SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

AK Parti seçkinin 1-cisi olacaqdır

 

7 iyun Türkiyədə parlament seçkiləridir. Ancaq bu seçki qardaş ölkənin gələcəyini təyin edəcək mühüm siyasi hadisədir. Çünki prezident  Rəcəb Tayyib Ərdoğan dəfələrlə açıq bəyan edib ki, seçkilərdən sonra yeni konstitusiya və dövlət idarəçilik sisteminə keçid prosesini də başladacaq.

Ona görə də bu seçki təbliğatı indiyədək görünməmiş gərginliklə, qarşıdurmalar, böyük fikir ayrılıqları, mitinqlərin möhtəşəmliyi ilə davam edib (AK Partinin İstanbuldakı mitinqinə gələnlərin sayı 2 milyon nəfəri keçmişdi) son kulminasiya nöqtəsinə-seçki gününə gəlib yetişdi. Bu seçki Türkiyə, Ərdoğan, AK Parti ilə yanaşı, ana müxalifət CXP və MHP üçün də yeni dönəmin başlanğıcıdır. Çünki, artıq bu partiyalarda illərlə can qoyanlar hər seçkidə təkrar olunan məğlubiyyətlərlə, əbədi müxalifət cəbhəsində qalmaqla barışmaq istəmirlər. Ona görə də partiyalar meydanlarda ölümünə savaşdılar, görünməmiş seçki kampaniyası apardılar.

Mən Türkiyədə Ərdoğan siyasətinin birmənalı davam və inkişaf etməsini istəyənlərdənəm. Və inanıram ki, 2002-ci ildən başlayaraq keçirilən bütün seçkilərdə davamlı olaraq iqtidarını və səslərini qorumağa müvəffəq olmuş AKP bu seçkilərin   də 1-cisi, yeni hökumətdə də, parlamentdə də söz sahibi olacaqdır.

Ərdoğanın hökumət və dövlət başında 13 ildə Türkiyə üçün etdikləri bu inamı yaradan əsas amildir. Əlahəzrət faktlara  dil verək. Türkiyə iqtisadiyyatı Ərdoğan zamanında 3,6 dəfə böyüyərək “Böyük 20-lik”ə daxil olub, hazırda bu qurumun sədridir, dünyanın inkişaf etmiş 16-cı, Avropanın 6-cı ölkəsinə çevrilib. Milli gəlir 230 milyard dollardan 822 milyarda çatıb. Ümumi Daxili Məhsul (ÜDM) istehsalının artım sürətinə görə son iki ildə 20-liyin 1-cisi olub. 230 milyard dollar məbləğindəki milli gəlir səviyyəsindən 822 milyard dollara, 36 milyard dollarlıq ixrac 160 milyard dollar ixraca gəlib çatıb. Adambaşına   ÜDM 3.492 dollardan 25 min dollara qalxıb. ÜDM-də 80 faiz artım qeydə alınıb. Türkiyəyə 145.5 milyard dollar sərmayə qoyulub. Ötən il Türkiyə 200 ölkə ilə 400 milyard dollardan yuxarı ixrac-idxal əməliyyatı aparıb. Özəl sektorun yatırımı 74 milyarddan 283 milyarda qalxıb. 2002-ci ildə Mərkəzi Bankdakı dövlətin ehtiyat pulunun məbləği 27 milyard dollardan hazırda 140  milyarda qalxıb, Türkiyə 23,5 milyard dollar xarici borcunu “sıfırlayıb”, İMF-lə borcunu tamam qapadıb. 12 ildə ixracat 4 dəfə artaraq 36 milyard dollardan 152,5 milyard dollara yüksəlib. Türk iqtisadiyyatının ən mühüm risk sahəsi kimi görülən cari kəsir ötən il  37 faiz azalıb. Türkiyə dünyada örnək şəffaf büdcə ölkələrindən sayılır. Büdcə kəsirinin ÜDM-ə nisbətində hazırda Aİ ölkələri arasında ən yaxşı vəziyyətdə olan dördüncü ölkə Türkiyədir. Dövlət borcunun ÜDM-ə nisbəti  yüzdə 74-dən yüzdə 33-ə düşüb.

2023-cü il Türkiyə Cümhuriyyətinin 100-cü quruluş ili üçün hədəf milli gəliri 2 trilyon dollara çatdırmaqdır. 2008-2009-cu illərin dünya krizindən ən yaxşı vəziyyətdə çıxan, həm də ümumdaxili məhsulun həcmini yüksəltməyə nail olan 3 ölkədən biri Türkiyə olub. Beynəlxalq Valyuta Fondu Türkiyədən borc almaq üçün rəsmən müraciət edib, digər beynəlxalq maliyyə təşkilatları, xarici ölkələrin də belə müraciətləri olub. 2000-ci illərin əvvəlində Türkiyədə davam edən iqtisadi böhranın, inflyasiyanın qarşısını alan Ərdoğan Hökuməti, bütün risqləri gözaltına alaraq lirədən 6 sıfırı atıb, borc içində üzülən, beynəlxalq donorlardan asılı olan Türkiyəni borc verən ölkəyə çevirib.

2002-ci illə müqayisədə əhalinin şəxsi avtomobil sayı 7 dəfə artıb. Türkiyədə turist sayı 2002-ci ildəki 13 milyondan 35 milyona, gəlir 8,5 milyarddan 25 milyarda qalxıb, dünyanın ilk 10 turizm ölkəsi içinə daxil olub. Türk iş adamları son 3 ildə 100 ölkədə 242 milyard dollara çatan 7 min layihə həyata keçirib, xaricdə sərmayə yatırma cəhətdən Çinin ardından dünyada 2-ci sırada yer alıb. Türkiyənin dış yardımları Monqolustandan Çili, Somalidən Krıma qədər dünyanın dördbir yanına yayılaraq 3,5 milyard dollara qalxıb.

Çanakkalala Şəhidlik muzeyinə 11 il əvvəl gələn ziyarətçi sayında ən yuxarı rəqəm illik 200 min idi, ötən il 2 milyon olub. Hər il istisnasız olaraq dövlət sektorunda çalışan vətəndaşların, eləcə də bütün növ təqaüd və sığortaların məbləği artırılıb.

Türkiyənin 153 illik röyası olan Mərmərə Layihəsi gerçəkləşib; yerin 60 metrlik dərinliyində dünyanın ən dərin sualtı tuneli ilə Asiya ilə Avropa birləşib, Pekindən Londona birbaşa dəmiryol xətti-Modern İpək Dəmiryolu açılıb. İstanbulda 46 milyard dollarlıq 3-cü Hava Alanı açılıb. Yaponiya Türkiyədə 22 milyard dollarlıq bir yatırımla Atom Stansiyasının inşasına başlayıb. İstanbul Boğazında 2,5 milyard dollarlıq layihə ilə 3-cü köprünün təməli qoyulub, Türkiyə dünyanın ən böyük enerji daşıyıcı, transit ötürücü ölkəsinə çevrilib.

13 ildə Cümhuriyyətin tarixindən bəri mövcud olandan 2 dəfədən çox-20 min kilometr uzunluğunda yeni yol inşa edilib. 80 vilayətdə 99 yeni üniversitet qurulub, 2200-dən çox yeni sağlıq mərkəzi-xəstəxana, 700 min yeni çoxmənzili yaşayış evi inşa edilib, əksər ölkələrdə bənzəri olmayan güzəştli, əlverişli şərtlərlə vətəndaşlara satılıb.

Türkiyə silahlı qüvvətləri ABŞ, İsrail, NATO-nun əlavəsindən çıxarılaraq Türkiyə Cümhuriyyəti dövlətinin iradəsinə tabe edilib, Dövlətin, Hökumətin Ordunun təlimatları ilə idarə olunması kimi acı sonuclarla da yaddaşlarda qalan qara tarix birdəfəlik arxivə göndərilib. Türkiyə silah idxalçısından ən modern hərbi təyinatlı texnikalar istehsal edən ölkəyə çevrilib. Dünyada ən müasir savaş gəmisi, tank, helikopter, raketlər hazırlayan 10 ölkədən biri halına gəlib. Davudoğlu Hökumətinin proqramına görə, 2023-cü ildə Türkiyənin mülki, hərbi hava təyyarələrinin tamamı öz istehsalı olacaq. Türkiyə qürurlu ölkə olaraq nə mərdə, nə namərdə möhtac olmayan özü-öz ehtiyaclarını büs-bütün təmin edən ölkə olacaqlar.

Hər şey insan üçün, hər şey vətəndaş üçün amalı ilə çalışan AK Parti Hökuməti keçən ilin sonlarında ailə dəyərlərinin qorunması, türk əhalisinin dinamik inkişafının davamlı inkişafını təmin etmək üçün dünyada misli görünməyən yeni qərarlar qəbul etdi. Dünyaya körpə gətirən analar üçün yarı zamanlı iş imkanı, yəni 8 saat əvəzinə 4 saat işləmək, amma 8 saatın pulunu almaq haqqı verən qanun qəbul etdi. İlk uşaq üçün 2, ikinci uşaq üçün 4, üç və daha çox sayda uşaq üçün 6 aylıq yarı zamanlı tam həcmdə əmək haqqı ödənir. Sonra əgər ana istəsə ki, uşaqları məktəbə gedənə qədər özü baxmaq istəyir, onda yenə qısa zamanlı çalışma imkanı veriləcək, yəni çalışdığı qədər pul alacaq, həm işini, həm imtiyazlarını saxlayacaqdır. Analar iş ya uşaq seçimi qarşısında qalmayacaqlar. Həmçinin, anaya doğulan uşaqlar üçün sıralama ilə qızıl və 300, 400, 600 lirə hədiyyə veriləcəkdir. Hökumət millətin özəyi olan ailəni möhkəmlətmək, tikinti sektorunu inkişaf etdirmək, gənclərin ailə qurmaları yolunda çətinliklərini yüngülləşdirməyə yönəlik işlər görür. Evliliyə hazırlıq üçün uşaqlarına cehiz hesabı açdıran hər ailənin 18 yaşına çatan uşağı üçün bu hesaba qoyulan məbləğin yüzdə 15-ni dövlət verəcəkdir. Eyni ilə ilk ev almaq üçün bir bank hesabı açdırıb ora pul qoyan hər kəsin qoyduğu məbləğin 15 faizini dövlət ödəyəcəkdir. Kiçik ticarətlə məşğul olan, yeni iş yerləri açan,  yox olan peşələrin  hazırlığı ilə məşğul olanlar üçün 50 faiz kredit subsidiya, 3 illik möhlətlə faizsiz kreditlər verir. Ev alanlar üçün uzunmüddətli faizsiz kreditlərin həcmi ilbəil artır. Ciftçilər üçün faiz krediti 8-dən 1-ə endirilir, tarlaçılara yanacaq, gübrə yardımı 2 dəfə  artırılır, əngəli vətəndaşlar üçün görünməmiş imkanlar açılır.

İnnovasiya həftəsi, yeni texnologiyalar həftəsi, “şüar istehsal edən deyil, fikir istehsal edən, cib telefonunu yaxşı istifadə edən gənclər deyil, mobil texnologiyasını irəli aparacaq gənclər” həftəsinin təşkili Hökumətin məram, fəaliyyət istiqamətini müəyyən edən başlıca amillərdir.

30 ildən çoxdur ki, 40 mindən çox günahsız insanın həyatına nədən olan iç savaşa, terrora son qoyan tədbirlər görülüb, 2 ildir ki, Şəhid qanı axıdılmır, televiziyaların ana xəbərləri göz yaşları ilə açılmır artıq. Ərdoğanın hər iki qızını başıbağlı olduqları üçün məktəbə qəbul etməmişdilər, örtüklə Amerikaya gedib ali təhsil alıb örtüklə də qayıtdılar, ömür-gün yoldaşı başıbağlı olduğu üçün hərbi qaydalara müvafiq olaraq əsgəri hospitalda müalicə alan bir ailə dostları ilə görüşə girməyə izin verməmiş, qapıdan geri qaytarmışdılar...Bu gün başıörtüklü xanımlar parlamentdə, siyasətdə, bələdiyyə başqanlığında, orduda ...hər yerdə özlərini azad, bərabərhüquqlu vətəndaş sayır, cəmi 7 il əvvəlin bu acı mənzərəsi də bir çox tabular kimi arxivlərə atılıb.

Bu gün Türkiyədə xalqın dəstəyi ilə qurulan, xalq üçün çalışan, xalqın etimadına arxalanan bir dövlət idarəetmə sistemi bərqərar olub. Bunun nəticəsidir ki, 2014-cü ilin 30 mart bələdiyyə seçimlərində səsvermə hüquq olan vətəndaşların yüzdə doxsanı seçki məntəqələrinə gəlib səvermədə iştirak etdi, 10 avqust Türkiyənin demokratiya tarixində yeni bir dövrün təməlini qoydu.

Türkiyə 13 ildir ki, dünyaya əxlaqlı siyasət anlayışını və nümunəsini gətirən, öz sözünü deyən, haqq, ədalət, vicdan səsi missiyasını, iradəsini diqtə etməyi bacaran söz sahibi dövlətə çevrilib.

Ərdoğanın şəxsi keyfiyyətləri, siyasi liderlik qabiliyyətləri bu zəfərlərin qazanılmasında həlledici amil olub.

Nəinki Türkiyə, həm də sivil dünya tarixində həbsdən çıxıb qurduğu partiyanı cəmi bir ilə təkbaşına iqtidara gətirən, son 13 ildə keçirilən bütün seçkilərdən səs sayısını artırmaqla sandıqdan 1-ci yerdə çıxan tək partiya AK Partidir. Bu, gənc yaşlarından liderlik yetənəklərinə, milli görüşlü dəliqanlı olduğuna görə tay-tuşları arasında “rəis” ləqəbilə çağırılan Ərdoğanın adına yazılan uğurlardır. Şübhə yox ki, bundan sonrakı şəxsi və siyasi taleyindən asılı olmayaraq, Rəcəb Tayyib Ərdoğan adını Türkiyə tarixinə əbədi yazmış dövlət, siyasət adamı olaraq qalacaqdır. Ən mötəbər reytinq sorğularında dünya siyasətinə təsir edən-etkili siyasətçilərin ilk beşliyində Ərdoğanın da adı yer alır.

2011-ci il iyulun 27-də hörmətli Ərdoğan Bakıya bir neçə saatlıq işgüzar görüşündə mənə də vaxt ayırmışdı. Büyükelçilikdə “Rəcəb Tayyib Ərdoğan” kitabımı təqdim etdim. Səmimi söhbətimizdə onun türk-islam dünyası üçün nə qədər gərəkli, dəyərli bir siyasətçi, sadə insan, Allah adamı olduğuna, Azərbaycana içdən gələn sevgisinə, Qarabağ sorunumuzun ədalətli həllinə cani-dildən səy göstərdiyinə bir daha əmin oldum.

Ərdoğanın müstəqilliyi, xarakterindəki məğrurluq, cəsarət, düşündüyünü birbaşa üzə deməyi, enerjisi, fikrində ardıcıllığı, qətiyyəti, natiqliyi, islam aləmində ilbəil yüksəlməkdə olan nüfuzu, Osmanı sultanlarını xatırladan ambisiyaları, Türkiyəni dünyada hakk etdiyi öncül yerə çıxarmaq uğrunda çabaları dünyanı yönəldən çeşidli siyasi, hərbi, ideoloji, maliyyə-bank strukturlarından gələn təlimatlara boyun əyməməsi ona hər zaman başağrısı gətirib, dəfələrlə qurulan terror aktlarından qılboyu qurtulub, partiyası bağlanmaq təhlükəsi ilə qarşılaşıb, məhkəmələrə çəkilib, təzyiqlərə məruz qalıb, survivor olaraq çıxıb. “Hürriyyət” qəzetində Türkiyənin hökumət və dövlət başçılarının ABŞ Prezidenti ilə görüşlərindən çəkilmiş fotolar verilmişdi; hamısında müti görkəmdə, fağır sözə baxan duruşda. Yalnız Ərdoğan çoxsaylı fotolarda həmişə türk-osmanlı məğrurluğunda, Kasımpaşalı  kişiləri təki dimdik dayanıb, barmaqları ilə “no” işarəti ilə yaddaşlara həkk olunub. Türkiyə yüksələn iqtisadiyyatlı, dünyada nüfuzu ilbəil artan ölkədir. Amma eyni zamanda dünyada vicdanın səsidir. Hamı susanda haqsızlıq qarşısında susmayan tək  ölkə Türkiyədir.

İllərdi ki, Türkiyədə R.T.Ərdoğan əleyhinə geniş bir koalisiya yaranıb. Ərdoğan çıxışlarında onların ünvanlarını göstərib:-seçkilərdə hər dəfə AK Parti ilə rəqabətdə uduzanlar, Türkiyədən “Van minute”nin, “Mavi Marmara”nın intiqamını almaq istəyən qüvvələr, vaiz, faiz və silah lobbiləri... Və bir də bütün erməni havadarlarının israrlı təzyiqlərinə baxmayaraq, “Qarabağda erməni işgalı sona yetmədən ermənilərlə sərhəd açılmayacaq” mövqeyində göstərdiyi qətiyyət. Ərdoğan və qurduğu AK Parti 13 ildir ki, Türkiyədə keçirilən seçkilərdə  səsini artırmaqla yarışda öndə gedir, çünki Ərdoğana 1-cilik yaraşır!

Türkiyə  Cümhurbaşkanı ötən ilin sonlarından dünyanın ən güclü ölkə liderlərinin toplantılarına rəhbərlik edir-G-20 sədridir. Və qardaş ölkənin Prezidenti  öz səlahiyyətindən istifadə edərək Azərbaycan Prezidenti İlham Əliyevi bu il ev sahibliyi edəcəyi “G-20”-nin bütün zirvə toplantılarında iştiraka dəvət edib.

Əhməd Davudoğlunun baş nazir statusunda ötən ilin sentyabrında Azərbaycana etdiyi ilk səfərdə söylədiyi bir fikir onun ölkəmizə, xalqımıza münasibətinin təzahürüdür: “Türkiyə üçün işləmək Azərbaycan üçün işləməkdir, Azərbaycan üçün işləmək Türkiyə üçün işləməkdir. Ulu öndər Atatürk və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Türkiyə birliyi haqqında dediyi fikirlər bizə yol göstərib. İlham Əliyev “bir millətin iki diasporu ola bilməz” deyib. Bu, Heydər Əliyevin “Biz bir millət iki dövlətik” sözünün başqa bir şəkildə ifadəsidir. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan da deyib ki, “iki dövlət, tək millət olduğumuz qədər, eyni zamanda tək ürəyik”. Bu sözlərin arxasında bütün istiqamətlərdə qardaşlıq əlaqələrinin genişlənməsinə xidmət edən konkret əməllər durur.

Parlament seçkilərinin qardaş Türkiyəmiz üçün xeyirli olması diləyi ilə,

                         Hacı ABDULLA

"Zəngəzur" Cəmiyyətləri Birliyi İdarə Heyətinin sədri