SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

 

1.Biz döyüşdə uduzmadıq...

AzərTAc-ın sərhəd bölgələri üzrə xüsusi müxbiri-AzərTAc-ın “Zəngəzur” İnformasiya Mərkəzinin direktoru olmuş Hacı Nərimanoğlu Qubadlı və ətraf rayonlarda şahidi olduğu, xəbərlərini ilk dəfə ön cəbhədən yaydığı müharibə və digər  xatirələrini “AZƏRTAC-da 15 il” silsiləsindən qələmə alıb. 

Rusun dilini bilmək, onunla tərcüməsiz danışmaq bizə hər zaman lazımdır, neçə ki Qarabağ problemimiz var, daha çox lazımdır.

“...Днем 24 июня на вертолете МИ-8 в сопровождении двух вертолетов МИ-24 генерал Г.А.Андресян и я вылетели из Еревана в Степанакерт для организации и проведения контрнаступления. За штурвалом вертолета МИ-8 был летчик первого класса подполковник Б.Е.Хачатуров, рядом с ним в кабине - полковник А.С.Абрамян, командующий Военно-Воздушными силами ВС РА. Два вертолета МИ-24 поочередно были подбиты в воздушном пространстве Кубатлинского района и совершили вынужденную посадку вблизи села Джиджимли. По команде генерала Г.А. Андресяна МИ-8 подлетал к каждому из сбитых вертолетов, совершал посадку и забирал на свой борт экипажи. Вертолет с 16 пробоинами приземлился в аэропорту Гориса...”

Иван ГУКАСОВ, полковник в отставке, бывший начальник разведывательного управления Вооруженных сил Армении, советник министра обороны, начальник управления Министерства обороны.http://yerkramas.org/ru/article/1310/nash-general?fbclid=IwAR0XCXmoXNAuvAazRODOjKry_TDN1iU_zemIPTBbn8YhOCuKOkf4ZAckoUA, 27.01.2010.

Deyilən həmin iki vertolyot Ermənistan və Dağlıq Qarabağla 132 km sərhəddi olan Qubadlıdan  içəri cəmi 100-200 metr keçə bildi, meşə, dağ, qayalarda gecə-gündüz ayıq-sayıq dayanan yerli könüllülərin yaxın məsafədən açdığı sərrast atəşlə Əliquluuşağı kəndi üzərində vuruldu. Vertolyotlardan birincisi Teymur Müskanlıda düz kəndin içində yerə düşüb parçalandı. Qubadlı erməniyə təhvil verilənə kimi “skeleti” dururdu. O biri vertolyot Bərguşad çayının sahilindəki çaylağa düşüb alışsa da, çayda çimən uşaqlar tez söndürdü, səhərisi kiçik təmirdən sonra pilotlar Zakir Yusifov və Feyruz Cəlilov bu vertolyotu Azərbaycan Hava Qüvvələrinin Zabratdakı  limanına aparıb təhvil verdilər. Ad da qoymuşdular: “armyaşka”. O ərazidə gedən bütün bu və digər döyüşlərdə bölük komandiri, həmin kənddə doğulub böyüyən, yaşayan tarix müəllimi, cəsur savaşçı, hazırda təqaüddə olan mayor İlham Nərimanoğlunun mühüm xidmətləri olmuşdu. Yazıdakı fotolar həmin günün yadigarıdır, kadrlara youtube.com-da bol-bol baxılır.  https://www.youtube.com/watch?v=fw2wdMyEdU4

Hər iki vertolyotun ekipajını götürərək geri dönməyi bacarmış xilasedici Mİ-8-ə atılan güllələr hədəfə dəysə də, “öldürücü” olmadı, tüstülənərək sərhədə yaxın “Oğuz” postu yaxınlığında Çay bağı adlanan yerdəki körpünün yaxınlığında zərblə yerə dəydi, uzun müddət məcburi eniş etdiyi həmin yerdə hərəkətsiz qaldığı da aydın görünürdü. Həmin dəqiqələrdə çağırışla özünü təcili əraziyə çatdıran çox sayda təcili yardım, texnika təbii ki, o vaxt kimlikləri hələ dəqiq bilinməyən pilotları, yaralıları ərazidən uzaqlaşdırmağa nail oldular.

Bu,  Azərbaycanın Qarabağ müharibəsində ən uğurlu əməliyyatlarından biri, həm də vurulmuş ilk düşmən hərbi vertolyotları idi.  Və onu da əlavə edim ki, həmin o vertolyotu vuran əsgərlərdən bir neçəsinə Qubadlı Rayon İcra Hakimiyyətinin Fəxri fərmanından başqa heç yerdə kimsə bir quruca “sağ ol” da deməmişdi. Təsirli məqamın biri də odur ki, o vertolyotları vuranlardan kimsə irəli çıxıb sinəsinə döyüb deməmişdi ki, vertolyotu vuran mən olmuşam, hamısı biri o birini nişan vermişdi. 3-cü vertolyotun vurulub məhv edilməməyinin bir səbəbi pilotların ustalığı, manevr edərək hədəfdən yayına bilməsi idisə, digəri dəfələrlə olduğu kimi, yenə də  rus istehsalı olan atıcı silahların işə yararsızlığı idi. 

Yuxarıdakı abzasda adı gedən general-leytenant  Qraç Amayakoviç Andresyan 1981-84-cü illərdə Şimali Qafqaz Hərbi Dairəsi Komandanının 1-ci müavini - Ştab rəsi, ondan əvvəl isə Varşava Müqaviləsi İştirakçısı Dövlətlərin Silahlı Qüvvələrinin Çexoslaviyadakı rəsmi təmsilçisi olub,  Krasnodarda doğulub böyüsə də, könüllü Dağlıq Qarabağa gəlmişdi. Ermənistan Müdaiə nazirinin hərbi əməliyyatlar üzrə birinci müavni təyin olunmuş, Şuşa, Laçının işğal planını hazırlayıb icra etmişdi.

 

 

Bu o zaman idi ki, Azərbaycan Silahlı Qüvvələri (ordu, polis, təhlükəsizlik, könüllülər) Ağdərə, Tərtər, Goranboy istiqamətində uğurlu hərbi əməliyyatlara başlamış, erməni silahlılarının nəzarətində olan bir sıra strateji yüksəklikləri ələ keçirmiş, təmizləmişdi. Artıq ermənilər Xankəndi və Qarabağdan köçüb getmək üçün koridor istəyirdilər. 

Elə ona görə də əvvəl Azərbaycanın Müdafiə naziri general-leytenant Valeh Bərşadlı (Andresyanın birbaşa rəhbəri olmuşdu!), ardınca da Daxili İşlər naziri general-mayor Məhəmməd Əsədov “öndən” alınaraq “arxaya” atılmışdı.

Xocalı qırğınının intiqamını almaq üçün fürsət gözləyən Milli Qəhrəman Əliyar Əliyevin komandir olduğu Qubadlı alayının topçuları (Qurban müəllim, Qiyas, Nurəli…şükür ki, salamatdırlar, dava həsrəti ilə, yenidən savaşmaq arzusu ilə qaçqınlıq ömrünün əzabını yaşayırlar) yuxarıların əmri olmadan daşnak yuvası Gorus şəhərinin altın üstünə çevirmişdilər. Erməninin yatsa yuxusuna da girməzdi ki, meşə yolu ilə dağ-dərələrə Gorusu vura bilən toplar dartıb gətirmək olar. Moskvadan “Vesti” proqramının verdiyi məlumata görə, ölənlərin sayı 300-ü keçmişdi. Ermənistanda üç günlük matəm elan edilmiş, goruslular şəhər merini və komendantını elə həmin gün biabırçılıqla qovalamışdılar.

1992-ci ilin 16 aprelində xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik ön sıra diversiya qrupu “qara bəbir” ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə Laləzar körpüsünü partladıb bir neçə sərhəd kəndimizin rayonun digər ərazisi ilə əlaqəsini kəsmək, həm strateji yüksəklikləri ələ keçirmək, həm də bu qisası almaq məqsədi ilə sərhədi keçmişdi. Özünümüdafiə dəstəmiz yerli polislərlə birlikdə zireh geymiş, içərisində muzdlu zəncilər də olan qrupu xeyli irəli buraxıb, mühasirəyə almışdı, hətta, ən yaxın məsafədən atılan, birbaşa hədəfə dəyən avtomat atəşləri də zirehli muzdlulara təsir etmirdi, qanlı döyüşdə bir neçəsi də goruslu yerli erməni olan 11 cəmdək yerə sərili qaldı, çoxdan sərhəd boyu meydan sulayan ağ “Niva”lı Karlenin (cəsədi elə uzun idi ki, bortlu UAZ-dan bayıra çıxmışdı) və silahdaşlarının meyidi iki gündən sonra 26 Xocalı əsirinə dəyişdirildi.

Gorusun Şırnıx (Şurnuxu) kəndində yerləşən qərargahın dağıdılıb 40 rus-erməni əsgərinin əsir götürülməsini əks etdirən canlı video-lentdən kadrlar əvvəllər televiziyalarda tez-tez göstərilirdi. Ancaq o gün Qubadlıda yaşananlar, müdafiə və daxili işlər nazirlərimizin az qala o əsirlərin ucbatından rayonda qırğın törətməyə qalxması da faktdır. Əsirlər elə həmin gün Bakıdan göndərilən yüksək rütbəlilərin müşayiəti ilə Moskvaya, oradan isə İrəvana yola salındı. İrəvanın Teatr meydanında onların qarşılanma mərasimini Ermənistan televiziyaları göstərirdi…

91-in mayında Yuxarı Cibiklidə, 92-nin 12 oktyabrında Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də erməni belə ağır itkilərə məruz qalmışdı. Erməni bu idi-qabaq-qənşər döyüşdə həmişə belə rəzil günə qalırdı. Camaat uşaqdan-böyüyə torpağın belə qoruyurdu, intiqam almaq həvəsi ilə yaşayırdı. Ermənilərin bunların intiqamını almağa hazırlaşdığı gözlənilirdi, bütün günü ratsiyalarda söyüş, deyib gülmək, musiqi dueti, rəngbərəng rabitə əlaqələri də bunu deyirdi. Ona görə sərhəd postlarında sayıqlıq artırılmışdı. 28 il əvvəl hər üç erməni vertolyotunun vurulması da yurdu-ailə, uşaq, ev-eşik, torpağını göz bəbəyi kimi qoruyan igidlərin bu ayıq-sayıqlığının nəticəsi idi.

