SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

QHT sədrindən ADP sədrinə sərt etiraz

qacaqn“ADP sədri Sərdar Cəlaloğlu “qafqazinfo.az” saytına müsahibəsində Səməd Vurğunu “dılğırın biri” adlandırmış, dünya qaçaqçılıq tarixində ikinci bir nümunəsi olmayan, 20 il ər-arvad at belində, əldə tüfəng o taylı-bu taylı Azərbaycanda xalqın qanını soranlara qarşı mübarizə aparmış Qaçaq Nəbinin Qoçaq Həcəri haqqında demişdir: “Deyirlər ki, Azərbaycan qadınların əsas simvolu Həcərdir, Nigardır. Həcər rəsmən 7 ərə gedib, bunun ikisi erməni olub” http://qafqazinfo.az/site/AUDIO-40260-xeber.html, 12.04.2013).
Bu, heç bir əsası olmayan ağ yalan, şər-böhtan və iftiradır. Ona görə də Xalq Qəhrəmanları haqqında cəfəng uydurmanıza cavab verməyi özümə borc bilirəm.

Nəbi, Həcər nə Koroğlu, Nigar kimi dastan qəhrəmanı deyil, nə də Babək kimi çox uzun dövrün o üzündə yaşamayıblar. Hər ikisinin doğumu, ölümü bəlkə gününə saatına qədər də bəllidir. Gələn il vəfatının 100 ili tamam olacaq Həcərin qəbri, başdaşına əksi həkk olunmuş məzarı Qubadlı işğal olunana kimi Aşağı Mollu kəndində Qaçaq Nəbidən sonra ərə getdiyi  qohumu, həmkəndlisi Həmzənin qəbri ilə yanaşı dururdu. Fotosun Nəsiman Yaqublu, Lətif Şüküroğlu ilə birlikdə çəkib “Azərbaycan Ordusu”, “Sərhəd” qəzetlərində vermişdik, 1989-cu uldə Babək Hüseynoğlunun “Aydınlıq” qəzetində “Elin bu günündə gələydin, Nəbi” sərlövhəli yazımda da o fotoşəkil getmişdi. Kənddə Həcərin yaşadığı, vəbadan öldüyü evin xarabalığı da qalırdı.


Qaçaq Nəbi –Qoçaq Həcərin düşmənləri kim idi

2011-ci ildə “Çıraq” nəşriyyatında AMEA Folklor İnstitutunun nəşri olan,  Zəngəzurun sonuncu qazısı, 1918-ci ildə Cihad Bəyannaməsi ilə xalqı rus bolşevik və erməni daşnaklarına qarşı mübarizəyə qaldırıb, özünün yaradıb rəhbərlik etdiyi fədailər dəstəsi ilə Laçınlı Sultan bəylə çiyin-çiyinə Rusiya, ABŞ, Fransa, İngiltərənin silahlandırıb dinc, əliyalın müsəlmanların kütləvi qırğınlarına rəvac verdikləri Andronikin 30 minlik qoşununa qarşı əlində silah mücadilə aparmış,  islamşünas, tarixçi, folklorşünas alim, 37-ci ildə güllənən  Bəhlul Bəhcətin 1930-cu illərdə yazdığı, 80 ildən bəri arxivdə saxlanan 290 səhifəlik “Qaçaq Nəbinin tarixi” (vəsiqə və sənədlər üzrə)” tədqiqat əsəri  nəşr olunub. Kitabdakı 55 başlığın bir neçəsini yada salmaqla Nəbi-Həcərin kimlərə qarşı savaş apardığını xatırladıram; “Qaçaq Nəbinin Xinzirəyə hücumu və Gorusun pristavı Bedrus bəylə keşişi öz evində öldürməsi” (Həcəri ilk dəfə tutub Gorus qazamatına salmışdı, Nəbinin ismarıcını qulaqardına vurub sözün eşitməmişdi, qorxusundan qaçıb keşişin evində gizlənmişdi ki Nəbinin əlinə keçməsin-H.N ), “Qaçaq Nəbinin dağbəyi Ginkor Qrikoru öldürməsi”, “Xuçmanski Lütvəli bəyi öldürməsi”, “Nəbinin qardaşı Mehdinin Ordubadın Qarçevan kəndində ermənilər tərəfindən öldürülməsi”, “Maltəpə Sarımsaqlıda Naxçıvan naçalniki Slovenki və Zəngəzur naçalniki Səlim bəylə döyüşü”, “Əliquluşağında erməni tacirlərin xəyanəti və öldürülməsi”, “Həcərin 1-ci dəfə tutulması”, “Həcərin Nəbidən sonra Qarabağa öz evinə qayıtması”...Çətəndaş, Güllü Pir, Qoparandağ, Qısırdağ davası, Kürdlər kəndində, Ərikli dağ, Murov, Dikpilakanda və digər savaşların hamısının iştirakçıları, şahidləri, söyləyənlər, savaş yerlərinin dəqiq coğrafiyasına qədər hamısı kitabda yerbəyer, adbaad göstərilir.

Xalq qəhrəmanının və Həcərin fiziki görkəmi, boy-buxunu (təəssüf ki, bizim kinoda gördüyümüz, seyrçi yaddaşında da çox zaman eləcə canlanan ətli-canlı, cantaraq, gombul Nəbi-elə bil podiuma çıxacaq maneken olan qaz-qəmzəli gözəl-göyçək Həcərin tamam əksi olan!) onları şəxsən görüb tanıyan müəllifin canlı təsvirilə oxucu gözləri önündə canlanır: “Nəbi gödək boylu, yığcam cüssəli, zirək və yüngül hərəkətli bir oğlan idi. Nəbi qorxu nə olduğunu bilməzdi, onun bütün hərəkətləri mətin və qüvvətli bir iradənin səmərəsi idi. Həcər qarayanız, yəni qaraya yaxın qarabuğdayı rəngdə çöhrəyə malik sağlam bədənli xoşsima bir qadın idi.” (səh142-43).

Bəhlul Bəhcətin “Qaçaq Nəbinin fəaliyyətinin yekunu”nda gəldiyi qənaətlər eynən başqa bir müasiri-Azərbaycan istiqlal məfkurəsinin və dünyəvi, demokratik Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin “Azərbaycan tarixində qaçaq hərəkatı” məqaləsindəki dəyərləndirmələri ilə üst-üstə düşür: “Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir....Nəbinin əsas düşmənləri çar rejimi, xanlar və bəylər idi. O bu mübarizədə kasıbları və onların hüquqlarını müdafiə edirdi. Nəbinin mübarizə apardığı ərazi Zəngəzur və Naxçıvan vilayətləri idi. İstismarçı imperializmə və rus çar rejiminə qarşı mübarizə aparan qaçaqlara xalq yaxından köməklik edir, onlarla fəxr edirdi. Xalq onları ərzaqla təmin edir, yeri gəldikdə gizlədirdi. Nəbi uzun müddət rus kazakları ilə vuruşur, sıxışdırıldığı zaman İrana və Türkiyəyə sığınırdı. Çar idarəsi bu hərəkatı yatırtmaq üçün bütün vasitələrə əl atırdı...dastanlarda “Nəbi urusları burda qoymadı” misrası olduqca çox işlədilir. 1896-cı ilin mart ayında Nəbi Kərbaladan dönərkən Türkiyə ilə İran sərhəddi arasında olan Larni kəndində rus cəsusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olur. Nəbinin xatirəsi indi də Azərlərin qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar söylənilir”

Bəhlul Bəhcət tez-tez arxivlərindən əldə etdiyi sənədlər, yazışmalardan da nümunələr gətirir, Nəbini aradan götürmək üçün Rusiyanın çar, İran şah sarayından gələn fitvanın icraçıları adbaad göstərilir. Rusiya imperatorunun Qızıl Xaç ordeni ilə,  İran şahının Xan titulu və bir kənd verilməsi barədə imzalı, möhürlü fərmanını göstərib Nəbinin dəstəsindəki yaxın silahdaşı Naxçıvanlı Şahhüseyni şirnikləndirmişdilər, Nəbini aradan götürməyə razı salmışdılar. O, namərd də Qaçaq Nəbini 1896-cı il martın 12-də gecə saat 2 radələrində  ilaxır çərşənbədən çıxıb qonşu kənddə onun yolunu gözləyən Həcər və digər qaçaqların yanına dönərkən bir dar keçiddə arxadan vurub qaçmışdı.
 
Həcərin Nəbidən sonrakı həyatı

“Həcər Nəbini İranda el adətiylə dəfn edib Zəngəzura geri dönür, qohumlarının yardımı ilə bir müddət gizli yaşayır, sonra üzə çıxıb Aşağı Molluda Nəbinin yaxın qohumu olan Həmzə adlı gənc bir çobanla ailə qurur, yaşayır, Nəbidən övladı olmamışdı, Həmzədən övladı olur. Həcər bütün ömrünü Nəbi ilə keçirdiyi günləri xatırlamaqla başa vurdu” (B.B, səh: 157, 226 və sair).

Bəli, Həcər Nəbidən sonra ərə gedib. Bunu heç kim danmayıb, hər iki qəhrəmanı dəfələrcə görən, yaxından tanıyan həmyerlisi Bəhlul Bəhcət də bunu bilərək yazıb. Heç arxivlərdə belə bir kitabın mövcudluğunu bilməyəndə Həcəri görüb tanıyanların neçəsindən bu söhbəti eşidib mən də olduğu kimi yazmışdım.

...Nəbidən sonra da köhnə düşmənlər hələ də gəncliyini, şuxluğunu özündə saxlayan 30 yaşlı Həcəri rahat buraxmırdı, tənha yaşayan dul qadının adına müxtəlif  böhtan, şər-şəbətə uydurub yayırlar. Bu da həm Həcərə, həm qohum-əqrəbasına çox toxunur. Kəndin qeyrətli kişilərindən olan qohumu Həmzənin ömür-gün yoldaşı rəhmətə gedibmiş, övladı ilə tənha qalırmış. Bir axşam Həmzə qabağında qoyun-quzusu yolağanın ağzından keçəndə çağırır: “Ay Həmzə, burdan gəl, bu mitil bükülüsün də at çiyninə, arxamca gəl”. Həmzə bu kişi qeyrətli qadın necə deyirsə,  elə də eliyir. Düz gəlib girir Həmzənin həyətinə, qonşudan da bir neçə nəfər ağsaqqal-ağbirçək çağırır, Nəbiynən ev sahibəsinin ruhuna Quran oxutdurur, sonra deyir: “Ay ellilərim, siz Allah şahidisiniz ki, mən Nəbini necə istəmişəm, ömrümdə xəyalıma da gəlməzdi ki, Nəbidən sonra kiminsə adın tuta bilərəm, amma neynim, görürsünüz ki, bu namərdlər mərdi də qova-qova namərd eliyəndilər, təzədən dağa-daşa düşmək də çox gecdi, bunu da Nəbinin, özümün ad-sanın qorumaq xatirinə eliyirəm, ay molla, mənim kəbinimi bu şahidlərin iştirakı ilə kəs bu Həmzəyə, day bu gündən Allahın izniynən oluram bu yetimlərin analığı, Həmzənin halalı”. Həcərin Həmzədən qızları da olur. Nəvəsi, 2-ci dünya müharibəsinin veteranı, əlili olan, orden-medallı Əliş kişi doğma kəndini, yurd-yuvasını tərk eləmir, tüfəngini götürüb öz məhləsindəcə erməniləri gözləyir, öldürür də, özü də şəhid olur – 93-ün 30 avqustunda. O rəhmətliklə “Qaçaq Nəbi” kolxozunda taxıl təhkimçisi olanda çox söhbətlərim olmuşdu, yaşlılardan eşidib öyrəndiklərimi ona da danışmışdım, demişdi ki, hamısı düzdü, elə deyilən kimidi...Sovet-KQB rejiminin hökmran olduğu 70 ildə hətta erməni tarixçilərinin belə ağlına bu cür şər-şəbətə yapışdırmağı vicdanlarına sığışdırmayıblar. Nəbi-Həcər haqqında çəkilən filmin ilk variantda dövlət qəbuluna, ekranlara buraxılmasına , kəsib doğrayıb eybəcər  hala salınmasına nail olsalar da, bu cür namərd yalan söyləməyiblər.

Türk-islam ənənələrində çox rast gəlinən, əsrlərdən bəri qüvvəsini saxlayan bu adət indi də bir çox ailə, nəsillərdə yaşadılır; nişanlısı, əri ölən gənc qız, gəlinin adını, namusunu qorumaq üçün onu ailənin digər yetkin oğulları, yaxın əqrəbaları qəbul edirdi. Və onu da deyim ki, Sizdən əvvəl bu küfrü ağzına almış Əkrəm Əylislinin kəndindən fərqli olaraq Qubadlı rayonunda nə sovetdən əvvəl, nə sonra bir dənə də olsun erməni ailəsi yaşamayıb.

Nəbi ilə Həcərin ən qəddar düşmənləri elə onların qanına yeriklədikləri, neçəsini o dünyaya göndərdikləri, tayqulaq elədikləri erməni hampaları idi.

Nə Həcərin biz Azərbaycan kişilərindən incik Zəngəzur ellərimizdə dolaşan qərib ruhu, nə onun çoxsaylı övladları, nə də onun adını sevə-sevə balalarına qoyan, fəxrlə bu adı daşıyanlar Sizi heç zaman bağışlamayacaqlar, bir baxın facebook-da ünvanınıza yazılan sözlərə, şəninizə qoşulan şeirlərə, heç olmasa Allahdan əfv diləyin ki, günahınızdan keçsin, Sərdar həkim.

O köntöy, kələ-kötür müsahibənizdə deyirsiz: “Elçibəy öləndən sonra hərə onun bir mirasını götürdü. Amma onun siyasi ağsaqqalığını götürən olmadı. Mən o boşluğu gördüm. O gündən özümə söz vermişəm ki, onun siyasi ağsaqqallığını öz üzərimə götürüm. Həm yaşım buna imkan verir, həm xarakterim, həm də partiyamızın ideologiyası...” Vay bu millətin halına ki, Sizin kimilər özünü ağsaqqal sayırlar. Öhdənizə aldığınız bu böyük missiyanı yerinə yetirməkdə uğursuzluğunuz, iqtidarsızlığınız göz qabağında. Müsahibənizdən çox əsəbi olduğunuz da görünür. Lütfən siyasətdən, həkimlikdən başınız açılıb Həcər haqqında bir də nə isə demək istəsəniz, növbəti dəfə o rəhmətliyin  Dubaya da gedib-gəldiyini iddia etməzdən əvvəl  Xan Şuşinskidən başlamış, Kamil Cəlilov, Aşıq Əsəd, ustad ozan Nevid Müsmirənin Kərkük, Təbriz, İqdır, Naxçıvan, Qarabağdan üzübəri dillər əzbəri olan Qaçaq Nəbi-Qoçaq Həcər ünvanlı xalqın iş dünyasından süzülüb gələn sevgi, məhəbbət dolu səsini dinləyin,nəğmələrini dinləyin, nə boyda günah işlədiyinizi  hələ bilməmisinizsə, onda görəcəksiniz o musiqi aynasında.


“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri, yazıçı-jurnalist Hacı Nərimanoğlu