SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Zəngəzur Cəmiyyətləri İctimai Birliyi bununla bağlı bəyanat yaymışdır.

Bəyanatda deyilir: "100 il əvvəl bu gün - 1919-cu il noyabrın 19-da Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasının Qafan bölgəsinə bağlı Oxçu kəndində tariximizin ən faciəli günlərindən biri yaşanıb.
Qaniçən erməni başçılarından biri Hamazasp 240 silahlı quldurla kəndi mühasirəyə alıb, danışıq aparmaq adı ilə ətraf kəndlərin əhalisini də kəndin ortasındakı meydana topladıb, heç kimin qaçıb sağ qurtulmaması üçün kənddə bütün yol, cığırlar kəsilib. Kişilər karvansaraya doldurularaq dinamitlərlə partladılıb, daş-qalaq olunub, son nəfərədək öldürülüb. Bölgənin Ermənistana birləşdirilməsi əleyhinə çıxan hörmətli ağsaqqal, din xadimlərinin əl-ayaqları  bağlanaraq erməni zabitlərinin ayaqları altında başları kəsilib. Qocalar, uşaqlar və qadınları  məscidə doldurub diri-diri, tikə-tikə doğrayıblar, ah-naləsi göylərə bülənd olan, aman diləyən, can verən yaralıların əzalarını süngülərlə dəlik-deşik ediblər, hər yandan insan qanı sel suları kimi axıb gedib.

Çarəsiz, köməksiz, əliyalın insanlar ələ keçirdikləri ağac, daş, dəmir parçaları ilə gənc qız-gəlinlərin sir-sifətini, qarnını, əzalarını dəlik-deşik ediblər ki, namusları gözəl görkəmdə ləkələnməsin, manyak vəhşilərin əlinə diri, sağ-salamat keçməsin. Analar quyulara, yanar təndirlərə atılan körpələrinin dalınca özləri də odun içinə tullanıb balaları ilə birgə diri-diri yanıblar, neçəsi bu vəhşətdən çıldırıb dəli olub, xəstə, əlil, ahıl, ana qucaqlarındakı südəmər körpələrə belə  aman verilməyib. Həmin dəhşətli gündə 1400 müsəlman-türk, o cümlədən təkcə Çaylı və Oxçu kəndlərindən 400-ü uşaq, qadın olmaqla 900 insan heç bir xalqın tarixində görünməmiş amansız vəhşiliklə, güllə, mərmi işlənmədən məhv edilib.
Qaniçən quldurlar bu qanlı mənzərənin Allahverdi adlı yeganə şahidini sağ buraxıblar ki, gedib gözləri ilə gördüyünü, erməni hakimiyyətini tanımayan, nəyəsə ümid olub gözləyən  müsəlman kəndlərində hər kəsi belə sonun gözlədiyini söyləsin.
Zəngəzurun bundan daha fəlakətli günləri qaniçən erməni-daşnak generalı Qaregin Njdenin 1919-cu il noyabrın 30-da verdiyi bu bədnam əmrlə başladı: “Qafan, Gorus, Meğri hərbi hissələrinə ƏMR. Əsgərlər, sabah Gığı dərəsinə qarşı bizim hücumumuz, səlib müharibəmiz başlayır. Sabah sizin güclü hücumunuz və zərbələrinizdən ağlını itirən düşmən öz kəndlərini buraxıb gedəcək...Sabah bu vadidə ayaqlarınızın taqqıltısı, silahlarınızın gurultusu eşidiləcək...Bütün kəndləri yandırın, talan edin, hücum zamanı külli miqdarda dinamit və partlayıcı çəlləklərdən istifadə edin...İrəli, Allah və Davud bəyin qisasçı ruhu bizimlədir. Qafan, Gorus, Meğri hərbi qüvvələrinin ümumi komandanı Njde.”
1919-cu il dekabrın 1-i sübh çağı üç istiqamətdə başlayan hücumlarda ermənilər 118 türk-müsəlman və 22 erməni kəndindən ibarət Qafan bölgəsinin müsəlmanlar yaşayan el-obalarının əhalisni insan ağlına sığmayan üsullarla kütləvi şəkildə qırıb, evlərini talan, qarət edib yandırıblar. Atqız kəndinin əhalisi erməni hücumundan tez xəbər tutub çıxıb qaç¬mağa macal tapsa da, Ordubada çatanadək 167 uşaq və qadın qarlı yollarda şaxtada donub həlak olub. Qafanın Gığı dərəsi boyu kəndlərinin 4 min sakinindən yalnız 262-si sağ qalıb.

Zəngəzurun Qubadlı bölgəsi də eyni müsibəti yaşayıb; noyabrın 26-dan başlayan hücumlarla Qubadlının Əliquluuşağı, Eyvazlı, Şurnuxu, Seytas, Məzrə, Şahverdilər, Novlu, Tarovlu, Əyin və başqa 15 kəndini məhv edən ermənilər yanvarın 19-25-də Zəngəzurun bu bölgədə salamat qalan, müqavimət göstərən Qaladərəsi-Xocahan arası 48 kəndini də viran qoyublar.
Andronikin 1918-ci ilin yayından başlayaraq Zəngəzurun Sisian, Gorus, Laçın bölgələrində axıtdığı qanlar qurumamış, 1919-cu ilin noyabr-dekabr və 1920-ci ilin yanvarında bu dəfə Hamazasp, Dro, Qazaryan, Njdenin başçılıq etdiyi quldur dəstələri Zəngəzur qəzasının Qafan, Zəngilan, Meğri, Qubadlı bölgələrində 200-dək kəndi ciddi müqavimətlə üzləşmədən günahsız dinc insanların qanı ilə suvarmış, viran qoymuşdu.
1917-1920-ci illərdə Zəngəzur qəzasının 7892 kv.km ərazisindəki 406 yaşayış məntəqəsinin 314-də müsəlman türklər yaşayıb, yandırılıb xarabalığa çevrilən kəndlərin yarıdan çoxu məhz bu 3 ayın-1919-cu ilin noyabr-dekabr, 1920-ci ilin yanvar ayının payına düşür. Qəzanın əhalisinə qarşı əvvəlcədən cızılmış ssenari üzrə deportasiya və etnik təmizləmə, soyqırımı nəticəsində 1917-ci ildə Zəngəzurda yaşamış 123 min nəfər əhalinin 1926-cı ildə yalnız 5 mini viran qalan yurdlarına geri qayıda bilmişdi. Həmin illərdə qəzada qətlə yetirilən insanların sayı Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində göstərilən, tarixçilərimizin tez-tez istinad etdiyi rəqəmlərdən dəfələrlə çoxdur.
1920-ci illərdə Zəngəzurun Gorus, Sisian, Qafan, Mehri bölgələrindən sonra 1992-93-cü illərdə Azərbaycanda qalmış Laçın, Qubadlı, Zəngilan rayonları da dünyanı idarə edən xristian güclərin fəal, açıq hərbi-siyasi dəstəyi ilə ötən əsrin əvvəllərində sınaqdan keçmiş eyni üsullarla, bu dəfə həm də Dağlıq Qarabağ və digər ətraf bölgələrlə birlikdə Azərbaycandan qoparılıb Ermənistanın nəzarətinə verilmişdir.
Erməni Milli Şurası 1918-ci ilin 28 mayında 9 min kv.km ərazidə müstəqil erməni dövləti elan etdiyi ilk günlərdən etibarən tarixi Azərbaycan torpaqları hesabına sərhədlərinin  genişləndirilməsi, Naxçıvandan Şuşaya qədər ərazilərin işğal edilib müsəlman əhalidən təmizlənməsi planını dövlət siyasətinə çevirmiş və bunu həyasızlıq, hiyləgərlik, ikiüzlülük, məkrlə, vəhşi inadkarlıqla gerçəkləşdirməyi bacarmışdır.
Bu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev tamamilə doğru olaraq bildirdi: “vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı.”
Həqiqətən də, bir əsr bundan əvvəl Zəngəzurun Mehri-Qafan bölgəsinin işğalı ilə Naxçıvan və Türkiyənin Azərbaycanla birbaşa torpaq bütünlüyü aradan qaldırılmış, Türkmənçay müqaviləsi ilə iki yerə parçalanmış Azərbaycanın şimal hissəsi bu dəfə yenidən iki yerə bölünmüş və 100 ildən bəri aramsız davam edən faciələrimiz, torpaq itkilərimiz üçün də zəmin yaradılmış oldu.  
Oxçu faciəsinin 100-cü ilində bədnam tarixi şərəfsizliklə, xəyanətlə dolu olan Ermənistanın əzəli yurd yerimiz Zəngəzurda günahsız insanlara qarşı törətdiyi soyqırımında şəhid olan minlərlə günahsız insanımızın xatirəsini, alınmamış qisaslarına görə bizdən incik ruhlarını hüznlə yad edirik, vətəndaşlarımızı tariximizin dərslərini unutmamağa, ibrət almağa, şəhid qanları ilə suvarılmış torpaqlarımıza qayıdışımız, ölkəmizin bütövlüyünün təmin olunması, daha güclü Vətən naminə hər kəsi, hamını milli birliyə çağırırıq." 
                                
Hacı  Nərimanoğlu,
Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru