SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Şuranın dəstəyi ilə nəşr edilən kitabın təqdimatı olub

teqd-2“Bütöv Azərbaycan” qəzetinin redaksiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Zəngəzur” Cəmiyyətləri Birliyinin həyata keçirdiyi layihə çərçivəsində nəşr edilən "Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular" kitabının jurnalistlər üçün təqdimatı olub.
Tədbiri giriş sözü ilə açan qəzetin təsisçi və baş redaktoru Tamxil Ziyəddinoğlu deyib ki, bu kitabda gedən yazılar son 3 ayda qəzetimizin səhifələrində ardıcıl çap edilib və oxucular tərəfindən böyük maraqla qarşılanıb.

Kitabın müəllifi, Birliyin sədri Hacı Nərimanoğlu Zəngəzur mahalının əsrlər boyu Azərbaycan türklərinin yurd yerləri olmasından, bu torpaqlarda doğulan çox sayda dövlət, elm, incəsənət, hərbi xadimin xalqımızın və ölkəmizin tarixində şərəfli yer tutduğunu faktlarla diqqətə çatdırıb. Belə dəyərli insanların bəziləri Qafqazın çar Rusiyası tərəfindən işğalından sonra-XIX əsrin sonu, XX əsrin əvvəllərində təqiblərdən, labüd ölümdən qurtulmaq üçün mühacirət edib Anadolu torpaqlarına köçüb yaşamağa məcbur olmuş, orada əbədiyyətə qovuşublar. Kitabda belə tanınmış şəxsiyyətlər, onların Azərbaycanda və Türkiyədəki fəaliyyətləri barədə oçerklər, fotosənədlər toplanılıb. Onları birləşdirən ümumi cəhət onların Zəngəzur mahalında-Sisian, Qafan, Gorus, Laçın, Zəngilan, Qubadlıda dünyaya göz açmaları, Azərbaycanın istiqlalı naminə fədakar mübarizələri, vətən, doğma yurd həsrəti ilə qardaş Anadolu torpaqlarında əbədiyyətə qovuşmalarıdır.

AMEA-nın elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli və “Laçın yurdu” jurnalının redaktoru Siyavuş Əmirli kitabın məziyyətlərindən danışıb, tariximizin qaranlıq səhifələrinin, görkəmli insanlarımızın həyat və mübarizəsinin işıqlandırılması, Türkiyə-Azərbaycan dostluq və qardaşlığının dərin köklərə malik olmasını bir daha əyani göstərməsi baxımından bu kitabın və “Zəngəzur” Cəmiyyətləri Birliyinin layihəsinin əhəmiyyətini qeyd edib, birliyə yeni uğurlar arzulayıb.

Tədbir iştirakçılarına "Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular" kitabının nüsxələri və Yeni il hədiyyələri təqdim olunub.

qhtxeber.az25.12.12 //