SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Zəngəzur məsələsi AXC Parlamentində


Andraniki torpaqlarımızdan qovan Azərbaycan ordusu onu niyə axıra kimi təqib etmədi?
- Fətəli Xan Xoyski parlamentin iclasında məsələyə aydınlıq gətirir

     
Demokratik respublika qurmaq prinsipini qarşısına məqsəd qoymuş Azərbaycan Xalq Cumhuriyyətinin (1918-1920) dövlət, ordu quruculuğu, xarici siyasət və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti parlament iclaslarının toplandığı sənədlər toplusunda öz geniş əksini tapmışdır. Düşünürük ki, hər bir Azərbaycan vətəndaşı 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Demokratik Cümhuriyyətinin parlamentində baş verənlər haqqında məlumatlı olmalıdır. Elə bu baxımdan da Enter.News Cümhuriyyətimizin 100 illiyi ərəfəsində olduğundan hər həftənin şənbə və bazar günləri parlamentdə olan çıxışların stenoqramını hissə-hissə bütövlükdə yayımlamağı nəzərə alıb.


Dördüncü fövqəladə iclas

20 dekabr 1918-ci il

Gündüz saat 1 tamamda Həsən bəy Ağayevin sədarəti və Əhməd Cövdət bəyin katibliyi ilə açılır.

Möhtərəm parlament əzası! Bu gün parlamentin fövqəladə iclası çağırmasına səbəb, iki fövqəladə hadisədir. Bu iki məsələ bir-birinə o qədər mərbut, sıxı surətdə əlaqədardır ki, bunları bir-birindən ayırmaq qabil deyildir. Bunlardan biri bir neçə gün bundan qabaq vaqe olmuşdur. O biri isə bir neçə müddət bundan qabaq başlamış və indiyədək davam etməkdədir. Hamınıza məlumdur ki, iki həmsayə qövm olan gürcü və erməni millətləri arasında əlaqə pozulub. Hətta müsadiməyə müncərr olmuşdur. Rəsmi surətdə elani hərb edilməmiş isə də, müharibə qeyri-rəsmi surətdə başlanmışdır. Yenə də qan çay kimi axır. Köylər dağılır, şəhərlər yanıb dağılır, yenə də toplar partlayır, yüzlərlə adam top və mitralyoz qurbanı olur. Guya beş sənəlik müharibədən vəhşilər doymamış, guya beş sənəlik qitaldan bayquşlar qane olmadı. Biz müsəlmanların nümayəndələri, firqələri Tiflisdə, Seymdə ikən demişdik ki, həmsayələrimiz ilə sülh və müsalimətlə yaşamaq istəriz. Bu quru söz olmayıbsa felən işlərimiz ilə də isbat etmişik. Gürcü qonşularımız da bu fikirdə idilər və belə də siyasət yürütməyə çalışırdılar. Qonşumuz olan ermənilərin bəzi məsuliyyətsiz dəstləri vəhşiliklərini yürüdərək təqsirsiz gürcü qonşularımızın hüququna təcavüz edirlər. Məsələn, Gəncənin üç qəzasında Ağdam, Şuşa, Cəbrayıl və Zəngəzur mahallarında, Tiflisin Sənaen tərəflərində toplar partlayır, qurşun yağır. Həmin bu iki məsələdir ki, bizi buraya cəm olmağa vadar etdi. Bu münasibətlə əvvəl Şuşa məbusları və sonra da sosialistlər fraksiyası hökumətə müraciətlə istizah etmişlərdir. Müsaidənizlə oxusunlar.
Əhməd Cövdət (oxuyur) - Bu axır vaxtlarda varid olan xəbərlərə görə Andranik təhti-komandasındakı qoşun ilə Azərbaycan Cumhuriyyətinin hüdudunu keçib, Zəngəzur, Şuşa və Cəbrayıl qəzalarında bir çox kəndləri xarab edib, köməksiz xalqı bəzən qırıb, bəzən də səhralara salırlar. Bu əhvalat hökumətə məlumdurmu? Əgər məlum isə nə binaküzarlıqda olubdur.
Sədr - İstizah verənlər bunun təcili surətdə müzakirəsini istəyirlər. Hər kəs bu barədə danışmaq istəyir. Məhərrəmov, buyurun!
Məhərrəmov (yerindən) - Bu istizahani müzakirədən əvvəl hökumət cavab verməli idi.
Sədr - Siz buyurunuz, görək, təcili surətdə müzakirə olunmasını istəyirsinizmi?
Məhərrəmov - Əlbəttə, təcili surətdə olmalıdır.
Sədr - Buyurunuz, kürsüdən söyləyiniz.
Məhərrəmov - Möhtərəm parlament məbuslarına məlumdur ki, axır vaxtlar Qarabağ, Cəbrayıl və Zəngəzur uyezdlərindən bir çox teleqraflar gələrək, orada icra olunan vəhşiliklərdən əhali şikayət etməkdədir. O yerlərdə Andronik dəstələri bir çox köylər dağıdıb, evlər xəraba qoymuşdur. Biz xahiş ediriz ki, hökumət bu xüsusda nə kimi təşəbbüsatda bulunduğu halda məlumat versin.
Sədr - Məsələnin təcili surətdə müzakirəsinə etiraz yox isə təklif edilir. (rusca tərcümə edir). Təklif qəbul edilir. Söz rəisi vükəlanındır.
Fətəli Xan Xoyski - Zəngəzur əhvalatı təzə bir şey deyil. Bu çoxdan başlamış bir işdir. Burada oturan məbuslara məlumdur ki, vaxtilə bir para ermənilər tərəfindən Qarabağ haqqında bir məsələ qaldırılmış idi. Hələ iyul ayında Andranik başına bir dəstə çiteçi yığaraq İrəvan quberniyasından Gəncə quberniyasının hüduduna keçdi. Buranı deməliyəm ki, Andranik Türkiyə təbəəsidir. O vaxt Azərbaycan hökuməti hələ Gəncədə ikən erməni hökumətinə müraciətlə isticvab etmişdi ki, Andranik sizin tərəfinizdən iş görür, yoxsa bu hərəkətlər onun öz təşəbbüsüdürmü və onun qoşunları erməni hökumətinə tabedirmi, yoxsa onun hərəkətləri, şəxsi təşəbbüsləri və adi üsyan kimidirmi? Erməni hökuməti cavab verdi ki, Andranikin erməni hökuməti ilə heç bir əlaqəsi yoxdur, özü də bir asidir. Erməni hökuməti özü də onun rədd edilməsini və üsyanın yatırılmasını istəyir. Fəqət, gücü yoxdur, iş görə bilmir. Sizə məlumdur ki, Andranik iyul ayında Zəngəzur mahalında böyük fənalıqlar yaparaq bir çox köylər dağıtdı, nəhayət Şuşa qəzasına keçərək Əsgəran yolunu bağladı. O zaman böyük fəlakətlər çıxırdı. Fəqət Azərbaycan hökumətinin əsgəri qüvvəsi o zaman yalnız Bakı məsələsinə münhəsir idi. Ona görə də ancaq Gəncədən iki dəfə erməni, müsəlman deliqasiyonu göndərdi. Lakin bundan bir şey çıxmadı. Andranik öz işində dəvam edirdi. Sentyabr ayında Bakı alınandan sonra hökumət buraya köçdü və dərhal bu məsələyə diqqət verərək, özünə borc bildi ki, Andranik məsələsinə xitam versin. Ona görə də çeteçilər müqabilinə bir miqdar əsgəri dəstə göndərdi.
Qoşunumuz müharibə nəticəsində Andraniki Əsgərandan çıxarıb, tamam Şuşa uyezdindən və Zəngəzur mahalının çox yerindən qovdu. Andranik qaçdı. Demək istəmədiyim bəzi səbəblərə görə biz bundan sonra artıq yürüşümüzü dəvam etdirə bilməz idik. Bu oktyabr ayında idi. O zaman sakitlik hökmfərma idi. Andranik Gorusda idisə, heç bir fəaliyyətdə bulunmurdu. Noyabrın ortalarında işlər tamamilə dəyişdi və müttəfiqlərin təklifinə görə türk əsgərləri Azərbaycanın hər yerindən çıxıb getdi. Ovza dəyişib əhval qeyri-müəyyən oldu. Noyabrın 20 və 23-dən sonra Andranik yenə baş qaldırıb, ayın 25-dən sonra fəlakətlər çıxarmağa başladı, böyük xətalar əmələ gəldi. Bu xüsusda mənə gələn teleqramlar qəzetlərdə vardı, hamınıza da məlumdur ki, Zəngəzur malahında nə qədər kəndlər dağıldı, yandı, əhaliyə nə qədər böyük zərər və xəsarətlər dəydi, şübhəsiz ki, bu işlərə hökumət laqeyd baxa bilməzdi. Biz öz tərəfimizdən lazım və mümkün olan qədər çalışıb tədbirlər gördük. Onların müqabilinə əsgəri qüvvə göndərilməsi barəsində teleqrafən binagüzarlıq etdik. Eyni zamanda borc bildim, müttəfiqlər nümayəndəsi general Tomsona məlumat verim. Çünki o mənə də deyib, qəzetlərdə də xəbər veribdir ki, müttəfiqlərin məqsədi Qafqaziyada sülh və müsalimi dəvam etdirməkdir. Binaən-ileyh mən teleqramların bir surətini və bir məktub general Tomsona göndərdim. Tomson dərhal ənvan tədbirlər görməyi vacib bildi. Mən general Tomsona məktubu ancaq xəbərdarlıq kimi yazmışdım, daha yazmamışdım ki, təvəqqe edirəm, bizə kömək edin. O, özü lazım bildi ki, Qarabağa bir heyət göndərsin ki, onun məktubunu Andronikə yetirsin. Heyət ingilis, müsəlman və erməni nümayəndələrindən ibarət idi. Bundan əlavə Tomson bir çox teleqramlar çəkdi. Noyabrın 27-də bu deleqasiya Şuşa və Zəngəzura əzimət etdi. Bir neçə gün Şuşada qalıb heyəti ümum qəza əhalisinə təklif etdi ki, əmin və asayişlə yaşasınlar və xəbər verdi ki, ingilislər və onların müttəfiqləri heç bir vaxt xəta və iğtişaş törətməyə razı olmayacaqlardır. Bir neçə gün Şuşada qaldıqdan sonra deleqasiya Zabuğ deyilən yerə getdi ki, haman yerdə müharibə gedirdi. İngiltərə nümayəndəsi Andranikin yanına gedib məktubu vermiş və bildirmişdir ki, asayiş bərpa edilməsə bütün məsuliyyət onun öhdəsinə düşəcəkdir. Bundan əlavə Tomson bir neçə teleqramlar daha vurdu, çünki o zaman ermənilər çox yerdə baş qaldırıb Gəncə, Qazax, Cavanşir və Cəbrayıl qəzalarında quldur dəstələri kimi iş görürdülər. Hər yerdə Tomson teleqramlar çəkdi və eyni məzmunda Andranikə məktub yazdı, məktubu mən görmüşəm. Ancaq özlərinin dediklərinə görə bu məktub bu məzmunda imiş: Hamı ermənilər öz yerlərində sakit oturub, hücum və təcavüzatda bulunmasınlar. Hərgah ermənilər tərəfindən belə hərəkət baş verərsə, məsuliyyət təmamən onların öhdəsinə düşəcəkdir.
Bundan sonra general Tomson teleqrafən və məktubən Şuşa və Zəngəzura göndərilmiş heyətə Tərtərə və başqa qəzalara getməsini təklif eyləmiş, onların məzmunu belə imiş. (Oxuyur). Mən sizə ərz eləyirəm ki, bu işlərdən sonra iki-üç günlük sakitlik oldu. Elə bil ki, heç şey yox imiş. Daha Zəngəzur və Şuşa uyezdlərindən bir xəbər gəlmədi, hamı da arxayın oldu. Fəqət, yenə iki-üç gün keçmədi ki, teleqram, teleqram üstündən gəlməyə başladı ki, Andranik baş qaldırıb, ermənilər ilə bərabər yenə öz hərəkatında davam edir. Müsəlmanlar ingilis heyətinə inanıb, öz səngərlərindən çıxıb getmişlər. Ermənilər haman saat başlamışlar kəndləri yandırıb dağıtmağa, belə ki, arvad-uşaq dağlara, meşələrə dağılıb səfil-sərkərdan qalmışdır. Bu xəbər belə yetişən kimi bizdə olan hər növ tədbirləri gördük və dekabrın 3-də Tomsona belə bir məktub yazdım. (Oxuyur).
Aldığımız teleqramların surətini məktubla göndərmişəm. Teleqramları oxumağa ehtiyac yoxdur, çünki qəzetlərdə çap edilmişdir. Biz öz tərəfimizdən qoşun qüvvəmizi onun qarşısına göndərməklə bərabər Tomsona da təklif etdik ki, bu barədə tədbirlər görsün. Tomson Zəngəzura təzədən heyət göndərməyi lazım bilib, mənə də xəbər verdi ki, bu dəfə heyət əvvəlki kimi olmayıb, bir qədər əsgəri surətdə olmalıdır.
Ona görə də iki zirehli avtomobil, on beş ingilis əsgər və zabiti, bir nəfər bizim nümayəndəmiz Rüstəmbəyovdan ibarət olaraq heyət göndərdi və Andranikə yenə kağız göndərdi. Heyət hələ qayıtmayıb, kim ilə görüşüb, nə ediblər, hələ bilmirik. Şuşadan ətrafa getmələri haqqında hələ bir xəbər yoxdur. Bu barədə məlumatlar olar isə borcluyam ki, sizə xəbər verəm. Burasını ərz etməməliyəm ki, bu müddət arasında qəzetdə də oxuduğumuz üzrə bir xəbər çıxdı ki, guya Tomson tərəfindən əvvəl dəfə göndərilən heyət və məktub ilə guya Tomson Qarabağın ixtiyarını və idarəsini Andranikə tapşırmış imiş. Şübhəsizdir ki, əgər belə olsa idi, burası bizim üçün böyük bir iş idi. Əgər burası belə olsa idi, onda hökumətimizin kökünə əl atılmış olur, bu iş Azərbaycanın hüququna təcavüz olur idi. Halbuki biz var-qüvvəmizlə Azərbaycanın hüququnu müdafiə edəcək və heç kəsə yol verməyəcəyiz ki, kənardan gələnlər Azərbaycanın hüququna təcavüz etsinlər. (Alqış).
Hökumət aşkar baxa bilməzdi ki, başqası gəlib Azərbaycanda hakim olsun. Mən bu xəbərləri eşidib o zaman təhqiqata başladım. Mən heç vaxt özümü inandıra bilməzdim ki, ingilis və müttəfiqlər mədəni bir hökumət olduqları halda hüququmuzu, ixtiyarımızı belə bir məqamda təpik vurub əlimizdən alır məqaminə gəlsinlər. Mən əminəm ki, belə olmaz. Mənim fikrim dürüst oldu. Buna çox sübutlar var ki, sizə söyləmək istəmirəm.
Əmin ola bilərsiniz ki, Tomson tərəfindən qəzetlər yazdığı məzmunda Andranikə məktub yazılmamışdır. Andranikə bayaq oxuduğum məzmunda Tomson tərəfindən məktub yazılmışdır ki, hamı ermənilər öz yerlərində sakit oturub hücum və təcavüzata bulunmamalıdırlar. Hərgah ermənilər tərəfindən belə hərəkət baş verər isə məsuliyyət bütünlüklə öhdəsinə düşəcəkdir. Tomson tərəfindən yazılan kağız bu məzmunda olmuşdur. Qəzetlərdə yazılan yanlış məktuba həmin qəzetlər vasitəsilə etiraz olacaqdır.
Qarabağa zirehli avtomobillər və əsgərlər ilə heyət gedən vaxtda istərəm Tomsona yazıb xəbər verəm ki, Qafqaziya əhalisi bu tövr heyətləri çox görmüşdür. Bunlar ilə iş düzəlməyib nəticəsiz qalacaqdır. Burada iş görmək üçün söz ilə deyil, başqa yol ilə təsir etməlidir. Göndərilən heyətin nə iş gördüyü və nəticəsi məlum deyildir. Məlum olduğu üzrə heyət Şuşaya çatıb və oradan keçmiş də olsun. Görünür ki, ermənilər öz hərəkətlərində dəvam edirlər. Neçə gün əvvəl alınan teleqramları oxuyalım. Bu teleqram kanun əvvəlin 14-də alınmışdır. Sabahı dəxi belə bir teleqram gəlmişdir. (Oxuyur).
