SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

25 illik fasilədən sonra ötən günlərdə - 29 sentyabr və 19 oktyabr tarixlərində BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr keçirib. Müzakirələrdən sonra Təhlükəsizlik Şurasına hazırda sədrlik edən Rusiyanın adından bəyanat layihəsi hazırlanıb, səsverməyə çıxarılıb. Xoruzun quyruğu da bu zaman görünüb; bəyanatda 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar qəbul etdiyi 822, 853, 874 və 884 saylı dörd qətnaməsi tamam “yaddan çıxıb”, Ermənistanın təcavüzü, işğalçılığı “unudulub”. 525-ci qəzet, 30.10.20 Halbuki Minsk Qrupu həmsədrləri həmin qətnamələrdə Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsini  pisləmişdi, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulamış və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb etmişdi. Rusiya Federasiyası və Fransa tərəfindən hazırlanmış layihəyə başı seçkilərə qarışmış ABŞ da razılıq verib. Ancaq beynəlxalq hüquq, Azərbaycan, Türkiyə diplomatiyası da daha əvvəlki deyil; BMT TŞ-nin qeyri-daimi üzvləri olan və Qoşulmama Hərəkatının (QH) üzvü olan İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikası iki dəfə sükut prosedurunu pozaraq, BMT TŞ-nin qətnamələrinə istinadın bəyanata daxil edilməsinə israr ediblər. Bu isə həmsədrlərə sərf etmədiyindən bədnam  hərəkətlərə son verilib.

Tarixdə mövcud olmamış, yox yerdən Ermənistan adında respublikanın yaradılması ideyası, reallaşması da ingilis, fransız, rus hakimiyyət dairələrinə aiddir. Qafqazda Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, bu məqsədlə ermənilərin indiki İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi  I Pyotrun 1724-cü il 10 noyabr tarixli fərmanı ilə rəsmiləşdirilib. Bu fərmana görə, ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynamalı idi. Bu əmr Rusiyanın  Qafqazdakı hərbi uğursuzluqları səbəbindən bir əsr müddətə dondurulsa da, Qacarlar İranı ilə Osmanlı İmperiyasının ruslara məğlubiyyəti  və 10 fevral 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinin nəticəsi olaraq, əvvəlcə 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırılıb. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirilib. Onlar, əsasən, ən səfalı torpaqlarda - Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırılıblar. Ermənilərin Qarabağa köçürülməsi, demoqrafik vəziyyətin planlı şəkildə dəyişdirilməsi, yerli türk-azərbaycanlı əhaliyə qarşı ardıcıl terror, deportasiya, etnik təmizləmə, soyqırımı siyasəti rus, ingilis, erməni, gürcü və s. şahidlərin, tarixçilərinin əsərlərində, təqdim etdikləri məruzə, raportlarında, arxiv sənədlərində, tədqiqatlarda ətraflı,  dəqiqliklə əks olunub (A.S.Qriboyedov, A. İ.İonisian, N.N.Şavrov, İ.V.Petruşevski, V.İşxanyan, N.Dubrovin, P.Q.Butkov, P.Q.Butkov, M.Nersesyan, Q.A.Ezov, İ.Şopen, Castin_Makkarti və b).

Antitürk düşüncələri ilə məşhur olan İngiltərə baş naziri V.Qladstonun planı ilə İngiltərə Rusiya və Fransanın birgə himayəsi ilə 1895-ci il mayın 11-də Osmanlı Dövlətinə 6 vilayət – Ərzurum, Bitlis, Van, Sivas, Diyarbəkir və Harput üçün islahat layihəsini təqdim etmiş, faktiki olaraq bu vilayətlərdən ibarət “Müstəqil Ermənistan” yaradılmasının əsası qoyulmuşdu.

 İngiltərə hökuməti Osmanlıdan hələ yaranmamış Ermənistanın gələcəyi ilə bağlı öhdəliklər tələb etmişdi. İngiltərənin Hərbi Şurası özünün 7 dekabr 1917-ci il tarixli iclasında ermənilərə maliyyə dəstəyi verilməsi haqqında qərar qəbul etmişdi, ayrılan yardım 20 milyon sterlinq idi. 1917-ci ilin sonları və 1918-ci ilin əvvəllərində İngiltərə tərəfindən Tehrandan Bakıya, oradan da ermənilərə verilməsi üçün Tiflisə külli miqdarda qızıl və pul, silah və sursatlar da göndərildi. Bu yardımlar Versaldakı Antanta Ali Hərbi Şurası ingilis hərbi mütəxəssislərinin 1917-ci ilin dekabr ayındakı memorandumunda açıq şəkildə göstərilmişdi: “Ermənilərə hər vəziyyətdə işğal etdikləri bölgələrdə pul, silah və sursat tədarükü ingilis siyasətinin maraqları daxilindədir. Bu təcrübənin uğurlu olması nəticəsində erməni qüvvələrindən gələcəkdə türklərin diz çökməsi üçün faydalanmaq olar”. İngilislərin bu dəstəyi sayəsində hərəkət qabiliyyətlərini artıran, külli miqdarda silah və sursat əldə edən ermənilər Cənubi Azərbaycanda və Cənubi Qafqazda on minlərlə insanı qətlə yetirdilər. İngilislərin Azərbaycana gəlişinin səbəbi təkcə iqtisadi, əsas da neft maraqlarına bağlı deyildi, həm də Türkiyənin türk dünyası ilə əlaqəsini kəsmək idi. Bu planın gerçəkləşməsi üçün yeganə ən uyğun vasitə isə ermənilərə dövlət yaratmaq idi. İngilislərin məşhur diplomatlarından Lord Kerzonun sözləri bu məqsədi aydın ifadə edir: “Türkiyə ilə türk xalqları arasında tampon bir dövlətin yaradılması qaçılmazdır. Problemin ortadan qalxması üçün yeni “Erməni dövləti” təzahüründə xristian bir topluluğun meydana  gətirilməsi vacibdir”.

I Dünya müharibəsində Rusiya və Osmanlı dövlətlərinin acı məğlubiyyəti, həm də rus-ingilis-fransız-italyan-yunan və b.nın Anadoluda erməni dövləti yaratmaq planının Cənubi Qafqaza - tarixi Azərbaycan torpaqlarına keçirilməsi siyasətinin gerçəkləşməsi ilə nəticələndi. Rusiyanın qırmızı bolşevik libasında 1920-ci il aprelin 28-də gəlişinə qədər Qafqazda cərəyan edən bütün proseslərdə ingilislər əsas ssenari müəllifi, rejissor və baş rolun ifaçısı idilər. Müharibənin qalibi olan koalisiya qüvvələrinin hərbi-siyasi təlimatı ilə hazırlanıb qarşıya qoyulan məqsəd Rusiyanı Qafqazdan çıxarıb yenicə müstəqilliklərini elan etmiş 3 respublikanı Antantanın nüfuz dairəsinə daxil etmək, Bakı neftinə sahiblənmək, Naxçıvanla Şuşa arasında yaşayan müsəlman əhalini qırıb, bu əraziləri boşaldıb yeni yaradılacaq xristian Ermənistan Respublikasına qatılmasına maneəsiz zəmin hazırlamaq, Zəngəzur və Qarabağdakı erməni qoşunları ilə birləşib Gəncəyə hücum etmək, Azərbaycan Milli Şurasını - Azərbaycan Xalq Cümhuriyyətini beşikdəcə boğmaq, Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun hərbi yardımı gəlib çatanadək Cənubi Qafqazın azərbaycanlılar yaşayan torpaqlarında ermənilər üçün müstəqil dövlət yaratmaq planını gerçəkləşdirmək idi. 

İngilislər Türkiyəyə meyilli olan Azərbaycana inanmadıqlarından məhz Ermənistana etimad edir və Türkiyənin Transqafqaza olan qapısını əbədilik bağlamaq üçün Naxçıvanı ermənilərə verməyə çalışırdılar. Bütün bunları ümumiləşdirərək belə bir nəticəyə gəlmək mümkündür ki, İngiltərə özünün ekspansionist siyasətini həyata keçirərkən Londonda tərtib olunmuş ssenari üzrə hərəkət edən daşnaklardan istifadə etmiş, hər vəchlə Ermənistanın Antantaya öz ərazisini, habelə hərbi və iqtisadi potensialını verməyə hazır olan daşnak rəhbərlərini dəstəkləmiş, faktiki olaraq Ermənistanı Naxçıvan və Zəngəzurla bağlı təcavüzkar hərəkətlərə təşviq etmişdir. Fransız tədqiqatçısı Jorj de Malevil “1915-ci il erməni tragediyası” adlı əsərində erməni dövlətinin qurulmasının da Antanta dövlətləri, xüsusilə İngiltərənin yardımı sayəsində gerçəkləşdiyini qeyd etmişdir: “İngiltərənin iradəsi ilə çar imperiyasının xarabalıqları üzərində qurulub qısa bir ömür (1918-1920) sürən erməni respublikası, bütün tarixi boyu mövcudiyyəti qeydə alınan yeganə müstəqil erməni dövləti idi”. 1918-ci il sentyabrın 4-də Zəngəzura daxil olaraq, qəzada törədilən qırğınlarda xüsusi amansızlığı ilə seçilən mütəşəkkil ordu hissəsinin komandanı Andranik Ozanyan hər yerdə onu da deyirdi ki, müsəlmanları qırmaq əmrini ona ingilislər verib.

Böyük Britaniyanın Osmanlı dövləti əleyhinə planlarına açıq rəğbət göstərən, dəstək verən ABŞ prezidenti V.Vilsonun ermənilərə şəxsi mərhəm münasibəti də hadisələrdə mühüm rol oynayırdı.

“Daşnaklar Zaqafqaziyaya Ermənistandan girməyə başlayan Amerikanın agentləri idi. Amerika Ermənistanın Türkiyə, Rusiya, İran hissələrini birləşdirib ABŞ-a dost Ermənistan protektaratı yaratmaq fikrində idi. «Böyük Ermənistan» bütün Qafqazı tutmaq üçün ABŞ-ın işini asanlaşdırmalı idi.” (Mənbə: SSRİ-də vətəndaş müharibəsi tarixi, 1922, C-3, səh.333). «Daşnak ordusu Amerika çörəyi yeyirdi. Yalnız 1920-ci ilin iyulunda ABŞ Ermənistana 50 min, İngiltərə 40 min, Fransa 30 min əsgər üçün geyim, ərzaq, hərbi sursat, 10 milyon patron vermişdi» (“Şərq xalqları” jurnalı-№1,1920, səh-49).

İngilislərin planlarında Qarabağ, Zəngəzurun ermənilərə verilməsi planları da açıq-aydın yer almışdı. Böyük Britaniya və Müttəfiqlərin Qafqazdakı diplomatik nümayəndəliyinin faktiki rəhbəri general Tomson 1919-cu il martın 28-də Yerevanda Ermənistan hökumətinin iclasında çıxışında demişdi: “...Zəngəzur Erməni Milli Şurası tərəfindən idarə ediləcək... Dağlıq Qarabağın idarə edilməsi üçün Ermənistan təcili öz nümayəndələrini verməlidir... Erməni qoşunları Qars və Naxçıvanı, Şərur Dərələyəz-Sürməlini tuta bilər... Azərbaycan ordusu indi durduğu yerdən - Ağdam və Xankəndindən bu tərəfə keçməyəcək... Azərbaycan hökumətinin martın 19-da keçirilən iclasında qərar qəbul edilmişdir ki, Daxili İşlər Nazirliyi 1300 nəfərlik piyada və 500 nəfərlik erməni süvari dəstəsinin Şuşa, Xankəndi, Əsgərandan keçib Ermənistana getməsi üçün hərtərəfli səy göstərəcək. Mayor Monk Mezon mənə məlumat vermişdir ki, Azərbaycan hərbi hissələri general Mehmandarovun rəhbərliyi ilə onların sağ-salamat keçməsi üçün bütün tədbirləri görmüşdür... Azərbaycan Dağlıq Qarabağ və Zəngəzurun mübahisəli ərazi kimi Paris sülh konfransında həll olunacağını gözləyəcəkdir.” Tomson Ermənistan hökumətinin rəhbərlərinə 5 milyon ədəd patron və pul da göndəriləcəyini də vəd etmiş, vədini də yerinə yetirmişdir. General Tomsonun nümayəndəsi Hibbon 1919-cu il yanvarın 7-də Qubadlının Teymur Müskanlı kəndindəki özünümüdafiə dəstələrinə Andronikin artıq Zəngəzur ərazisinin 5/4-nü ələ keçirdiyini bildirərək onun bölgədən çıxarılmasının mümkünsüzlüyünü bildirmişdi.

Özünü “Zəngəzur qubernatoru” elan etmiş Andranik Toros Ozanyanın (1865 - 1927) şərəfsiz tərcümeyi-halında Fransa “möhürü” də var; Osmanlı ermənisi, terrorbaşı, rus ordusunda erməni könüllü birliklərinin komandanı, erməni inqilabi federasiyası – daşnak partiyasının üzvü Osmanlıya qarşı savaşlarda müttəfiqlərlə mühüm yardımlardan dolayı 1913-20-ci illərdə Fransanın Prezidenti olmuş Pankare Raymon (1860– 1934) tərəfindən “Légion d'Honneur” medalı ilə təltif edilmişdi.

1998-ci ilin 7 dekabr zəlzələsindən sonra dünya mediasında Fransanın  Ermənistana «humanitar yardımı» adı altında xeyli silah-sursat daşıması barədə çoxlu informasiya yayılmışdı.

Fransa ötən əsrin əvvəllərindən başlayaraq bu günümüzədək ermənilərin Avropa və dünyada ən mərhəm himayəçisi kimi tanınıb. Türkiyə Prezidenti Ərdoğanın bu sözlərində böyük həqiqət var: "Azərbaycanda yaşanan işğal faktorunun arxasında Fransa da var."

Ötən əsrin əvvəllərində ssenarisi cızılmış planların icrasına dəstək  ABŞ Senatının və Konqresinin  bu gün də öz qüvvəsində qalan məşhur və bədnam  907-ci siyasi qətnaməsində konkret əks olunub: “Dağlıq Qarabağ ətrafında münaqişənin dinc yolla və ədalətli nizama salınması uğrunda Dağlıq Qarabağ xalqının əsas hüqüqlarını və mübarizəsini ABŞ-ın müdafiə etdiyini nəzərə alaraq ABŞ hökuməti Ermənistanda baş işləri üzrə səylərə kömək göstərməyi davam və təşviq etdirməlidir.”

Arxivimdə saxladığım 16 il əvvəlin - “Ekspress” qəzetinin  2004-cü il 13 may tarixli sayında həmsədrlərin Dağlıq Qarabağ məsələsinə yanaşmasını əks etdirən, bu günlə də üst-üstə düşən  3 mövqeyn ifadəsi əks olunub, dövlət rəsmiləri dəyişsə də, üstündən illər keçsə də, mövqelər eynidir:

“Rusiya prezidentinin ATƏT-in Minsk qrupundakı şəxsi nümayəndəsi, xarici işlər nazirinin müavini Vyaçeslav Trubnikov “Yeni yanaşmalar axtarmaq lazımdır. Hazırkı status-kvoya hamı vərdiş edib və artıq mən belə düşünürəm ki, qaçqın statusuna öyrənmiş insanlar bəlkə də heç geri qayıtmaq istəmirlər.”

ABŞ prezidentinin ATƏT-in Minsk qrupundakı nümayəndəsi Stiven Mənn: “ABŞ Dağlıq Qarabağ münaqişəsində öz maraqlarını qoruyur.”

Per Qarton, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məruzəçisi:           “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibinə daxil ola bilməz.”

Ermənistan xarici işlər naziri Vardan Oskanyan: “Dağlıq Qarabağ ətrafındakı ərazilər yalnız D.Q -nin statusu müəyyən edildikdən sonra müzakirə mövzusu ola bilər.”

V.Putin Azərbaycanın sentyabrın 27-dən başlanan haqq işi uğrunda mücadiləsində nisbətən bitərəf mövqe sərgiləməyə çalışsa da, son mühasibəsində "Birinci Dünya müharibəsi zamanı erməni xalqının başına gələnləri"i, "Sumqayıtda və Dağlıq Qarabağda erməni xalqına qarşı amansız cinayətlər"i heç vaxt unutmayacaqlarını deməsi ilə bir daha Rusiyanın imperiya maraqlarının dövlət siyasətində prioritet olduğunu dilə gətirib. Ona görə də, Rusiya, ABŞ, Fransanın doğub böyütdüyü Dağlıq Qarabağ probleminin ədalətli həllində sonadək tərəfsiz mövqe tutacağına inanmaq çətindir.

Bunlar 1988-dən bəri davam edən, bu gün hər iki tərəfdən çox sayda insan itgisinə, dağıntılara yol açan münaqişənin səbəbkarları həm də bu 3 həmsədr dövlətin tutduğu haqsız, ədalətsiz, Azərbaycan dövlətinin, xalqının mənafeyinə zidd olan birtərəfli-ermənipərəst mövqedir.

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün bundan əvvəl  Fransanın “Figaro” qəzetinə müsahibəsində demişdir: “Bu 3 vasitəçinin hər biri mühümdür. Mən müşahidə edirəm, görürəm və bilirəm ki, Dağlıq Qarabağ məsələsində onların çox nadir yekdil yanaşmaları olur. Bu, bəlkə də onların maraqlarının üst-üstə düşdüyü yeganə məsələdir.”

Ermənistanın ardı kəsilməyən terror, təcavüz, işğal faktoruna, təxribatçı hərəkət, bəyanatlarına cavab olaraq 27 sentyabrda “Qarabağ Azərbaycandır, yaşasın Azərbaycan!” devizi ilə döyüşlərə qərar verən Prezident İlham Əliyev dünyada söz sahibi olan bu 3 həmsədr dövlətin hansı mövqedə olduğunu, ermənilərin beynəlxalq havadarlarının, lobbisinin gücünü, imkanlarını da hamıdan, hər kəsdən daha yaxşı bilirdi. Çətin geopolitik vəziyyətlərdən respublikamızın müstəqilliyini qoruyub saxlayan, iqtisadi, hərbi, siyasi mövqeyini ilbəil möhkəmlədən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, xüsusilə 2016-cı ilin aprel döyüşlərində həmsədr dövlətlərin Ermənistanı ağuşlarında nə qədər ehtirasla tutub saxladıqlarını aydın görmüşdü, bu dəfə də belə olacağını nəzərə almışdı. Ancaq öz gücünü, nəyə qadir olduğunu, xalqın Prezidentinə inamını, bu illər ərzində ordu quruculuğu, hərbi-texniki potensialının  gücləndirilməsi sahəsində gördüyü işləri, düşmənin də cavab vermək, duruş gətirmək imkanlarının hara qədər olduğunu da gözəl bilirdi. Qüruru, milli mənliyi, qətiyyəti, siyasi iradəsi, atası, öndəri Heydər Əliyevin qurduğu müasir müstəqil dövləti bütövləşdirmək, tamamlamaq istəyi ilə müqəddəs savaşa başlayan Qurtuluş davasının müzəffər sərkərdəsi başladığı mücadilənin son nəticələrini də dəqiqliklə hesaba almışdı.

Budur, bu da nəticəsi; 28 ildən bəri işğal altında olan, mövqelərini möhkəmlətmək üçün yerin altında, üstündə qurulan nəhəng erməni istehkamları canlı qüvvəsi, silah-sursatı ilə birlikdə bütünlüklə məhv edilir, rayon mərkəzləri, kəndlər bir-birinin ardınca azad edilir, düşmən idarəolunmaz, pərakəndəlik, xaos içərisində çabalayır. Ötən aylarda Şuşada andiçmə mərasimi keçirən, yallı gedən, Şuşanı bic doğulmuş Artsax adlı qondarma rejimə paytaxt elan edən Paşinyan diz çöküb sülh yalvarışları edir. Qətiyyən inanmaq olmaz, nə erməniyə, nə onun həmsədr yedəkçilərinə, sonadək savaş! Xalq-Ordu-Ali Baş Komandan birliyi, qardaş Türkiyənin dönməz, sarsılmaz dəstəyi qələbələrimizin rəhnidir.

Prezident İlham Əliyevin KİV-ə son bir aydakı müsahibə, çıxışlarından çoxlu sitatlar verilir. Ancaq dövlətimizin başçısı bu günü əvvəldən görürdü, hazırlığını da aparırdı. 2007-ci il iyunun 22-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışından bir sitat: “Dağlıq Qarabağ heç vaxt Ermənistana birləşməyəcəkdir. Bunu Ermənistanda və Dağlıq Qarabağda nə qədər tez başa düşsələr, onlar üçün bir o qədər də yaxşıdır. Onlar hesab edirlər ki, vaxt uzatmaqla, danışıqları süni şəkildə ləngitməklə nə isə əldə edəcəklər. Xeyr!...Biz hər an hazır olmalıyıq ki, öz torpaqlarımızı hərb yolu ilə, silahlı yolla azad edək... Həqiqətən Azərbaycan əsgərinin Vətənə çox böyük bağlılığı vardır. Vətən sevgisi, vətənpərvərlik ruhu bizdə çox yüksəkdir. Əminəm ki, dediyim bütün bu amillər - bizim siyasi gücümüz, iqtisadi inkişafımız, hərbi gücümüz, Vətənə olan sevgimiz məsələnin həllinə gətirib çıxaracaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Azərbaycan bayrağı Şuşada, Xankəndində, Dağlıq Qarabağda dalğalanacaqdır.”

Prezident, Ali Baş Komandan 13 il əvvəl dediyini bu gün gerçəkliyə çevirir, tarix yazır, bu yeni Zəfər tarixinin müəllifi İlham Əliyevdir. Var ol, müzəffər Komandan!

Hacı Nərimanoğlu, Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru