SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Nuru Paşa ilə çəkdirdiyi şəklə görə güllələnən laçınlı Müseyyib bəy

Xalqımızın acılı-şirinli günləri çox olub.Qara yellər də əsib başımızın üstündən.İgid oğullarımız düşmən gülləsinə də tuş gəlib. Xəyanət də olub.

Dəhşətlisi odur ki, tariximizin müəyyən dövrlərində özümüz-özümüzü məhv etmişik. Nisbətən yaxın tariximizin -1937-1938-ci illərin acı yelləri heç vaxt yaddaşlardan silinməyəcək.

Bəli bu illərdə başqalarının təhrik və fitvası ilə qeyrətli,namuslu oğullarımız məhv edilib.Onlardan biri də MƏHƏRRƏMOV MÜSEYYİB HƏSƏNXAN oğlu olmuşdur.Onun həyat yolu barədə LAÇIN TARİX-DİYARŞÜNASLIQ MUZEYİNDƏ tariximiz üçün maraq doğura biləcək materiallar toplanmışdır. Bu materiallar arasında arxiv sənədlərinin surətləri, onu tanıyanların xatirələri vardır.

 

 

Sənədlərdən məlum olur ki, Müseyyib Məhərrəmov 1888-ci ildə Zəngəzur qəzasının Ağanus (indiki Laçın rayonundakı Ağanus) kəndində anadan olmuşdur. Hələ uşaqlıqdan onun ağıllı fikir və mühakimələri hamının diqqətini cəlb etmişdi.Gənc Müseyyibin atası Həsənxan kişi həmişə oğlunun təhsil almasını arzulamışdır. Ona görə də 1897-ci ildə 9 yaşında olan oğlu Müseyyibi Şuşa qəzasının Qaladərəsi kəndindəki rus-tatar məktəbinə gətirir. Müseyyib həmin məktəbi müvəffəqiyyətlə bitirir. Ana dili ilə yanaşı rus,ərəb,fars dillərinə də yiyələnir. 1906-cı ildə məktəbi bitirdikdən sonra YELİZAVETPOL (GƏNCƏ) Quberniyasının ZƏNGƏZUR qəzasında quberniya dəftərxanasında (Dəftərxana indiki Qubadlı rayonunun ərazisində yerləşirdi. Laçın və Qubadlı ərazisinin dövlət işlərinə baxırdı.) işləyir. Qubernatorun katibi vəzifəsinə təyin olur. Oktyabr inqilabına qədər bu vəzifəni daşıyır.Lakin oxumaq həvəsi onu sakit buraxmır.Bu arzu ilə o GƏNCƏ şəhərinə gəlir. GƏNCƏDƏ AZƏRBAYCAN MİLLİ ŞURASI ADR-in yaranmasını elan edir. Görkəmli sərkərdələr ƏIİAĞA ŞIXLİNSKİ və SƏMƏDAĞA MEHMANDAROV ADR-in ordu quruculuğunda iştirak edirdilər.Gəncə şəhərində hərbi məktəb fəaliyyət göstərir.Məktəb Ə.Şıxlinıskinin təşəbbüsü ilə yaradılır. Müseyyib Məhərrəmov Gəncədəki hərbi məktəbə daxil olur.

Az bir müddətdə özünün istedadı,bacarığı ilə fərqlənir. Onun bu keyfiyyətləri Ə.Şıxlinski və S.Mehmandarovun da diqqətini cəlb edir.

Müseyyib hərbi məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Şuşa şəhərində yaşayan əmisi – Qarabağın axundu hacı Molla Şükürün yanına gəlir.

Axund Hacı Molla Şükür dövrünün məşhur ziyalılarından biri olmuşdur. O, Hacı Zeynalabdin Tağıyevin böyük hörmət bəslədiyi Hacı Ələsgərlə yaxın dost olmuş, hər ikisi Xorasanda ali ruhani təhsil almışlar. Axund Hacı molla Şükür ədəbiyyat, riyaziyyat, fəlsəfə elimlərinə yiyələnmiş, ərəb, fars, rus dillərini mükəmməl bilmişdir. Elimli olduğuna görə xalq arasında onu "MOLLA" adlandırırdılar. Axund Hacı Molla Şükür Qarabağda, eləcə də Gəncəbasarda böyük hörmətə malik olmuş,müqəddəs bir şəxsiyyət kimi tanınmışdır. Axund Hacı Molla Şükür ilə general Əliağa Şıxlinski və Qarabağın General qubernatoru- Xosrov bəy Sultanovun möhkəm dostluq əlaqələri olmuşdur.

Xalq yazıçısı İlyas Əfəndiyev "Geriyə baxma qoca" romanında və "Axund Hacı Molla Şükürün cənnət bağı" hekayəsində Axund Hacı Molla Şükürün obrazını yaratmışdır.

Əliağa Şıxlinski Müseyib Məhərrəmovun bacarığını nəzərə alıb mükəmməl təhsil alması üçün Qori şəhərindədəki hərbi məktəbə göndərmək istəyir. Onun bu fikiri ilə Axund Hacı Molla Şükür razılaşmır. Axund Hacı Molla Şükür Əliağa Şıxlinskiyə deyir ki, mən onu imtahan etmişəm, bilikli olduğunu bilirəm, ncaq onun Xorasanda oxuduğum ruhani məktəbdə təhsil almasını istəyirəm.

Bu o zaman idi ki,daşnak andronikin əmiri ilə ermənilər Zəngəzurda və Qarabağda talanlar törədir,əhalini vəhşicəsinə öldürür,yurd-yuvalarından didərgin salırdılar.Qarabağın GENERAL QUBERNATORU XOSROV BƏY SULTANOVUN qardaşı Sultan bəy (indiki Laçın rayonunun Qurdqajı kəndi) ermənilərin hücumlarının qarşısını almaq üçün əhalini səfərbərliyə alır, silahlandırırdı. Sultan bəy Kəlbəcər və Göyçəyə hərəkət edərək oradakı əhalidən ibarət qoşun yaradırdı.Kəlbəcərli Məşədi Cəmil də dostu Sultan bəydən kömək istəyir. Sultan bəy onlara kömək üçün 14 qatır yükü patron və silah göndərir. Şuşa, Kəlbəcər, Laçın, eləcə də Göyçədə müsəlman əhaliyə qarşı ermənilərin törətdikləri vəhşiliklərin qarşısını almaq üçün hamı səfərbər edilmişdi.Bu qoşuna hərbi biliyə malik komandan lazım idi. Həmin vaxt Xosrov bəy Axund Hacı Molla Şükürə müraciət edib bildirir ki, Qarabağda bir ruhani lazımdır, o da sənsən. Zəngəzur vəziyyət gərgindir, qoy Müseyib qardaşım Sultana köməyə getsin, ona 15 nəfərdə hərbçi qoyacağam. Müseyyib Məhərrəmov 15 nəfər hərbçi ilə birlikdə Laçına gəlir. Sultan bəy qoşunu Pircahan kəndinə çəkir. Qoşunun bir hissəsinə komandanlıq Museyib Məhərrəmova tapşırılır. Sultan bəyin qoşunu ermənilərlə "QANLI DƏRƏ" adlanan ərazidə döyüşə başlayır. 1918-ci ildə ADR-ə köməyə gəlmiş TÜRK qoşunu da Qarabağ və Zəngəzura irəliləyirdi. Bu qoşunlara Nuru Paşa komandanlıq edirdi. Həkəri çayının üstündə Sultan bəyin qoşunu ilə türk qoşunu birləşərək erməniləri darmadağın edir. Bu döyüşdə Müseyib Məhərrəmovun şücaəti, taktiki hücum planı hamını heyran edir. Məşədi Cəmilin dəstələri isə Göyçənin bütün müsəlman kəndlərini erməni talanından azad edir.

1918-ci ilin noyabr ayında Tqrkiyə öz qoşununu Azərbaycandan çıxarır.Türklər Bakıdan çıxmağa hazırlaşan zaman Müseyyib Məhərrəmov pərəstiş etdiyi NURU paşa ilə görüşmək arzusu ilə Bakıya gəlir və onunla görüşmək istədiyini bildirir. Əsgərlər bildirirlər ki,Nuru paşa yaxınlıqdakı bərbərxanaya gedib. M. Məhərrəmov da həmin bərbərxanaya yollanır. Dəllək Nuru paşanın üzünü təraş etməyə hazırlaşırdı. O, erməni idi. Nuru paşa bunu bilmirdi. M.Məhərrəmov cəld mühafizəçi əsgərlərin arasından sivrilərək bərbərxanaya daxil olur: "Paşam, mən razı olmaram ki, sizin üzünüzə kafirin əli dəysin" - deyib portfelindən özünə məxsus ləvazimatları çıxarıb Nuru paşanın üzünü təraş edir. Nuru paşa mühafizəçi əsgərlərin arasından xüsusi bir çevikliklə çıxıb onun yanına gələn bu gəncin qoçaqllğına və cəsarətinə heyran olur. Əsgərlərə əmr edir ki,onu mənim mənzilimə aparın. Nuru paşa M.Məhərrəmovla söhbət edir, bilik və bscarığına valeh olur. Onunla dostlaşır və bir neçə şəkil çəkdirir. Nuru paşa M.Məhərrəmova hərbi geyim, güldan və qələmdan bağışlayır.(Sonradan elə bu şəkillər onun həbs edilməsi üçün səbəb olur.)

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra M.Məhərrəmov bir müddət Bakıda,Bakı-Yevlax dəmiryolunun bərpasında çalışır,sonra isə kəndə qayıdır və orada təsərrüfatla məşğul olur.Laçın inzibatı rayonu yaradıldıqdan sonra rayon tədarük idarəsində,dövlət bankında baş mühasib işləyir.Axırıncı iş yeri rayon meşə təsərrüfatı idarəsində baş mühasib vəzifəsi olur.

Müseyyib Məhərrəmovu gözü götürməyənlər NKVD-yə "donos" verirdilər.

1936-cı ildə ona əksinqilabçı damğası vuraraq həbs edirlər.Yalnız Güləbird kəndinin ağsaqqalı Teymur Abdullayev ,onun oğlu Hüseyn Abdullayev və Qazıdərə kəndindən olan Xıdır Mədətovun xahişi ilə iki aydan sonra həbsdən azad edilir. Evində axtarışlar aparılır. Növbəti axtarışların birində Nuru paşa ilə çəkdirdiyi şəkillərdə ələ keçir və maddi sübut kimi götürülür. Kitablarını həyətə töküb yandırırlar.

"XALQ DÜŞMƏNİ" adı altında1938-ci il fevral ayının 14-də yenidən həbs olunur. Ailəsinin əmlakı müsadirə edilir, həyat yoldaşı Gülsüm xanım və beş azyaşlı övladı (Yusif, Lətif, Asif, leyli, Zərif) ağır məşəqqətlər içərisində yaşayırlar.

1956-cı ildə Müseyyib Məhərrəmova bəraət verilir.

Arxiv sənədlərdə göstərilir: "1888-ci ildə anadan olmuş Müseyyib Həsənxan oğlu Məhərrəmov 14 fevral 1938-ci ildə həbs olunmuşdur. 11 mart 1938-ci ildə Azərbaycan Sovet Respublikası Cinayət Məcəlləsinin 77-79-cu paraqrafları ilə (əksinqilabi fəaliyyət, antisovet təşkilatının üzvü) təqsirli bilinərək güllələnməyə məhkum olunmuşdur. Hökm 1938-ci il aprel ayının 2-də gecə yerinə yetirilmişdir. 30 may 1956-cı ildə Ali Məhkəmənin fərmanı ilə bəraət almışdır. 11 mart 1938-ci il tarixli qərar ləğv edilmiş, əməlində cinayət tərkibi olmadığı üçün işin icrasına xitam verilmişdir ".

Beləliklə, indi də yaşlıların xatirində yüksək mədəniyyətli,işgüzar, elimli, qorxmaz, xeyirxah, igid bir insan kimi qalan Müseyib Məhərrəmov ömrünün çiçəkləndiyi bir vaxtda - 50 yaşında heç bir günahı olmadan Azərbaycana qənim kəsilmiş bir qrupun qurbanı oldu.

Nuru Paşanın Müseyyib bəy Məhərrəmova hədiyyə etdiyi qələmdan

Nuru Paşa ilə çəkdirdiyi şəklə görə güllələnən laçınlı Müseyyib bəy



Ağanus kəndi

Nuru Paşa ilə çəkdirdiyi şəklə görə güllələnən laçınlı Müseyyib bəy


Ağanus kəndi

Nuru Paşa ilə çəkdirdiyi şəklə görə güllələnən laçınlı Müseyyib bəy



Ağanus kəndində Turşsu bulağı - işğaldan sonra

Nuru Paşa ilə çəkdirdiyi şəklə görə güllələnən laçınlı Müseyyib bəy

 

Nuru Paşa ilə çəkdirdiyi şəklə görə güllələnən laçınlı Müseyyib bəy



Nuru Paşa ilə çəkdirdiyi şəklə görə güllələnən laçınlı Müseyyib bəySolmaz MƏHƏRRƏMOVA,
tarix elmləri namizədi