Deyilənlərdən əlavə bir çox digər teleqramlar da vardır ki, erməni hərəkatının davamını göstərir. Sizə məlum olduğu üzrə ingilis və müttəfiqlər ilə lazım olan tədbiri görmüşəm və indiyə qədər erməni hərəkatı haqqında alınan məlumatı müttəfiqlərə göndərmişəm. Bunlardan savayı indi öhdəmizdə öz vəzifəmiz vardır. Bacardığımız qədər tədbirlər ittixaz olunubdur. General Tomsona lazım gələn məktublar yazılıb, əsgəri qüvvələrimizin silah gücü ilə hərəkət etməsi əmri verilib, bir çox başqa tədbirlər də görülmüş, onların hamısını burada söyləməyə lüzum görmürəm. Andranikin başında olan dəstə çetə və quldur dəstəsindən ibarətdir. Bunların nə fikirdə olduqları və bu fikrin də müəyyən olduğu məlumdur. Bunların aşkar fikirləri budur ki, Zəngəzur və Şuşa uyezdlərini Azərbaycandan ayırıb, Ermənistana mülhəq etsinlər. Bacardıqları qədər bu yolda işləyirlər. Bunların qarşısına qüvvə göndərdikdə bir müddət sakit olub, yenə fürsət tapdıqda öz fikirlərində sabit olub əməllərinə nail olmaqdan ötəri işə başlayırlar.
    Azərbaycan hökuməti nə keçmişdə, nə də indi ixtilaflı məsələləri silah gücü ilə həll etmək arzusunda olmamışdır. Hərgah belə bir məsələnin həlli üçün silaha sarılmaq lazım gəlmiş isə də, biz özümüz deyil, bizi məcbur etmişlər.
İxtilaflı sərhəd məsələlərinin sülh yolu ilə həll olunmasını təklif etmişik. Başqaları ilə hər bir məsələni sülh ilə həll etməyə çalışmış, Azərbaycanda nə erməni, nə müsəlman, nə də başqalarının qanı tökülməmək üçün əlimizdən gəldiyi qədər səy etmişik. İndi də heyət göndərib məsələlərin sülh ilə həll olunmasına mümkün qədər çalışmalıyıq. Lazımi təqdirdə silaha sarılsaq, hamı bunu bilir ki, bizi belə vəsiləyə əl uzatmağa məcbur ediblər. Hökumət tərəfindən ərz edirəm ki, mümkün qədər zərərsiz, qansız, sülh ilə hər məsələnin xitamə yetməsinə çalışmaq, hökumət şimdi də belə müamilədə bulunacaqdır. Əks surətdə hökumət özü, öz gücü ilə, qüvvəsilə Azərbaycan Hökumətini hər bir təcavüzdən mühafizə edəcəkdir. (Mərkəzdən, sağdan alqış).
Sədr - Söz Əhməd Cövdətindir.
Əhməd Cövdət - Əfəndilər! Bugünkü iclasın təcili surətdə çağırılmasına səbəb iki məsələ haqqında Məclisi-Məbusan sədrinə sosialistlər namindən verilən məktub olmuşdur. Bu iki məsələnin həlli bütün Zaqafqaziya demokratiyası üçün mühümdür. Bu iki məsələ bir-biri ilə əlaqədardır. Birinci məsələ Qarabağ hadisatı və ikincisi isə Gürcüstan ilə Ermənistan arasında vaqe olan müsadimədir. Qarabağ məsələsi ikinci məsələ ilə mahiyyətcə əlaqədar və şəkilcə birdir. Fəqət, biz Qarabağ məsələsini əlahiddə qoymuşuq. Qarabağda məlum olduğu üzrə 3-4 aydır ki, sakitlik yoxdur. Andranik başına bir dəstə cəm edib kəndləri dağıtmaqla məhv və tələf etməkdədir. Andranik üzərinə hökumət qoşun dəstələri tərəfindən hücum olduğundan Andranik çəkilməyə məcbur olub, sonra da yenə də öz işinə başlayır. Bunlar nə üçün olur? Dəstə başında duran kimdir? Məqsəd nədir? Andranikin məşhur olduğu məlumdur. Andranik Türkiyədə çetebaşı idi. Osmanlılar ilə uzun müddət müharibə etmiş, müsəlman və erməni qanlarının tökülməsinə səbəb olmuşdur. Avropa müharibəsi başladıqda Andranik Qafqaziya cəbhəsində Türkiyə əleyhinə mübarizədə bulunmuşdur. Andranikin məqsədi Osmanlı ermənilərinin haqq və hüququnu müdafiə etmək idi. Hərb zamanında bunun hərəkatı hərbə yaraşan sifətdə olmamışdır, bunun zülmü hər yerdə məlumdur. Qəzetlərdə bu barədə bir çox dəfələr yazılmışdır.
Sonra Andranik İrəvan, Naxçıvan və Ordubad mahallarına və oradan da İrana keçmişdir. Yolda müsəlman kəndlərini dağıdıb xarabazara döndərmişdir, hər tərəfdən qovulmuş olduğundan axırda Qarabağa gəlmişdir.
Andranikin dediyi nədir? O deyir ki, mən buranı Ermənistana tabe etmək istəyirəm. Hökumət rəisi dediyi kimi Andranikin kim olduğu erməni hökumətindən sorulduqda, Ermənistan hökuməti onunla əlaqədar olmadığını və onu bir quldur kimi tanıdığını deyib, onunla bildiyiniz kimi rəftar edin deyə cavab vermişdir. Andranikin qarşısına əsgəri qüvvə göndərildikdə geri çəkilib sakit olmuş, qarşıdakı qüvvə azadlıqda yenə baş qaldırıb kəndləri dağıtmağa başlamışdır. Andranik Türkiyə ermənisidir. Bura erməniləri ilə əlaqədar deyildir. Odur ki, onun tökülən qanlara heyfi gəlmir. Bu dağılan xanimanalara ürəyi yanmır. Burada bir şey demək istərəm. Özü insaniyyət düşməni olmaqla bərabər Andranik bir tək müsəlman kəndlərini deyil, bəlkə erməni kəndlərinin də dağılmasına səbəb olur. Burada gizli bir məsələ vardır. O da Qarabağ mahalının Ermənistana ilhaq edilib Azərbaycan idarəsi təhtində olmasına mümaniət göstərməkdir. Bu fikir ermənilərin baş firqəsi olan daşnakasakanların məramidir. Bu firqə hətta Petroqrada Zaqafqaziyanın təqsim edilməsi məsələsi həll edildikdə bir layihə (proje) təqdim edib Zəngəzurun Ermənistana ilhaqini tələb etmişlər idi. Bu məsələyə Tiflisdə baxılıb əmələ və saldat vəkilləri şuralarının nahiyə mərkəzi tərəfindən rədd edilmiş idi. Torpaq və sərhəd məsələlərini həll etmək üçün bir komissiya təşkil edilmişdi.
O zaman bu millətlər ayrılıb hökumət təşkil etməmişlərdi. Məsələ ümumi bir məsələ idi. İndi isə bu hökumət məsələsi olmuşdur. Hərçəndi ki, Ermənistan hökuməti rəsmən bizə, “Qarabağda işimiz yoxdur, Qarabağı istəmirik və Andranik ilə əlaqəmiz yoxdur” deyir, lakin işlərin mahiyyəti bundadır. Əfəndilər, bizim firqəmiz və ümum sosialistlər cəmaətin və bütün kəndlilərin mənfəətini nəzərə almışdır. Biz hər vaxt böylə məsələlərin silah gücü ilə deyil, sülh ilə həll edilməsinə çalışmışıq, bu məsələlər yenə sülh vasitəsilə həll edilməlidir. Bu gün cahan müharibəsi bitmiş, bir çox qurbanlar verildi. Lakin dövlətlər arasında olan məsələlər həll olunmadı. Bunların həlli üçün ümumi konfrans olacaqdır.
Cəmiyyəti-əqvam təşkil olunacaqdır. Bu gün hər bir tərəf məsələlərin silah gücü ilə həll olunmasını görür. Hərgah Azərbaycan ilə Ermənistan və Gürcüstan arasında hərb olur isə bura millətləri məhv olurlar. Bu, hərb, hərb deyildir. Çünki müharibə edən bütün dövlətlər öz aralarında hərb qanunu gözləyirlər. Müharibədən sonra hər iki dövlət təbəəsi sülhdən sonra yenə dövlət ola bilir. Lakin Qafqaziyada vaqe olan bu müharibə millətləri zəhərləyib, özlərini fəlakətə düçar edər. Qafqaziya müharibəsi rəsmi müharibəyə bənzəməz. Qarabağda dava olur, erməni müsəlman ilə vuruşurlar. Böylə müamilələrin bitməsini tələb ediriz. Bizim fikrimiz məsələlərin həlli ilə orada yaşayan millətlərin gözəl surətdə idarə olunmaları idi. Erməni və müsəlman üçün istər Ermənistanda, ya Azərbaycanda yaşamasının heç bir təfavütü yoxdur. Əlbəttə, bu millətdən ötrü öz iradəsi altında yaşamaq daha yaxşıdır. Fəqət, həyat məsələsi araya gəldikdə bu fikirlərdən əl çəkilməlidir.
Qarabağda bir tək müsəlmanlar deyil, ermənilər də zərər görürlər. Teleqramlarda müsəlmanlar döyülür isə də, ermənilərə də xəsarət toxunması aşkardır. Vükəla rəisinin oxuduğu axırıncı teleqramlardan görünür ki, Qarabağda məhəlli ermənilər də müharibə əleyhinədirlər. Bu gün bir müsəlman kəndi, sabah bir erməni kəndi dağılmaqdadır. Buralarda yaşayanlar hamısı insanlardır. Hər iki tərəf zərər görüb, can tələf olur. Bizim təklifimiz bu məsələləri silah ilə deyil, sülh ilə müəyyən bir məqsədi vardır. O da erməni ünsürünü Azərbaycandan ayırıb, Ermənistana tabe etməkdir. Lakin belə olsa, onu yenə sülh yolu ilə etmək olardı. Lakin o sürə ki, Andranik başlamış, belə olmaz. Bizim fikirlərimiz burada yenə bu işi sülh ilə bitirməkdir. Rəisi-vükəla söylədi ki, göndərilən nümayəndələrdən bir fayda çıxmamışdır. Fəqət, zənnimcə mürəxxis heyətlərindən bəzən ziyadəsilə faydalar çıxır. Madam ki, erməni cəmaətinin burada razılığı yoxdur, deməli mürəxxislər heyətlərindən bir fayda çıxar. Bir vaxtlar Andranik ingilis qulluğunda olurdu, onlardan pul alırdı. Məlum ki, bir qədər də ingilislərin sözünə qulaq asa bilir. Deməli ki, onların vasitəsilə Andranikə təsir yetirmək mümkündür. Gərək onu Zəngəzurdan çıxaraq, əks halda nə müsəlman, nə də erməni xalqı rahat olacaqdır. Amma əfəndilər, biz belə nümayəndələr göndərmək tərəfdarı olmaq ilə bərabər, ondan istəriz ki, bu məsələnin sülh üzrə həll edilməsi təşəbbüsü ermənilər tərəfindən görülmüş olsun. Ancaq biz buna tərəfdar ikən Qarabağda olan tufana, evlərin dağılmasına, ailələrin kəsilməsinə göz qapaya bilmərik. Qarabağda, bu kimi yerlərdə olan və müsəlman cəmaətini müdafiə etmək üçün hər vaxt qüvvəmiz hazır olmalıdır. (Alqışlar.) Oraya iki zirehli avtomobillərin getməsi azdır. O yerdə ingilislər qüvvəsinin oraya getməsini biz istəməz idik. Biz oraya Azərbaycan qüvvəsinin getməsini istər idik. (Alqışlar). Oraya gedən qüvvə cəmaətin öz içindən çıxmış olsun. Gərək, cəmaət anlasın ki, ora gedən qüvvə onun hüququ müdafiə edəcəkdir. Biz nə qədər hərb tərəfdarı olmasaq da fəqət, bu vaxtda qüvveyicəbriyyənin bütün-bütünə Qarabağda icra olunmasını rədd etməyir, istəriz.
Mənbə: http://enter.news/az/news/interesting/98037/andraniki-torpaqlarimizdan-qovan-azerbaycan-ordusu-onu-niye-axira-kimi-teqib-etmedi-feteli-xan-xoyski-parlamentin-iclasinda-meseleye-aydinliq-getirir#.WfitdY-0PIU