Zəngəzurun sonuncu Qazısı Bəhlul Behcət və onun “Qaçaq Nəbi tarixi” kitabı

22.06.2011, 525-ci qəzet

Zəngəzurun sonuncu qazısı, islamşünas, tarixçi, folklorşünas Bəhlul Bəhcətin 1930-cu illərdə yazdığı, 80 ildən bəri arxivdə saxlanan “Qaçaq Nəbinin tarixi” (vəsiqə və sənədlər üzrə)” kitabı çapdan çıxıb. 290 səhifəlik bu tədqiqat əsərinin müəllifi 1918-ci ildə Cihad Bəyannaməsi ilə xalqı rus bolşevik və erməni daşnaklarına qarşı mübarizəyə qaldırıb, özünün yaradıb rəhbərlik etdiyi fədailər dəstəsi ilə Laçınlı Sultan bəylə çiyin-çiyinə Rusiya, ABŞ, Fransa, İngiltərənin silahlandırıb dinc, əliyalın müsəlmanların kütləvi qırğınlarına rəvac verdikləri Andronikin 30 minlik qoşununa qarşı əlində silah mücadilə aparıb,


24-cü ildə tutularaq birinci dəfə tam 10 il Bayıl həbsxanasında saxlanıb, M.C.Bağırovun şəxsi israrına rəğmən sovet hakimiyyətini qəbul etməsə də, həbsxanada onun zəkasından istifadə edilib, ərəb, fars, rus dillərini kamil bildiyindən elmi-fəlsəfi, siyasi ədəbiyyatlardan tərcümələr etməyinə şərait yaradılıb, 1934-37-ci illərdə Azərnəşrdə və Az.RAİ-nin ədəbiyyat bölməsində çalışıb, bu illərdə Quranı, “Şahnamə”ni ilk dəfə orijinaldan dilimizə tərcümə edib, 1922-ci ildə Tehranda fars dilində, ötən il isə Azərbaycan dilində nəşr edilən “Məhəmməd Peyğəmbərin və ailəsinin tarixi” kitabını yazıb, “Qarabağ tarixi”, “Nizami və Qafqaz folkloru” və digər fundamental tədqiqatları tamamlayıb, Sarı Aşıq, Nəbati yaradıcılığını toplayıb tədqiq və nəşr etdirib. Təəssüf ki, Bəhcətin Azərbaycan tarix və ədəbiyyatına dair əlyazmalarının bir çoxu itib-batıb, tərcümələri özgə adlarla çıxıb. Hüseyn Cavid, Salman Mümtaz, Əli Nəzmi, Əmin Abid, Əhməd Cavad, Əlağa Vahid və bir çox müasirləri ilə sıx ünsiyyətləri olan, ziyalılar arasında adı hörmətlə Bəhlul Əfəndi deyə çağırılan ədib (Bəhcət təxəllüsüdür, ərəbcə “gözəllik”, “nəciblik” mənalarını verir) 15 mart 1938-ci ildə 3 aylıq həbsdən sonra kamil iman əhli olaraq əqidəsindən dönmədiyinə, sovetləşməyə qarşı olduğuna, Zəngəzur camaatını Cihada çağırdığına görə NKVD üçlüyünün qərarı ilə güllələnib. Məzarının yeri bəlli deyil.  qn1

Qaçaq Nəbi olduğu kimi

Azərbaycan xalqının ən çox sevdiyi, vəsf etdiyi Qaçaq Nəbinin həyatı və mübarizəsini əks etdirən ən etibarlı, bitkin, dolğun mənbə, heç şübhəsiz, Bəhlul Bəhcətin bu əsəridir. Ona görə ki, müəllif Qaçaq Nəbinin müasiri, həmyerlisi, onu və dəstəsindəkilərin əksəriyyətini yaxından tanıyan, görüşüb söhbətləşən, mübarizəsinin məramını yaxşı bilən müdrik insandır. Bəhlul Əfəndinin araşdırıcı kimi tədqiqat subyektinə yanaşma metodu, mövqeyi bir çox müasirlərindən fərqli olaraq tamamilə düzgündür, inandırıcıdır, obyektivdir: “Qaçaq Nəbi tarixini müxtəsər də olsa yada salanlar olmuş olsa da, lakin bir qədər yalan-yanlış və qeyri-təbii halda nəzərə çatdırıldığından o qədər də uğurlu alınmamışdır...Biz Qaçaq Nəbi tarixini nə əfsanələrlə dolu qeyri-təbii hadisələrin bir-birinə quraşdırılmış macəralar yığını hesab edirik, nə də Qaçaq Nəbini “olmayan sərgüzəştlər” qəhrəmanı və ya xalqı əyləndirici hekayələr sahibi “Don Kixot” kimi tanıyırıq. Biz Qaçaq Nəbini həyatın ziddiyyətləriylə mübarizədə şöhrət qazanmış bir amil hesab edirik və onun həyat-mübarizə tarixinə də bu baxımdan yanaşmağı lazım bilirik”.

55 başlıqda verilmiş fakt, detalın hər biri Qaçaq Nəbi hərəkatının mahiyyətini, fərdi şücaətinin, igidliyinin konkret bir səhifəsidir: “Qaçaq Nəbinin Xinzirəyə hücumu və Bedrus bəylə keşişi öz evində öldürməsi”, “Qaçaq Nəbinin dağbəyi Ginkor Qrikoru öldürməsi”, “Xuçmanski Lütvəli bəyi öldürməsi”, “Nəbinin qardaşı Mehdinin Ordubadın Qarçevan kəndində ermənilər tərəfindən öldürülməsi”, “Maltəpə Sarımsaqlıda Naxçıvan naçalniki Slovenki və Zəngəzur naçalniki Səlim bəylə döyüşü”, “Əliquluşağında erməni tacirlərin xəyanəti və öldürülməsi”, “Çətəndaşda savaşı və Telli Qaranın vurulması”, Güllü Pir, Qoparandağ, Qısırdağ davası, Kürdlər kəndində, Ərikli dağ, Murov, Dikpilakanda və digər savaşların hamısının iştirakçıları, şahidləri, söyləyənlər, savaş yerlərinin dəqiq coğrafiyasına qədər hamısı kitabda yerbəyer, adbaad göstərilir. Qaçaq Nəbinin qaçaqçılıqdan əvvəlki həyatı (“ Yurdu”, “Nökərçilik”, “Ailə vəziyyəti, “Qaçaqçılıq və onun ümumi səbəbləri, “Xalq Qaçaq Nəbiyə nə cür baxırdı”, “Qaçaq Nəbinin 1-ci dəfə tutulması”, “Qaçaq Nəbinin 2-ci dəfə tutulması”, “Həcərin 1-ci dəfə tutulması” və s.) sadə, aydın, dəqiq boyalarla göstərilir.

Xalq qəhrəmanının və Həcərin fiziki görkəmi, boy-buxunu (təəssüf ki, bizim kinoda gördüyümüz, yaddaşımızda da çox zaman eləcə canlanan Nəbi-Həcərin tamam əksi olan!) canlı təsvirlə oxucu gözləri önündə canlanır: ”Nəbi gödək boylu, yığcam cüssəli, zirək və yüngül hərəkətli bir oğlan idi. Nəbi qorxu nə olduğunu bilməzdi, onun bütün hərəkətləri mətin və qüvvətli bir iradənin səmərəsi idi. Həcər qarayanız, yəni qaraya yaxın qarabuğdayı rəngdə çöhrəyə malik sağlam bədənli xoşsima bir qadın idi.”

Nəbinin mənəviyyatını, əxlaqi keyfiyyətlərini səciyyələndirən sətirlər də inandırıcıdır, çünki bu xarakterlər bir çox konkret hadisələrdə özünü büruzə verir: “Nəbi öz hərəkətlərində namus və iffətli olub ondan xalqın əxlaqına və qeyrətinə toxunan bir əməl çıxarmazdı. O, qadına hörmət barəsində çoxdan çox ehtiyatlı idi, qadına toxunmazdı. Yoldaşlarına qarşı çox diqqətcil və qayğı göstərən idi. Nəbi öz yoldaşlarına gizli oğurluğu qadağan etmişdi, onun bütün qarətləri müəyyən bir məqsədlə olurdu. O yolları kəsərək hər gələn-gedəni soymaq işindən uzaq idi. Təsadüfi yol kəsmək onların işi deyildi”.

Bəhlul Behcət bu xalq qəhrəmanlarının milli, etnik kimliyinə dair yer alan mübahisələrə, guya onların kürd olmasına dair yazılanlara məqamında dürüst qiymət, dəqiq bilgi verərək yazır: “Aşağı və Yuxarı, hər iki Mollu türk qövmünə mənsubdur”.

İrandan Şuşaya qaçaq mal daşıyan tacirlərə 10 il mühafizlik, bələdçilik, nökərçilik etmiş etibarlı, qorxubilməz kəndçi balası Nəbinin danışığı da sadə, təbiidir, dialekt, şivə sözləri müəllifdə olduğu kimi saxlanıb:” Nəbi atlılara tərəf çağırıb dedi:-ey binamuslar, yenə düşmüsünüz Mahmudun dalına şotdadırsınız. Adınızı bəy qoyub camaatı yığıb tökürsünüz mənim üstümə...Adə, ay kürd, mənə güllə atmasanız da, o dılğır bəylərə də qoşulmayın! Nəbi bu davada divan atlısını çox kürşütdü” və sair.

Təkcə Qaçaq Nəbi (1850-96) ömrünə yox, həm də bütövlükdə XIX əsr Qarabağ-Zəngəzur tarixinə, coğrafiya, etnoqrafiya, məişətinə güzgü tutan bu kitabın mətnini hazırlayan və ön sözün müəllifi professor İsrafil Abbaslı ilə elmi redaktor və naşir tarix elmlər namizədi Əlağa Cəfərova nəcib əməllərinə, zəhmətlərinə görə təşəkkürlər düşür.

Qaçaq Nəbiyə xalq məhəbbətinin səbəbi

Bəhlul Bəhcət həm də Nəbinin şəninə xalqın qoşduğu çox sayda şeirlərin də ilk toplayıcısı olub, bu qəhrəmanların xalq tərəfindən bu qədər çox sevilməsini, adına çox miqdarda şeir, mahnıların qoşulmasını da həm igidliyi, həm də kəndlilərə qəlbən yaxınlığı, xeyirxahlığı ilə bağlayır; ...kasıb bir ailə var-yoxunu satıb nişanlı tək oğluna verir ki, gedib Şuşadan sevgilisinə toy hədiyyələri alıb gətirsin, toy günü də təyin olunub, qayıdanbaş yolda oğrular oğlanı yağmalayır, ailənin başçısının ümidi tək Nəbiyədir, dağlara çıxır, Nəbini tapır, əhvalatı danışır, Nəbi, Həcər sonuncu pul, qızıllarını kişiyə verir, toya qalan 3 günü də oğrunun tapılmasına sərf edir, oğruları tapıb şey-şüylərlə birlikdə haqlı cəzalarını almaları üçün toy gedə-gedə əlləri bağlı pristavın yanına göndərir....onun üstünə göndərilənlərin bir çoxu aldanmış, şirnikləndirilmiş kəndli cavanlar olardı, Nəbi həmişə tapşırarmış ki, onların atların vurun, özlərin yox ...qəndi, çayı, duzu müsəlman kəndlərinə ermənilərdən 5-6 qat baha satan erməni tacirlərinin İrandan gətirdikləri qaçaq malının bir hissəsini alıb Padar düzündə aclıq çəkən kasıb camaata payladır...Yüzbaşının öz nəfinə yığdığı vergini camaata paylayıb yüzbaşının möhürü ilə borclarını tamam ödədiklərinə dair sənədlərin yazıb verir...Atları tara düşüb qalanda bir neçə gün pay-piyada yol gedirlər, kasıb insanlar öz atların onlara vermək istəyəndə deyir: “Əgər mən camaat atı aparsaydım, bu qədər yolu burayacan piyada gəlməzdim, sizin atınız mənə lazım deyil. Siz mənə mülkədar atlarının yerin göstərin”.

Müasir tariximizdən çox da uzaq zamanda durmayan bu qəhrəmanının dəstəsindəkilərin sayı heç zaman 20 nəfərdən artıq olmayıb, lakin bu qaçaq dəstəsinin sayca 10-20 dəfə artıq düşmən üzərində qələbələrinin birinci uğuru onların qoçaqlıq, igidliyində, digəri xalqın onlara arxa, dayaq durmasında (“Nəbi Dəmirçilərli Bədəl Şəfi oğlunun evində”, “Nəbinin kəndlilərlə səmimi əlaqəsi” və s.), Nəbiyə Osmanlıdan hədiyyə göndərilmiş “Aynalı” tüfəngi, Rüstəmbəyovun ilxısından seçdiyi cins Bozatında idisə, o biri yandan da Nəbinin dəfələrcə sınaqdan keçirdiyi savaş, döyüş taktikasında idi: “Nəbinin hərəkət və fəaliyyəti üçün dağlıq yerlərdə olub ətrafında möhkəm sığınacaq rolun oynayan qayalar və dağlar olan ərazilər əlverişli idi, açıq və düzənlik yerlərdə qalmaq Nəbi üçün heç əlverişli deyildi, qorxulu idi....Qaçaq Nəbinin üsyançı bir qaçaq olduğu o qədər mühüm əsaslara şamildir ki, onun kimi ikinci bir Nəbini Azərbaycan məmləkətində xatırlamaq çətindir. O çar hökumətindən qaçmışdı. Ona Naxçıvanda baş verən bir olay üstündə haqsız yerə 8 il katorqa cəzası verilib Şuşaya aparılarkən sıldırım dağ keçidindən qolubağlı üzüaşağı özünü atmışdı. Onun qaçmasına səbəb şəxsi arzu və fərdi cinayət üstündə olmamışdı.”

Nəbi hərəkatının motivi və mahiyyəti

Son abzasa bunları da əlavə edək: ”Qazaxda, Gəncədə, Qarabağda, Bakıda bir çox mahallarda çar hökumətinin dəhşətli qanunlarına qarşı etirazlar, üsyanlar olsa da, onların qaçaqlıq dövrü və göstərdikləri fəaliyyətləri Nəbinin qaçaqçılıq hərəkatında olan hadisələri bir yekun olaraq nəzərdən keçirdikdə çar hökuməti Azərbaycanı işğal etdikdən ta son mərhələsinədək onun kimi bir qaçaq gözə çarpmayacağı aydın olacaq, kəmiyyət və keyfiyyətcə heç biri Qaçaq Nəbinin fəaliyyət və hərəkatına bənzəməyir....Çar hökuməti Qafqazı işğal etdikdən ta Qaçaq Nəbinin zamanınacan Nəbiyə oxşar bir qaçaqçılıq hərəkatı görməmişdi. Qaçaqlar çox olmuşdusa da, Nəbi kimi mütəşəkkil və çox uzun zaman davam gətirə biləni olmamışdı. Qaçaq Nəbidən başqa bu qədər mütəşəkkil başqa heç bir qaçaqlıq fəaliyyətini təsəvvür etmək imkanı yoxdur. Belə qüvvətli və mütəşəkkil hərəkat və bununla bərabər tutduğu yol və gözlədiyi məqam olduqca xarakterik bir hərəkat ancaq Nəbiyə məxsusdur”. Nəbinin əsil düşmənlərinin urus, naçalnik, pristav, saldat, kazak, erməni olduğu xalqın ona qoşduğu mahnılarda da öz əksini tapıb:

Qazamata çəkib urus hasarı,

Dörd yanı çevrəmə qurulub barı.

Nəbinin sədası düşüb hər yana,

Naçalnik, pristav oldu yan-yana.

Qazamatın yanı tökmə qaladı,

Saldat da bir yandan yaman bəladı.

Üçtəpə düzündən qopubdur sazaq,

Düzülüb qarovul saldatla kazak.

Nəbinin birçəyi oyma-oymadı,

Qırdı saldatları, birin qoymadı.

Həcər xanım heç Nəbidən doymadı.

Bu davada Nəbi tufan eylədi

Kazakları qırıb fiğan eylədi.

Burda Nəbi yenə bir ad eylədi

Erməni Ginkuru bidad eylədi

və sair.

“Nəbi qardaşını öldürən ermənilərdən Mehdinin intiqamını almaq üçün çox çalışdı, ancaq onu öldürənlər çar hökumətinə bağlı naçalnik, pristavların təhriki ilə aradan çıxmışdılar.

Bəhlul Bəhcətin “Qaçaq Nəbinin fəaliyyətinin yekunu”nda gəldiyi qənaətlər eynən başqa bir müasiri-Azərbaycan istiqlal məfkurəsinin və dünyəvi, demokratik Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin “Azərbaycan tarixində qaçaq hərəkatı” məqaləsindəki dəyərləndirmələri ilə üst-üstə düşür: ” Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir....Nəbinin əsas düşmənləri çar rejimi, xanlar və bəylər idi. O bu mübarizədə kasıbları və onların hüquqlarını müdafiə edirdi. Nəbinin mübarizə apardığı ərazi Zəngəzur və Naxçıvan vilayətləri idi. İstismarçı imperializmə və rus çar rejiminə qarşı mübarizə aparan qaçaqlara xalq yaxından köməklik edir, onlarla fəxr edirdi. Xalq onları ərzaqla təmin edir, yeri gəldikdə gizlədirdi. Nəbi uzun müddət rus kazakları ilə vuruşur, sıxışdırıldığı zaman İrana və Türkiyəyə sığınırdı. Çar idarəsi bu hərəkatı yatırtmaq üçün bütün vasitələrə əl atırdı...dastanlarda “Nəbi urusları burda qoymadı” misrası olduqca çox işlədilir. 1896-cı ilin mart ayında Nəbi Kərbaladan dönərkən Türkiyə ilə İran sərhəddi arasında olan Larni kəndində rus cəsusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olur. Nəbinin xatirəsi indi də Azərlərin qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar söylənilir” (www.rasulzade.org).

Bəhlul Bəhcət tez-tez arxivlərindən əldə etdiyi sənədlər, yazışmalardan da nümunələr gətirir, Nəbinin artıq Rusiya və İranın başağrısına çevrildiyini faktlarla göstərir.

Həcərin Nəbidən sonrakı həyatı

“Həcər Nəbini İranda el adətiylə dəfn edib Zəngəzura geri dönür, qohumlarının yardımı ilə bir müddət gizli yaşayır, sonra üzə çıxıb Aşağı Molluda Nəbinin yaxın qohumu olan Həmzə adlı gənc bir çobanla ailə qurur, yaşayır, Nəbidən övladı olmamışdı, Həmzədən övladı olur. Həcər bütün ömrünü Nəbi ilə keçirdiyi günləri xatırlamaqla başa vurdu”. Bu məlum fakt tədqiqat, araşdırma kitabında bir neçə dəfə yada salınır. Qeyd edək ki, Həcər 1914-cü ildə 54 yaşında dünyasın dəyişib. Başdaşına əksi həkk olunmuş məzarı Qubadlının Aşağı Mollu kənd qəbiristanlığında dururdu. Nəvəsi Əliş kişi Böyük Vətən Müharibəsində igidliklər göstərib sinəsi orden-medallarla dolu qayıtmışdı, 93-cü il avqustun 31-də Qubadlını müdafiə etməli olan (!) 7 batalyon bütün silah, döyüş sursatı ilə bərabər yuxarıdan verilmiş əmrlə açıq-aşkar xəyanətlə rayon ərazisindən çıxarılandan sonra kəndlərdə qalıb ermənilərlə döyüşlərdə Şəhid olanlardan biri də Həcər yadigarı Əliş kişi idi. Çoxlu övladları var.

Acı təəssüflər olsun ki, Qaçaq Nəbi ilə Həcərin 2 oğullarının – Xəlil, Ələkbərin olduğu, Türkiyədə yaşadığı, onların törəmələrinin, torunlarının bu gün də qardaş ölkədə və onun dışında dədə-nənələrinin şərəfli  adını yaşatmasından 100 il Azərbaycan xalqı xəbərsiz olmuşdur. Bu soyun dəyərli övladlarından biri hazırda Avstraliyada yaşayan Mehmet Erturan illərdir facebook.com dostluğumdadır və onun Qaçaq Nəbi-Həcər adına nə qədər sayğın olduğunun şahidiyəm. Bu nəslin davamçıları haqqında ayrıca məqalədə bəhs edəcəyəm. 

1988-ci ildə “Aydınlıq” qəzetində çıxmış “Elin bu günündə gələydin, Nəbi” başlıqlı, “Gənclik” jurnalının may 89-cu il nömrəsində “Yaddaş” başlıqlı yazılarımdan üzübəri “Qubadlısız 16 il” (“Nurlan”, 2009) kitabımda da gedən, Həcərin 80-ci illərə qədər sağ-salamat yaşayan həmyaşıdları, onu görüb tanıyan qonum-qonşularını dinləyib yazdığım bu sətirləri eynən buraya köçürürəm: “...Nəbidən sonra da köhnə düşmənlər 30 yaşlı Həcəri rahat buraxmırdı, hələ də gəncliyini, şuxluğunu özündə saxlayan, tənha yaşayan dul qadının adına müxtəlif böhtan, şər-şəbətə uydurub yayırlar. Bu da həm Həcərə, həm qohum-əqrəbasına çox toxunur. Kəndin qeyrətli kişilərindən olan qohumu Həmzənin ömür-gün yoldaşı rəhmətə gedibmiş, övladı ilə tənha qalırmış. Bir axşam Həmzə qabağında qoyun-quzusu yolağanın ağzından keçəndə çağırır: “Ay Həmzə, burdan gəl, bu mitil bükülüsün də at çiyninə, arxamca gəl”. Həmzə bu kişi qeyrətli qadın necə deyirsə, elə də eliyir. Düz gəlib girir Həmzənin həyətinə, qonşudan da bir neçə nəfər ağsaqqal-ağbirçək çağırır, Nəbiynən ev sahibəsinin ruhuna Quran oxutdurur, sonra deyir: “Ay ellilərim, siz Allah şahidisiniz ki, mən Nəbini necə istəmişəm, ömrümdə xəyalıma da gəlməzdi ki, Nəbidən sonra kiminsə adın tuta bilərəm, amma neynim, görürsünüz ki, bu namərdlər mərdi də qova-qova namərd eliyəndilər, təzədən dağa-daşa düşmək də çox gecdi, bunu da Nəbinin, özümün ad-sanın qorumaq xatirinə eliyirəm, ay molla, mənim kəbinimi bu şahidlərin iştirakı ilə kəs bu Həmzəyə, day bu gündən Allahın izniynən oluram bu yetimlərin analığı, Həmzənin halalı”. Həcərin Həmzədən bir qızı da olur. Nəvəsi, 2-ci dünya müharibəsinin veteranı, əlili olan, orden-medallı Əliş kişi doğma kəndini, yurd-yuvasını tərk eləmir, tüfəngini götürüb öz məhləsindəcə erməniləri gözləyir, öldürür də, özü də şəhid olur – 93-ün 30 avqustunda. O rəhmətliklə “Qaçaq Nəbi” kolxozunda taxıl təhkimçisi olanda çox söhbətlərim olmuşdu, yaşlılardan eşidib öyrəndiklərimi ona da danışmışdım, demişdi ki, hamısı düzdü, elə deyilən kimidi...”

Məhəmməd Əmin Rəsulzadə yazır: “Çar idarəsinin qaçaqların ailəsinə etdiyi zülm heç bir insanlığa, heç bir ədalət qanunlarına sığmırdı. Şair Zakiri təhqir etmək üçün Şuşanın komendantı Tarxanovun onun arvadını bir rus kəndlisinə ərə verməsi Azərbaycan tarixində yaddan çıxmayan hadisələrdəndir. Bəzi qaçaq arvadlarının rus əsgərlərinin təcavüzünə məruz qalması hələ də yaddan çıxmamışdır. Bu barədə “Azərbaycanda yeniləşmə hərəkatı” adlı kitabımızın “şair Zakir” bölümündə məlumat vermişik”( www.rasulzade.org). Əlavə şərhə ehtiyac varmı?!

Xəyanət davam edir...

Həcər xanımın 20 ildən bəri əsirlikdə, qəriblikdə qalan biz Azərbaycan kişilərindən onsuz da incik ruhunu son illərdə əvvəl bir rəhmətlik şairimiz incitdi, düzdü sonra nə qədər yanlış səhvə, günaha batdığın anlayıb üzürün xalqdan dilədi. Ancaq bu lafı bu yaxınlarda boyu iddiası, ağlı gödəni ilə tərs mütənasib yazıçımız radio çıxışında təkrar elədi; guya Həcər Nəbidən sonra erməniyə ərə gedibmiş... Təəssüflər olsun ki, Azərbaycanda bu gün səsi gur çıxanların bir çoxu elə Nəbi-Həcər kimi qeyrətli vətən övladlarının qəsdinə duran, sifariş alan, imkan düşən kimi arxadan vuran rus Slovenski, fars Əmir Bahadır, erməni Arzumanyan, sapı özümüzdən olan baltalar-var-dövlət hərisi Şahhüseyn kimilərinin dop-doğmaca törəmələridir. Nə edək, biz də belə qövmük, ona görə də cəzamızı çəkirik!

...Nəhayət Peterburqdan Tiflisə gələn qəti təlimat üzrə içində fars, rus casusları, başda salmaslı Arzumanyan olmaqla bütün qüvvələr birləşir, həlqə daralır, xəyanət öz işini görür, əvvəlcə ən yaxın, sadiq silahdaşları bir-bir aradan götürülür, ən etibar etdiyi Şahhüseynin şəxsən İran şahzadəsi Əmir Bahadırın elçisi ilə gizli görüşü təşkil edilir, xan titulu, bir neçə kəndi torpağı qarışıq ona verən imzalı fərmanı göstərilir, rus çarının qızıl medalı, hərbi rütbə, vəzifə vəd olunur. 15 ildən çox ələkeçməz, gülləbatmaz dağlar qartalına çevrilən Nəbi İranla Türkiyə arasındakı bir kənddə tələyə düşür. “Qaçaq Nəbi ilə açıqdan açığa mübarizədə aciz qalmış çar hökuməti məmurları, xüsusilə də Zəngəzur mahalı naçalniki Səlim bəy yeni iş üsulu fikirləşib Nəbini tamam yox etmək, ya da onun qüvvəsini zəiflətmək qəsdinə düşmüşdü. Bu üsul Nəbi ilə yoldaşları arasında fitnəkarlıq törətməkdən ibarət idi. Nəbi də, Həcər də Şahhüseynin düşdüyü fikirdən xəbərdar ola bilməzdi. Belə xəyanət onların xəyalına da gələ bilməzdi.... Məşədi Paşanın Dəhvardəyirman kəndində həmişə düşdükləri evdə qonaq olur, gecə xeyli keçənədək onu qonaq saxlayır, gecə vaxtı burdan çıxıb Larni kəndinə yollanırlar. Şahhüseynin arxadan atdığı güllələr gecənin qaranlığında Nəbinin həyatına son qoyur. Nəbinin ömrünün 46-cı baharı, gecə saat 2 radələri idi...Həcər onu nahaq yerə evdə gözləyirdi. Həcər o gecə sabahadək yatmadı, Nəbini gözlədi, amma Nəbi gəlmədi. O artıq yox idi.” (səh 225).

Ortada olan fakt budur ki, Azərbaycan xalqı heç bir qəhrəmanına Nəbi, Həcər qədər sevgi göstərməyib, 140 ildən çoxdur Vətənimizin cənubunda, şimalında, Kərkükdə, Anadoluda ən çox sevilən, oxunan, dinlənilən populyar xalq mahnılarından bir çoxunda Qaçaq Nəbi ilə Həcər vəsf edilir (ən böyük xanəndəmiz Xan Şuşinskidən başlamış, Kamil Cəlilov, Aşıq Əsəd, ustad ozan Nevid Müsmirədək) və “Qaçaq Nəbinin tarixi”ndən görünür ki, bu sevginin həqiqətən də real tarixi, mənəvi kökləri var. Belə ümumxalq sevgisi hər kəsə nəsib olmur.

Və bir də dünya qaçaqçılıq tarixində bənzər nümunəsi olmayan Qaçaq Nəbi ilə Həcərin Azərbaycanın heç yerində abidəsi yoxdur, təkcə Qubadlıda vardı, 20 ildir ora da yoxdur...Elin bu günündə gələydin, Nəbi!

(bu məqalə Bəhlul Behcətin “Qaçaq Nəbinin tarixi” kitabına yazılmış Son Sözdür)

Hacı NƏRİMANOĞLU,

“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü