Həmişə işıqlıqda, Mingəçevir! -Bir xəbərin xatirəsi

 

“AzərTAc-da 15 il” silsiləsindən 2-ci yazı.

Əyalətlərdə, paytaxtdan kənar şəhər və rayonlarda yaşayanların yadındadır; 1990-cı illərdə, 2000-ci illərin əvvəllərində ölkədə qəribə bir energetika sıxıntısı, süni çatışmazlığı yaşanırdı, bütün şəhər, rayonlara işıq qrafiklə, 3-4 saatlıq fasilələrlə verilirdi, kəndlərdə bəzən günlərlə işıq olmurdu.  Mətbuat yazırdı ki, elektrik enerjisi Ermənistana, Gürcüstana ötürülür. Mingəçevir Cənubi Qafqazda istehsal olunan elektrik enejisinin 70 faizinə qədərini verirdi, həm SES, həm DRES  rəhbərliyi ilə mehriban münasibətlərim var, məndən heç nə gizlətmirlər, fakt odur ki, enerji istehsalında azalma yoxdur, rayonların bir hissəsi də işğalda, müəssisələrin böyük bir qismi SSRİ-nin digər regionları ilə əlaqələrin pozulması ucbatından dayanıb, enerji sərfiyyatı da təbii ki azalıb. Bəs işıq başqa hara gedə bilər ki, bu da elə məhsul deyil ki, istehsal edib anbara yığasan. Hələ ən yaxşı gündə olan Mingəçevir idi.

Qışın soyuğu, istilik-qızdırıcı sistemi yox, hamı əzbər bilir ki, şəhərin hansı hissəsində işıqlar saat neçədən neçəyə qədər sönülü olacaq, başının çarəsin qılırdı, kişilər utandığından evə gedə bilmir, arvad-uşağın üzünə baxmaq da olmur, qohum-əqrəba da yox ki, qrafikə uyğun qonaq gedəsən. İşıq yanan kimi böyük-kiçiyin sevinc səsi qalxırdı, hərə əlinə düşəni taxırdı, bir də gördün hardasa transformator od tutub yanır. Pis cəhətin biri də o idi ki, “Azərenerji”də səfeh sistem qurulmuşdu, işığı verən, yanan mazutun hisini, tüstüsünü udan Mingəçevir, şəhər, rayonlara işığı bölüşdürən, satan Gəncədəki hansısa MMC. Son illər Azərbaycanın energetika sistemində bir neçə dəfə təkrar olunan, ağır iqtisadi, mənəvi zərərlərə yol açan qəzaların əsası 90-cı illərə gedib çıxırdı, SES və AzərbaycanDRES-dəki “yenidənqurma” adı altında gedən işlərin nəticəsi idi.

Yanvarın 31-i səhərdir. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının qəbul otağından Rumiyənin  şirin, mehriban səsi gəlir: -Hardasınız? –Otağımda. -Ramiz gəlir (İcra başçısı Məhəbbət müəllimin xidməti maşınının sürücüsüdür, nə vaxt lazım olsam, öz maşının arxamca göndərərdi, dostluq münasibətlərimizin nədəni barədə sonra ayrıca yazacam).

Kabinetə girməmiş qəbul otağında Rumiyənin canıyananlıqla “qardaşını yaman hirsləndiriblər səhərdən, nə isə səninlə bağlıdır”-sözün eşidirəm. Həmişəki görüşmək, otururuq, ancaq qarayanız sifətində qanqaraçılığı, əsəbiliyi aydın görünür, çayımız da gəlir, əlindəki “Azərbaycan” qəzetini mənə uzadır, dünən verdiyim xəbərin işarələmiş son abzasını  göstərir:- Qardaşını dara çəkiblər səhər tezdən...

Anlayıram məsələni, hiss edirəm ki, zərbəm ağır olub, yəni barıtı bir az artıq olub, təbii mən də çəkdiyimi çəkirəm...Yavaşca onu da deyir ki, dünənki o müşavirədə deyilən hər şey qərara, protokola salınmır ki, söz idi dedik orda qaldı. İşığın da yiyəsinin...onun satanı, alanı, BAYVA-sı kimindir, sən də bilirsən ki nə qədər əziyyət çəkirik işıq məsələsindən ötrü, aylıq yox, artıq həftəlik hesab istəyirlər limitimizi artırmaq üçün,  yuxarıdakılara neçə vaxtdır mən anlada bilmirdim ki, qışın bu soyuq, sazağında Mingəçevir kimi şəhəri elektriklə belə sıxmaq olmaz, burda o pul yoxdur, bura fəhlə, qaçqın şəhəridir...Dərhal da qoyublar ovcuna ki, Mingəçevirdə sosial partlayış gözlənilir, müşavirənin müzakirəsinə çıxarılıb, nə bilim nə...bilmirsən bunlar sözdən söz çəkirlər.

Təzədən könlümü almaq istəyir:- Sən öz işini görmüsən e, görüb eşitdiyini, faktı vermisən, istədiyindən yazmısan, nə biləsən ki belə həngamə qoparacaqlar...Tərs kimi bütün qəzetlər də verib, hamısı da gözə görünən yerdə.

Dünən verdiyim informasiyanı necə vermişəmsə AzərTAc da o cür buraxıb, dövlət qəzetlərinin də hamısı verib. O iki cümləlik son abzası nöqtə-vergülünüə dəymədən köçürürəm bura: “Ölkəmizdə istehsal olunan elektrik enerjisinin 65%-ni verən, 30 mindən çox məcburi köçkün, şəhid ailəsi, əlilin yaşadığı energetiklər şəhərində elektrik cərəyanının  fasilələrlə, məhdud cədvəllə verilməsi təəssüflə xatırladıldı. Müşavirə iştirakçılarının təkidli tələbi ilə qərar layhəsinə əhalinin  fasiləsiz elektrik enerjisi ilə  təminatında Gəncədə yerləşən “BAYVA” Qərb-Enerji MMC-nin yaratdığı süni problemlər barədə Nazirlər Kabinetinə təcili  məlumat verilməsi barədə  ayrıca bənd daxil edildi. AzərTAc. “Azərbaycan” qəzeti,  31 yanvar 2003-cü il.”

Qəzet əlimdə, nə deyəcəyimi bilmirəm. Bu dəmdə Başçının sosial-iqtisadi məslələrə baxan müavini Əli Qəniyev içəri girir,  üzü gülür:-“Azərenerji”nin baş dispetçeri, dalınca da Gəncə BAYVA-dan zəng elədilər ki, Mingəçevirin limiti ikiqat artırılır bu gündən...Sifətinə təbəssüm gəlsə də, hələ də acığı soyumayıb Məhəbbət müəllimin. Həmişəki kimi otaqdan çıxmağa hazırlaşanda özü qalxır yola salmağa, hökumət telefonu ilə zəng gəlir.-Dayan, görək bu kimdir?...Bu da Baş Nazirin müavinin köməkçisidir, o da Mingəverirlə bağlı xüsusi tapşırığın verildiyini Başçıya bildirir.

Bir az qanqaraçılıq yaransa da, hər şey ümumi işin xeyrinə olur. Mənə Qubadlıdan sonra ən doğma, əziz olan Mingəçevir  sakinlərinin qış mövsümündə işıq sarıdan problemləri xeyli azalır.

Mən 12 il yaşadığım bu şəhərə mənəvi borcumu ona ləyaqətli xidmətlə ödəməyə çalışdım; Azərbaycanda ən çox şəhid və itkin vermiş şəhərin 100-dən çox yetirməsi haqqında qələm dostlarımla birlikdə 4 kitab, silsilə foto-plakatlar hazırlayıb nəşr etdirdik, Mingəçevirin tarixi ilə bağlı 10-dan çox elmi-tarixi araşdırmalarım yayıldı.

Sözardı: AR Prezidenti yanında Bilik Fondunda işləyəndə (22.07.14-14.01.19) akademik Kamal Abdulla Dövlət müşaviri, həm də bizim kurator idi, işlətdiyi məşhur ifadəsi var idi: balığı tutdun, atdın dəryaya, elə et ki balıq da bilsin, Xaliq də, xalq da...(Yaxşılıq elə, at dəryaya, balıq bilməsə, xaliq bilər), yəni gördüyünüz, etdiyiniz işi  gizli saxlamayın.

Koronaviruslu günlərin evdə qalmaqlığı bu silsilədən bir çox xatirələrin yazılmasına səbəb oldu və “AZƏRTAC-da 15 il” xatirələrinin davamı olacaq.

Əziz oxucu, hələlik isə: evdə qal, sağlam qal, özünü, yaxınlarını, Vətəni qoru!

İndi əsas olan budur.

 Hacı NƏRİMANOĞLU https://525.az/news/145171-hemise-isiqliqda-mingecevir-bir-xeberin-xatiresi- 08.07.20