SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Əli Həsənovun 7 il əvvəlki anti-FETÖ çıxışı

İyulun 15-də qardaş Türkiyədə dövlət çevrilişinə cəhd, ondan sonrakı proseslər, baş verən olayların Azərbaycandakı əks-sədası mənə bu tədbiri xatırlatdı.
2009-cu il, 30 aprel. "Gülüstan" sarayında Dialoq Avrasiya Platforması (DAP) və "Dialoq Avrasiya" dərgisinin Azərbaycanda 10-cu ildönümü münasibətilə "İslam mədəniyyəti və müasir dünyada dialoq" mövzusunda tədbir keçirilir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə öndə görünən sırada əyləşiblər. Törənin təmtərağına söz yoxdu, Fətullah Gülənin böyük siyasətçi, dövlət xadimi Heydər Əliyevlə yanaşı portreti asılıb, sarayı titrədən musiqi sədaları altında film nümayiş olunur, elə təəssürat yaradılır ki, dünyada qlobal problemləri həll edənlərdən biri beynəlxalq səviyyəli dialoqların təşkilatçısı F. Güləndir.

Çıxışlar, təbriklər bir-birini əvəz edir; DAP-ın Azərbaycandakı təsisçisi və fəxri prezidenti, sabiq millət vəkili, xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, DAP-ın Azərbaycan Milli Komitəsinin sədri millət vəkili Nizami Cəfərov, bir çox ölkələrdən tanınmış elm və ictimai xadimlər; Topqapı sarayının müdiri, tarixçi İlber Ortaylı, Rusiya Şərqşünaslıq İnstitutunun direktoru professor Rostislav Ribakov, DAP-ın Qazaxıstan rəhbəri, Yazıçılar Birliyinin sədri professor Nurlan Orazalin, DAP-ın Azərbaycan nümayəndəliyinin katibi Mustafa Saatçı ...danışır, plaketlər təqdim olunur.
Söz Prezident Administrasiyasının rəsmisi Əli Həsənova verilir.
O, bu fikirləri vurğulayır:
- Dialoq başqa insanları sənin kimi yaşamağa, düşünməyə təhrik etmək demək deyil. Onun məqsədi dövlətlərdə, cəmiyyətlərdə orta hərəkət oxunu müəyyən etməkdən ibarətdir. Dialoq, tolerantlıq Qurandan, Bibliyadan çox danışmaq da deyil. Cəmiyyətdə tolerantlıq bütün mədəniyyətlərə, dinlərə, davranış normalarına hörmətlə yanaşmaqdan, bunu reallığa çevirməkdən ibarətdir və bunları bir nəfərin adına bağlamaq düzgün deyil.
- "Dialoq Avrasiya" dərgisinin və Platformasının fəaliyyətində birtərəfli təbliğat açıq-aşkar, ciddi hiss olunmaqdadır. Ayrı-ayrı xalqların dəyərləri, mədəniyyəti, tanınmış adamları, Avrasiya bölgəsində yayımlanmağa layiq olan insanlar, liderlər son zamanlar jurnalın səhifələrində getdikcə daha az-az görünür.
- Azərbaycan müsəlman ölkəsi olsa da, dünyəvi dövlət quruculuğu prosesindəki uğurları örnək sayıla bilər.
- Bayaqdan bu tədbirdə, göstərilən filmdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adının bir dəfə də olsun çəkilməməsi bağışlanmaz günahdır.
- "Mən bunları deməyə özümə borc bildim".
16 ildən çox AzərTAc-da çalışmış, çox sayda rəsmi dövlət tədbirlərinin iştirakçısı, yazıya alanı olaraq deməliyəm: Əli müəllimin bu təsirli, nüfuzedici, uzaqgörən, müdrik çıxışı şok effekti yaratmışdı. 7 il üstündən ötməsinə baxmayaraq, bu çıxışın orada iştirak edən, xüsusilə tədbirin təşkilatçıları ilə eyni düşüncədə olmayanların yaddaşında qaldığını düşünürəm.

Hacı Nərimanoğlu
www.zengezur.com saytının təsisçi və baş redaktoru