SSRİ EA-nın ilk azərbaycanlı müxbir üzvü-Əli Əmiraslanov

picture158984Elvira Araslının «İnsan və onun zamanı (atam haqqında xatirələr)» kitabı SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü, SSRİ Baş Geologiya İdarəsinin rəisi-SSRİ-nin baş geoloqu, Stalinin müşaviri olmuş görkəmli təşkilatçı və tədqiqatçı alim Əli Əmiraslanovun dəyərli ömür yolundan bəhs edir. Əli Əmiraslanov Qubadlının ucqar dağ kəndi Balahəsənlidə  doğulmuşdu. Anası onu dünyaya gətirəndə həyatdan köçmüşdü. 11 yaşı olanda atası tatar polkunun tərkibində Birinci Dünya müharibəsində Avstriyada ön cəbhədə həlak olmuş, döyüşdə igidliyinə görə çar Rusiyasının yüksək döyüş ordenləri almışdı. Ər kişi qeyrətli nənəsinin himayəsində, uca dağlar, sıldırım qayalar, bol meyvəli meşələr, gur çaylar, gözyaşı kimi bumbuz bulaqlar qoynunda böyüyən Əlinin uşaq qəlbinə nankor ermənilər çalın-çarpaz dağ çəkir, silinməz yara vurur.

Erməni quldur dəstələri Türkiyə, Naxçıvan, İrəvandan sonra Zəngəzuru da qana bulayır, onların da kəndini, evlərini görünməmiş vəhşiliklə məhv edir, körpəlikdən həm ata, həm ana əvəzi olan nənəsini də bütün qohum-əqrəbaları ilə birlikdə diri-diri yandırırlar. Əli Şamaxı şəhər idarəsində yüksək vəzifə tutan dayısı Yusif ağanın yanına yola düşür, burada əsl doğmalıqla qarşılanır, təhsil alır, bu ailənin bərabərhüquqlu bir üzvünə çevrilir. Türkiyə və Qafqazın tarixinə onlarla tanınmış dövlət, hərbi xadim bəxş edən, Zəngəzurun ən nüfuzlu, əsilli-köklü bəy nəslinin-Sultanovların nümayəndəsi Yusif ağa Rus-yapon müharibəsində igidliyi ilə ad-san qazanmış, rus hökumətinin ordenlərinə layiq görülmüş tanınmış ziyalı idi. Əmiraslanovlar da daxil olmaqla, bir çox tanınmış alim və ziyalılar məhz Yusif ağanın himayəsi ilə yaşayıb oxumuş, özlərinə həyatda mövqe tutub xalqa, vətənə layiqli xidmət göstərmişlər. Yusif ağanın sevimli nəvəsi, həyatdan vaxtsız getmiş görkəmli şərqşünas alim, nəcib insan Aida xanım İmanquluyeva ilə kitab müəllifinin əziz qohum kimi mərhəm ünsiyyəti haqqında duyğulu sətirlər çox təsirlidir.
Ermənilərin törətdiyi daha bir qanlı qırğın bu dəfə Əlinin sığındığı  Şamaxıda təkrar olunur. Kitabda bu faciələrə, erməni vəhşiliyinə, təkcə regionun deyil, bütün dünyanın baş ağrısına çevrilmiş «erməni məsələsi»nə dair konkret hadisələr, elmi faktlar, yazılı tarixi mənbələr əsasında müəllifin gəldiyi qənaət belədir: «Bu gün dünyanın 70-dən çox ölkəsində yerləşən millətçi erməni mərkəzlərinin tarixi faktları saxtalaşdıraraq, 90 ildən çoxdur ki, inadla, manyakcasına bütün dünyanın beyninə yeritməyə çalışdığı mif, soyqırım hadisəsi olmuşdur! Ancaq bu soyqırımı Azərbaycan xalqına qarşı işlənmişdir və müəyyən fasilələrlə bütün XX əsr boyu və bu gün də davam etməkdədir».
Əli yaşının az olmasına baxmayaraq əldə silah kin və nifrətlə erməni daşnaklarına qarşı döyüşlərdə iştirak edir, bir müddət də ac qalmamaq üçün qızıl orduya yazılır. Rus dilini yaxşı bilməsi, ağlı, fərasəti, iradəsi onu Moskvaya -uşaqlıqdan təbiətən doğma olan Mədən İnstitutuna gətirib çıxarır, ali məktəbi bitirib elmi-tədqiqat institutunda elmi işçidən SSRİ Baş Geologiya İdarəsinin rəisi, Əlvan Metallurgiya Nazirliyinin idarə rəisi, kollegiya üzvü, Stalinin geologiya məsələləri üzrə müşaviri, geologiya-minerologiya elmləri doktoru, SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü kimi şərəfli mərtəbələrə aparıb çıxarır. SSRİ-nin, eləcə də dünyanın 10-dan çox ölkəsinin zəngin mədənlərinin kəşfi, tədqiqi, işlənməsində misilsiz xidmətlər göstərir. Vətənini sevən, ailəsinə bağlı nəcib insan olan Ə.Əmiraslanov sovet geologiya elminə əvəzsiz töhfələr verir, keçmiş sovetlər ittifaqından kənarda da xalqımızı, onun intellektual səviyyəsini ləyaqətlə təmsil edir. Ə.Əmiraslanovun Stalin, Beriya, M.C.Bağırov, sovet elminin başında duran bir çox alimlərlə münasibətlərini əks etdirən sətirlər xüsusilə mənalıdır. M.C.Bağırov onu bir neçə dəfə Azərbaycan Nazirlər Soveti sədrliyinə, Elmlər  Akademiyası prezidentliyinə israrla dəvət etsə də, o bütün ruhu ilə bağlı olduğu elmi fəaliyyəti, geoloq-mühəndisliyini üstün tutmuş, Azərbaycan elmini Moskvada və xaricdə təmsil etməyi qərara almışdır. İttifaq əhəmiyyətli çoxlu qurumda yüksək ranqlı vəzifə daşıyan, bir sıra beynəlxalq konqres, qurultayların əsas təşkilatçı və məruzəçilərindən olmuş alimin genişmiqyaslı biliyi, elmi və əməli araşdırmalarının nəticələri  kitabın xüsusi bölməsində əks olunmuşdur. Ə.Əmiraslanov cəmi  62 il yaşamış, Moskvada «Novodevicye» qəbristanlığında dəfn edilmiş, özündən sonra onlarla sanballı elmi əsər,  layiqli yetirmələr, xalqımızın adını ucaldan ləyaqətli övladlar qoyub getmişdir.
Əli Əmiraslanovun böyük türk şairi Nazim Hikmət, onun azərbaycanlı tədqiqatçısı Əkbər Babayev, bir çox görkəmli alimlərlə dostluq, akademik Həmid Araslının ailəsi ilə qohumluq münasibətlərinə həsr olunmuş səhifələr də ibrətamizdir.
Ə.Əmiraslanov əsl azərbaycanlı idi. Kitabda bu barədə yaddaqalan ştrixlər vardır. O, ətrafındakıların anlaya bilməyəcəyi halda heç vaxt spirtli içki qəbul etməz, donuz əti yeməzdi. Uşaqlarına daim azərbaycanlı olduqlarını xatırladar, doğulduğu yer-yurd, qohum-əqrəbalar haqqında danışarmış. Dövrün, zamanın gətirdiyi ürək ağrıları bu fədakar insanı çox tez yaxalamış, son nəfəsində ətrafına toplaşanlara-onların arasında 2 qızından heç biri olmasa da, hamısı rus olsa da, təəccüblərinə rəğmən son sözlərini Azərbaycan dilində söyləmiş, bir neçə dəfə «əlvida» deyərək gözlərini əbədi yummuşdur.    
Əli Əmiraslanovun mənalı ömür yolu, həyatı XX əsrin  mühüm  tarixi hadisələri fonunda (Böyük Vətən müharibəsinin, Stalin repressiyalarının insanlara gətirdiyi fəlakətlər, QULAQ-ın sağalmaz fiziki-mənəvi əzabları, Stalinin dəfn günündəki basırıqda da minlərlə insanı ölümün ağuşuna  çəkib aparması və s) yaddaqalan fakt və detallarla, sadə və asan dildə qələmə alınmışdır və heç şübhə yoxdur ki, bütün bunlar maraqla qarşılanacaq, oxucuda zəngin təəssürat yaradacaqdır.
Təəssüf ki, bu günkü nəsil tariximizin yaxın dövrlərində yaşamış bir sıra dəyərli insanlar, onların fədakar fəaliyyəti haqqında məlumatsızdırlar. Kitabda bu nəslin nümayəndəsi Mehbalı Əmiraslanovun da portret çizgiləri xüsusi məhəbbət və canlı boyalarla təsvir edilmişdir. O, tanınmış metallurq, inşaatçı, gözəl təşkilatçı, sədaqətli dost, böyük istedada və tükənməz enerjiyə malik bir adam olub. O da Moskvada Mədən Akademiyasını bitirdikdən sonra Leninqradda çalışmış, sonra isə ixtisaslı mütəxəssislərin çox qiymətli olduğu bir dövrdə Azərbaycana qayıdıb bir sıra məsul vəzifələrdə işləmişdir. 1939-cu ildə Toxuculuq Sənayesi xalq komissarı təyin edilmiş, müharibənin əvvəlində isə Azərbaycan KP MK-nın tikinti üzrə katibi seçilmişdir. Böyük Vətən müharibəsində süvari korpusunun komissarı və atıcı diviziyanın siyasi şöbəsinin rəisi kimi iştirak etmiş, müharibə bitdikdən sonra isə onun «Zaqafqaziya-sənayetikinti» trestinin yaradılmasında böyük əməyi olmuşdur. Faşist Almaniyasının təslimindən sonra o, məhsulu respublika üçün böyük əhəmiyyət kəsb edən Qaradağ Sement Zavodu da daxil olmaqla, Azərbaycan müəssisələri üçün qənimət avadanlıqların gətirilməsi işini məharətlə təşkil etməyi bacarmışdır.  Sumqayıt boru-prokat zavodunun qurucusu və ilk direktoru vəzifəsindən Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, yenidən Mərkəzi Komitə katibi, büro üzvü, SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı kimi zəngin ömür yolu keçmiş, ölkəmizdə çox dəyərli işlər görmüş, prinsipial, yüksək təşkilatçılıq qabiliyyətinə malik dövlət və ictimai xadim kimi tanınmışdır. Mehbalı Əmiraslanovun   portretinə güzgü tutan, yaşlı adamların indi də yaddaşında olan bir hadisə kitabda da yerini almışdır. Mir Cəfər Bağırovun məhkəməsində yalnız M.Əmiraslanov onun fəaliyyətinin ancaq yaxşı cəhətlərindən danışmış, üzünə durmamışdır. O, neçə-neçə dəyərli insanı Stalin repressiyasının cəngindən xilas etmişdir. Kitabda bu iki şəxsiyyətin bənzərsiz qardaşlıq məhəbbəti təsirli detallarla əks olunub. «Atam rəhmətə gedəndə Mişa əmimin bu ağır itkidən necə sarsıldığını, bir andaca qocaldığını öz gözlərimlə gördüm».
Keçmiş SSRİ, Rusiya və Azərbaycan yazıçılar ittifaqlarının, Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, ərəb, ingilis, fransız, italyan, rus, alman, ispan, çex, Azərbaycan dillərində çapdan çıxmış povest, hekayə, publisistik məqalələrdən ibarət kitabların müəllifi Elvira Araslının «İnsan və onun yaşadığı zaman» (atam haqqında xatirələr )» kitabı ötən il «Nurlan» nəşriyyyatında rus dilində işıq üzü görmüş, bu günlərdə Əmiraslanovun həmyerlilərinin təşəbbüsü ilə tərcümə edilərək «APOSTROF» Çap Evində yüksək poliqrafik tərtibatla ana dilimizdə nəşr edilmişdir. Nəşri rus dilindən tərcümə edən Tehran Vəliyev, redaktor Hacı Nərimanoğludur.
Elvira xanım 30 ildən çoxdur ki, həyat yoldaşının ( ədəbiyyatşünaslıq elmimizin patriarxı Həmid Araslının oğlu Elman Araslı ) diplomatik fəaliyyəti ilə bağlı az qala bütün şərq ölkələrində yaşamışdır. Artıq atasından da yaşca böyük olan, ömrünün ən müdrik çağlarını yaşayan Elvira xanımın 2003-cü ildə «Səudiyyə Ərəbistanı diplomatın həyat yoldaşının gözləri ilə» adlı kitabı rus, ərəb və  ingilis dillərində nəşr edilmiş, populyarlıq qazanmışdır. Əsərləri əsasında Azərbaycan, Rusiya və Səudiyyə Ərəbistanı krallığında televiziya filmləri çəkilmişdir. Əl işləri bir sıra ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilmişdir.
Haqqında bəhs edilən kitabın son sətirləri müəllifin və mənsub olduğu nəslin vətənə bağlılığını duymaq baxımından ibrətlidir. «Əminəm ki, gün gələcək atamın bütün ömrü boyu xiffətini çəkdiyi doğma yurdu qəsbkarlardan azad ediləcək və onun qızları, nəvələri, nəticələri əcdadlarımızın uyuduğu o torpağın görüşünə gedəcəkdir. Ata, sən də, sənin doğma Vətənin də həmişə qəlbimizdəsiniz».

               Hacı NƏRİMANOĞLU,
   «Azərbaycan» qəzeti, 25 aprel 2008-ci il