İlhamə Nasirdən bənzərsiz yazı: torpağına qayıtmayanlar şəhid ailələrinin, qazilərin üzünə necə baxacaqlar ?!

 
Açığını deyim, ümidim azalırdı yaşa dolduqca. Atam, anam “torpaq” deyə-deyə dünyadan köçdülər. Mən də onlar kimi köçəcəyimi düşünürdüm. Təsəvvür edin, insan da müharibəyə sevinərmi? İllah da ki qadın. Düzdür, müharibədə kişilər ölür, amma ən çox itirən qadınlar olur. Müharibə bir qadın üçün ata, qardaş, ər, oğul itirmək qorxusudur. Amma mən sevindim, itirəcəklərimdən qorxmadan sevindim. İlahi, torpaq gözünün ağı-qarası bir balandan da şiriniymiş? Candan da şiriniymiş?
Oğlum Türkiyə universitetlərinin birinə qəbul oldu, inanın ki, onun universitetdə oxumağını təstiq edən sənədinini hələ də aparıb hərbi komissarlığa verməmişəm. Ayıbıma gəlib. Düşünmüşəm ki, gərəkirsə, onu da aparsınlar müharibəyə. Mənim özümü də döyüşə aparmaqları üçün yalvarırdım. Vallah qadın olsam da, döyüşməyi bacarıram. Mən o dağları, dərələri əzbər bilirəm, necə müdafiə olunmağı, necə döyüşməyi bilirəm. Axı o yerlərdə böyüdüm, o yerlərdə alışdım top-tüfəng səslərinə. Heç yaradan, qandan da qorxmuram.
Qubadlı rayonundanam. Müharibə başlayanda uşaq idim. Əvvəlki verdiyim müshibələrimdə dediyim kimi, nə çox uşaq deyildim ki, dərk edə bilməyim, nə də dərk edə biləcək qədər boyük idim. Anamın ətəyindən yapışırdım, ondan bir addım belə kənarlaşa bilmirdim. Qorxudan yarpaq kimi əsirdim hər dəfə gurultudan ev silkələnəndə. Zirzəmiyə girib gizlənəndə qorxudan ağlaya da bilmirdim. Elə bilirdim səsimi eşidib zirzəmiyə də mərmi atarlar.Tez-tez dilim tutulurdu. Bütün oyuncaqlarımı zirzəmidə gizlətmişdim ki, onlara da bir şey olmasın. Heç kimdən soruşa bilmədiyim bir sual vardı içimdə. “Axı, mən nə pis iş görmüşım ki?” Olanları anlamırdım… Sonra müharibə ilə birlikdə böyüdüm, görə-görə hər şeyi anladım, bərkidim, bəlkə də vəhşiləşdim deyərdim. Daha uşaq kimi nə qandan qorxdum, nə də gurultu səsindən ürkdüm.
Canlı tarixəm, müharibənin hər üzünü məndən soruşsunlar.
Evimiz hündür yerdəydi. Bütün kənd ovuc içi kimi görünürdü. Gecələr atılan mərmilərin hara düşdüyünü ən azı böyüklərimiz kimi təyin edirdim. Hətta, qrad mərmisi ilə top mərmisini də ayırd edə bilirdim. Qorxmurdum, adi bir şey kimi qarşılayırdım. Elə bil atmayanda da darıxırdım. Bütün uşaqlar mənim kimi idi – qoxmaz.
Gecələr cəbhədən maşın-maşın meyid, yaralı daşıyırdılar. Yol evimizin altından keçirdi. Səhər yuxudan duran kimi qonşu uşaqlarıyla əlimizə əski alıb qaçardıq yola, maşından asfalta süzülən qanı silərdik ki, mal-heyvan ayaqlamasın. Sonra həmin qanlı əskiləri dərədə yer qazıb basdırardıq.
Rayonumuz işğal olundu. Evlərimiz gözlərimizin önündə dağıldı. Hərə bir tərəfə pərən düşdü. Evsiz-eşiksiz… Hələ üzərimizə daşıya bilmədiyimiz “köçkün, qaçqın” damğası da vuruldu. Müharibənin acısından, didərginlikdən xəbərsiz bəzi ağzıgöyçəklər uşaqlarını da qaçqınlarla qorxudurdular qulağımız eşidə-eşidə. Bu ermənin atdığı mərmidən daha viranedici, ağrıdıcı olurdu.
Heç kimə müharibə uşağı olmağı, qaçqın, köçkün damğalı gənclik, yurd həsrətli ömür arzulamıram.
25 oktyabrda torpağımın azad olması xəbərini eşidəndə, bəlkə də, tanrı belə hayqırtımı eşitdi. Sabaha qədər yata bilmədim. Tanrıdan güc-qüvvət istədim ürəyim dayanmasın deyə. Təsəvvür edirsiniz, 27 ildən sonra o torpaqlara yenidən qayıtmaq sevincini? Prezidentimizə, ordumuzun bütün əsgər, zabitlərinə dua elədim.
Sonra kəndlərimizdən bəhs edən videolar yayıldı. Gördükdə yaramın qabığı bir də qopdu. Göz açıb böyüdüyün evi yerlə yeksan görməyin nə olduğunu təsəvvür edə bilirsiniz? Axı o evdə mənim atalı-analı bəxtəvər uşaqlığım keçib. Ya qonşularımın evi… Eldar Baxışın evini o halda görəndə hönkürtüylə ağladım. Ermənilər evin divarlarını belə söküb aparmışdı. Görəsən bildilərmi viran qoyduqları ev kimindir? Biri onlara dedimi ki, ay dığa, bu evin bir daşı sənin bütün millətindən dəyərlidir? Adamı ən çox belə şeylər ağrıdır. Kim kimin malına əl uzadır…
Mən sənədli müharibə filmlərinə çox baxmışam, amma heç birində bu cür vəhşiliklər görməmişəm. Nə qədər vəhşi bir millət olasan ki, daşlara, divarlara, ağaclara, hətta torpağa qarşı belə terror törədəsən. Eybi yox… Bizim yenidən ayaqda durmağa, xarabalığı saraya çevirməyə gücümüz də var, imkanımız da. Amma onlar ləkələrinin üstünə bir daha ləkə yaxa-yaxa həyatda qalacaqlar.
Elə istəyirəm ki, indi bu dəqiqə kəndimizə gedəm və əsgərlərimizin o torpaqda qalan ayaq izlərindən öpəm. Qurban olum onlara.
Evimizin dağıldığını bilirəm, amma yəqin ki bağımız durur. O da mənə bəsdir.
Bu yaxınlarda prezidentimiz belə bir humanist addaım atdı ki, keçmiş məcburi köçkünlər arasında sorğu keçirilsin. Kim torpaqlara qayıtmaq istəyir, kim yox? Belə ki torpaqlara qayıtmaq məcburi olmayacaq. Mən o “yox”u başa düşmədim, yəni qayıtmamaq istəyən olacaqmı? Necə yəni qayıtmamaq? Bəs onlar qazilərimizin, şəhid valideylərinin üzlərinə necə baxacaqlar? Mən gecə-gündüz düşünürəm ki, ilahi, görəsən o torpaqlara ayağımı necə basım, necə yeriyim ki, torpaq inciməsin? Axı o torpaqlara şəhidlərimin, qazilərimin qanı tökülüb. Düşündükcə ürəyim az qalır dayansın. Ki, o torpaqların uğrunda həyata yenicə atılmış, ürəkləri arzularla dolub-daşan fidanlarımız şəhid olub, hələ yar qucaqlamayan gənclərimiz, körpəsini bağrına basa bilməyən yenicə ata olan oğullarımız qollarını itirib. Qələbə paradından keçə bilməyən, gözlərini, ayaqlarını itirən qazilərimiz… hansını deyim axı? Necə yəni qayıtmamaq? Mən 1999-cu ildə Bakı şəhər sakini ilə ailə qurduğumdan Bakı şəhərində qeydiyyatdayam. Yəni, o vaxtdan heç bir məcburi köçkün statusum olmayıb, onlara verilən imtiyazlardan yayarlanmamışam. Amma hal-hazırda çalışıram ki, Qubadlının qeydiyyatına düşəm və ora – öz doğma yurduma qayıdam. Qayıdam və o torpaqlardan bir jurnalist kimi, bir yazıçı kimi, ən başlıcası müharibənin bütün ağrı-acısını görmüş bir Qubadlı sakini kimi göz-qulaq olam, qoruyam. Vallah orda nə vaxtsa torpağın, millətin adına ləkə gətirən nəsə yaradarlarsa, inanın ki, od vurub o obyekti sahibi qarışıq yandıraram. Qoy məni tutsunlar, cəzalandırsınlar, lap öldürsünlər. Şəhidimin qanının töküldüyü torpaq dünyanın ən müqəddəs yeridir.
İndi bircə şey istəyirəm tanrıdan. Mənə o torpağa yenidən qayıtmaq üçün güc, dözüm versin. Çünki, daha əvvəlki kimi möhkəm deyiləm. İndi sevincdən belə ovulub töküləcək qədər kövrəyəm.
İLHAMƏ NASİR