 92-ci ilin 12 dekabrında 1 tank “T-72” Seytas kəndi yaxınlığında,  daha 2 “T-72” tankı 93-ci ilin  27 iyulunda Yazı düzündə qabaq-qənşər döyüşdə ermənilərdən qənimət alınmışdı.

Azərbaycanın igid oğlu Əliyarın 1992-ci ilin 30 oktyabrında bir qrup döyüşçü ilə 6 aydır yağı tapdağında olan Laçının 30-dan çox kəndini partizan savaşı ilə, qəfil zərbələrlə azad etməsi hərb tariximizə yazılası hadisə idi. Əliyar dəstəsi Laçın şəhərinə çatmağa, koridoru başlamağa 2 kilometr qalmış Qanlı zəmi, Şurum təpəsi deyilən yerdə qətlə yetirildi.

Digər bölgələrimizdə də eynilə belə uğurlu döyüşlər olmuşdu.

1992-də Cəbrayılın özünümüdafiə dəstələrinin Dağlıq Qarabağın qonşu Hadrut rayonun 15 erməni kəndinin əhalisinin birinin də burnunu qanatmadan maşınlara yığıb Moskva və Bakıdan göndərilmiş yüksək vəzifəlilərin hay-küyünə, hədə-qorxularına baxmayaraq 8-10 saatlıq dinc danışıqlardan sonra Qubadlının Yazı düzündən Gorusa yola salınması, ondan əvvəl rus hərbçilərinin dinc yolla silah-sursatlarının əllərindən alınması (“Ziyalılar batalyonu”nda maarif-təhsil şöbəsinin müdirindən başlamış, baş həkim, jurnalistlər var idi və döyüşlərin, düşmənin önündə onları əlisilahlı görmək həm kədərli, həm qürurverici idi), Zəngilanlı döyüşçülərin Qafanın başı üstündəki Seyidlər, Qazançı, Ağkənd, Dərəli kəndlərini azad etməyi, Füzulidə “Üctəpə” və “Məngələnata” yüksəkliklərinin erməni hərbi birlşmələrindən azad edilməsi əməliyyatı...Laçının işğalından 54 gün sonra mayın 23-də 19 Laçınlı (Oğuldərə-Məhəbbət Kazımovun kəndi, Qorçu, Alıqulu sakinləri, aralarında da Tovuz, Dəvəçidən olan 2 əsgər) ağır müsibətlərdən sonra sağ-salamat düşmən əhatəsindən mühasirədən keçib Qubadlıya çatmışdı, hərbi hissə qərargahında onların siyahısını alıb xəbərini yaydım, televiziya, radio ilə oxunan bu xəbərdən sonra onların rayona axışan yaxın-uzaq şəhər, rayonlarındakı doğma, əzizləri ilə  görüş səhnəsi gözlərimin qarşısındadır.

Belə faktlar onlarladır. Bütün yuxarıda xatırlatdığım bu faktlar həm də 1996-cı il sentyabrın 13-də mərhum Prezident Heydər Əliyevin Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının işğal edilməsinin üçüncü ildönümü ilə əlaqədar olaraq bu bölgələrin ictimaiyyət nümayəndələri ilə görüşündə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Əvəz Hüseynquliyev, Dövlət müşaviri Nurəddin Sadıqov və digər rəsmilərin çıxışlarında da eynilə səslənib ( “Xalq qəzeti”, 14 -17 sentyabr 1996-cı il.)

O vaxtlar televiziya, radioların xəbər proqramları, rəsmi qəzetlər tez-tez bu sətirlərin müəllifinin cəbhə bölgələrindən - Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzulidən verdiyi xəbərlərlə açılırdı; AzərTAc-ın xüsusi müxbiri Hacı Nərimanoğlu xəbər verir...

1993-cü ilin avqustun son 10 günü yaddaşımda ən ağrılı günlər kimi qalıb; hər gün Füzuli, Cəbrayıl, Qubadlıdan xəbərlər verirəm; eynilə Şuşa, Laçında olduğu kimi, yuxarıdan verilən əmrlə düşmənlə döyüşməli ordu hissələri sərhəd bölgələrindən hamısı canlı qüvvəsi, texnikası ilə birlikdə çox böyük mütəşəkkilliklə rayonları tərk edib çıxırlar. Eyni ssenari ilə bir-bir rayonları təkləyib alırlar, sadə, açıq görünən planla və arxayındılar ki, Azərbaycan toparlana bilmir, artıq məğlubiyyələ barışıb, çətini birinci dəfədir...Əliyalın camaat təpədən dırnağa qədər silahlı, bu ellərin qanına susayan erməni ordusu ilə üz-üzə qalıblar. Yollar insan seli ilə doludur.

Başçının kabinetindən, poçtun tək bircə hökumət rabitəsindən, Xudafərin SES-dən xəbərlər verirəm “Qubadlı kömək gözləyir”, “Qubadlıda Xocalı qırğını təkrar oluna bilər”, “Erməni ordusu Cəbrayılın dağ kəndlərini aldı”,  “Ermənilər  Qubadlının Həkəri çayı boyu kəndlərinə üstündə “Qusar”, “Lənkəran” yazılmış tank, BTR-lərlə girib” (1918-20-ci illərdə “Allahü-əkbər” sədaları ilə girirdilər-H.N), “Xanlıq kəndinin özünümüdafiə dəstələri son gülləyə qədər savaşdı”, “Qubadlı ziyalılarının müraciəti”, “Milli Ordu hissələri mülki əhalini erməni silahlı dəstələri ilə təkbətək qoydu”, “Zəngilan və Qubadlı erməni mühasirəsində qalıb”...

Sonralar operator qızlarımız danışırdı ki, hər sənin səsin gələndə biz də sənin səsini  dinləyib yaza-yaza hönkür-hönkür ağlayırdıq. Direktorumuza, müavinlərinə zəng edirdim, yalvarırdım ki, vəziyyəti çatdırın yuxarılara. Arıq, sısqa səsinin boğulduğunu hiss etdim: -Oğul, burda hamı hər şeyi  bilir, özünü qoru, ailəni, uşaqlarını çıxart...

Mən də 1993-ün  sentyabr, oktyabrında hələ əlimizdə qalan, müdafiəsi, geri qayıdışı üçün hər hansı tədbir görülməyən Zəngilanda, Qubadlının əlimizdə qalan kəndlərində ağır, üzüntülərlə də olsa, “müqəddəs vəzifə borcumu yerinə yetirirəm”.

Əliyarın batalyonundan az bir hissə, çoxu da yerli  əsgər, zabitlər Ulaşlı kəndində (Ulaş oğlu Salur Qazan yavrusu-Dədə Qorquddan) qalıblar, nə qalın deyən var, nə çıxın. Qubadlı İcra Hakimiyyəti, polis şöbəsinin bir neçə işçisi  də Xocahan kənd məktəbinin boş qalmış otaqlarında məskundur, Bakıdan heç bir kömək almayan Zəngilanın da getməyinə sayılı günlər qalıb, hamı əlin üzüb. Cəbrayılın Cocuq Mərcanlısında təkcə o kəndin sakini Oktay ailəsi ilə qalıb, (2-3 xəbərimin də “qəhrəmanı” o olub), Füzulinin bəzi kəndləri bizdədir.

...1990-cı ilin 21 yanvarında fövqəladə vəziyyət elan olunmuş sərhəd bölgəsi Qubadlıya “təşrif gətirən” çağırılmamış qonaqlar - 300 nəfərlik rus desant dəstəsi ən müasir texnikası ilə rayon mərkəzindəki “Bərgüşüad” mehmanxanasında və Ermənistanla sərhədlərdə lövbər salmışdı. Əliyarla birlikdə osetin komandir, podpolkovnik Zavqayevlə biz münasibət qurmuşduq, komendant Beryozkinlə də hamısı yerli yurdsevər adamlar olan rayon rəhbərləri, dil tapmışdıq ki, yerli özünümüdafiə dəstələrinin əlində olub qalan silah, sursat, azsaylı texnikamız alınmasın, maneçilik törədilməsin, hərdən imkan verilsin Ermənistan tərəfə biz də cavab verək. Həmkəndlim, qonşu və qohumum olan mehmanxana müdirinin kabinetini zəbt etmiş o osetinin könlün, ruhun, dilin elə tapmışdıq ki, ovqatının xoş məqamında seyfdən hərbi xəritəni çıxarıb masa üzərinə sərdi, işarələnmiş əraziləri göstərdi; rəsmi Bakı Moskva ilə dil tapmasa, Rusiyanın istəyi yerinə yetməsə, bu rayonlar, DQMV ətrafı, sərhədboyu bütün bu mövqelər əlinizdən gedəcək, özünüzü həlak etməyin, bu siyasi məsələdir...

Bunu həm də ona görə xatırladıram və bu gün də o fikirdəyəm neçə ki, Dövlət və Ordunun yuxarı mərtəbəsi rus-erməni yandaşlarından təmizlənməyib, Minsk Qrupu üçlüyü-Rusiya, ABŞ, Fransa (bu formatdan çoxdan imtina edilməli idi!) birmənalı şəkildə Ermənistanın tərəfindədir...bütün epizodik, pərakəndə hərbi əməliyyatlar uğursuzluğa məhkumdur. Əsgər ancaq torpaq uğrunda can verməli, Şəhid olmalıdır...

Ona görə də gəlin özümüz özümüzü çox da suçlamayaq-qoydular, qaçdılar, ölməyib qaldılar, yerimizi dar elədilər, filan. Torpaqlarımızın işğalında hamımız günahkarıq; əlahəzrət fakt budur ki, biz xalq, dövlət, millət, ordu olaraq torpaqlarımızı qoruya bilmədik, qalan məsələlər, səbəblər bundan törəmədir. Ermənidən də qorxmayaq, xoflanmayaq, erməni qorxusundan cəsarətlənir, 2016-nın aprel hücumundan sonra bu qorxu daha da böyüyüb. Biz Qarabağ savaşını qabaq-qənşər döyüşdə, müharibədə uduzmadıq, siyasətdə, xəyanətlərdə uduzduz, dünyanı idarə edən xristian güclərin, böyük dövlətlərin geosiyasi planları ilə uduzduq, böyük oyunların kiçik qurbanları olduq. Təbii ki, belə də qalmayacaq, dəyişməliyik, dəyişikliklərə, böyük qayıdışa hazır olmalıyıq!

Bir neçə gün əvvəl Müdafiə naziri Zakir Həsənov 4 il sonra ilk dəfə rusiyalı həmkarı Sergey Şoyqu ilə aprel döyüşləri vaxtı telefon danışıqlarının detallarını açıqlaması bütün bəlaların hardan gəldiyini aydın işarət etdi. https://musavat.com/news/soyqunun-zengi-olmasaydi-nazir-o-fakti-niye-indi-aciqladi_712534.html İnanıram ki, həm siyasilərimiz, həm hərbçilərimiz öz plan, hərəkətlərində bu amili indi daha ölçülü-biçili şəkildə nəzərə alırlar.

Bu kiçik xəbərlər mənim AzərTAc-ın cəbhə bölgələri üzrə xüsusi müxbiri olaraq Zəngilan, Cəbrayıl, Füzulidən verdiyim sonuncu xəbərlərdir; “83 gün düşmən arxasında”, “Dövlət bayrağını xilas etdi”, “Bu, əsl döyüş idi”, “Xilaskar sürücü”, “Xudafərin körpüsü zədələnmişdir”...

Koronaviruslu günlərdə yolumuzu gözləyən o yerlərə qayıdış ümidini itirmədən bu günlərdə yazıb bitirdiyim “AzərTAc-da 15 il” kitabı artıq nəşrə hazırdır. Bu da mənim 23 aylıq mövcudluğu ilə fəxarət duyduğumuz Cümhuriyyətimizin yadigarı AzərTAc-ın 100 illiyinə hədiyyəm olacaq.

Sözardı və şərhsiz: Yazını rus dilində erməni saytından sitatla başlamışdım. Həmin saytın başlığına Qaregin Njdenin bu sözləri  şüar olaraq həkk olunub:

 

 2. Xan sarayı və izi itirilən heykəl

AzərTAc-ın “Zəngəzur” İnformasiya Mərkəzinin direktoru - xüsusi müxbiri olduğum rayonlarım işğal edilib; Şuşa, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan gedib, Füzulinin bir hissəsi bizdə qalıb. Şəki-Balakən rayonları üzrə AzərTAc-ın xüsusi müxbiri təyin olunmuşam.

1993-cü il noyabrın 19-dur. Şəkiyə sonuncu dəfə 15 il əvvəl rayon komsomol komitəsində  işləyəndə müşavirəyə gəlmişəm, zona müxbiri kimi ilk gəlişimdir, əsas məqsədim məndən əvvəlki müxbir, yaşına görə təqaüdə çıxmış, çox hörmətli ziyalılardan olan əməkdar jurnalist Ənvər Mikayılzadə ilə görüşüb onun halallığını almaq, bölgə müxbiri təyin olunmağımla bağlı əmrin surətini, məktubu İcraya təqdim etmək, “Şəki, “İpəkçi”, “Şəkinin səsi”ndəki qəzetçi dostlarla görüşməkdir.

 Şəkinin alaqapısında bir avtobusdan enmişəm, o birin gözləyirəm (və burda özümü bir daha qəriblikdə hesab edirəm, xatırlayıram ki, İcra hakimiyyətləri və polis rəislərinin yardımı ilə Qubadlıdan Cəbrayıla, Füzulidən Zəngilana nə vaxt hara getsəm, heç zaman minik problemim olmamışdı). Gözümü burda qoyulmuş nəhəng ana-qadın abidəsindən ayıra bilmirəm; ilahi, bunu kim qoyub, məgər bu qadının sifətindəki qəzəb, nifrət, kini görən, burun, üz, baş quruluşundan tipik erməni harsını olduğun görüb anlayan olmayıbmı heç?!    

Bir neçə tərəfdən abidənin fotosunu çəkirəm, artıq beynimdə verəcəyim informasiya da  hazırdır. Yolum birbaşa Xan sarayınadır, bura üçün darıxmışam. İxtisasca filoloq olsam da, tarixə, abidələrə marağım daha çoxdur, orta məktəbdən başlayıb, hər mal nobatına gedəndə Qaladan saxsı qablarının sınıq-qırıqlarından yığıb gətitirdim məhləmizə. Hələ 80-ci illərdə Qubadlıda komsomolda işləyəndə rayonda çıxan “Avanqard”, “Bərgüşad” qəzetlərində “Oğuz yurdum Qubadlım” rubrikası ilə tarixi səpgidə silsilə yazılarım əl-əl oxunardı. 1986-da çıxan “Daş heykəlin hikməti” adlı məqaləmdə yazmışdım ki, bu bölgənin qədim sakinləri oğuz türkləri olub, biz də onların törəməsiyik, rayonumuzda ermənilərin dağıdıb izini itirdikləri abidələrimizdən yazmışdım, erməni nəyi özünüküləşdirə bilmirsə, onu məhv edir. Qubadlının Abdalanlı kəndinin başı üstündəki Cavanşir qalasını ermənilərin partladıb qaçmasın Məlikəhmədli biçinçilər görmüşdü, düz-düzəngahdakı daş qoç heykəllərin maşınlara yığıb aparmışdılar, kəndbəkənd gəzib əl ilə toxunan hər xalı, gəbəyə 4-5 sintetik xalı verib alırdılar,  içində xəzinə var adıyla dağıdılan abidələr də az deyildi...

Şəki Xan Sarayında otaqları bir-bir gəzirəm, Sarayın mühafizinə  özümü təqdim edirəm, qəzetçi tanışlardan bir neçəsinin adın çəkirəm, etibarı yaranır,  nigarançılığımı görür, o da diqqətimin cəlb olunduğu yerlərə baxır. Soruşuram: - Pəncərə tağlarının üstündəki o çatlar nə vaxtdandı?-Sonuncu təmirdən sonra (bərpa demir). Digər bir neçə yerdə çatlar açıq-aydın görünür. Bayıra çıxıram, dördbir yandan Sarayın başına dolanıram, binanın çöl divarlarında da nazik çatlar görünür, həm də bu suvaq çatları deyil.

Ancaq buranın şefi Sürəyya xaladır, onsuz olmaz, deyir. Bu şirindil bacının da damarın tuta bilirəm, arxa anbardan pilləkən çıxarırlar, köməkləşib düz taxtapuşa dırmaşıram, gözlərimə inanmıram, vahimə məni basır, bu gün məni ancaq kədərli görüntülər izləyir, bir neçə yerdən fotosun çəkirəm, şübhə yoxdur, bilərəkdən, bilməzlikdən olsa da, fərqi yoxdur, bu xəyanətdir, burda düşmən əli var, az ballıq zəlzələ, kifayətdir ki, bina bu ağırlığın altında çöksün. Sarayın için, çölün fırlanıram. Öyrənirəm ki, bərpaçı ustaların çoxu erməni imiş, Şəkinin bərk gedən pullularından biri-rayondakı bütün profilaktoriyaların sahibi, anasına Şəkinin girəcəyində heykəl qoydurmuş erməni Karo ilə də xüsusi münasibətləri var imiş. Karonun da bir ayağı Yerevan, Bakı, Moskvada olarmış, maşın hissələri gətirib satmaqdan savayı, yuxarılarla birbaşa əlaqələrin, hər cür gizli, qara işlərin də “baş memarı” imiş, hadisələr başlamazdan qabaq nəyi var satıb sovub Yerevana köçüb.

 Müdirin kabinetindən telefonla bu informasiyanı AzərTAc-a verirəm: “Şəki Xan Sarayı təcili kömək gözləyir.  Şəki. Bir neçə il bundan əvvəl Bakıdan gələn erməni millətindən olan “bərpaçıların” məkrli “xeyirxahlığının” nəticəsi yalnız indi məlum olmuşdur: Şəki Xan Sarayının yüngül kirəmid örtüyünün zərurət olmadan sökülüb tonlarla ağırlığında dəmir-beton konstruksiyalarla əvəz  edilməsi nəticəsində milli naxışları ilə göz oxşayan pəncərələrin  şəbəkə tağları əyilmiş, bir neçə otaqda  getdikcə genişlənən çatlar əmələ gəlmişdir.

Xalqımızın  əvəzsiz memarlıq abidəsi təhlükə qarşısındadır. Tarixi abidələrin  mühafizəsi və bərpası ilə məşğul olan respublika təşkilatları Şəki Xan Sarayının köməyinə tələsməlidirlər.  AzərTAc.”

AzTV-nin saat 17, 20, 22 xəbərlərinin sonunda mədəniyyət bölümündə həmin gün Şəkidən verdiyim qısa informasiyalar oxunur.

Xəbər rəsmi qəzetlərin 20 noyabr 1993-cü il sayında müxtəlif başlıqlarla verilir:  “Şəki xan Sarayı dağılmaq təhlükəsi qarşısındadır”, “Abidə kömək gözləyir”, “Tarixi abidə kömək gözləyir”...

AzərTAc-dan zəng gəlir, tapşırıq verilir:-cənab Prezident (mərhum Heydər Əliyev) AzTV-də sənin Xan Sarayından verdiyin xəbəri eşidib, mədəniyyət nazirinə göstəriş verib, bir qrup yoldadır, sabah da rəsmilər  gələcəklər, səhər Şəkiyə get, material hazırla ver.

Ertəsi gün də  Şəki Xan Sarayına gələndə böyük qələbəlik var idi, televiziyalar, müxbirlər, rayon rəhbərləri, mərkəzdən gələn bərpaçı ustalar...hər kəs iş başındadır. Bir neçə foto çəkib, ad-soyad götürüb xəbər göndərirəm, ertəsi gün Sarayda yenidən bərpa işlərinə başlandığı barədə xəbərlər yayılır: “AzərTAc-ın çıxışından sonra: Şəki Xan Sarayı yenidən bərpaya dayandı”

Şəkiyə hər yolum düşəndə Xan Sarayını ziyarət etmədən qayıtmazdım, həm də ona görə ki, burada yolumu gözləyən qədirbilən, kiçik, mehriban bir kollektiv var idi, onlarla Çinar dibində çay içməyin ləzzəti ayrı idi. Qərbibə idi ki, belə möhtəşəm çinar eynilə Qubadlıda muzeyin qarşısında və Cəbrayılın mərkəzində (budaqları üstündə çayxana qurulmuşdu) var idi və mən Cəbrayıldakı o çinarın dibində 7 aprel 1993-cü ildə hərbi forma geymiş Prezident, Ali Baş Komandan  Elçibəydən müsahibə almışdım,  üzbəüz şəklimiz qəzet, kitablarda verilmişdi.

Qürurvericidir ki, 1760-cı ildə Hüseyn xan Müştaqın sifarişi ilə inşasına başlanan, 1791-92-ci illərdə bəzi hissələri yenidən qurulan bu bənzərsiz abidə 2019-cu ildən Şəkinin tarixi mərkəzi ilə birlikdə həm də  Ümumdünya irsi kimi qorunur.

Aleksandr Dümanın “Qafqaza səyahəti”ndə Xan sarayını gəzib görəndən, gözəlliyinə heyran qalandan sonra yazdığı sözlərini xatırlayıram: “Xudaya, sən özün bu gözəl və tarixi abidəni yadellilərdən qoru!”

“Şəki” redaktorunun kabinetindən telefonla verdiyim digər informasiyanın da nəticəsi özünü gözlətmir. Ertəsi gün Akif Salamın telefonda səsi gəlir:-Karonun anasın ağlatdılar, anasına o Alaqapıda qoydurduğu heykəli gecəynən yerli-dibli süpürüb apardılar, elə bil heç yox imiş, izi də qalmayıb.

 Bir gün əvvəl jurnalist dostlarla birlikdə olanda bu erməninin sapı özümüzdən olan baltaların dəstəyi ilə Şəkidə nə oyunlardan çıxdığını eşidəndə xatırlamışdım ki, 80-ci illərdə Qubadlıda raykomun, Qonaq evinin üzlük mərmərini də Qafanın Zeyvə kəndindən erməni usta Tacat vururdu. Bir dəfə maraqlanıb soruşdum ki, məgər Qubadlıda bu işi bacaran usta yoxdurmu?! Cavab almışdım: - Bakıdan tapşırıblar.

Həmin Tacat daşnak partiyasının Qafanda öndə gedənlərindən, 1988-89-cu illərdə Qafan-Gığı dərəsi boyu əsrlərdən bəri məskunlaşmış azərbaycanlıların silah gücünə qovulmasının təşkilatçılarından idi.

 

 

 

  1. Həmişə işıqlıqda, Mingəçevir!

 Əyalətlərdə, paytaxtdan kənar şəhər və rayonlarda yaşayanların yadındadır; 1990-cı illərdə, 2000-ci illərin əvvəllərində ölkədə qəribə bir energetika sıxıntısı, süni çatışmazlığı yaşanırdı, bütün şəhər, rayonlara işıq qrafiklə, 3-4 saatlıq fasilələrlə verilirdi, kəndlərdə bəzən günlərlə işıq olmurdu.  Mətbuat yazırdı ki, elektrik enerjisi Ermənistana, Gürcüstana ötürülür. Mingəçevir Cənubi Qafqazda istehsal olunan elektrik enejisinin 70 faizinə qədərini verirdi, həm SES, həm DRES  rəhbərliyi ilə mehriban münasibətlərim var, məndən heç nə gizlətmirlər, fakt odur ki, enerji istehsalında azalma yoxdur, rayonların bir hissəsi də işğalda, müəssisələrin böyük bir qismi SSRİ-nin digər regionları ilə əlaqələrin pozulması ucbatından dayanıb, enerji sərfiyyatı da təbii ki azalıb. Bəs işıq başqa hara gedə bilər ki, bu da elə məhsul deyil ki, istehsal edib anbara yığasan. Hələ ən yaxşı gündə olan Mingəçevir idi. Qışın soyuğu, istilik-qızdırıcı sistemi yox, hamı əzbər bilir ki, şəhərin hansı hissəsində işıqlar saat neçədən neçəyə qədər sönülü olacaq, başının çarəsin qılırdı, kişilər utandığından evə gedə bilmir, arvad-uşağın üzünə baxmaq da olmur, qohum-əqrəba da yox ki, qrafikə uyğun qonaq gedəsən. İşıq yanan kimi böyük-kiçiyin sevinc səsi qalxırdı, hərə əlinə düşəni taxırdı, bir də gördün hardasa transformator od tutub yanır. Pis cəhətin biri də o idi ki, “Azərenerji”də səfeh sistem qurulmuşdu, işığı verən, yanan mazutun hisini, tüstüsünü udan Mingəçevir, şəhər, rayonlara işığı bölüşdürən, satan Gəncədəki hansısa MMC. Son illər Azərbaycanın energetika sistemində bir neçə dəfə təkrar olunan, ağır iqtisadi, mənəvi zərərlərə yol açan qəzaların əsası 90-cı illərə gedib çıxırdı, SES və AzərbaycanDRES-dəki “yenidənqurma” adı altında gedən işlərin nəticəsi idi.

Yanvarın 31-i səhərdir. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının qəbul otağından Rumiyənin  şirin, mehriban səsi gəlir: -Hardasınız? –Otağımda. -Ramiz gəlir (İcra başçısı Məhəbbət müəllimin xidməti maşınının sürücüsüdür, nə vaxt lazım olsam, öz maşının arxamca göndərərdi, dostluq münasibətlərimizin nədəni barədə sonra ayrıca yazacam).

Kabinetə girməmiş qəbul otağında Rumiyənin canıyananlıqla “qardaşını yaman hirsləndiriblər səhərdən, nə isə səninlə bağlıdır”-sözün eşidirəm. Həmişəki görüşmək, otururuq, ancaq qarayanız sifətində qanqaraçılığı, əsəbiliyi aydın görünür, çayımız da gəlir, əlindəki “Azərbaycan” qəzetini mənə uzadır, dünən verdiyim xəbərin işarələmiş son abzasını  göstərir:- Qardaşını dara çəkiblər səhər tezdən...

Anlayıram məsələni, hiss edirəm ki, zərbəm ağır olub, yəni barıtı bir az artıq olub, təbii mən də çəkdiyimi çəkirəm...Yavaşca onu da deyir ki, dünənki o müşavirədə deyilən hər şey qərara, protokola salınmır ki, söz idi dedik orda qaldı. İşığın da yiyəsinin...onun satanı, alanı, BAYVA-sı kimindir, sən də bilirsən ki nə qədər əziyyət çəkirik işıq məsələsindən ötrü, aylıq yox, artıq həftəlik hesab istəyirlər limitimizi artırmaq üçün,  yuxarıdakılara neçə vaxtdır mən anlada bilmirdim ki, qışın bu soyuq, sazağında Mingəçevir kimi şəhəri elektriklə belə sıxmaq olmaz, burda o pul yoxdur, bura fəhlə, qaçqın şəhəridir...Dərhal da qoyublar ovcuna ki, Mingəçevirdə sosial partlayış gözlənilir, müşavirənin müzakirəsinə çıxarılıb, nə bilim nə...bilmirsən bunlar sözdən söz çəkirlər.

Təzədən könlümü almaq istəyir:- Sən öz işini görmüsən e, görüb eşitdiyini, faktı vermisən, istədiyindən yazmısan, nə biləsən ki belə həngamə qoparacaqlar...Tərs kimi bütün qəzetlər də verib, hamısı da gözə görünən yerdə.

Dünən verdiyim informasiyanı necə vermişəmsə AzərTAc da o cür buraxıb, dövlət qəzetlərinin də hamısı verib. O iki cümləlik son abzası nöqtə-vergülünüə dəymədən köçürürəm bura: “Ölkəmizdə istehsal olunan elektrik enerjisinin 65%-ni verən, 30 mindən çox məcburi köçkün, şəhid ailəsi, əlilin yaşadığı energetiklər şəhərində elektrik cərəyanının  fasilələrlə, məhdud cədvəllə verilməsi təəssüflə xatırladıldı. Müşavirə iştirakçılarının təkidli tələbi ilə qərar layhəsinə əhalinin  fasiləsiz elektrik enerjisi ilə  təminatında Gəncədə yerləşən “BAYVA” Qərb-Enerji MMC-nin yaratdığı süni problemlər barədə Nazirlər Kabinetinə təcili  məlumat verilməsi barədə  ayrıca bənd daxil edildi. AzərTAc. “Azərbaycan” qəzeti,  31 yanvar 2003-cü il.”

Qəzet əlimdə, nə deyəcəyimi bilmirəm. Bu dəmdə Başçının sosial-iqtisadi məslələrə baxan müavini Əli Qəniyev içəri girir,  üzü gülür:-“Azərenerji”nin baş dispetçeri, dalınca da Gəncə BAYVA-dan zəng elədilər ki, Mingəçevirin limiti ikiqat artırılır bu gündən...Sifətinə təbəssüm gəlsə də, hələ də acığı soyumayıb Məhəbbət müəllimin. Həmişəki kimi otaqdan çıxmağa hazırlaşanda özü qalxır yola salmağa, hökumət telefonu ilə zəng gəlir.-Dayan, görək bu kimdir?...Bu da Baş Nazirin müavinin köməkçisidir, o da Mingəverirlə bağlı xüsusi tapşırığın verildiyini Başçıya bildirir.

Bir az qanqaraçılıq yaransa da, hər şey ümumi işin xeyrinə olur. Mənə Qubadlıdan sonra ən doğma, əziz olan Mingəçevir  sakinlərinin qış mövsümündə işıq sarıdan problemləri xeyli azalır.

Mən 12 il yaşadığım bu şəhərə mənəvi borcumu ona ləyaqətli xidmətlə ödəməyə çalışdım; Azərbaycanda ən çox şəhid və itkin vermiş şəhərin 100-dən çox yetirməsi haqqında qələm dostlarımla birlikdə 4 kitab, silsilə foto-plakatlar hazırlayıb nəşr etdirdik, Mingəçevirin tarixi ilə bağlı 10-dan çox elmi-tarixi araşdırmalarım yayıldı.

Sözardı: AR Prezidenti yanında Bilik Fondunda işləyəndə (22.07.14-14.01.19) akademik Kamal Abdulla Dövlət müşaviri, həm də bizim kurator idi, işlətdiyi məşhur ifadəsi var idi: balığı tutdun, atdın dəryaya, elə et ki balıq da bilsin, Xaliq də, xalq da...(Yaxşılıq elə, at dəryayabalıq bilməsə, xaliq bilər), yəni gördüyünüz, etdiyiniz işi  gizli saxlamayın.

Koronaviruslu günlərin evdə qalmaqlığı bu silsilədən bir çox xatirələrin yazılmasına səbəb oldu və “AZƏRTAC-da 15 il” xatirələrinin davamı olacaq.

Əziz oxucu, hələlik isə: evdə qal, sağlam qal, özünü, yaxınlarını, Vətəni qoru!

İndi əsas olan budur. Yazı “525-ci qəzet”in 7, 8, 10 iyul 2020-ci il tarixlərində dərc olunub:

http://525.az/site/?name=xeberprint&kecid=1&news_id=145171

https://525.az/site/?name=xeber&news_id=145308#gsc.tab=0

http://525.az/site/?name=xeber&news_id=145103#gsc.tab=0
 

 Hacı NƏRİMANOĞLU

Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru