Sibirxanın “generallığı"

   Olmuş əhvalat, 4 şəkilli tragikomediya

         I şəkil

  Əhvalat Mingəçevir şəhər məscidində vaqe olur. 1998-ci il, 30 yanvar, saat 10.30 radələridir. Ramazan bayramının ilk günüdür, məscidin qabağına xeyli adam yığışıb. Şəhərin başçısı, müavinləri, prokuror, polis və MTN rəisləri, YAP, bələdiyyə sədri, digər aktivlər yaxınlaşır. Onların arasında general libasında ortaboylu, sarımtıl sifətli biri diqqəti xüsusi çəkir, qayışının üstündə tapança bağlamış, təkəbbürlü, arxasınca da 2 nəfər rus “OMON”çusu geyimində, qabaqda da 2 nəfər milli cangüdənin - azərbaycanlı olduqları bilinir. Şəhər camaatı, rəhbərləri generalı qabağa verib “buyur, buyur”la məscidin qırmızı xalı döşənmiş pilləkənlərində irəli buraxırlar, özləri də ardınca girirlər məscidə.

 

           Eşikdə camaatdan səslər gəlir. “Generalımıza eşq olsun”, “Sən bizim fəxrimizsən”, “Azərbaycan səninlə qürur duyur” nidaları, alqışlar ara vermir.

          Yerdən alqışlar qarışıq səs gələndə sadə kəndli geyimində bəzi adamların danışığı da eşidilir.

             Biri: Ə...illaf gedib yaxından baxdım e...Həqiqi bizim İbrahimin oğludu, özüdü...

              O  biri: Xanabadlı şofer İbrahimin?

              Digəri: Torpaq yetişdirir də, elə bilirdiz bizdə ancaq qarpız yetişir hə..?!

              Biri: (səsin lap yavaşıdır) Ə bu avaranın biriydi e.. uşaqlıqda qonum-qonşu bunun əlindən bezar qalmışdı, hinlərdə yumurta da qoymurdu qala, arvad-uşaq bunun dərdindən axran dururdu toyuq-cücəyə, gördüyün qapırdı...

            O  biri: Ona görə deyirlər e kiminin əvvəli, kiminin sonrası. Ata-anası bunun bu günün görmədilər, yazıqlar qəbrə də Sibirxan deyə-deyə özgələrin çiynində getdilər.        

Biri: Əyə, sən ondan danış ki, 3-4 günə Qarabağı alırıq e...Deyir Gəncədən Qazağa, Horadizə qədər rus əsgərinin, tankının əlindən tərpənmək olmur, samolyotlarnan daşıyıb gətirib gecəynən töküblər. Komandiri də bax budur.

            O  biri: Putinin özü göndərib, bizimkilərlə də razılığa gəliblər, ermənilərnən də. Məsələ  həll olunur. Rusun əliynən alıb verirlər, özləri də dururlar əvvəlki yerlərində, arada, sərhəddə.

             Digəri: Əyə qoy olsun dayna, kor nə istər-iki göz, biri əyri, biri düz. Onsuz da biz torpaq alası millət deyilik. Bu qaçqın-quçqunun əlindən bezar qaldıq ta, çıxıb getsəydilər dincələrdik.

            General və rəhbərlər məscidin içinə girib baxıb çıxıb dururlar pilləkənin başında, səssizlik yaranır.

Axund: Camaat, bu gün müqəddəs Ramazan bayramıdır, biz bir azdan bayram namazına başlayacağıq, ancaq namazdan qabaq sizə hamımızı sevindirən xəbər verim ki, Rusiyanın tanınmış generalı, uşaqlığı, məktəb illəri bizim nurlu şəhərimizdə keçən Sibirxan İbraqimoviç 30 ildən sonra ilk dəfə Mingəçevirə təşrif buyurub, gəlin onu alqışlayaq. (Yerdən “xoş gəlib, səfa gətirib” səsləri gəlir)

Söz hörmətli İcra başçımızındır, buyurun.

            Başçı. Hamınızı şəhərin rəhbərliyi adından bu əziz gün münasibətilə salamlayıram, bayramınız mübarək, Allah oruc-namazınızı qəbul eləsin. Heç vaxt Ramazan bayramında bura bir belə adam toplaşmamışdı, bu bizim əziz generalımızın hörməti şərəfinədir. Ona hamınızın adından “doğma şəhərinə xoş gəlmisən!”-deyirəm.

Axund: Hörmətli başçımızdan sonra mən sözü Ağdamdan məcburi köçkün gəlib 5 ildir şəhərimizi ağır nəfəsi ilə şərəfləndirən Seyid Sabir ağaya  verirəm.

            Seyid: (əllərinin bərk-bərk əsdiyi görünür). Camaat mən ötən gecə gördüyüm yuxunu sizə danışmaq istəyirəm. Gördüm bir cüt ağ libaslı mələk qondu çiyinlərimə, dedi: -Ey imam övladı, səhər sizin şəhərə bir hörmətli zat təşrif buyuracaq, onu salamla, camaata de ki, Allahtaala kafərlər əlində qalan torpaqlarınızı onun əliynən qaytarıb verəcək əziz qaçqın-didərgin bəndələrinə. (Ağlamsınır, yeriyib generalın boynun qucaqlayır, üzündən bərk-bərk öpür): -  “Səni göndərən Xudavəndi-aləmin izzəti-cəlalinə min şükürlər olsun, ay oğul, qurtar bizi bu bəladan”-deyir.

     Yerdən  səs: Hamımız onun arxasınca əlimizə silah alıb ölümə də getməyə hazırıq (Yenə çəpik,  alqış səsləri gəlir).

      Camaatın alqış sədaları, xeyir-duaları ilə qabaqda General olmaqla bayırda dayanmış adamların arasından keçib məscidin qarşısındakı yeməkxanada məxsusi hazırlanmış otağa girirlər.

      

                            İkinci şəkil

 

    Şəhərin ən böyük şadlıq sarayında bol süfrəli musiqili məclisdir. Başdakı masada yuxarıda şəstlə oturan Generalın yanında şəhər rəhbərləri əyləşiblər, çoxlu seçmə adamlar,  şəhər aktivləri görünür.

     Məclisin aparıcısı Mingəçevir Dövlət Dram Teatrının aktyoru, şəhərin toy məclislərinin ünlü tamadası Habil İbrahimli generalın keçdiyi mənalı ömür yolu barədə məlumat verir.

    İlk olaraq şəhərin rus dilində ən yaxşı biləni, təhsil şöbəsinin baş inspektoru Ələsgər müəllimə söz verilir, o,  əlindəki qırmızı papkadan çıxardığı məktubu əvvəl pafosla rus dilində, ardınca da xüsusi bəlağətlə Azərbaycan dilində oxuyur.

 

    “Hörmətli general-mayor Sibirxan İbraqimoviç İbraqimov!

     Sizi, Rusiya Federasiyası daxili işlər orqanlarında uzun illər səmərəli fəaliyyət göstərmiş daxili xidmət generalını 50 yaşının tamam olması münasibəti ilə təbrik edirəm. Sizə Rusiya və Azərbaycan xalqlarının rifahı naminə bundan sonrakı fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

  

     Hörmətlə,                  Vladimir Putin

     Rusiya Federasiyasının Prezidenti”

 

    Möhürlü olduğu görünən məktubu qaldırıb fəxrlə qarşısındakı media əhlinin rahat yaddaşa köçürməsinə imkan yaradır, sonra da dübarə qaldırıb məclis əhlinə nümayiş etdirir, alqışlar gəlir.

        Başçının müavini: İcazənizlə mən də şəhər İcra Hakimiyyəti başçısının Sərəncamını oxuyum.

     “Mingəçevir Şəhər İcra Hakimiyyətinin qərarı: daxili xidmət general-mayoru Sibirxan İbrahim oğlu İbrahimova Mingəçevirin fəxri vətəndaşı adı verilsin, onun adı şəhərin “Şərəf kitabı”na yazılsın.”

       Şəhər rəhbərliyi adından icazənizlə bir ədəd rəngli televizor və maqnitofonu da hədiyyə olaraq cənab generala təqdim edirəm. (Hədiyyələr gül-çiçək dəstəsi ilə birlikdə generala verilir.)

     Axund irəli keçir, yanında da İcra hakimiyyətində işləyən qardaşı çıxış edir: Bilirsiz ki, bu məclisi biz qardaşlar halal pulumuzla təşkil eləmişik. Yaxın günlərdə eşidəcəyimiz xoş xəbərli günlər münasibətilə (başı ilə Qarabağ tərəfə işarə edir) indidən hamınıza gözaydınlığı verirəm. Söz veririk ki, Şuşa, Laçın alınanda da belə bir yemək-içmək məclisi təşkil eliyəcəyik, inşallah!  Biz qardaşlar adından bu nəfis İran xalçasını, ehtiyacı olmasa da, bu konvertin içindəki ilə birlikdə yubilyarımıza təqdim edirik.

