SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

27 il əvvəl Ermənistan parlamenti soyqırım və deportasiyaya rəvac verən bədnam qərar qəbul etmişdi

 “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin bəyanatı

“27 il əvvəl - 1988-ci il iyulun 14-də Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) Xalq Deputatları Sovetinin həmin il 20 fevral tarixli Ermənistan SSR-in tərkibinə daxil olmaq haqqında qərarını müzakirə edib Azərbaycan SSR-in tərkibində olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair qərar verdi.

 

 

  Bu bədnam qərar o vaxtlar qüvvədə olan SSRİ, Azərbaycan, Ermənistanın konstitusiyalarına, bütün beynəlxalq qanunlara zidd bir akt idi, iki qonşu xalq və respublika arasında münasibətlərin kəskinləşməsinə, vəziyyətin daha da gərginləşməsinə, tarixi Qərbi Azərbaycan torpaqlarında qurulmuş Ermənistan adlanan ərazidə  əsrlərlə yaşamış azərbaycanlıların deportasiyasına,  qanlı qırğınlara, tarixdə bənzəri olmayan cinayət və mərhumiyyətlərə yol açdı. SSRİ Ali Soveti Rəyasət Heyətinin, Sov.İKP MK-nın kağız üzərində qalan qərarlarından, ciddiyyətsiz, dişsiz bəyanatlarından, SSRİ Konstitusiyasının 78-ci maddəsində təsbit olunmuş “müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz” müddəasının da  ayaqlanmasından da açıq göründüyü kimi, Ermənistanın bu qərarı əvvəldən planlaşdırılmış, hər cür hazırlıqları aparılmış, nəticələri razılaşdırılmış, Moskva ilə ən yüksək səviyyədə razılaşdırılıb icrasına siyasi-hərbi dəstək təminatı alınmışdı.

1989-cu il iyulun 19-da ABŞ Senatının “Sovet Ermənistanı xalqının arzusuna uyğun olaraq,  Dağlıq Qarabağa dair mübahisənin sülh yolu ilə tənzimlənməsinə ABŞ-ın köməyi haqqında” qətnaməsi, 1989-cu il noyabrın 19-da “Sovet İttifaqı ilə ikitərəfli diskussiyaların gedişində Dağlıq Qarabağ ətrafında münaqişənin ədalətli, həqiqətən bu vilayətin xalqının baxışlarını əks etdirən tənzimlənməsinə kömək etmək” arzusunda olduğunu bəyan etməsi, ABŞ və Qərbin siyasi dairələrinə “Memorial” hüquq-müdafiə təşkilatının erməni separatçılarını birmənalı şəkildə müdafiə etməsi, SSRİ rəhbəri M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, akademik A.Aqanbekyanın 1997-ci ildə ABŞ-da “Humanite” qəzetinə verdiyi müsahibə, ABŞ Konqresinin hələ də öz qüvvəsində qalan bədnam 907-ci siyasi qətnaməsinin “Dağlıq Qarabağ ətrafında münaqişənin dinc yolla və ədalətli nizama salınması uğrunda Dağlıq Qarabağ xalqının (oxu: ermənilərin) əsas hüquqlarını və mübarizəsini ABŞ-ın müdafiə etdiyini nəzərə alaraq ABŞ Hökuməti Ermənistanda baş işləri üzrə səylərə kömək göstərməyi davam və təşviq etdirməlidir” ilk müddəası ermənilərin “miatsun” (birləşmə) hərəkatının ABŞ-la və onun Qərbdəki yandaşları ilə də əvvəlcədən razılaşdırıldığının aydın təzahürü idi.

Acı təəssüflər olsun ki, Azərbaycanın o zamankı siyasi rəhbərliyinin fərsiz, maymaq, milli qeyrət və düşüncədən uzaq hərəkətətsizliyi, xalqı öz torpaqları uğrunda savaşa qaldırmaq hissindən uzaqlığı erməni planlarının bütünlüklə, ardıcıllıqla gerçəkləşməsinə rahat  zəmin yaratdı, 1 milyona qədər insan tarixi yurd-yuvasından qovulub çıxarıldı, minlərlə günahsız vətəndaşımız həlak oldu, şikəst edildi, hesaba sığmayan mərhumiyyətlərə düçar oldu. ATƏT-in guya ki, münaqişənin ədalətli həllinə arbitrlik edən həmsədr ölkələrinin – ABŞ, Rusiya, Fransanın fəal, açıq siyasi-hərbi dəstəyi ilə Ermənistan sərhədləri BMT tərəfindən tanınan Azərbaycan ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağın hüdudlarından kənardakı yeddi rayonu – Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonlarını işğal etməyə və 23 ildən bəri işğal altında saxlamağa nail olub. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 1993-cü il 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr tarixli dörd qətnamədə, AB, AŞPA, ATƏT, İKT və digər səlahiyyətli beynəlxalq təşkilatların çoxlu sənədlərində Azərbaycan Respublikasının ərazi bütövlüyü dəfələrlə təsdiq edilib. Lakin, dünyada sülh və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təminatçısı rolunda çıxış edən beynəlxalq qurumların dəfələrlə digər regionlardakı bənzər təzavüzkar dövlətlərə qarşı göstərdiyi qətiyyət və prinsipiallıq, qərarların icrasına məcbur etmə mexanizmləri Ermənistana münasibətdə işə salınmır.

Xalqımız münaqişənin mövcud vəziyyətdə süni şəkildə dondurulması, uzadılması ilə heç cür barışmır, hazırkı durumu qəbul etmir, beynəlxalq güclərin qətiyyətli müdaxiləsi ilə təcavüzün nəticələrinin aradan qaldırılacağına, hüquq və ədalətin bərpa olunacağına ümid edir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarında dəfələrlə bəyan edilmiş bu fikirlərlə eyni mövqedədir: “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyildir və heç vaxt olmayacaqdır... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcəkdir. Yəni Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaqdır...Əlbəttə, diplomatik uğurlar bizi sevindirir... lakin əgər bizim torpaqlar hələ də işğal altındadırsa, deməli, bütün bu nəticələrin prinsipial əhəmiyyəti yoxdur. Nəticələrin əhəmiyyəti o vaxt olacaqdır ki, Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad edilsin, bizim soydaşlarımız isə doğma yurdlarına qayıtsınlar. Bizim soydaşlarımız işğal edilmiş torpaqlara – Dağlıq Qarabağa bitişik ərazilərə və Dağlıq Qarabağa qayıtmalıdırlar”.

 Bəyanatın mətni “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurasının 12 iyulda keçirilən iclasında qəbul edilib.

             Sədr                                                Hacı Nərimanoğlu