SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

15 MART ZƏNGƏZURUN SONUNCU QAZISININ GÜLLƏLƏNDİYİ GÜNDÜR

Behlul_BEHCAT“73 il əvvəl – martın 15-də tanınmış ilahiyyatçı, tarixçi və folklorşünas alim, Zəngəzur qəzasının sonuncu qazısı Bəhlul Behcət Daxili İşlər Xalq Komissarlığı üçlüyünün qərarı ilə güllələnib”. Zəngəzur Cəmiyyətləri Birliyinin sədri Hacı Nərimanoğlu “Media forum”a açıqlamasında belə deyib.
Hacı Nərimanoğlu bildirib ki, 1869-cu ildə Zəngəzur qəzasının Qubadlı nahiyəsinin Dondarlı kəndində anadan olmuş Bəhlul əfəndi (Əfəndiyev Bəhlul Mustafa oğlu) ilk təhsilini atasından, sonra isə qayınatası Hacı Qasım Çələbidən alıb, Şəkidə mədrəsədə oxuyub. Türkiyə və İranda ali ruhani təhsili alan Bəhlul əfəndi 1915-ci ildə Zəngəzur qəzasının qazısı təyin edilib.
Bəhlul Behcət erməni-rus nizami hərbi hissələrinin Zəngəzurun müsəlman əhalisinə qarşı cinayətlərinə müqavimətin təşəbbüskarlarından olub. O, Cihad Bəyannaməsi yazaraq silahlı savaşa çağırıb, təşkil və şəxsən rəhbərlik etdiyi fədailər ordusu ilə Zəngəzurda erməni qırğınlarının qarşısının alınmasında mühüm xidmətlər göstərib. Müsavat hökumətinin Zəngəzurda əsas dayaqlarından biri olub.
1924-cü ildə həbs edilən Bəhlul əfəndi tam 10 il Bayıl həbsxanasında yatıb. Həbsdən çıxandan sonra 1934-37-ci illərdə “Azərnəşr”də və Az.RAİ-nin ədəbiyyat bölməsində işləyib. “Qurani-Kərim”i, Firdövsinin “Şahnamə”sini orijinaldan tərcümə edib, “Məhəmməd Peyğəmbərin və ailəsinin tarixi”, “Qarabağın tarixi”, “Nizami və Qafqaz folkloru" elmi əsərlərini yazıb. O, “Qaçaq Nəbinin tarixi vəsiqə və sənədlər üzrə” adlı tədqiqat əsərinin müəllifidir.
1937-ci il iyulun 23-də iş yerində həbs edilib, 7 aylıq işgəncəli məhbus həyatından sonra 69 yaşında güllələnib. Azərbaycan SSR Ali Məhkəməsinin 5 noyabr 1958-ci il tarixli qərarı ilə bəraət alıb.
14.03.2011,  "Media forum"