SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Ruhu Qarabağda, cismi Amasyada

( “525-ci qəzet”, 22 avqust 2015-ci il, səh.22-23 )

 Mir Həmzə Seyid Nigari Qarabağinin anadan olmasının 210, vəfatının 130 illiyinə

Mir Həmzə Seyid Nigari Qarabaği Qafqaz və Anadoluda məşhur olan, şeirləri iki əsrə yaxındır sevilərək oxunub əzbər söylənilən təkkə-təsəvvüf ədəbiyyatının görkəmli nümayəndəsi, nəqşibəndi təriqətinin nüfuzlu şeyxi, kamil mürşiddir. O, Qarabağ xanlığının Zəngəzur mahalının Cicimli kəndində (indiki Laçın rayonu) dünyaya gəlib. Şeyxin doğum və vəfatı tarixi barədə bəzi fərqli rəqəmlər göstərilsə də, "Türk Ensiklopedisi", az.wikipedia.org, tarihvebilgi, ayb.net və digər mənbələr, çoxlu tədqiqatçılar onun 1805-ci ildə doğulduğunu, Qarapapaq türklərindən olduğunu, 1885-ci il sentyabrın 29-da vəfat etdiyini təsdiq edir. Özü də Cicimlidə doğulduğun yazıb:

 

Ze gülzari-nübüvvət rast səbze,
Cəjümlu ibn Paşa Mir Hemze.
Türkiyənin populyar qəzetlərindən olan "Bu gün"ün 21 iyul 2013-cü il tarixli geniş redaksiya məqaləsində "Ulusalcıların babası peygamber soyundan" başlıqlı yazıdan: "Geçen hafta hayatını kaybeden ulusalcıların ünlü ismi Prof. Dr. Alpaslan Işıklı'nın peygamber soyundan geldiği ortaya çıktı. Işıklı'nın dedesi ise mutasavvıf Mir Hamza Nigârî'ydi. Seyyid Mir Hamza Nigârî, Karabağ'a bağlı Perküşad'da (Bərgüşad-H.N) 1805 yılında dünyaya geldi. Nigârî Seyyid Emir Paşa ve Hayrünnisa Hanım'ın oğluydu. Büyükbabası Seyyid Rıza ve dedeleri devrin bilinen âlimlerindendi. Ailenin tarihte bilinen ilk ismi Şeyh Seyyid Muhammed Şemseddin, Medine-i Münevvere'den Karabağ'a hicret etmiş ve Çiçimli köyüne yerleşmişti." Çoxlu digər mənbələr də Mir Həmzə Nigarinin Peyğəmbər soyundan olduğunu qeyd edib.
Ədəbiyyatşünaslıq elmimizin banisi Firidun bəy Köçərli "Azərbaycan ədəbiyyatı" kitabında (II cild, "Elm" nəşriyyatı, 1981-ci il, səh 142-149) Seyid Nigarinin çox sayda şeirlərini təqdim və təhlil edib öz fikirlərinə belə yekun vurur: "Bu gözəl şeirlər Mirhəmzə əfəndinin alitəb və hürriyətpərəst olmağına şəhadət edici xoşməzmun bir əsərdir." Görkəmli ədəbiyyatşünas onu zəmanəsinin ən məşhur, nüfuz dairəsi geniş insanlarından biri kimi dəyərləndirib, öz müasirlərinin yaradıcılığına təsirindən də faktlarla çoxlu nümunələr gətirib.
Seyid Nigarinin divanı Tiflisdə (1908) və İstanbulda (1883) dərc edilib. Farsca divanı da yenə İstanbulda 1911-ci ildə nəşr olunub. 2010-cu ildə Bakıda "Elm və Təhsil" nəşriyyatında 825 səhifəlik divanı nəfis tərtibatda nəşr ediləndən, haqqında televiziya verilişləri, yazılar gedəndən sonra daha yaxından tanınıb. Mir Həmzə Nigarinin Muhyiddin Arabinin "Fütuhatı-məkkiyyə" əsərinə yazdığı Təvzihat, türkcə və farsca divanı, ayrıca "Nigarnamə" və "Saqinamə" adlı əsərləri vardır. Nigarinin yeganə portretini türk rəssamı Mustafa Saçlı 1933-cü ildə onu şəxsən görüb tanıyanların ifadələrinə əsaslanaraq çəkib.
Mürşidi Şeyx İsmayıl Şirvani onun haqqında belə söyləmişdir: "Mir Həmzə ilahi eşqlə məhvi-vücud olmuşdur. Onun mürşidi eşqdir." Türk ədəbiyyat tarixçisi İskəndər Pala Nigarinin divanının Türkiyədəki nəşrinin ön sözündə yazır: "Mir Həmzə Nigari adlı lüğətdə bir söz olsaydı, qarşısında mütləq "eşq" yazılardı. Ömrünü bir tək eşqə, bir Tək eşqinə sərf etmiş bu könül dərinliyi olan şeyx heç şübhə yoxdur ki, XIX əsr türk təsəvvüf mühit və ədəbiyyatının da öndə gələn isimlərindəndir. Həyatının çoxunu keçirdiyi Şərqi Anadolu və Şimali Azərbaycanda hələ də analar övladlarına onun eşq şeirlərindən laylalar söyləyirlər."
Onun bütün ömrü və yaradıcılığının 3 əsas xəttinin biri dünyəvi eşqidir-sevib qovuşmadığı Nigara qarşı bitib tükənməyən sevgisidir. Hələ gənc yaşında olanda məna aləmində görüb aşıq olduğu, ancaq qovuşmadığı Qarabağ bəylərinin nəslinə mənsub və özü kimi eşq əhli Nigar adlı bir qıza görə şeirlərində Nigari təxəllüsünü seçdi. 10 il sonra Nigarı gördüyündə Nigar Mirhəmzəyə:-Məni gördüyün yuxu yadındamı?-sualını verir və cavab gözləmədən baxışları göz-gözə dayananda hər ikisi huşunu itirir.
Alıbdır canımı qəmzə, duşubdur könlümə lərzə,
Hər bir aşiq Seyid Həmzə, hər bir dilbər Nigar olmaz.
Seyid Nigari sufi, təsəvvüf şairidir. Bu gün də keçmişdə olduğu kimi, Qafqazda, Anadoluda səma məclislərində mövləvi və nəqşibəndilərin ayinlərində, zikrlərində Mövlana Cəlaləddin Rumidən sonra ən çox Seyid Nigarinin insanlara İlahi sevgisi bəxş edən şeirləri oxunur, ifa edilir, rituallarda səslənir, insan ruhunu mənalar aləminə aparır, bu təriqətə cani-könüldən bağlı insanları Allaha, sevgili Peyğəmbərimizə yaxınlaşdırır, qovuşdurur.
Əlhəmdülillah, Əlhəmdülillah,
Söylər vücudum tamamən Allah.
Görsəm bir bəla, zikrim hüveyda,
Əlhökmü lillah, əlhökmü lillah.
Olmasın canım, olsam hər dəm
Fikrinlə, Allah, zikrinlə, Allah.
Sovet-KQB rejiminin meydan suladığı illərdə sevilən yazıçımız İsmayıl Şıxlının "Dəli Kür"də Nigarini, nəqşbəndiliyi yaddaşlara gətirməsini minnətdarlıqla xatırlamaq lazımdır. Bu gün də Qafqaz və Anadolunun bir çox guşələrində nəqşibəndi təriqətinə mənsub çox sayda dindar insanlar vardır, onlar Allaha qovuşmağın musiqili ritmik zikr yolunu seçiblər, o yola sadiqdirlər.
Şeyxin dini görüşünün əsasında Allaha, Həzrəti-Peyğəmbərə (s.ə.s) və onun əhli-beytinə sonsuz məhəbbət durur. Əksər şeirlərində də könül verdiyi bu ulu məhəbbəti vəsf edib.
Nəsli-Məhəmmədi sevmək, istəmək
Haqqın bizə başqa kəramətidir.
Özünün nəqşibəndi olduğunu da fəxarətlə vurğulayır.:
Əlmədəd, üftadəyəm, ya dəstgir,
Ya Məhəmməd, ya Əli, ya Nəqşibəndi!
Göründüyü kimi Həzrəti Məhəmmədi (s.ə.s), Həzrəti Əli ilə birlikdə bu təriqətin yaradıcısı Bəhaəddin Nəqşibəndini də piri saydığını söyləyir.
Çoxlu şeirində Kərbəla, İmam Hüseyin şəhadətini vəsf edir, pisliklərin, şərin simvolu Yezidi lənətləyir.
Kərbəla atəşi, ey vah, cigərgahimdən
Baş verib, dil yağılar, sinə yanar, can ağlar.
Tək Azərbaycanda deyil, bütün islam aləmində bu gün ən qorxulu meyl digər təriqətlərə qarşı barışmaz düşmənçilikdir, qütbləşmədir, islamın siyasilər əlində vasitəyə çevrilməsidir. Şeyx Mirhəmzə Nigarinin dini görüşlərinin müqəddəs islam dinimizin birləşdirici mahiyyətinə, birliyə, bütünləşməyə, qardaşlaşmağa, güclənməyə vəsilə olduğu bu şeirində göz qabağındadır.
Allahı, Məhəmmədi və aliyi sevən dustanız,
Nə sünniyiz, nə şiə, biz xalis müsəlmanız.
Çar yarı istəriz, zira ki Mustafanın
Dustinə dustiz, vallah, xəsmaninə xəsmaniz.
Sədi, Hafiz, xüsusilə Füzulinin, Nəbatinin poetik dünyasına dərindən bələd olan Nigari onlardan təsirlənib, əruz vəznində bitkin qəzəllər, divan yaratdığı kimi, heca vəznində, xalq şeiri üslubunda da şeirlər yazıb, az zaman içərisində geniş şöhrət qazanıb, şeirləri dillər əzbəri olub, çoxlu şairlər ondan ilham alıb özlərinə ustad sayıb, şeirlərinə nəzirələr yazıblar.
Etməzəm, Mirnigari, iştika, ikrah kim,
Ol cəfalər kim, gəlir həqdən, səfalərdir mənə.
Şair Ulu Yaradandan gələn dərdləri də səfa sayır.
Dərdü mehnətin ey sənəm, sənəm
Eşq ilə çəkən bir mənəm, mənəm.
Arü-varıni rahi-mehrdə
Tarümar edən bir mənəm, mənəm.
Nigarinin əsas davamçıları bunlardır: oğlu Siraci, Şahnigar Xanım Rəncur, Kadı Mahmud Əfəndi, Hacı Məcdi Əfəndi, Hacı Rəhim Ağa Dilbazov Vahidi, Qazi Osman Əfəndi, Hacı Zəkəriyə Əfəndi, Hacı Teyyub Əfəndi, Hacı Mustafa Əfəndi, Postlu Hacı Mustafa Əfəndi, Sadi Sani Karabaği, Mir Sədi Ağa və başqaları. Bunların bəziləri haqqında Firidun bəy Köçərli də ətraflı bəhs edib.
Mir Həmzə Nigari öz doğma vətəni Qarabağa çox böyük məhəbbət bəsləyib, qürbətdə Qarabağa olan həsrətini şeirlərində dilə gətirib. Bu, Şeyxin yaradıcılığında 3-cü əsas xəttdir. Nigari Qarabağın ruslar tərəfindən işğalından sonra yazdığı şerində bu faciəli hadisənin sinəsinə saplanan xəncər kimi onu iztiraba qərq etdiyini ifadə edir. Bununla birlikdə, sanki o, 100 il sonra Qarabağın rus-ermənilər tərəfindən işğal edilib talan ediləcəyini fəhm ilə hiss edib kimi bu günkü qarabağlıların ağrı-acılarını da heyrətamiz duyğu, hissiyyatla duyub və çox sayda müxtəlif şeirlərində nəzmə çevirib:
Eşqin kanı Qarabağdır məkanım,
Bülbülü-şeydayam, cənnət yerimdir.
Sinəmə çəkilən qara dağımdır,
Qara bağrım qanlı Qarabağımdır.
Qan əkər, odlar tökər Miri-Nigari məgər,
Yad qılıbdır yenə Qarabağ torpağını.
Şeyx şeirlərində uşaqlıq, gənclik illərinin keçdiyi Bərgüşad-Bərşad, Həkəri çaylarını, dağlarını xatırlayır və həm də agahmış kimi, 23 ildir ki, həsrət qaldığımız, səsimiz, ünümüz yetməyən, babalarımızın bizdən incik ruhları dolaşan Zəngəzur, Qarabağ ellərimizi ağrı-acı ilə yaşadır bizə:
Canıma çəkmiş fələk Bərgüşadın dağını,
Sönməz atəşi, ursan Həkəri irmağını.
Ol dairədə Həkəri, Bərşad,
Eşqin yeridir, buyurdu ustad.
Mir Həmzə zəkası, şeirləri heyrətamiz dəqiqliklə bu günkü Qarabağ dərdli, ünvanlı gerçəkliyimizə ayna tutur. Ulu şeyximiz İlahidən gələn vəhylə, fəhmlə 100 il sonra başımıza gələn, gətirilən qəza-qədəri görüb, qara yellərin doğulub boya-başa çatdığı, ayaq açıb ilk yeridiyi, könül verib ilk sevdiyi yerlərdən uzaq olmasını diləyib.
Bir qönçə gülünün tarımarıyam,
Görüm abad olsun ol Qarabağı.
Bir gözəl ceyranın giriftarıyam,
Şənlik olsun dağı, bağı, ovlağı.
Ey Nigari, ömrün erişdipayə,
Salmadı başıma ol sərvi sayə.
Can qurban eylərəm peyki səbayə,
Xəbər versə bir gün ol Qarabağdan
Şeyx şeirlərində onun doğma yurdu Qarabağı zəbt edib Məcnunu Leylisindən-Qarabağ aşiqi Mir Həmzəni Qarabağından didərgin salan "qaplansifətli" Moskvanı da lənətləyib, çox böyük dəyər veridyi Şeyx Şamil hərəkatına özünün hüsn-rəğbətini göstərib. Şeyxin Qarabağdan bir dəstə düzəldib Şeyx Şamilin tərəfində ruslara qarşı cihada qatılmaq üçün müridləri ilə birlikdə Dağıstan və Car-Balakəndə, ardınca da Krımda, Qarsda Osmanı dövləti tərəfində ruslara qarşı igidliklə, mərdanəliklə savaşdığı da sənədlərdə, mənbələrdə dönə-dönə qeyd edilib.
Mərdi-mərdanə o qaplansifəti-Moskof ilən
Eyləmək cəngü cədəl şiri-Dağıstanə düşər.
Dağıstan şiri sözsüz ki Şeyx Şamildir.
Nigari ilk dini təhsilini Şəkidə tamamlayıb doğulduğu Cicimli kəndinə qayıdıb bir müddət müəllimlik edib, ətrafındakı aqillərdən çoxlu suallarına cavab ala bilməyib, yuxusunda onu yanına çağıran Kürdəmirli şeyx İsmayıl Şirvaniyə mürid olmaq üçün Anadoluya gəlib. Mir Həmzə əfəndinin mürşidi İsmayıl əfəndi haqqında yazıb: "Hər nəfəsi Məsih nəfəsinə bənzər, hər nəzəri nəziri-kimya". Onların ilk görüşü haqqında da mənbələrdə şahid xatirələri qalır...Röyasında gördüyü Mir Həmzənin dərgahına yaxınlaşdığını duyur, ətrafındakılarla birlikdə onu qarşılamağa çıxır, göz-gözə gəldiklərində hər ikisinin nitqi tutulur, lal sükut içərisində baxışları xeyli bir-birinə bənd olur. Burada təsəvvüf tərbiyəsini tamamlayıb kamil mürşid məqamına yetişir. 1834-cü ildə həcc ziyarətindən dönən Şeyx nəqşibəndiliyi yaymaq, həm də Rusiyaya qarşı xalqı ayağa qaldırmaq məqsədi ilə Qarabağa geri qayıdır. Seyidlər məskəni Cicimlidə müəllimlik edir, Araz çayı kənarındakı Mollaməhərrəmli kəndindən Allahverdi əfəndinin qızı Əminə xanımla evlənir, bir il sonra oğlu Siracəddin dünyaya gəlir. Nigarinin divanında adını çəkdiyi Fəxrəddin Ağabali həzrətləri "Hümayi-Ərş" adlı əsərində onun Cicimli kəndinə qayıtması və buradan Mirlər kəndinə ( Qubadlı rayonu) köçməsindən ətraflı bəhs edib.
O, Qarabağ, Şəki xanları ilə gizli əlaqələr qurur, Şuşada Xasay xanla, digər yetkililərlə dəfələrlə görüşür. Ünsiyyətdə olduğu nüfuzlu, imkanlı şəxslərə xristian bir məmləkətin -Rusiyanın itaətində olmağın hər iki dünyada böyük günah olmasını anladır, xeyli tərəfdar toplayır. XIX əsrin ortalarında Qafqazda rus istilasına qarşı meydana gələn Cihadın ilk ideya müəlliflərindən biri Şeyx Mir Həmzə idisə, XX əsrin 20-ci illərində bolşevik-daşnak işğalına qarşı bu missiyanı onun sadiq müridləri davam etdirib, "Cihad Bəyannaməsi"nin carçıları Zəngəzurun sonuncu qazısı Bəhlul Behcət, bacısı oğlu Mir Sədi Ağa və Hacı Fətəli Əfəndi olub. Onların hər üçü sonralar bolşeviklər tərəfindən həbs və sürgün edilib.
Şuşadakı Xan sarayına yerləşmiş rus xəfiyyələri onun Mir Həmzənin Şəki xanına məktubunu ələ keçirir, bir neçə əqidə yoldaşı tutulsa da, Mir Həmzə müridlərinin köməyi ilə Arazı keçib özünü Təbrizə yetirir, rus, fars xəfiyyələri onu burada həbs edir, ancaq Osmanlı səltənətinə gizli bağı olan Təbriz valisinin yardımı sayəsində qaçırılıb Osmanlı dövlətinə-Ərzuruma keçirilir. Bir müddət sonra xanımı və oğlunu da yanına gətirdir. Dəvət aldığı İstanbul sarayında ona hər cür maddi təminatlı vəzifələr təklif edilsə də, imtina edib yenidən Ərzuruma gəlir, 1867-ci ilə qədər Ərzurumda yaşayır, həcc ziyarətində olur, Şam, Qüdsü gəzir, haqq dərgahına üz tutmaqda olan Şeyxi İsmayıl Şirvaninin vəsiyyəti ilə onun yerini tutmaq üçün Amasyaya gəlir, təfsir və hədis dərsləri deyir, təsəvvüfi fəaliyyəti ilə də məşğul olur. Onun artan nüfuzu, nəqşibəndi təriqətinin sürətlə yayılması həm hakimiyyət dairələrini, həm də yaxın ətrafdakı digər məzhəb mənsublarını rahatsız edir, sultan sarayına çoxlu şikayətlər göndərilir, təzyiqlərin nədəni olaraq Mir Həmzə bir qisim müridi ilə birlikdə əvvəlcə Samsuna, sonra da Harputa sürgün edilir.
Harputda sürgündə ikən vali Hacı Hasan Paşa Şeyxin görüşünə gəlir və elə ilk söhbətdən bu müdrik insanən zəkasına heyran qalır, ona könül verir, ondan bir istəyinin olub olmamasını soruşur. Şeyx vəfatının yaxın olduğunu, cənazəsinin Amasyaya aparılıb orda ustadının və oğlunun yanında dəfn edilməsinə yardımçı olmasını istəyir. Vali:- "Əfəndim Allah ömrünüzü uzatsın. Daha çox yaşarsınız inşallah. Həm əmri haqq vaqi olduqda burada sizə gözəl bir türbə də inşa edib vilayətimizi əbədi şöhrətləndirməyi çox arzu edərik. Amasya Harpuddan uzaqdır. Mübarək havalar da isti, cəsədi şərifiniz o yollarda rahatsız olar..."-deyir. Şeyx Paşaya dönür və:-"Paşa, səksən ildir bu vücud 'Allah, Allah' demişdir. Ondan qeyrisindən bir riza diləməmişdir. Əğər yollarda qoxuyacaq olursa, bu vücudu yarı yolda buraxıb geri dönərsiz"- deyir.
Mir Həmzə Nigari həzrətləri 1885-ci il sentyabrın 29-da vəfat etmiş, cənazəsi vəsiyyətinə uyğun olaraq Harputdan Amasyaya aparılmışdır. 7 gün sürən yolçuluqdan sonra Amasyaya gəlib çatan cəsədi məzara qoyulmaq üçün təkrar yuyulduğunda cisminin, üz-gözünün nurunun heç pozulmadığı məmurları da, müridlərini də heyrətə gətirir, hətta, şübhələr üzərinə onun mumiyanlanmış olmasına dair şübhələrin də əsassızlığı aşkar olur.
Həmzə əfəndinin müridi, Qazaxlı Hacı Mahmud əfəndinin səyi ilə Qarabağ, Qazax və Borçalıdakı müridlərdən toplanan ianə ilə türbəsi, türbənin yanında da bir məscid inşa edilib. Bu məscid Amasyada indi də Azerilər, yaxud "Şirvanlı camisi" adı ilə tanınır. 1934, 44-cü illər də daxil, dəfələrlə baş vermiş zəlzələlər bu şəhərdəki bütün tikililəri, o cümlədən məscidləri uçursa da, "Şirvanlı camisi"nə xətər toxunmayıb. Şeyxin adına, ocağına bağlı Nərminə xanımın vəsaiti hesabına məscid yenidən bərpa olunaraq özünün tərtəmiz, ruhu, gözü oxşayan görkəmini saxlamaqdadır. Amasyada hər kəs bu xanımın səxavətindən, Şeyx ocağına sevgisindən ürəkdolusu danışır. Beləliklə də, Amasyada Qarabağ, Zəngəzur, Şəki, Şirvan, Qazax, Borçalı mahallarından taleyin hökmü ilə üz tutub pənah gətirən babalarımızın tapındığı iki şeyximizin cismi uyuyur. Onların məzarları və adlarına ucaldılan məscid məqbərə ilbəil daha çox ziyarətçini özünə çəkməkdədir.
Bir məqamı da qeyd edək ki, Şeyx Mir Həmzə Nigari oğluna ustadı Mövlana İsmayıl Siracəddin Şirvaninin ismini qoymuşdu. 1851-52-ci ildə Ərzurumda yaşayarkən adam göndərib bu ana-balanı Qarabağdan bura yanına gətirtmişdi. Lakin taleyin acı qisməti ilə Siracəddin xəstələnib ölür, bu ağrı Şeyxi ömrünün sonuna qədər tərk etmir, ağır üzüntü ilə yada salır. Təəssüflər olsun ki, cəmi 20 il ömür sürmüş, şeirləri ilə Seyid Əzim Şirvani, Sədi Sani Qarabağinin də diqqətini cəlb etmiş Siraci haqqında demək olar ki, müasir Azərbaycan oxucusunun məlumatı yoxdur. Hətta, Seyid Nigari haqqında son illər çıxan kitablarda, yazılan məqalələrdə də onun həyatdan vaxtsız getmiş bu istəkli övladının yaradıcılığı barədə məlumat verilməyib. Halbuki Osmanlı dövründə də, Türkiyədə də çıxan bir çox külliyatlarda onun şeirləri toplanıb, haqqında bilgilər verilib, ancaq əslən azəri türkü, Seyid Nigari cisminin parçası-övladı, yadigarı olması qeyd edilməyib.
İstanbul Universitetinin professoru, ədəbiyyatımızın gözəl bilicisi və yorulmaz tədqiqatçı, təbliğatçısı olmuş Əhməd Cəfəroğlu yazırdı ki, ona Amasyada yaşamış Hacı Mahmud Əfəndizadə tərəfindən bağışlanan Sədi Qarabaği divanının sonunda Seyid Nigari, İbrahim Veysi bəylə birlikdə Siraci şeirlərinin də 8 səhifəlik əlyazmaları da var idi, həm də bu tanıtma ilə: "Seyid Nigari oğlu olan Mövlanazadə Siracəddin əfəndi həzrətləri Qarabağlıdır." Amasya tarixinin tədqiqatçısı Hüsaməddin bəyə görə Siracəddin 1858-ci ildə Qarabağda dünyaya gəlib 1877-ci ildə vəfat edib. Şeirlərindən görünür ki, güclü təbi varmış, dilin və şeirin qayda-qanunlarını gözəl bilirmiş.
Dostu Sədi Siracinin 13 qəzəlini, 2 müxəmməsini və 1 natamam tərkibbəndini öz divanının sonuna köçürməklə nə qədər böyük xeyirxahlıq etmiş olduğunu heç düşünməzdi. Əgər Sədi Qarabağinin bu zəhmətinin bəhrəsi olmasaydı, heç həmin şeirlər də gəlib günümüzə çatmazdı.
Ə.Cəfəroğlu həmin şeirləri 1932-ci ildə İstanbulda latın əlifbasıyla kiçik bir kitabçada nəşr etdirib. Kitabçanın titul vərəqində isə yazıb: "Azəri ədəbiyyatının materiallarını ilk dəfə toplayan mərhum Firidun Köçərlinin əziz ruhuna ithaf edirəm." Siracinin "Saqi" rədifli qəzəlinə 2 müxtəlif musiqi yazılıb, bu gün də Ərzurum və İstanbulda sevilərək oxunur, dinlənilir. Bu şeirin bir özəlliyi və gözəlliyi ondadır ki, rədifli qəzəlin hər misrasını təqt bölgüsüylə ikiyə böləndə xalq şeiri üslubunda oynaq, rəvan bir gəraylı alınır:
Ver mənə cami yari
Ta ki, bulam qərari
Verməm bu ruzigari,
Bihudə badə, saqi!
Atəşlərə Siraci,
Yandı, nədir əlaci?
Gəl ol sən ona naci
Sübhü məcadə, saqi!
Şeirləri dövrünün bir çox şairlərindən fərqli olaraq sadəliyi, rəvanlığı ilə seçilir, ərəb-fars sözləri ilə yüklənməyib, Qarabağda gen-bol işlənən söz, ifadələrlə zəngindir, həm də bu şeirlərdə gənc yaşdakı Siracinin poetik təfəkkür sahibi olduğu görünür.
Müjən, qəmzən dəlib bağrım töküb qanım gülüstanə
Qızılgüllər yəqin ondan boyanıbdır al qanə.
Ey Siraci, söylədin bir şeri-şirin zövqilən
Eyləsin tənzir, pişi-şairi Şirvanə çək!
yaxud,
Zülfün siyahı saldı mənim başıma sevda,
Sevda səri-səhranı mənə göstərir eyva!
Eyvah! Oluram Qeys məsəl sahibi-səhra.
Səhranı tutub kim aparar hər gecə Leyla...
Ziyaəddin Fəxri bəy də "Ərzurum şairləri" adlı kitabına (İstanbul, 1927) Siracinin şeirlərini daxil edib, ancaq bu zaman səhvən "Ərzurumlu şair Osman Siracəddin" adıyla verib.
İnanırıq ki, Siracəddin Mir Həmzə Seyid Nigari oğlunun şeirləri də toplu halında Azərbaycanda nəşr ediləcəkdir.
...Özülü 2 əsr əvvəl Qarabağ-Zəngəzur-Şirvan-Qazaxdan Amasyaya açılan könül körpüsü son illər daha da möhkəmlənir, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə günbəgün genişlənməkdə olan əlaqələrdən "şahzadələr şəhəri" Amasyaya da bir qol ayrılır, get-gəllər yaranır. İndi bu şəhərdə Azərbaycan-Türkiyə qardaşlığı dərnəyi, muzeyi fəaliyyət göstərir. Ötən ilin yayında Mir Həmzə soyundan olan xeyirxah insanların maddi, mənəvi dəstəyi ilə Amasyada keçirilən bir görüşdə 3500 nəfər "azeri kökenli" insan iştirak etmişdi. Birgə konfranslar, simpoziumlar ulu şeyxin ədəbi, mənəvi irsinin öyrənilməsi, təbliği ilə yanaşı, həm də Qafqaz və Anadolu türklərinin daha da yaxınlaşmasına, bir-birinə qovuşmasına yardımçı olur. Amasyadan Qazax, Şamaxı, Ağsuya bu torpaqlardan çıxanların nəticələri avtobuslarla ziyarətə gəlirlər.
Ötən ilin iyununda bir neçə gün Amasyada qalarkən XIX əsrin 2-ci yarısından etibarən Qafqazdan buraya köçən insanların övladları ilə görüşüb həmsöhbət oldum. Azərbaycan, Qarabağ adının Amasyada nə qədər içdən gələn sevgi ilə, məhəbbətlə çəkildiyinin şahidi oldum. Onların sözlərinə görə hər 3 amasyalıdan birinin kökü Qafqazlara gedib çatır. Şəhər ətrafında çox sayda kəndlər var ki yalnız azərilər tərəfindən salınıb, Osmanlı dövləti Qafqazdan gələnlər üçün onların həm də ruslara qarşı savaşdığını da nəzərə alaraq münbit torpaqlarda el-oba, kənd salmağa izin verib, hər cür şərait yaradıb.
Kürdəmirli Mövlanə İsmayıl Siracəddin Şirvani (1782-1848) və Şeyx Mir Həmzə Seyid Nigari Qarabaği adının nuru ilə Amasyaya üz tutan yüzlərlə ailədən çıxan yetkin insanlardan biri Şirvanzade Mehmet Rüştü Paşa sultan Əbdüləziz dönəmində Osmanlı dövlətinin sədrəzəmi, 3 dəfə maliyyə nəzarəti naziri olub. Amasyadan Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş azəri əsilli 6 nəfərin adı bəllidir. Dövlət idarələrində çalışanların sayı daha çoxdur. Amasyanın iki dönəm bələdiyyə başqanı Zəngəzurun Laçın bölgəsindən gələn Qafqaz türklərindən olub. Düzdür, şəhərin genişlənməsi, yeni yaşayış massivlərinin salınması ilə Qarabağ, əsas da Zəngəzurdan gələnlərin sıx məskunlaşdığı məhəllələr sökülsə də, ancaq hələ də "laçınlılar" ifadəsi dillərdə, yaddaşlarda qalıb.
Şeyx Mir Həmzə Seyid Nigari Qarabağinin ömrü və yaradıcılığı bundan sonra da insanları irfana, əxlaqi-mənəvi kamilliyə sövq edəcəkdir.

Hacı NƏRİMANOĞLU,
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri, "Zəngəzur" İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü