Şimali Azərbaycanın Rusiya tərəfindənn zəbt edilməsi

 XANLIQLARIN SONU, YOXSA ÖZ  SONUNU YAXINLAŞDIRAN  XANLIQLAR...

Osmanlı imperiyası və İran şahlığı , Azərbaycan xanlıqları və Gürcüstan ilə həmsərhəd idi və küllü miqdarda sərvti olan iki dəniz arasındakı  bu ərazilərdə hər birinin öz geosiyasi maraqları vardı. İngiltərə və Fransa çox uzaqda olsalar da Rusiya imperatorluğunun bu ərazi ilə bağlı geniş dağıdıcı planlarından xəbərdar idi. Avrasiya qitəsinin yarıdan çoxu rus imperatorluğunun əsgərlərinin tapdağı altında idi, avropalıların «jandarm imperiyası» adlandırdıqları bir imperiyanın sərhədlərini genişləndirməsinə Qafqazın, Gürcüstanın və İranın yeraltı, yerüstü sərvətlərini  ələ keçirməsin və daha da varlanmasını istəmirdilər. Rus generalları ordularını Qafqaza, Qara dəniz və Xəzər dənizi istiqamətinə yeritdikləri zaman Britaniya və Kral Fransanı öz aralarında danışıqlar apararaq Britaniya hərbi kəşfiyyatının polkovniki D.Malkolm başda olmaqla  nümayəndə heyətini gizli danışıqlar aparmaq üçün Tehrana göndərdilər.

Gənc yaşlarına baxmayaraq İngilis kəşfiyyatçısı bir neçə Şərq dillərində sərbəst danışırdı, rəsmi olaraq “Yaxın Şərq üzrə mütəxəssis”  adını almışdı. Polkovnik, Tehranda böyük müvəffəqiyyət qazandı. Avropa kralları və imperatorlarının nümayəndələri Şah məmurları ilə diplomatiya, hərbi və siyasi mövzuda müzakirələr apardılar. Eləcə də antirus koalisiyasının yaradılması və dərhal şimala, rus qoşunlarının qarşısının alınmasına doğru hərəkətə keçməyi qərara aldılar. Nə qədər ki, ruslar onların sərhədlərinə yaxınlaşmayıblar qarşılarını alsınlar. Tehran görüşlərində polkovnik Malkoln istər diplomat  istərsə də kəşfiyyatçı kimi öz bilik və bacarıqlarından yüksək dərəcədə istifadə etdi. Şərq dövlətlərindəki hakimiyyət nümayəndələrinin rüşvətxorluğuna və bahalı hədiyyələrə meyilli olduqlarına yaxşı bələd olduğundan, öz dövlətinin mənafeyi üçün küllü miqdarda pul xərclədi. Londonda Malkolnun  xidmətlərini yüksək qiymətləndirdilər. Onun apardığı danışıqların ölkə üçün çox səmərəli və xeyirli olduğu qeyd edildi. Nəticədə, İran Rusiyaya qarşı Qafqazda müharibə aparmaq üçün «üçtərəfli gizli müqavilə»ni imzaladı və antirusiya koalisiyasına qoşuldu. İngiltərə və Fransa İran ordusunu silah, sursatla, hərbi geyimlə, tibbi vasitələrlə və  ən əsası isə hərbi təlimatçılarla təmin etməyi öz üzərinə götürdü.

  Rusiya imperatoru I Aleksandr ilkin olaraq «Qafqaz əməliyyatı» adlandırdığı plan üzrə XIX əsrin elə ilk ilində bütün Gürcüstanı, Azərbaycan xanlıqlarını və Dağıstanı işğal etmək üçün bu işi tanınmış hərbçi, generalissimus Aleksandr Suvorova həvalə etmək qərarına gəldi. A.Suvorov hələ ötən əsrdə Avropanın demək olar ki, yarısını Osmanlı İmperiyasının əlindən alınmasında Rus ordusuna rəhbərlik etmişdi. Rus-Türk qan qarışığı olan general çox istedadlı və savadlı hərbçi idi. Eşidənlə ki, onu hər hansı bir ölkənin hərbçiləri ilə müharibəyə yox, Türkiyə və İran sərhədlərinin yaxınlığında yeni ərazilərin zəbt edilməsinə, işğal edilməsinə göndərirlər buna çox təəccübləndi. O, yerli silahsız əhali ilə müharibə edib onları öldürməkdən bu xalqların milli, dövlət quruluşunu ləğv edib onların torpaqlarını Rus imperiyasının sərhədləri daxilinə birləşdirməkdən imtina etdi. Təcrübəli generalissimus anlayırdı ki, döyüşləri  heç bir hərbi təlim görməmiş, bağda, bostanda çalışan yerli insanlarla, çobanlarla, əkinçilərlə aparmalı olacaq. Bu isə onu qane etmədi.

İmperator ,Suvorovun imtina etdiyini eşidib, buna çox təəssüfləndi və Qafqaz ərazisində aparılacaq müharibəni ,«Qafqaz əməliyyatı»nı özünə  sadiq iki generala Qafqaza və Azərbaycana yaxşı bələd olan Pavel Sisianova və çarın Gürcüstandakı canişini  Henrix Konqtinqə həvalə etdi. P.Sisianov öz cavanlığına baxmayaraq hələ ötən əsrdə komandan Zubovun müavini vəzifəsində olarkən  Azərbaycanın Quba və Bakı xanlıqlarında və Dağıstanda qanlı döyüşlərdə iştirak etmişdi. İmperiyanın Hərbi nazirliyində onun Qafqaz xalqlarını soyub talamaqda, vəhşicəsinə öldürməkdə tayı-bərabəri olmadığını yaxşı bilirdilər. O, əsil quldur, peşəkar cəllad idi və onun üçün  adi  vicdan , mövhumu yox idi  öldürüb məhv  etmək,  talamaq hər şeydən irəli idi.  Qafqazda yaşayan müsəlmanları öldürməkdən, onların günahsız qanlarını axıtmaqdan sanki həzz alırdı. Bu cəllad, əlinə yeni imkanların düşdüyünə, bundan sonra  buranın tək sahibi olacağına və istədiyi hökmü maneəsiz yerinə yetirəcəyinə çox sevindi. Artıq Zubov da yox idi, baxmayaraq ki, Sisianov onun müavini idi, ancaq elə onun vaxtlarında da o, Qafqazda iblis əməllərini həyata keçirirdi. İndi  isə o, tam sərbəst idi.  Ancaq o, yaxşı anlayırdı ki, hər bir qafqazlı ilə üz-üzə vuruşmalı olacaq, hər bir öldürülmüş insanla öz ölümünü də yaxınlaşdırdığını  başa düşürdü. Bu haqqda hələlik düşünmək istəmirdi. Dağlarda , dəniz sahillərində insanların qanını sel kimi axıdır, özünün də məhkəməsiz və hakimsiz ölümünün yollarını açırdı. Qafqaz ərazisinə gəldiyi ilk gündən insanları məhz bu yolla məhkəməsiz və hakimsiz məhv etmişdi.

Gəncə xanlığı alınandan və  Yelizavetpol adlandırıldıqlan sonra, Rus imperatorluğunun və generallarının genişmiqyaslı Qafqaz və Xəzər dənizi planları haqqında ingilis kəşfiyyatçısının verdiyi məlumatlara İran şahının heç bir şübhəsi qalmadı. Azərbaycan xanlarının ərazisinin, Xəzərin cənub hissəsinin tam işğalı ilə Rusiya bütöv Xəzər dənizinə sahib olurdu. Gürcüstanın işğalı ilə artıq Rus donanmasının gəmiləri Qara dənizdə sərbəst hərəkət edirdi. Dənizi ələ keçirmiş bir ordu üçün onun sahillərini də ələ keçirmək çətin deyildi. Bu böyük işğalın sadə əlifbası haqqında da «dənizlər ölkəsinin» kəşfiyyatçısı  Fətəli Şaha vaxtında xəbərdarlıq etmişdi .Fətəli şah 1804-cü il may ayının 26-da Avropanın aparıcı ölkələri ilə bağladığı müqaviləyə arxayın olub Şimali Azərbaycanda və İranın sərhədlərinə yaxın ərazilərdə hərbi əməliyyatların təcili surətdə dayandırılması və qoşunlarının Cənubi Qafqaz ərazilərindən çıxarılmasını rəsmi nota ilə I Aleksandrdan tələb etdi. Artıq dörd il Azərbaycan və Gürcüstan ərazilərində müvəffəqiyyətli döyüşlər aparan rəsmi Peterburq , Şahı çox gözlətmədi. Onun tələblərini qəbul etməyib «yox» cavabı verdi. Bundan sonra hadisələr daha sürətlə inkişaf etməyə başladı. Tehranda imperatorun cavabı məlum olandan sonra 10 iyun 1804-cü il tarixdə rəsmi Tehran özünün Peterburqdakı səfiri Qara Mirzə Məhəmmədxanı geri çağırdı. Bununla da İran ilə Rusiya aparsındakı sülh münasibətlərinə son qoyuldu. Bu isə diplomatik dildə istənilən vaxt İran ilə Rusiyanın biri-birilərinə qarşı hətta elan etmədən müharibəyə başlaya biləcəyindən xəbər verirdi. İki gündən sonra 12 iyun 1804-cü ildə Fətəli şah xüsusi fərman imzaladı. Ölkə ərazisində ümumi səfərbərlik elan edildi və şah sarayının bütün qurumlarına atlı və piyadalardan ibarət əlli minlik ordunun formalaşdırılmasına göstəriş verildi. Eyni zamanda  «Üçlüyün»  müqaviləsinə əsasən Hindistandan silah və sursatların gətirilməsinə başlanıldı. Ordunun tam hazır olduğu məlumatını aldıqdan sonra Şah, İran şahlığının vəliəhdi, oğlu Abbas Mirzəxanın ümumi komandanlığı altında Şimali Azərbaycan ərazisinə göndərilməsi əmrini verdi. Əsas məqsəd Ruslar tərəfindən işğal edilmiş Azərbaycan vilayətlərinin geri qaytarılması idi. Həmin gün Osmanlı imperiyası vasitəsi ilə özünün xüsusi tapşırıqlar üzrə səfiri Hüseynxan Mirzəxani şifrələnmiş məktubla Fransanın paytaxtına göndərdi. Məktubda tezliklə İran ordusunun Cənubi Qafqaz ərazisində Rusiya ordusuna qarşı müharibəyə başlayacağı haqda məlumat verilirdi.

Tehrandakı Rusiya hərbi kəşfiyyatının rezidenti rəsmi Tehranın planları  haqda Tiflisi məlumatlandıra bildilər. Kəşfiyyat İran tərəfindən böyük müharibəyə hazırlıqların getdiyi, bu məqsədlə Abbas Mirzəxanın orduya rəhbərlik etdiyini, İran ordusunun hərəkət marşrutlarını xəbər verdi. Tehrandan dəqiq kəşfiyyat məlumatlarını aldıqdan sonra general P.Sisianov dərhal «ən yaxşı müdafiə - hücumdur» qərarını qəbul etdi. O, təcili olaraq əlinin altında olan hərbiçilərdən ibarət 100 minlik qoşun topladı. Ordu gecə və gündüz əlində silah hazır vəziyyətdə hücum əmri gözləməyə başladı. 1804-cü il yayın ilk günündə P.Sisianov İran ordusunun hücumunu gözləməyib, hadisələri qabaqladı, seçilmiş ordu birləşmələri  və arxa cəbhənin bir neçə təchizat rotası ilə İrəvan xanlığına hücum əmri verdi. Bununla da güclü hücumla İrəvan qalasını tutmaq, İrəvan xanlığının müsəlmanları ilə İran ordusunun ruslara qarşı birləşmə təhlükəsinin qarşısını almaq, qoşunları İrəvanın cənub hissəsində yerləşdirmək, gələcək müharibəni İran ərazisində deyil məhz burada aparmaq, İraq ordusunu burada qarşılamağı daha məqbul hesab etdi.

İrəvan yaxınlığında rus ordusu ilə xanlığın silahlı dəstələri arasında ilk böyük döyüş dörd aya yaxın çəkdi. İrəvan azərbaycanlıları silahları əsasən rus əsgərlərini öldürdükdən sonra əldə edirdilər. Həmin silahlarla rusların hücumunu qarşısını əzmlə, fədakarlıqla alır, lazımi anlarda özləri də hücuma keçir və rusları geriyə oturdurdular. İrəvan qalasının ruslardan müdafiəsi bizim tariximizin ən parlaq və şanlı səhifəsidir. General Sisianov həmin ilin payızının ikinci ayına kimi  istədiklərini əldə edə bilmədi, İrəvan müdafiəçilərinin müqavimətini qıra bilmədi. Hələ üstəlik də ordu , əsgərlərin yarıdan çoxunu,  polk və rotaların bütün silah və sursatını itirdi. Qarşıdan soyuq qışın gəldiyini nəzərə alıb qoşunlarının  geriyə,  Gürcüstandakı öz  bazalarına qayıtması əmrini verdi.

Rus-İrəvan müharibəsini izləyən İran qoşunları da geriyə çəkilib  Təbriz  yaxınlığındakı bazalarına qayıtdı.

O illər, İrəvan xanlığının əhalisinin içərisində erməni millətindən olanlar kiçik  qruplar halında yaşayırdılar. Bu səbəbdən rus ordusu və onların kəşfiyyatçıları İrəvan qalasının içərisində onlara işləyəcək casuslar və agentlər tapıb formalaşdıra bilməmişdilər. Bu, rusların İrəvan azərbaycanlılarını ilk müharibədə məğlub edə bilməməsinin əsas səbəblərindən biri oldu.

İran Şahı , rusların İrəvan xanlığını tuta bilmədiyini eşidib, anladı ki, ruslar ordunu Qarabağ cəbhəsinə yönəldəcəklər. Qarabağ rusların forpostuna və gələcək döyüşlər üçün platsdarma çevrilə bilərdi ki, bundan da ruslar Azərbaycanın digər xanlıqlarına hücumlarda  və onların zəbt edilməsində istifadə edə bilərdilər. Gələcəkdə İran və Rusiya arasında Qafqaz uğrunda döyüşlərə də bu öz təsirini göstərə bilərdi. Ruslar da indi anlamışdılar ki, hər bir Azərbaycan xanlığı ilə ayrılıqda müharibə aparmaq lazım gələcək. İrəvan qalasını ala bilməyən ruslar birmənalı şəkilddə başa düşmüşdülər ki, azərbaycanlılar belə asanlıqla təslim olmayacaqlar və sona qədər döyüşəcəklər. İran şahı rusları qabaqlamaq məqsədilə Qarabağı  öz tərəfinə çəkmək üçün öz diplomatlarının  ən bacarıqlılarını bu işə cəlb etdi. 12 yanvar 1805-ci ildə, səfir Əbdulhəsənxanın başçılığı ilə nümayəndələrini  gizlin şəkildə yenidən Pənahabad şəhərinə göndərdi. Ancaq bu dəfə səfir Qarabağdan Tehrana əliboş qayıtdı. Çünki İran hakimiyyəti vaxtiylə  Qarabağa çox bədbətliklər gətirmişdi, bunu isə Qarabağda unutmamışdılar. Şah səfirin məruzəsini dinlədikdən sonra ruslara və onun  təəbəliyini  qəbul etməyən Azərbaycan xanlıqlarına qarşı böyük müharibəyə başlamaq qərarına gəldi. İndi bu müharibədə o tək deyildi. Fransız və İngilis kralları da onun arxasında idilər. Şah döyüş hazırlıqlarına göstəriş verdi. 20 may 1805-ci ildə şaha  Naxçıvandan gizli kanallarla çox ağır bir xəbər gəldi. Rusiya imperatorunun Qafqazdakı nümayəndəsi ilə Qarabağ xanı arasında «həmişəlik müqavilə» (rusca “Договор на вечность)» bağlamışdılar. Qarabağ xanı öz əhalisi və xanlığı ilə birlikdə  işğalçı rus hakimiyytəinin tərəfinə keçmişdi. Xan özü rus təəbəliyini qəbul etmiş, şəriətdən və müsəlmançılıqdan imtina etmiş, öz uşaqlarını tərbiyə etmək və oxutmaq üçün Tiflisə göndərmişdi. Xan, rus işğalçı ordusunun generalı elan edilmişdi. Bizim fikrimizcə hal-hazırda Rusların Qarabağda yerləşmək həvəsi və burada  Azərbaycanın qədim torpaqlarında “at oynatması” məhz onun Qarabağ xanının könüllü surətdə xanlığı ruslara təslim etməsi , Rus təəbəliyini qəbul etməsi , “Ömürlük müqavilə” bağlaması olmuşdur. Buranın bir vaxtlar Rusiyanın olduğu haqda  sənədlərin ortaya qoyulması qarşılığında bu addım atılmışdır və hələ də onlar  bizim əzəli torpaqlarımızdadırlar... Qarabağ xanlığının könüllü surətdə Rus imperiyasının tərkibinə keçməsi haqqında bu xəbəri aldıqdan iki həftə sonra Fətəli şah, vəliəhdi şahzadə Abbas Mirzəxanı yanına çağırıb ləngimədən müharibəyə başlamağı və tez bir zamanda Qarabağ xanlığını öz vassalığına qaytarmaq əmrini verdi. P.Sisianovun başçılığı ilə rus qoşunlarının Culfa ərazilərində İran qoşunlarının hücumunu gözlədiyinə öyrənən Abbas Mirzəxan, Arazı keçib Cənubdan Qarabağa doğru yürüşə başladı. Sisianov tələsik halda polkovnik Karyaginin komandanlığı altında əlahiddə atıcı-artilleriya polku yaratdı və demək olar ki, Şuşa qalasının divarları yaxınlığında olan şah qoşunlarının arxasına göndərdi. İran ordusunun kəşfiyyatı Pənahabad istiqamətində güclü rus artilleriya ordusunun hərəkət etməsi haqqında məlumat verdi. Rus qoşunları haqqında məlumat aldıqdan sonra, onların üzərinə Şuşa qarnizonunun da hücumunun olacağın düşünüb iki tərəfdən mühasirəyə alına biləcəyi təhlükəsindən uzaqlaşmaq üçün Şuşa qalasının mühasirəsini dayandırdı. Geriyə dönüb sübh tezdən, bütün qüvvəsi ilə rus qoşunlarına cəbhə boyu zərbə etdirdi. Şah ordusunun qarşısında davam gətirməyən ruslar silahlarını atıb İran döyüşçülərinin qarşısından qaçmağa başladılar. Qaçan ordunu izləyən Abbas Mirzəxan, dayanmamaq, sərhəddi keçib Gürcüstanın ərazisinə keçmək əmri verdi. Onun fikri Gürcüstan ərazisində yeni cəbhə açmaq, rus ordusunu darmadağın edib Gürcüstanı, Borçalını və Şəmsəddin mahalını işğalçı ordudan azad etmək idi. Sisianov polkovnik Karyaginin cəbhədə məğlub olduğunu və şah qoşunlarının irəlilədiyini eşidib təcili olaraq  on iki min nəfərdən ibarət yaxşı silahlanmış piyadalardan, süvarilərdən, artilleriya qüvvələrindən ibarət ordunun yaradılmasına göstəriş verdi. Batumi dəniz piyadaları da döyüşlərə cəlb edildi. Gənc Şahzadə özünün güc və imkanlarını duzğün hesablamamışdı – əsas o idi ki, kiminlə vuruşduğunu anlamamışdı. Ön cəbhənin əsgərlərinə gözləmədən döyüşə girmək əmri verilmişdi.  Zəyəm gölü yaxınlığında dəhşətli döyüşlər başladı. Döyüşdə hər iki tərəfdən 22 min nəfərdən artıq əsgər və zabit vuruşurdu. Bir həftədən artıq əsil ölüm-dirim müharibəsi getdi. Hər iki tərəfə əsir götürməmək əmri verilmişdi. Bu döyüşdə artıq hər iki tərəf demək olar ki, qoşunlarının yarısını itirmişdi. Bir hissəsi isə yaralanıb döyüş qabiliyyətindən məhrum olmuşdu. Bu hələ elan edilməmiş və başlanmamış Rus-İran müharibəsinin ilk döyüşü idi. Sisianovdan fərqli olaraq Abbas Mirzəxan döyüşlərin ən qızğın yerlərində olurdu və bu zaman ağır güllə yarası aldı. Rus ordusunun gücü haqqında yaxşı məlumatlanmış İran şahzadəsi öz ordusuna döyüşə-döyüşə, biri-birini qoruya-qoruya İrəvan qalasına çəkilmək əmri verdi. İran ordusu məsafənin uzaqlığından , əlavə və ehtiyat qüvvələrdən məhrum olmuşdu. Bundan başqa Fətəli şah oğlunun Şuşa qalasının mühasirəsindən əl çəkdiyindən gec xəbər tutmuşdu və rus qoşunlarına hücum edilməsindən də xəbərsiz idi. O qoşunları Qarabağa göndərərkən oğlunun qarşısında Pənahabadı azad etmək xain xanın başını bədənindən ayırıb ona gətirmək əmrini verimişdi. O, «Müharibə heç kəsə səhvlərini bağışlamır, o, nə tələsməyi, nə də gecikməyi sevmir» demişdi..

Birinci Rus-İran, (daha doğrusu, İran-Rus çünki bu müharibəni iranlılar başlamışdı), müharibəsində yaranmış fasilədən istifadə edən Rusiya dövləti Qafqaz canişininə təcili tapşırıq verdi.  Ərdəbil və Gilan vilayətləri daxil olmaqla o cümlədən Şimali Qafqaz ərazisinin işğalının ilk mərhələsini tez bir zamanda başa çatdırsınlar.Yerli idarəetmə  orqanlarını, milli dövlət qurumlarını ləğv etsinlər. Dərbənddən Gilana qədər Xəzərboyu bu ərazilərin rusiyanın əraziləri olduğu elan edilsin və bu haqda rəsmi sənədlər hazırlansın. Bütün bu ərazilər «Rusiyanın vilayəti» adlandırılsın. Sonra isə yerlərdə Rusiya üsul-idarəçiliyinin tətbiqinə başlanılsın. Rusiyanın Qafqazdakı canişininə dənizdən dənizə zəbt edilmiş ərazilərin , hərbçilərin təhlükəsizliyini təmin etmək tapşırıldı. Ancaq gələcəkdə bu işlərin yeni yaradılmış bir quruma həvalə ediləcəyi də bildirildi. Yerli əhali arasından gənc oğlanların seçilib orduya cəlb edilməsi, Şimali Azərbaycandakı xalqlara hücum zamanı onlardan istifadə edilməsi tapşırıldı. «Qafqaz əməliyyatında» və  Rus-İran müharibəsində onların da iştirakı  nəzərdə tutulmuşdu.

Müəyyən edilmiş plan üzrə Qafqaz canişini general knyaz P.Sisianov 1805-ci il noyabrın 27-də on ədəd topla bir piyada polkunu , səhra jandarmeriyasının iki rota kazaklarını, bir neçə dəstə başkəsən quldurları bir yerə toplayıb öz komandanlığı  altında Kür çayını keçdi və Şirvanşahların ərazisindəki qalın meşələrindən keçərək qədim Şamaxıya hərəkətə keçdi. Eyni zamanda Sisianov rəhbərliyi altında olan keçmiş Qarabağ xanı , imperator ordusunun generalı İbrahimxəlil Şuşalıya əmr göndərdi. Bu əmri ilə Şamaxıya hərbi yürüş üçün iki min atlı suvari toplamasını və təcili surətdə təyin edilmiş rayona göndərilməsini tələb etdi. Sisianovun əmri dərhal yerinə yetirildi, iki mindən artıq silahlı süvari özlərini dağlıq Lahıc ərazisində rus qoşunlarına çatdırdılar. Qarabağ süvarilərinə xanın böyük oğlu Mehdiquluağaxan komandanlıq edirdi. Burada bir acınacaqlı, utancverici bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Bir il bundan əvvəl Gəncə düşmənin  məngənəsində sıxılıb inləyəndə , onlara köməyə Pənahabaddan bir nəfər atlı da göndərilmədi. İndi isə Azərbaycanın düşmənlərinə, Azərbaycan xanlıqlarını bir-birinin ardınca zəbt edərək məhv edən, rusvayçılıqla düşmən təəbəliliyini qəbul edən azərbaycanlı – Qarabağ xanı növbəti Şirvanşahlar xanlığını ələ keçirmək üçün işğalçılara öz oğlunun rəhbərliyi  altında, demək olar ki, bir polk silahlı süvari göndərirdi. Digər tərəfdən isə çarın canişini öz ordusunu gürcü atlıları və rus hərbi məktəblərinin kiçik zabitləri ilə komplektləşdirmişdi. Ruslar  tərəfindən bütün Qafqazın məhv edilməsində gürcü və azərbaycanlı qafqazlalır da köməklərini əsirgəmirdilər, daha bir acınacaqlı fakt...

Şirvanşahlar torpağına böyük bəla gəldi. İlk döyüş Şirvanşah xalqının könüllü özünümüdafiə dəstələri ilə Qarabağ canişinin rus-gürcü-qarabağ silahlı qüvvələrinin arasında xanlığın ərazisində, Şamaxı yaxınlığında baş verdi. P.Sisianovun komandanlığı altında çox güclü və təlim görmüş ordu var idi. Şirvan tərəfindən isə Mustafaxan özü,  ailəsinin yeniyetmələrindən tutmuş  qohumlarının hamısının iştirakı  ilə müdafiədə döyüşürdü. Biri-birinə qarşı edilən hücum və müdafiə döyüşləri tədricən  əsil müharibəyə çevrildi. Hücum edənlərin sayı müdafiə edilənlərin sayından qat-qat artıq olsa da şamaxılılar təslim olmağı ağıllarına gətirmirdilər. Onlar bilirdilər ki, gəlmələr üçün tanımadıqları dağlarda, meşələrdə döyüşmək çox çətindir. Şirvanlılar hücum edənlərin sırasında minlərlə Qarabağ və gürcü süvarilərini gördükdə Mustafaxan geriyə çəkilmək əmri verdi. Müdafiəçilər gecə düşən kimi mövqelərini buraxıb geriyə çəkildi və Fitdağ qalasında yerləşdi. Düz bir ay burada Fitdağ qalasının ətrafınd döyüşlər getdi. Şirvanşahlar cəsarətlə döyüşür, mudafiə olunurdular. Gəncə tarixi təkrar olunurdu, şamaxılıların qonşuları bakılılar, qubalılar, arandan könüllülər gəlib onlara kömək etmədilər. Əgər gəlsə idilər, arxadan işğalçılara ağır zərbələr endirə bilərdilər. Dediyimiz bölgələrin bəyləri, xanları, üləmaları həmişəki kimi susur, sakitcə özlərinin taleyinin  necə olacağını gözləyirdilər. Saraylarda, məscidlərində toplaşıb Azərbaycan və azərbaycanlılar üçün nəyin  daha yaxşı olacağını qızğın müzakirə edirdilər. Ancaq, çoxları anlayrıdı ki, həm şimallılar, həm də cənublular onların düşmənidir. Düşmənin sifəti ayrı olsa da əməlində düşmən olaraq qalır. Mustafaxan müharibənin aparılmasının mənasız olduğunu görüb, yeni qurbanlar verməmək üçün, dəstələrini müdafiədən çıxardı, qaranlıq bir gecədə Fitdağ qalasından çıxdı və daha çətinkeçilən, qarlı , uca dağlıq ərazilərə çəkildi.

Beləliklə, genaral Sisianovun komandanlığı ilə Azərbaycanın daha bir xanlığı Şirvanşahlar ələ keçirildi. Şamaxı da, Gəncə, Şəki, Şuşa və Qazağın taleyini yaşadı. İmperatorluq hər bir xanlıqla, hər bir qafqazlı ilə ayrılıqda ölüm-dirim müharibəsi apardı.

Qafqazın canişini P.Sisianov Şirvan xanlığını ələ keçirdikdən sonra öz hərbi qələbələrindən fərəhlənərək özünü daha inamlı hiss etməyə başladı. İmperatorun gizli tapşırığını yerinə yteirməyə tələsdi. Gizli tapşırıq isə Bakının işğal edilməsi idi. Bakının işğalı üçün imperator küllü miqdarda mükafat söz vermişdi. Bakını çox gəlirli şəhər hesab edirdilər, burada həm neft, həm duz vardı, həm də dəniz limanından çoxlu gəlir əldə etmək olardı. Bu məsələ imperator I Aleksandrın işğalçılıq planlarında ilk yerlərdən birini tuturdu. Bakının alınmasına  nəzarəti  şəxsən öz üzərinə götürmüşdü. General P.Sisianova və Xəzər donanmasının komandanı admiral P.Zavalişinə şəxsən tapşırıq vermişdi: «...Nəyin bahasına olursa olsun Bakı bizim olmalıdır»... General Bakıya quru yolla, artıq işğal edilmiş Şirvan xanlığının ərazisindən keçib gəldi. Azərbaycan xanlarının biri-biri ilə  bağlılığı və qarşılıqlı əlaqəsi olmasa da hər bir xanlıgın öz əhalisi döyüşlərdə mərdliklə, son damla qanı qalanadək vuruşurdu, təkcə Qarabağ xanlığından başqa o, özü-özünü  hər şeydən məhrum etmişdi.

Yeni ilin başlanğıcında Rus dəniz donanmasının komandanı admiral P.Zavalişin, İmperatorun əmrinə uyğun olaraq Bakını tutmaq üçün dənizdən hücum etmək məqsədilə müntəzəm hazırlıqlara başladı. Peterbuqdan ona əvvəlcə Azərbaycanın cənub limanlarını ələ keçirməyi məsləhət gördülər. Burada məqsəd Bakıya hücum zamanı cənubdan gələ biləcək köməyin qarşısını almaq, öz təhlükəsizliklərini təmin etmək idi. Rəsmi olaraq  Xəzər dənizinin sahillərində yerləşmiş cənub limanlarında şahın nə sahil gözətçisi, nə dəniz piyadası, nə adi artilleriya silahlarına malik əlahiddə qoşunları yox idi, nəinki uzaqvuran toplara malik hərbi gəmiləri. Buna görə də Rus donanmasının mobil dəstələri itki vermədən çox asanlıqla Xəzər dənizinin cənub-qərbində yerləşən Ənzəli, Pəribazar, Gilan və başqa limanlarını ələ keçirdilər. Rus donanmasının Bakıya doğru hərəkət etdiyindən xəbər tutan Bakı xanı Hüseynquluxan Təbrizdə müalicə alan Abbas Mirzəxana bu haqda məlumat göndərdi. Bakıya kömək göndərməsini xahiş etdi. İran şahının Təbrizdəki qoşunlarının komandanı şahzadə Abbas Mirzəxan,  özünün bacarıqlı komandirlərindən olan Əsgərxan Təbrizini yanına çağırdı. Təcili olaraq ona  yaradılmış yeni  süvari polku ilə Bakıya köməyə getməsi üçün əmr verdi. Subh tezdən , Rus ordusunun donanma  gəmiləri Bakı buxtasına daxil oldular. Döyüuşdən əvvəl artilleriya hazırlığına bənzər artilleriya atəşi ilə səhəri güclü atəşə tutduar. İri çaplı  gəmi topları çox yaxından atəş açdığından şəhərin köhnə hissəsində böyük dağıntılar yaratdı.

Min ildən artıq dənizin sahilində yerləşib, dəfələrlə dənizdən hücumlara məruz qalan Abşeron hakimləri, bakılılar, Bakı hakimləri, Bakı xanları nədənsə özlərinə mobil dəniz qüvvələri, güclü hərbi gəmilər, sahil təhlükəsizliyi, düşmənin yaxınlaşdığını bildirən sürətli qayıqlar yaratmamışdılar. Bu çox maraqlı və təəccüblü faktdır... Buxtada onların qarşısına  xanlığın heç bir qüvvəsinin çıxmadığını görən Zavalişin çox təəccübləndi. Dəniz piyadalarından ibarət böyük bir qrupu Səbail tərəfdən sahilə çıxardı. Gözlənilmədən rus desantını pusquda durmuş xan əsgərləri qarşıladı. Dəhşətli əlbəyaxa və qılınc döyüşü başladı. Xanın döyüşçü  dəstəsi tərəfindən bütün rus dəniz desantı məhv edildi. Admiral səhəri gün sübhdən yeni desant dəstəsinin çıxarılması üçün hazırlıqlara başladı.Sisianov öz ordusu ilə təyin olunmuş gün Bakı qalasına gəlib çıxa bilmədi. O, başları Şirvan şəhərlərində quldurluğa, qarətə qarışmış əsgərlərini vaxtında bir yerə toplaya bilmədi. Sisianovun başkəsənləri qorxu bilmədən, çəkilmədən, vicdansızcasına kəndləri, şəhərləri talayır, insanları öldürür, soyqunçuluqla məşğul  olurdular.

Təbrizə xəbər göndərdiyi gün Hüseynquluxan öz çaparlarını şimal istiqamətinə Qubaya da göndərmişdi. İkinci günün axşamı artıq qubalılar Bakı ətrafında idilər. Quba xanı Şeyx Əlixan Qubavi  iki mindən artıq süvari ilə özünü Bakıya köməyə yetirdi.

Admiralın kəşfiyyatı şimaldan Bakı istiqamətinə silahlı atlıların gəldiyini və artıq qabaqda gələn Dağıstan  süvarilərinin  Bakı ətrafında olduqlarını xəbər verdi. Bu xəbərdən sonra  Zavalişin Bakının mühasirəsini dayandırdı, Sisianovun Şirvandan gəlişini gözləmədən tələsərək gəmilərini cənuba, Lənkəran tərəfə istiqamətləndirdi. Sahildən  çox da  uzaq olmayan Sarıyqaya adasının yaxınlığında lövbər saldı. Rus eskadrası Bakı buxtasından çıxandan beş gün sonra, general Sisianov və polkovnik Q.Eristavani  Bakıya çatdı, Əsas qoşunlarını Bakının üç kilometrliyində qoyub, yüz nəfərlik dəstə ilə şəhərə yaxınlaşdılar, məqsəd Bakının açarlarını əldə etmək idi. O elə bilirdi ki, admiral Zavalişin artıq Bakını tutub. General Sisianov və Eristavani Bakı qalasının içərisinə girdilər, ancaq sol tərəfdə yerləşən Xan sarayına gedib çata bilmədilər. Zavalişinin  dəniz desantçılarına qarşı döyüşüb onları məhv edən, Bakı xanının əmisi oğlu İbrahimbəy Qoşa qala qapısının içəri hissəsində onların qarşısını kəsdi. İbrahimbəy generala təcili surətdə şəhəri tərk etməsini əmr etdi. Təbii ki, general bunu qəbul etmədi. Bir anda döyüş başladı və bu çox çəkmədi. İbrahimbəy atın üzərində şahin kimi sığıyıb qılıncla generalın başısı üzdü. Hadisə ildırım sürəti ilə baş verdiyindən , bu zaman hətta generalın papağı onun yerə düşmüş başında qalmışdı. Özündənrazı, generalın  boz qarağul dərisindən tikilmiş, yanına qırmızı-qara lent çəkilmiş general papağında olan başı xeyli müddət Bakı qalasının divarları yanında atılıb qaldı. Həmin gün, 12 fevral 1806-cı ildə İbrahimbəy Bakılı tərəfindən, Qafqaz xalqlarının cəlladı, Qafqazın canişini, işğal ordusunun cənub qrupunun komandanı soyub taladığı, xanlıqlarını məhv edib əhalisinə amansızcasına divan tutduğu Azərbaycan torpağında  Sisianovun başı  bədənindən ayrıldı. Generalın başı elə papağı ilə birlikdə İran şahına göndərildi. Bununla da ona bildirildi ki, şahın əsas düşməni Azərbaycan torpağında məhv edildi və həm də bu bir xəbərdarlıq  idi, o demək idi ki, Azərbaycana təcavüz edən hər bir kəsin baçı beləcə kəsiləcək. Generalın başsız, polkovnikin başlı bədənləri  isə  Bakı qalasının divarları yanında, bazarın arxasında qazılmış bir çuxura atıldı.

                                                * * *

Sisianov bütün Qafqaz xalqlarının bir nömrəli cəlladı idi, son 10-12 il ərzində Qafqaz və şimali Azərbaycanı gecə-gündüz iztirab, əzab verməklə onlara zülm etmişdi. General-leytenant P.D.Sisianovun və polkovnik Q.A.Pristavaninin Bakıda öldürülməsindən sonra, Rusiya imperatorunun Qafqazda yeni təyin edilmiş canişini general İvan Qudoviç işğal edilmiş torpaqlarda və ələ keçirilmiş Azərbaycan xanlıqlarında təcavüzkar tədbirlərini dairəsin genişləndirib, daha da gücləndirdi. Rusların yerli idarəçilik hakimiyyətinin həyata keçirilməsində, nizami ordu bölmələri, jandarmeriya fəal köməklik göstərirdi.  Kazak dəstələrinin, rus hərbçilərinin , yerli idarəetmə orqanlarının  baş verən  hadisələrə göz yumması səbəbindən günahsız insanların öldürülməsi , zorakılıq, quldurluq, soyğunçuluq, mal-qaranın oğurlanması və bu kimi özbaşınalıqlar baş alıb gedirdi.  Günün günorta çağı insanların tək-tək  və bütün  ailələri ilə birlikdə  güllələnməsi adi hal almışdı. Heç kəsə aman vermədən güllələtirdilər. Rus  işğalçıları heç kəsdən gizlətmədən öldürülmüş canişinin qisasını alırdılar. Azərbaycanın işğal edilmiş torpaqlarında insanların məhkəməsiz, hakimsiz edam edilməsi, qətlə yetirilməsi adi gündəlik həyatın atributuna çevrilmişdi. Bu quldurluq hadisələrindən ən çox kənd əhalisi əziyyət çəkirdi. Onların nəyi var əllərindən alınır, müqavimət göstərəni isə ya qılıncla başın kəsir ya da   yerindəcə güllələyirdilər. Çətin vəziyyətə düşmüş azərbaycanlılar canlırını götüüb ailələri, bütöv kəndləri ilə birlikdə düşmənlər üçün əlçatmaz dağlıq ərazilərə, meşələrə qaçırdılar. Qudoviçlər və digər cəllad dəstə komandirləri işğal edilmiş ərazilərdə əsl qətliam törədirdilər. Öldürülmüş rus generalının və əsgərlərinin qisasını alırdılar.

Bu məhv edilmiş quldur ,azərbaycanlıların qanına susamış cəllad  canişin, görəsən öz canişinliyi dövründə nə qədər günahsız qafqazlıların qanını töküb məhv etmişdi? Allah bilir. Onlar ancaq öz öldürülənərinin hesabını aparırdılar, öldürdüklərinin sayı onlara maraqlı deyildi. Rusların  başkəsənləri, quldur dəstələri Qara dənizin şimal sahillərindən başlamış, Xəzər dənizinin qərb sahillərinədək, qərbdə İrəvan qalasından , şərqdə Bakı qalasınadək yüz minlərlə günahsız, silahsız insanları məhv etdilər.

İmperatorun işğalçı hakimiyyəti öldürülən müsəlmanların – tatarların, Dağıstan dağlılarının, gürcülərin, Qarabağ süvarilərinin də hesabını aparmırdılar. Bu yerlərdə hələlik, yalnız öldürüləcək  adamların siyahısını hazırlayırdılar...

                                                            Əliağa Cəfərov

                                 Filologiya elmləri doktoru,professor. Zəngəzur-Qubadlı strateji araşdırmalar mərkəzinin direktoru.