SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi bununla bağlı açıqlama yayıb. Açıqlamada deyilir:

Zəngəzurun Ermənistana verilməsi Lenin, Stalin, Orconikidze, Kirov, Çiçerin, Mikoyan və başqalarının verdiyi məkrli anti-Azərbaycan və ermənipərəst qərarla həll olunmuşdu. 1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarmış, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olunmuşdu. Artıq hər şeyi Qafqazı qanlı təcavüzlə yenidən işğal edib qanuni hökumətləri qan içində boğmuş bolşevik Rusiyası həll edirdi. Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının 1920-ci il noyabrın 30-da keçirilən birgə iclasının qəbul etdiyi qərarı isə artıq Azərbaycanın kommunist rəhbərliyinn öz xalqına tarixi xəyanətinin təsdiqi idi. Qərarın “q” bəndində deyilirdi ki, Zəngəzur və Naxçıvan Sovet Ermənistanının tərkibinə keçir. Bu, rəsmi Moskavanın verdiyi göstərişə əsasən qəbul olunan qərar idi.

1920-ci il dekabrın 1-də Nəriman Nərimanov birgə iclasın qərarı barədə bəyanat verdi. Nərimanov həmin bəyanatda yalnız Zəngəzurdan bəhs edirdi. Zəngəzurun inzibati bölgüsü ilə bağlı Azərbaycan rəhbərliyində və qəzada ciddi narazılıqlar özünü göstərdi. Məhz buna görə Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da, qəzanın bədnam qonşumuzun  idarəçiliyinə keçməsi dərhal baş vermədi. Büro 1921-ci il 12 yanvar tarixli iclasında “Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili” barədə növbəti qərar çıxardı. Qərarda Zəngəzur bölgəsi 2 yerə: Qərbi - Zəngəzur qəzası və Şərqi - Kürdüstan qəzasına bölündü. Naxçıvana gəldikdə, həmin dövrdə bu bölgə Türkiyə qüvvələrinin nəzarətində idi və burada sovet hakimiyyəti faktiki mövcud deyildi. Məhz Türkiyənin qəti mövqeyi, eləcə də Nərimanovun Naxçıvanla bağlı öz prinsipial mövqeyini gec də olsa, Leninə bildirməsi, ardınca  1921-ci ilin oktyabrın 13-də imzalanan Qars müqaviləsində Naxçıvanın Azərbaycanın ərazisi kimi təsdiqlənməsi ilə rus-erməni planı boşa çıxdı.

1933-cü ildə 7892 kv.km ərazisi olan Zəngəzurun Ermənistan SSR-ə verilən 4505 kv.kim-lik ərazisində Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri, Azərbaycanda qalan hissəsində isə Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı.

Zəngəzur həmin tarixədək hər zaman Azərbaycan torpağı olub. Qarabağ xanlığının, çar Rusiyası dövründə isə Gəncə (Yelizavetpol) quberniyasının, 1918-1920-ci illərdə  Xalq Cümhuriyyətinin, 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra da Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ general-qubernatorluğunun tərkibində ayrıca inzibati bölgə - qəza olub. 

28 illik işğaldan sonra Azərbaycan Ordusunun müzəffər yürüşü ilə Zəngəzurun Zəngilan, Qubadlı, Laçın bölgələrinin böyük bir hissəsi yağı düşmən tapdağından azad edildi. Zəngəzur mahalının bütünlüklə Azərbaycana qovuşması da nə vaxtsa tarixi gerçəkliyə çevriləcəkdir.”

 “Zəngəzur”  Cəmiyyətləri İctimai Birliyi