      (İki qardaş hərəsi bir tərəfdən gəbəni açıb generala təqdim edirlər.)

     Generalın şəstlə ünvanına deyilən sözləri, sağlıqları əlində rumka məmnun duyğularla dinlədiyi görünür.

     AMİP Vahid:-Mənə bu məclisdə söz verildiyinə görə, özümü xoşbəxt hiss edirəm. Qürur duyuram ki mən də fəxrimiz olan generalımızla bir məktəbdə, eyni sinifdə oxumuşam. Həmişə düşünürdüm ki, çoxlu istedadlı adamlar yetirmiş nur şəhərimizin niyə bir generalı yoxdur. Axır ki, bu niyyətimiz də gerçəkliyə çevrildi. Biz şəhər müxalifətçiləri də hörmətli generalımızın Qarabağ probleminin həllinə misilsiz töhfə verəcəyinə inanır, onu dəstəkləyir, bildiririk ki, söhbət Qarabağdan gedirsə, heç bir iqtidar-müxalifət söhbəti ola bilməz, biz də bu günü çoxdan gözlədiyimizi bəyan edirik.

Çıxışlar davam edə-edə sarayın ən ucqar yerində sərxoş olduğu görünən cangüdənlərin ofisiantlarla əvvəl yavaş, sonra ucadan eşidilən səslərlə mübahisə etdikləri görünür.

  1-ci: Ədə, araq gətir deyirəm sənə, sən bilmirsən ki, mən Generalın axranasıyam, onu mən Rusetdən pravajat eliyib gətirmişəm e bura.

  Ofisiant: Əşi yoxdu araq, bizə deyiblər cəmi 200 nəfər adam olacaq, o qədər də yemək-içmək düzülüb, hələ qonaqsınız deyənə sizin stola ikisin də lişni  qoymuşduq.

   2-ci: Ayə bizik burda lişniy?

   Səs-küyə general durub gəlir, hər ikisinin başın qucaqlayıb qulaqlarına nə isə deyir, üzlərindən öpür, ofisantlara:-Onlara bir şüşə də araq verin, xahiş edirəm- deyib gedir.

   Qəzetçi Mərdan əlindəki qəzetin birinci səhifəsində generalın fotosu da görünür, çıxış edir: Qəzetimizin indi sizlərə paylanan xüsusi nömrəsin elə indicə mətbəədən çıxardıb gətirmişik ki, bu da bizim hədiyyəmiz olsun, əliniz qaralsa, üzürlü hesab edin, hələ rəngi qurumayıb. Qəzet bütünlüklə generalımızın şərəfli ömür yoluna həsr olunub, təəssüf ki, bir çoxlarınızın ürək sözlərinə yer tapa bilmədik, növbəti sayımızda bu günkü tədbirlə birlikdə hörmətli generalımızın müsahibəsini də verəcəyik. Siz burada generalımızı yaxından tanıyanların, orta məktəb yoldaşlarının, müəllimlərinin, Rusiyada uzun illər onunla çiyin-çiyinə çalışmış yüksək rütbəli zabitlərin ürək sözlərini oxuyasınız. Dünən də bilirsiniz ki, yerli televiziya ilə xüsusi veriliş getdi, bu gün isə gördüyünüz kimi respublikamızın bütün televiziyalarının müxbirləri intizarla hörmətli generalımızın çıxışını gözləyirlər. Mən onların da şəhərimizin bütün jurnalistləri adından generalımızı yubileyi münasibəti ilə təbrik edirəm, şəhərimizin, Azərbaycanımızın adını ucaltdığına görə şəxsinə sonsuz təşəkkürlərimizi bildirirəm.

      (Gurultulu alqışlarla söz Generala verilir.)

  General pozuq Azərbaycan dilində danışır, sərxoş olduğu, narahatlığı da görünür: Məni tanıyanlar bilir ki, mən düz 30 ildir ki, doğulduğum bu şəhərə gəlməmişdim. Səbəb də bu idi, məni tanıyanlar bilir, mən evdən gedəndə demişdim ki, general olmayınca bura gəlməyəcəm. Ağzımdan çıxan kimi də elədim. Hətta, Rossiyada olanda eşitdim ki, anam can üstədir, atam ölüb, onda yenə gəlmədim ki,  ancaq general formasında gedəcəyəm vətənimə, onu gözlədim ki, dediyimi edim. Bu da mən!

   (Yenə məclisin aşağı bucağına işıq düşür. Bayaqkı stoldakı cangüdənlərdən  birinin kefli səsi:-əllərin Generala tərəf uzadıb: -ayə, julik, de bura araq gətirsinlər, yoxsa...sənin general ağzını.., əlin stolun üstünə çırpır o biri də tapançasın çıxardıb yuxarı qaldırır, bir neçə yerli polis onlara tərəf gedir)

   General davam eliyir:-Mənim Rossiyadakı dostlarım çox istədilər ki, mənim birinci yubileyimi Moskvada otmeçat eləsinlər, ancaq mən dedim yox, öz Vətənimə gedirəm-Minqeçaura. İndi budur, sizinləyəm, burdan da (eyhamla o tərəfi göstərir) o yana gedəcəyik, biz razı ola bilmərik ki, torpaqlarımız ermənilərin əlində qalsın...

   Yerdən: Qa-ra-bağ, Qa-ra-bağ!-səsləri gəlir.

    Bayaqkı stolda səs-küy yenə qalxır, çıxışını bitirən general bir də onların yanına gəlir, boyunların qucaqlayıb öpür, nə isə deyir, diqqət edəndə əl atıb boğazına onlara yalvardığı  görünür, amma xeyri olmur, onu eşidən yoxdur elə bil, rusca söyüşlər də eşidilir.

    Oxrannikin səsi: Adə suka, özünü vermisən yemək-içməyin bol yerinə, iki gündür bizi tula kimi salmısan dalına, adam yerinə qoymursan, ac-susuz qalmışıq, açıb deyim indi, pazor olasan...İstəyir qucaqlayıb bayıra çıxartsın, gücü çatmır, bu vaxt mayor rütbəli polis zabiti yaxınlaşır: -Cənab general, icazənizlə biz onları çıxardaq, əllərindən xata-zad çıxar, məclisə zərər gələr, peşmançılıq olar, rəisimiz də bizə əmr verib ki, asayişi təmin edin orda.

     General: Onda elə eliyin ki, mən burdan çıxınca səsləri gəlməsin, ayıbdır camaatdan, birinci ağızların yumun, söyüşçüldülər.

    Polislərlə oxranalar qarpışırlar, qışqırıq, hay-küylə “OMON”çu rusları, azərbaycanlı cangüdənləri qucaqlayıb güclə bayıra çıxarırlar.

      General oturduğu stola yaxınlaşanda bir də mikrofonu alıb danışır:- Görürsüz də, Rossiyada alqokolizm baş alıb gedir, hələ içinin ən yaxşıların tapıb qoşublar məni axranyat eləməyə, qurban olum yenə də öz torpağıma, xalqıma. Mən buna görə istədim tək gələm, ancaq MVD Rossiya icazə vermədi ki, biz öz generalımızı təkbaşına yola sala bilmərik, yəni instuksiya ne pozvolyayet da...

      Yerdən: Əlbəttə, kaneşnə, xoş gəlmisən, gözümüz üstə yerin var, eybi yox, onlar da öz balalarımızdı...- səsləri eşidilir.

       Başçı: Əgər generalımız etiraz etmirsə, biz gedək, qoy camaatımız da sərbəst yeyib–içsinlər, əziz gündür. Səsin yavaşıdıb Generala: -Kürün qırağında da xudmani bir çay süfrəsi bizi gözləyir, hörmətli Generalımızı orda gözləyirik.

       Rəhbərlər  məclisdən çıxırlar.

                         

                                   3-cü şəkil

 

   Polis rəisinin kabineti. Prokuror, MTN-nin rəsi həyəcanlı, üz-gözlərindən zəhrimar tökülür, gah oturub, gah da əsəbi, narahat şəkildə hamısı var-gəl edirlər. MTN rəisi, polis rəisi tez-tez növbətçi telefonuna:-bir xəbər gəlmədi Rossiyadan?!-soruşurlar. Qapı ağzından səs-küy gəlir, 3 zabit rus “oxrana”larından birinin qolun arxasında burub darta-darta içəri salırlar.

    1-ci polis zabiti:-Rəis, həkim də çağırdıq ayıltmaq üçün nə lazımsa elədik. İndi dilləri açılıb, yenə elə bayaq dediklərin təkrar eliyirlər.

    1-ci oxrana: Naçalnik, çestnoye slovo, mən də göyçaylıyam, 20 ildir tanıyıram onu, vallah düz deyirik. İnanmırsız, Novosibirsk qorodskoy upravleniyeye zəng vurun, öyrənin.

    Bu vaxt növbətçi zabit əlində kağız içəri girir.

-Rəis, cavab gəldi.

     R ə i s. Oxu görüm tez...

     Teleqramı oxuyur:- Urojeneç selo Xanabad Yevlaxskoqo rayona Azerbaydjana, 1948-qo qoda rojdeniya Sibirxan İbraqimoviç İbraqimov uvolen iz sostava MVD Rossii v zvanii podpolkovnik zapasa, poslednyeye doljnost- zamnaçalnik otdela oxrana Novosibirskoye qorodskpye upravleniye vnutrennix del. Naçalnik otdela, polkovnik Petrov.

     MTN rəisinin də telefonuna bunun ardınca zəng gəlir: - Eşidirəm... Bizim növbətçidi, oxu-oxu...(Başın bulayır) Bizə də eyni cavab gəldi...başın əlləri ilə sıxıb stula çökür, sifətinin rəngi pörtüb.

     Rəis ikiəlli başına qapaz vurur:-Vay sənin ad qoyanının..Sibirxan deyil e.. Zibilxan...ski əcdadına lənət, biabır-dəsgah olduq. Oxrannikləri göstərib zabitlərə: -Rədd eliyin bu it küçüklərin burdan, yengə gəliblər mənə...Sizin var-yoxunuzu...

     Bu hayda Başçı, müavini ilə içəri girir, əsəbi, özlərin itirmiş kimi görünürlər.

     Başçı: Rəis, bu nə məsələdi?

     Rəis: Elə eşitdiyiniz kimidir, cənab Başçı.

     Başçı: Ürəyin tutub kresloya çökür. Tfu sənin....Aparatdan kurator şöbə müdirinin adından zəng eliyib ki, televizorda göstərilən o dəm-dəsgahnan yubileyin keçirdiyiniz General kimdir, təcili məlumat təqdim edin...kimdən razılıq almısız, barı heç öyrənmisiniz onun bizim iqtidara münasibətin, xalqımızın düşməni olan bu müxalifətçilərlə bir əlaqəsi-zadı olar ha birdən, özünüz  cavabdehsiniz. Özgə vaxtı bu televizorlara (əliynən göstərir) yalvarırdın, pulun, maşının da verib yola salırdın, heç lazım olan xəbəri belə tez vermirdilər e...biabır olduq. Yaxşı ki, AzərTAc-a xəbər getməyib, onda baş var da, məscidin girişində qulağıma dedi ki, bunun sir-sifətindən oğraşlıq yağır, heç gözüm bundan su içmir...

     MTN rəisi: Özü də televizorda zalım uşağı ancaq elə bizim stolu, az qala ağzımızın için də göstərirdilər. Mənə də dərhal irad tutdular ki, orda müxalifətçilər niyə iştirak, çıxış ediblər, sənin orda nə işin var, öyrənin görün onlarla nə əlaqəsi var, maraqlan gör o hədiyyə verənlər kimlərdir, nə veriblər, niyə veriblər, hara gedib...

    Rəis: Mənə də tapşırıq verdilər ki, camaatla ünsiyyətinə çox imkan verməyin, deyəsən camaat arasında hörmətli adama oxşayır. Mən qorxudan telefonu bağlamışam. Məhv olduq hamımız, atamızı yandıracaqlar. Nə pis yerdə gecələdik, bir ilim qalmışdı təqaüdə... Xalqın üzünə nətər çıxacıyıq e, pəncərədən  görünən adamları göstərir:- artıq bütün şəhər bilir...

    Prokuror: Cəhənnəm olsun e xalq...bayaq görmürdün məscidin qabağına nə qədər adam toplaşmışdı, “ureyy” qışqırırdılar. Köpəyoğlu desəydi, davay, kim könüllü döyüşə getmək istəyir keçsin bu tərəfə, gör orda bir adam qalasıydı. Elə boş-boş “Qarabağ” qışqırmağı bilirlər.

    Rəis: Gör bizim birimizin ağlına gəlib ki, dünəndən bəri bir öyrənək görək bu hansı yuvanın quşudur, haranın tulasıdı. O Axundun dalın dağıdacam e, o salıb dalına tula kimi gəzdirirdi, hələ görək sabaha işdə qalsam...

    Başçı: Yaxşı-yaxşı, 16 yaşlı qızı Xaldanda atasından pulla satın alıb özünə arvad eliyəndə işin bitirsəydiniz, indi bu müsibət də başımıza gəlməzdi, pulun alıb mumladınız, oturun bir görək, neyniyirik, nətər çıxırıq bu zibilin içindən.

    İşıq düşür. Masa arxasına yaxın oturub yavaşdan məsləhət-məşvərət eliyirlər.

    Rəis ayağa qalxır: (telefona) Əməliyyat və xidmət üzrə müavinlər tez bura. (2 şişman podpolkovnik pörtmüş halda içəri daxil olur). Demək belə....anladınız?! Təcili! (Əli ilə göstərir) Yerli televiziyadan kasetləri götürmək, fotoaparatları tapıb almaq, şəkillər çıxarılıbsa uniçtojat, qəzetin qalan nüsxələrini, mətbəədəki formatını məhv etmək. (Əli ilə o biri müavinə) Sən...Əməliyyatı qur, o qaçır, başa düşdün, cinayətkar qaçır...aradan çıxır, düz Gəncə-Moskva reysinə, uqolovnı rozısklar təcili özlərin aeropota çatdırırlar, bilet-milet, nə bilim nə lazımdı, təyyarəni tutub saxlasınlar, general təcili getməlidir-desinlər, oğraşa desinlər bir də sənin Azərbaycana ayağın dəysə, tutub.... o 2 rusu da ayrı reyslə sakitliklə samolyota mindirib ordan dolojit edirsiz mənə ki, əməliyyat icra olundu, sonra geri dönürsüz, aydındır?

    Müavinlər: Bəli, rəis.

    Prokuror: (sakit) Başqa yol yoxdur, sonrasın fikirləşərik.

    Başçı. Bəs o indi hardadır?

    Rəis: Dədəsinin xarabasında lül-qənbər yatır, bizimkilərdən 2-si qapını da bağlayıblar, qarovulun çəkir, əmr gözləyirlər.

       

                       4-cü şəkil

 

    Uçuq-sökük, palçıqla suvanmış, toz basmış ev, divara qoca yanaşı qadın-kişi şəkli vurulub, məlul-məlul, yatan oğluna baxırlar. General əyin paltarında köhnə divanın üstündə xor-xorla yatır, əlində general furaşkası, bir ayağında ayaqqabısı var, o birində yox. 3 polis içəri girir, ona yaxınlaşır. Tapançanı ağzına dirəyir. Sərxoş, yuxulu gözün açır.

-Sənin general ağzını..., səsin çıxsa, artıq hərəkət eləsən beynini dağıdacam, tez əynindəkin çıxart bunları gey, kömək eliyin alçağa, (general libasın çıxardıb mülki paltar geyindirirlər), sənədlərin soxun cibinə, burda izi-tozu da qalmasın, həyətdə maşın gözləyir, tez olun, 1 saat vaxtımız var Gəncəyə çatmağa...bunun doğulduğu xarabanı da, yox, lazım deyil heç, sadəcə iz qalmasın...

    Həyətdə əynində dar, köhnə paltar, bir ayağında corab, o birində taykeş qaloş olan   “General” qorxudan əsə-əsə, nə deyirlər, çest verir:- ponyal, ponyal, tak toçno, yest səsləri gəlir, basırlar arxa oturacağa, maşın sürətlə yerindən götürülür...

            İşıq rəisin kabinetinə düşür, bayaqkılar hamısı məlul-məhzun müxtəlif pozalarda dayanıb üstündə “general”ın şəkilləri olan qəzetləri, foto-şəkilləri cırıb təpikləyən rəisə baxırlar. Pəncərə qarşısında ayaq üstə dayanan yazar müxbir əlləri qoynunda acı-acı gülümsünür: - Allah sənə rəhmət eləsin Qoqol, Cəlil... Ekranda Cəlil Məmmədquluzadə ilə Şeyx Nəsrullahın və Qoqolla Xlestakovun ruhu-əksi dolanır və rus generalı formasında Sibirxan İbrahimovun paqonları cırılıb tökülmüş, başı aşağı, xəcalətli foto-portretlərinə və Qarabağın qara rəngdə xəritəsinin üstünə yavaş-yavaş işıq düşür.

         Pərdə bağlanır.

      SON

31.01.1998-ci il

Müəllifin arxivindən ilk dəfə çap olunur.

Hacı NƏRİMANOĞLU