarşımda 2004-cü ildə Türkiyədə nəşr olunmuş bir kitab var: "Azərbaycan Cümhurbaşqanı İlham Əliyevin Türkiyə səfəri" 14-16 aprel 2004. Kitabda ən populyar qəzetlərin baş məqalələrinin foto-surətləri də verilib; "Bayan Əliyeva şıklığı", "Ankarada Əliyeva şıklığı", "Türkiyə Azərbaycanın birinci ledisindən danışır", "Ankarada birinci ledi rüzgarı", "Mehriban Əliyeva Türkiyəni heyran buraxdı", "Azərbaycanın 3 uşaq anası birinci ledisi Mehriban Əliyeva şıklığı və gənc qızları aratmayan fiziki görünüşü ilə diqqəti üzərinə topladı", "Leyla anasının bacısı kimi..." və s. 2008-ci il mayın son günləri Türkiyədə səfərdə olan İngiltərə kraliçasının olduqca yüksək zövqlə geyinməsi qardaş ölkə mətbuatında xüsusi vurğulanır və maraqlıdır ki, elə bu yazılarda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da Türkiyəyə 4 il əvvəlki gəlişi xatırlanır. "Azərbaycanın Cümhurbaşqanı İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva da şık geyimi və cazibəsi ilə bütün türkiyəlilərin hələ də hafizəsindədi".

Bütün yazılarda həm də söhbət təkcə zahiri gözəllikdən getmir. Birinci xanımın manera, davranış, geyim, danışıq, rəftar mədəniyyəti, incəliyi, sivil, müasir Avropa etiketinə, eləcə də protokol qaydalarına tam qüsursuz əməl etməsi bu yazılarda xüsusi vurğulanır. O həm də bunu olduqca fərdi-orijinal səmimiyyətlə, zərifliklə və təbii edir. Bütün rəsmi, qeyri-rəsmi görüş və təmaslarda Mehriban xanım özünün gendən gələn kübar xanımlığını göstərir, tərəf müqabillərinə unudulmaz təsir bağışlayır. Qardaş Türkiyədə dəfələrlə iştirakçı olduğum müxtəlif səviyyəli görüş, tədbirlərdə Mehriban xanıma məxsusi məhəbbətin şahidi olmuşam. Eyni sitatları Amerika, Avropa, Rusiya mətbuatından da gətirmək mümkündür.

Birinci xanımın hər dəfə xarici ölkələrdə keçirdiyi çox dəyərli, yüksək səviyyəli görüşlər Azərbaycan xalqının, dövlətinin və prezidentinin adına, hesabına beynəlxalq aləm tərəfindən yazılan yüksək xallar olur.

 

 On ikinci ştrix: xeyirxah ürəklər dünyaya fəzilət bəxş edir

 

Moskvanın böyük teatr salonlarından birində keçirilən mərasimdə Mehriban xanıma "Qızıl ürək" beynəlxalq mükafatı təqdim edildi. Bu mükafatı Azərbaycanın birinci xanımına məşhur İtaliya aktrisası, mərasimin patronessası Sofi Loren, Rusiya Federasiya şurasının sədri Sergey Mironov və Rusiya Federasiyası Təhlükəsizlik şurasının katibi İqor İvanov təqdim etdilər.

Sergey Mironov Mehriban xanım Əliyevaya müraciətlə dedi: "Belə xeyirxah və qızıl ürəklər insanlara və dünyaya fəzilət bəxş edir". Mehriban Əliyevanın həmin mərasimdə özünəməxsus səmimiyyətlə dediyi bu sözlər isə onun mənəviyyatını, həyat amalını, fəaliyyətinin ana xəttini əks etdirir: "Mən arzu edirəm ki, dünyada saf və xeyirxah əməllər daha çox olsun, dərd-qüssə isə, azacıq da olsa, əskilsin".

Jurnalistlərə az sayda müsahibə verib. Bu müsahibələrdə həyatın müxtəlif anları, məqamları əks olunub, dünyaya, həyata baxış, ibrətamiz düşüncələr, xarakteri səciyyələndirən baxışlar, ailə prizmaları, xarakter cizgiləri bir daha aydın görünür. Bu aydınlıqda Mehriban xanımın fikirləri daha qabarıq qavranılır:

«... İstər YUNESKO-nun xoşməramlı səfiri kimi, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nə isə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir».

Hacı Nərimanoğlu

 

“Zəngəzur” Cəmiyyətləri Birliyi İdarə Heyətinin sədri,

zengezur.com saytının təsisçi və baş redaktoru