Rəcəb Tayyib Ərdoğanın 68 yaşına

26 fevral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın doğum günüdür. Ərdoğan adı ötən il 27 sentyabrda başlayıb cəmi 44 gün davam edən Vətən müharibəsinin ilk günündən hər bir azərbaycanlı üçün daha dogma, əziz olub, hər kəsin qəlbində Ərdoğan sevgisi boy atıb.

Bu gün Azərbaycanın işğaldan azad edilən bölgələri də daxil, yurdumuzun bütün guşələrində - mənzil, bina, maşın, küçələrdə Azərbaycan və Türkiyə bayraqlarının, Azərbaycan və Türkiyə prezidentlərinin yanaşı dayanan fotoları qardaş türk xalqına, Türkiyə Cümhuriyyətinə, həm də Ərdoğana Azərbaycan sevgisinin təcəssümüdür, dövlətlərimizin birlik, bərabərlik rəmzidir. O, b u qələbənin memarlarından biridir. Əsl dostluq, qardaşlıq çətin günlərdə sınanar; başda Ərdoğan olmaqla, Türkiyənin Hökumət yetkililərinin Azərbaycana ötən ilin son üç aydakı səfərləri, ən mötəbər tribunalarda verdikləri qətiyyətli mesajları, haqqın, ədalətin bərpasına mənəvi, diplomatik, informasiya dəstəyi qələbəmizin əldə edilməsində mühüm amillərdən birinə çevrildi. Türkiyədə hərbi təhsil və türk hərbçilərindən təlim alan əsgər və zabitlərimizin döyüşlərin önündə getməsi, şücaəti, hərbi-vətənpərvərlik ruhu, fiziki hazırlığı, nizam-intizamı ilə örnək olması da xüsusi qeyd edilməlidir.  Dekabrın 10-da Bakının Azadlıq meydanındakı möhtəşəm Zəfər paradında Ali Baş Komandan İ.Əliyevlə yanaşı dayanmış R.T.Ərdoğanın təsirli poetik çıxışı ürəkləri riqqətə gətirmişdi.

 Müharibənin davam etdiyi günlərdə və ondan sonra biri-birinin ardınca Bakıya gələn türk yetkililəri Ərdoğanın onlara “qardaşım İlham Əliyevi, can Azərbaycanı savaşın davam etdiyi bu gərgin günlərdə tək buraxmayın” tapşırığı verdiyini dilə gətirirdi. Savaş bitdikdən sonra da bu müharibədə Azərbaycanın qazandığı möhtəşəm hərbi-siyasi qələbəni həzm edə bilməyən güclərə Ərdoğan qətiyyətlə xəbərdarlıq etmişdi: “İmzalanan atəşkəs bəyanatındakı şərtlərin yerinə yetirilməsi, işğal altındakı bütün torpaqların Azərbaycana qaytarılması, bölgədə sülh və əmin-amanlıq mühitinin yenidən təmin edilməsi prosesini yaxından izləyəcəyimizi, güzəştə getməyə imkan verməyəcəyimizi, ehtiyac olduğu halda tərəddüd etmədən Azərbaycana hər cür dəstəyi verəcəyimizi bir daha vurğulamaq istəyirik!”  “Qarabağda Türkiyə hərbçilərinin varlığı Türkiyə-Azərbaycan arasındakı məsələdir. Biz bu məsələni yalnız Azərbaycanla müzakirə edəcəyik. Azərbaycan istəsə Qarabağın hər yerində olacağıq!” dedi və Azərbaycan ordusunun mühafizəsi altında Ağdamda Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzi quruldu, bu, bölgədə iş birliyinin yeni formatı oldu.  Prezident İlham Əliyevin 2020-ci il oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində dediyi bu sözlər R.T.Ərdoğanın şəxsiyyət, dövlət adamı, siyasi xadim kimi fəaliyyətinin mahiyyətini, Türkiyə-Azərbaycan dostluq, qardaşlığının fəlsəfəsini səmimiyyət və müdrikliklə ifadə edir: "Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən. Təbii ki, mən bu işlərə qarışa bilmərəm. Amma bir insan kimi buna biganə qala bilmərəm. Çünki onun Türkiyə üçün gördüyü işlər genişmiqyaslıdır və bu gün Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur Türkiyədə. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Türkiyədə də bir çoxları bilir, amma bilməyənlər üçün də mən demək istəyirəm ki, onlar da görsünlər. Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm. Ona bundan sonra da müvəffəqiyyətlər diləmək istəyirəm. Onun sözləri, onun addımları, onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra da böyük səylər göstərəcəyik. Bilirsiniz, mən elə insanam ki, hər şeyi necə var elə də deyirəm. Bu məsələdə diplomatiyaya ehtiyac yoxdur. Mənim üçün Türkiyədə əsas məsələ mənim qardaşıma olan münasibətdir. Kim ona yaxşı münasibət bəsləyir, o, mənim ürəyimdədir. Kim ona haqsız münasibət bəsləyir, kim ona qarşı çıxır, mənim ürəyimdə onlar üçün yer yoxdur. Ancaq hesab edirəm, hər kəs bilməlidir ki, bu gün Ərdoğan olmasaydı, Türkiyənin başı böyük dərddə ola bilərdi. Bunu hər kəs bilsin, hər kəs anlasın. Bunu mən adi bir Azərbaycan vətəndaşı kimi deyirəm. Bunu siz bu gün 10 milyon Azərbaycan vətəndaşından eşidə bilərsiniz".

Türkiyənin 2021-ci ildə sosial-iqtisadi durumu rəqəmlərdə

2021-ci il qlobal mal ticarətinin 10 faiz artdığı bir vaxtda Türkiyə ixracını 33 faiz artırmağı bacardı. Ötən il Türkiyə 225 milyard 368 milyon dollarlıq ixracatı gerçəkləşdirdi və Cümhuriyyət tarixində ilk dəfə qlobal ixracatdakı payını 1%-in üzərinə çıxardı. 2002-ci ildə 36 milyard dollar olan ixracı 6 dəfədən çox artırdı. 20 il əvvəl 88 milyard dollara çatmayan xarici ticarət həcmi də 500 milyard dollar həddinə çatıb. Keçən il xarici ticarət kəsiri 46 milyard dollara düşüb, ixracın idxala nisbəti isə 83 faizi ötüb. 2000-ci illərin əvvəllərində bu göstərici 51 faiz idi. Digər mühüm hadisə isə xarici ticarətdə milli valyuta – lirənin istifadə səviyyəsi 183 milyard lirəyə çatıb. 2021-ci ildə 29 milyon turist sayısı və 24 milyard dolları aşan gəlirlə bitirib. Dünyada ümumi ticarət həcminin 5,3 faiz azaldığı 2020-ci ili Türkiyə 1,8 artımla bitirib. 2021-ci ilin birinci rübündə 7,4 faiz, ikinci rübdə 22 faiz, üçüncü rübündə isə 7,4 faiz artıma nail olub. Amerika son 40 ildə, Almaniya və İspaniya son 30 ildə, İngiltərə və İtaliyada son 10-12 ildə, ümumilikdə isə Avropa Avrozonanın yaranmasından bəri ən yüksək inflyasiya rəqəmlərindən əziyyət çəkir. 2021-ci il üçün Türkiyədə inflyasiya 36 faiz olaraq açıqlanıb. İnflyasiya fərqi və kollektiv müqavilə nəticəsində dövlət qulluqçularımızın maaşları ümumilikdə 28 faiz artırılıb, 5 faizlik kollektiv müqavilə müddəti artımını yanvar ayında 2,5 faiz artımla yüzdə 7,5 olaraq tətbiq etmək qərara alınıb. Beləliklə, dövlət qulluqçularının maaş artımı 30,5 faizə çatdırmaqla onlara əlavə sosial dəstək verilib. Ailə müavinətləri də işləməyən həyat yoldaşı üçün 521 lirə, 6 yaşa qədər uşaqlar üçün 115 lirə, 6 yaşdan yuxarı uşaqlar üçün 57 lirə olaraq yenilənib. Minimum əmək haqqının vergilərdən azad edilməsi nəticəsində dövlət qulluqçularının maaşlarının 288 lirəyə qədər artırılıb. Artıq pensiyaçıların  maaşlarını inflyasiya səviyyəsi qədər artırılıb. 2500 TL-dən aşağı təqaüd almayan olmayacaq. Məktəb kitabxanaları üçün 2022-ci ilin sonuna kimi 100 milyona kitab veriləcək. Müəllimlik peşəsi qanununa maaş artımı ilə bağlı dəyişikliklər TBMM-ə təqdim edilib. Faizsiz, təminatsız  kreditlərin verilməsi daha çox zümrəni əhatə etməkdədir. Ötən il lirənin dollara nisbətdə ucuzlaşması bir sıra problemlər yaratsa da, göründüyü kimi Hökumət bunun vətəndaşlara mənfi təsirini azaltmaq üçün ardıcıl tədbirlər görür.[i] Azərbaycan 2016-2020-ci illərdə Türkiyəyə 2.928 milyard ABŞ dolları həcmində investisiya yatırıb.Türkiyəyə 2016-2020-ci illərdə ümumillikdə 33,3 milyard dollarlıq birbaşa xarici investisiya yatırılıb. Birbaşa xarici investisiyaların bölgüsündə 21 milyard 526 milyon dollarla Avropa birinci yerdədir. Bu dövrdə Avropanın Türkiyəyə etdiyi sərmayə ümumi xarici sərmayənin 64,5%-i təşkil edib. Avropanı 8 milyard 773 milyon dollarla Asiya, 5 milyard 682 milyon dollarla Yaxın və Orta Şərq ölkələri izləyib.

Türkiyənin Avropa və Asiya yaxasını birləşdirən15 Temmuz Şehitler Köprüsü, Fatih Sultan Mehmet, Yavuz Sultan Selim körpülərinin ardınca 2022-ci il 26 fevral-Ərdoğanın doğum günündə açılan 1915Çanakkale Köprüsünün açılışı kimi, XVI əsrdən bəri Osmanlı sultanlarının ən böyük röyalarından olan Qara dənizlə Mərmərə dənizini birləşdirən su yolu - Kanal İstanbul projesinin inşası da Ərdoğan zəkasının yadigarları, Türkiyənin gücünün göstəriciləridir.  26 mart 2020-ci ildə Ərdoğanın xeyir-duası ilə başlannan Kanalİstanbulun layihə dəyəri 10 milyard dollar, uzunluğu 47 km, su üzü  genişliyi 130-150 m, dərinliyi 25 m olacaq, kanal boyu şəhərlər, turizm mərkəzləri, ormanlar, iqtidai, sənaye mərkəzləri salınacaq. Ərdoğan belə nəhəng layihələr aşiqidir, çünki özü, düşüncəsi də möhtəşəmdir - II Qarabağ savaşında - Vətən müharibəsində Azərbaycana dəstəyi kimi! Və Ərdoğanın, Türkiyənin Azərbaycan dövlətinə, xalqına, prezidentinə  münasibəti səmimidir, Türkiyənin, Ərdoğanın qardaşlığı içdən, cani-könüldən gələn istəkdir, başqa ikinci bir lider, dövlət, xalqla müqayisəyəgəlməzdir.  Azərbaycan dövlətinin güclənməsi, xalqının firəvanlığı Türkiyənin mənafeyinə uyğundur və daim buna çalışır. Acı təəssüflər olsun ki,  biz bu münasibəti gərəyincə dəyərləndirmirik, cavab, qarşılıq vermirik, anlamırıq ki, Türkiyə ilə birlik (sözün siyasi, hərbi, mənəvi, iqtisadi) 3 tərəfdən ölkəmizə, xalqımıza qarşı naxoş münasibətli dövlətlərlə əhatə olunan Azərbaycana hava-su kimi lazımdır.

Türk dillərində qartalın boyuna, rənginə, cinsinə görə çoxlu adları var: Toğrul, toğan, ala toğan, çürə toğan, ər toğan və s. Ər Toğan qartalın böyük növlərindən biridir. Caynaqları iri, gözləri köz kimi qırmızıdır. Çaqqalı, tülkünü caynaqlarına allb göylərə qaldırır. Buludlara çatanda buraxır yerə. O dişli, dırnaqlı yirtıcılar parçalanıb dağılırlar. Toğan türklərin ərvah quşlarından biridir. Babalarımızın arxaik düşüncısinə görə alp igidlər döyüşdə ağır yaralar alanda bədənləri ölür, ruhları ölmürdü. Bir toğrulun, toğanın bədəninə köçərək yaşayırdı. Toğanların elə növü var idi ki, qanadları açılanda 20 arşın olurdu. Qardaşımız Ərdoğanın qanadları indi Egey dənizindən Xəzər dənizinədək gəlib çatır. Bir gün o qanadların Çin sınırlarına qədər uzandığını görəcəyik. Fars dilində türk dillərindən alınma korsak, yəni qorxaq tülkü sözü var. Korsaklar bizim Turanın qarşısında dayana bilməyəcəklər (İlhami Cəfərsoy).
 

Ərdoğanın bu sözləri riqqətə gətirir: “Mən ölsəm də, türk əsgəri Azərbaycanda ona verilən vəzifəni yerinə yetirəcək”. Sevgi ilə deyilən bu sözlər də hər bir azərbaycanlının qəlbində özünə dərin məhəbbətlə yer tutub. Və Ərdoğanın bundan sonrakı taleyinin, ömür, siyasi fəaliyyətinin nəticəsindən asılı olmayaraq, Ərdoğan adı Azərbaycan xalqının yaddaşında, tariximizdə əbədi olaraq sevgi, məhəbbətlə yaşayacaqdır.

 Sənsiz bu Zəfər olmazdı, sayın Cümhurbaşkanım!

 Doğum gününüz mübarək, Azərbaycanın Böyük Dostu, sayın Rəcəb Tayyib Ərdoğan!

Hacı NƏRİMANOĞLU