SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

“Zəngəzur” Cəmiyyətləri Birliyinin bəyanatı:

ZEN-BEY“Dövlət və qeyri-hökumət təşkilatları işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlarda ermənilərin kütləvi şəkildə məskunlaşdırılmasına qarşı etiraz səsini ucaltmalıdır.”

Son zamanlar Azərbaycan, Ermənistan və digər ölkələrin KİV-lərində Azərbaycanın işğal altında olan Laçın, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarında ermənilərin məskunlaşdırılması, bu bölgələrdə müxtəlif təyinatlı infrastrukturların inşası ilə bağlı yayılan informasiyalar xeyli artmışdır. Xüsusilə ərəb ölkələrində baş verən hadisələrdən, hakimiyyət dəyişikliklərindən sonra ermənilərin Dağlıq Qarabağ və ətraf rayonlara köçü daha intensiv xarakter almışdır.


ZEN-BEY1Bu işdə bir sıra xarici ölkələrdə yaşayan erməni iş adamları fəallıq göstərir, həmin bölgələrə iri həcmdə investisiyalar qoyur, kreditlər verilir, müxtəlif cəlbedici tədbirlər həyata keçirirlər. Narahatlıq yaradan amil həm də odur ki, artıq bu məskunlaşdırma Dağlıq Qarabağın hüdudlarından kənardakı bölgələrə keçirilmişdir, bu bölgələrdə şəhərtipli iri yaşayış məskənləri salınır və bir sıra dövlətlər də buna açıqdan açığa ya seyrçi qalır, yaxud dəstək verirlər.

Bununla birlikdə azərbaycanın toponimləri, yer adları da dəyişdirilərək erməniləşdirilir, tərk edilmiş yaşayış yerlərinin, tarixi mədəniyyət abidələrinin izi itirilir, zəngin təbii ehtiyatları istismar edilərək talanıb Ermənistana və beynəlxalq arenada ona havadarlıq edən böyük dövlətlərin hərbi, siyasi, biznes nümayəndələrinə milyonlar qazandırır.

Yayılan məlumatlarda vurğulanır ki, Murov dağlarından Araz çayına qədər ərazilərin bərpası və məskunlaşdırılmasını Ermənistan hökuməti və erməni diasporu özünün birinci dərəcəli strateji vəzifəsi elan etmişdir, bu məsələ birbaşa Ermənistan Hökumətinin planlı proqramları, qərarları ilə tənzimlənir. ATƏT-in 2005-ci ildə təşkil olunmuş Faktaraşdırıcı Missiyası da Ermənistanın işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirdiyi barədə faktları təsdiqləmişdi. Lakin informasiyalarda 7 il əvvəl açıqlanan əhali sayının indi ikiqat artdığı bildirilir.

İşğal altındakı ərazilərdə məskunlaşdırmanın həyata keçirilməsi Ermənistanın da 1993-cü ildə qoşulduğu 12 avqust 1949-cu il tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə protokollara, eləcə də hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasına ziddir.  

“Zəngəzur” Cəmiyyətləri Birliyi bununla bağlı ciddi narahatlığını bildirir, dövlət, qeyri-hökumət təşkilatlarını, kütləvi informasiya vasitələrini Ermənistanın bu istiqamətdəki fəaliyyətlərinə qarşı daha fəal mövqe tutmağa, öz etirazlarını beynəlxalq qurumlara bildirməyə çağırır. Çünki belə hallara qarşı seyrçi münasibət, laqeydlik, sözdən əməli hərəkətə keçmək üçün qətiyyət göstərilməməsi təcavüzkar dövləti daha da şirnikləndirir, planlarını maneəsiz reallaşdırmağa həvəsləndirir.

Unutmayaq ki, Dağlıq Qarabağ və ətrafındakı rayonlara qayıdışın uzandığı hər il bizi o torpaqlardan daha çox aralayır, uzaq salır, erməniləri daha artıq həvəsləndirir, beynəlxalq güclərə isə sadəcə seyrçi mövqedə qalmaları üçün əlavə stimul verir. butov.az, 16.10.2012

Hacı Nərimanoğlu                

“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri