Zəngəzuru tanıyaq və tanıdaq

 Qərbi Zəngəzurun iqtisadi inkişafında azərbaycanlıların rolu

 Qərbi Zəngəzurun ötən yüzillikdəki inkişafında Zəngəzur azərbaycanlılarının əməyi danılmazdır. Zəngəzur azərbaycanlıları istər kənd təsərrüfatı sahəsində, istər dağ-mədən sənayesi və şəhər təsərrüfatı sahəsində, istərsə də təlim-tərbiyə, təhsilin inkişafı sahəsində öz sözlərini demiş, öz xidmətlərini göstərmiş və bölgənin inkişafı üçün böyük əmək sərf etmişlər.

Zəngəzurda dəmir yolunun çəkilməsində, Qafanda Qacaran mis-molibden kombinatının tikilməsində azərbaycanlıların olduqca çox əməyi olmuşdur.

29982824_1761036980605900_1994371135057851734_o.jpg (523 KB)

Onu da qeyd etmək yerinə düşər ki, Qafan şəhərinin bir sənaye mərkəzi kimi formalaşmasında mis-molibden mədəninin böyük təsiri olmuşdur.

Sovet hökuməti qurulana qədər Qafan mis-molibden mədənlərinin böyük bir hissəsi Zəngzur bəylərindn olan Sultanovlar (Hacısamlı Sultanovlarla qarışdırmamalı- M.U.) ailəsinə məxsus idi.

XIX əsrin əvvəllərindən Sultanovlar mis-molibden mədənlərini o dövr üçün müasir texnologiya əsasında yenidən qurulması və işlətməsi məqsədi ilə fransız sahibkarlara icarəyə vermişdilər.

Sultanovlar nəslinin görkəmli nümayəndələrindn biri 1894-cü ildə Qafanın Armudlu kəndində anadan olmuş, 1922-ci ildə Novoçerkassk Politexnik institutunu bitirmiş, 1933-cü ildə Lökbatan neft yataqlarını kəşf edən görkəmli geoloq alim, SSRİ-nin Fəxri Neftçisi, professor Baxşəli (Baxış) bəy Sultanov olmuşdur.

B.Sultanovun kəşfi Sovet neft geologiysaının banisi və rəhbəri akademik İvan Qubkinin nəzəriyyəsini alt-üst etdi. Qubkin nəzəriyyəsinə görə vulkanik ərazilərdə neft ola bilməzdi. B.Sultanov isə başdan-başa palçıq vulkanları ilə örtülü Lökbatanda neft quyusu qazılmasını təkid edirdi. Onun təkidi ilə Lökbatanda 50 metr dərinliyində quyu qazılır, neft çıxmır və B.Sultanovu NKVD həbs edir. Baxşəli bəyin həbsxanadan ardıcıl müraciətlərindən sonra nəhayət, Mircəfər Bağırov işə qarışər və qazma davam etdirirlr, 15 metr qazandan sonra neft fontan vurur. Baxşəli bəy Sultanovdan üzr istəyib həbsdən azad edirlər.

Bu kəşfinə görə Baxşəli bəy Sultanova Dövlət mükafatı verilib və İ.Stalin özünün BMV avtomobilini ona bağışlamışdır.

Sisyan rayonunun Dəstəkert qəsəbəsindəki mis-molibden kombinatında da ermənilərdən çox azərbaycanlılar işləyirdi və çox maraqlıdır ki, həmin kombinatın ərazisində uzun müddət ermənilər də, azərbaycanlılar da, orada işləyən rus mütəxəssisləri də bir-birinə azərbaycan dilində müraciət edirdilər və iş prosesi də azərbaycan dilində gedirdi. Çünki oradakı fəhlə və mühəndis heyətinin əksəriyyəti azərbaycanlılar idi.

Onu da qeyd edək ki, mis və molibden istehsalı Ermənistan SSR -nin milli gəlirinin təxminən 70%-ni təşkil edirdi.

Ötən əsrin 20-ci illərində Mincivan-Qafan dəmiryolunun tikintisinə 1897-ci ildə Sisyan rayonunun Şıxlar kəndində anadan olmuş, Kazan Universitetinin məzunu Həşim bəy Hacıyev rəhbərlik etmişdir. (Həşim bəy Qafan İcrayə Komitəsinin sədri və təhsil şöbəsinin müdiri vəzifələrində də çalışmışdır. 1931-ci ildə Gorusda ermənilər tərəfindən zəhərlənərək qətlə yetirilmişdir.)

Bazar çayı boyunca bir-birinin ardınca tikilmiş Şəki, Tatev, Şam, Spandaryan, Vorotan su elektrik stansiyalarının tikilib, araya-ərsəyə gəlməsində də, Zəngəzur azərbaycanlılarının böyük zəhməti olmuşdur.

Gorus-İrəvan yolunun çəkilişinin böyük bir hissəsi Zəngəzurdan keçirdi. Həmin yolun çəkilişi SSRİ Nazirlər Sovetinin qərarı əsasında, dövlət sifarişi olaraq həyata keçirilirdi ki, bu yolun da çəkilməsində Zəngəzur azərbaycanlılarının böyük əməyi olmuşdur.

Bütün Ermənistan SSR ərazisində olduğu kimi, Zəngəzur da da idarəetmə strukturlarında azərbaycanlıların imkanları məhdud olmuşdur.

Zəngəzurun əsas iqtisadiyyatı kənd təsərrüfatı ilə bağlı idi.

7a6a7b86-ef01-3109-9e82-9b7f72011daa_850.jpg (119 KB)

Azərbaycanlılar yaşayan kəndlərin kolxoz və sovxozları maldarlıq, qoyunçuluq, əkinçilik, tütünçülük, bağçılıq sahəsində xeyli uğurlu nəticələr əldə etmişdi.

Sisyan rayonunun Urud kolxozu milyonçu kolxoz olmaqla 11 dəfə Ermənistan SSR-in keçici Qırmızı Bayrağını almışdı. Urud kəndindən müxtəlif illərdə tütünçü Güleyşə Şahverənova, çoban Zakir Quliyev, kolxoz sədri Həmzə Tahirov (2 dəfə), Qafan rayonunun Yuxarı Girətağ kəndindən Fatma Əzizova, Mənsuma Cəfərova Ermənistan SSR Ali Sovetinə deputat seçilmişlərdi.

Kənd təsərrüfatının müxtəlif sahəsində əldə etdiyi yüksək göstəricilərə görə Sisyan rayonunun Vağudi kəndindən Saməddin Şükürov, Şəki kəndindən Şirvan Cəfərov, Məhəmməd Gözəlov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşlər.

Ötən əsrin altmışıncı illərinə qədər ermənilər bütün respublika ərazisində, o cümlədən Zəngəzurda azərbaycanlılara qarşı nisbətən loyal münasibət göstərirdilərsə, 1965-ci ldə İrəvanda "erməni soyqırımı"nın 50 illiyinə həsr olunmuş kütləvi mitinq-nümayişdən sonra azərbaycanlılara dözülməz, bəzi hallarda isə açıq-aşkar düşmən münasibət sərgiləməyə başladılar.

Təxminən bu illərdən sonra demək olar ki, o vaxta qədər az-çox rayon rəhbərliyində təmsil olunan azərbaycanlı kadrlar da sıxışdırılaraq, tamamilə sıradan çıxarıldılar. Hələ 1965-1970-ci illərə qədər rayonlarda bir neçə rəhbər vəzifədə azərbaycanlı kadrlar işləyirdilərsə, 1965-ci ildən başlayaraq onlar müxtəlif bəhanələrlə vəzifələrindən uzaqlaşdırıldı.

Yalnız gözdən pərdə asmaq üçün rayonun katiblərindən birini, adətən əlində heç bir səlahiyyət olmayan 3-cü katibi azərbaycanlı təyin edirdilər.

Bu dövrdən başlayaraq, demək olar ki, Zəngəzurda ali təhsilli kadrlar yalnız kənd müəllimlərindən ibarət idi. Nə həkimləri, nə mühəndisləri, nə də kənd təsərrüfatı bölgəsi olmasına baxmayaraq, kənd təsərrüfatı mütəxəssislərini, nə iqtisadçıları, nə başqa sahənin ali təhsilli azərbaycanlı mütəxəssislərini, bir qayda olaraq, Zəngəzurun heç bir rayonunda işə götürmürdülər. Məhkəmə, prokurorluq, milis orqanlarında isə vəzifdə olan azərbaycanlı yox idi.

Az-çox imkan tapıb işə qəbul olunan, rayon mərkəzində müəyyən işlə təmin olunan azərbaycanlılar isə qısa müddət ərzində müxtəlif şantajlara, hədə-qorxulara və təzyiqlərə məruz qalaraq işlərini, vəzifələrini təhvil verməli olurdular və bu səbəblərə görə Zəngəzur azərbaycanlıları içərisində ali təhsillilərin sayının çox olmasına baxmayaraq, ali təhsil alanların demək olar ki, öz ata-baba yurdlarına qayıdıb orada babalarının başladıqları həyatı davam etdirməyə, öz yurdlarının çırağını yandırmağa imkanları yox idi.

Bu da repressiyanın bir növü idi, etnik təmizləmənin, deportasiyanın xroniki bir forması idi və ermənilər də bilə-bilə bu şəraiti yaradaraq, azərbaycanlıları orada bir el kimi, bir oba kimi, bir yurd kimi kök salmağa, genişlənməyə, təşkilatlanmağa qoymurdular.

Azərbaycanlılara qarşı aparılan digər mənəvi deportasiya amillərindən biri də Azərbaycan dilinin demək olar ki, yasaq olunması idi. Hələ 60-cı illərin ortalarına qədər Qərbi Zəngəzurun hər 4 rayonunda, istər Sisyanda, istər Gorusda, istər Qafanda, istər Meğridə, erməni qəzeti ilə yanaşı, Azərbaycan dilində də qəzet çıxırdı, sonra qəzetin bir səhifəsini Azərbaycan dilində nəşr etdilər. 1965-ci ildən sonra isə yalnız Qafan rayonunda qəzetin bir səhifəsi Azərbaycan dilində çıxırdı, qalan 3 rayonda Azərbaycan dilində qəzet buraxmadılar.

Azərbaycan dilində verilən suallara ermənilər azərbaycan dilini yaxşı bilsələr də (çünki onların çoxu Türkiyədən, İrandan köçüb gəlmiş ermənilər idi, onların ailələri idi), cavab vermirdilər. Nəinki cavab vermirdilər, hətta təhqiramiz, aqressiv ifadələrlə onları pisikdirdilər. Azərbaycanlı xəstə erməni həkiminə öz dərdini ermənicə danışmağa məcbur idi. Hətta azərbaycanlılar bəzən onlara rusca da sual verəndə, müraciət edəndə belə, - «ermənicə danış, dövlətin dilində danış»-, cavabını alırdılar. Bu da insanları hər dəqiqə sıxırdı, hər dəqiqə onları alçaldırdı və onların öz vətənlərində, yaşadıqları rayonda ikinci növ insan olduqlarını onlara xatırladırdı. Bu mənəvi baxımdan, çox ağır keçirilən bir psixoloji hal idi və Zəngəzur azərbaycanlıları da 1988-ci illərin sonlarına kimi bu halı yaşamalı oldular.

Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, Zəngəzur azərbaycanlıları ermənilərin ayri-seçkilik siyasətinə və təzyiqlərinə kifayət qədər dirəniş göstərmişlər.

1657107140_z.png (613 KB)

Ermənistan Respublikasının tabeliyində yaşadıqları müddət ərzində ardıcıl repressiyalara, təqiblərə, təzyiqlərə, ayrı-seçkiliklərə məruz qalsalar da, öz qoçaqlığı ilə seçilən bu camaat 1970-ci illərdən başlayaraq, özlərinin şəraitlərini sürətlə yaxşılaşdırmağa başladılar.

Artıq camaatın gözəl bağ sahələri yaranmışdı, alma, cəviz, gilas, gilənar, ərik, armud, şaftalı, bir çox digər meyvələr əkilir, yaxşı məhsul verirdi. Xüsusilə, cəviz və almanın satışından kənd əhalisi yaxşı gəlir əldə edirdi.

1970-ci illərdən sonra hökumətin fərdi təssərrüfata qoyduğu bir sıra məhdudiyyətlər aradan götürüldükcə, Zəngəzur azərbaycanlılarının mal-qoyun saxlamaq imkanları da genişləndi. Çox zəhmətkeş olan bu insanlar bütün yayı dağlarda, zahmanlarda, bağlarda işləyərək, biçin sahələrində çalışaraq ot yığırdılar, qışa tədarük görürdülər. Qışda da sərt iqlim şəraitinə baxmayaraq, öz mal-qaralarını, qoyun-quzularını, yemlə təmin edib saxlaya bilirdilər, böyüdüb artıra bilirdilər, sata bilirdilər və qazanc əldə edə bilirdilər.

Zəngəzurda arıçılıq, balçılıq geniş yayılmışdı və yaxşı da məhsul verirdi.

Qeyd etməliyik ki, Zəngəzur azərbaycanlılarının qazancı əsasən iki şeydən idi: bağ məhsullarının satışından və mal-heyvanın, sağmal heyvanların məhsullarını satmaqdan.

Bu səbəblərdən 70-ci illərdən sonra Zəngəzur kəndlərində yüksək inkişaf başlamışdı, artıq bütün kəndlərin əhalisi iki mərtəbəli evlər tikirdilər və iki mərtəbəli evlərdə yaşamaqda idilər.

Kəndl camaatinin çoxunun evində soyuducu, televizor, radioqəbuledici, paltaryuyan və digər müxtəlif məişət elektrik cihazları var idi, insanlar öz məişətini günü-gündən yaxşılaşdırırdı. Artıq kəndlərdə bütün məhəllələrə, bir çox hallarda isə fərdi evlərə su xətti çəkilmişdi, telefonlaşma işi sürətlə gedirdi.

Ümumiyyətlə, kolxozların gəliri artdıqca, kəndin də sosial problemlərinin həllinə diqqət verilirdi. Düzdür, müqayisə etdikdə, Azərbaycan kəndləri erməni kəndlərindən ümumi inkişaf səviyyəsinə görə geri qalırdı. Ermənistan dövləti tərəfindən ayrılan büdcə vəsaiti, şübhəsiz ki, ilk növbədə, erməni kəndlərinin inkişafına yönəldilirdi. Azərbaycan kəndləri isə demək olar ki, kolxozun gəliri, kənd əhalisinin fərdi təşəbbüsü və çalışqanlığı sayəsində inkişaf etməyə başlamışdı. Heç təsadüfi deyildi ki, 1988-ci il hadisələrindən sonra Zəngəzura gedən ermənilərin çoxu Bakıdan heç də şəraitsiz dağ kəndinə getdiklərini yox, əksinə, cənnətə düşdüklərini söyləyirdilər.

Zəngəzur azərbaycanlılarının Azərbaycanın digər bölgələri ilə, xüsusən Bakı şəhəri ilə inteqrasiyasının güclənməsində 1974-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin birbaşa göstərişi ilə Zəngəzuru Bakı ilə birləşdirən Sisyan-Bakı avtobus xəttinin açılması mühüm rol oynamışdır. Sisyan rayonu ilə Bakı şəhəri arasında gündəlik avtobus marşrutunun açılması Sisyan və Gorus azərbaycanlılarının həyatında inqilaba bərabər bir hadisə idi. Çünki o vaxta qədər Qafan və Meğri azərbaycanlıları Bakı və Azərbaycanın bir sıra digər rayonları ilə Qafan-Bakı və Culfa-Bakı dəmiryolu vasitəsilə birbaşa əlaqə saxlaya bilirdilərsə, Sisyan və Gorus azərbaycanlılarının belə bir imkanı yox idi.

13266-1608803474.jpg (77 KB)

...Çox təəssüflər olsun ki, əli təzəcə çörəyə çatan, ocağı yenicə isinən, təzəcə gün-güzəran görməyə başlayan Zəngəzur azərbaycanlıları üçün 1988-ci il fəlakət ili kimi gəldi, qırğın ili kimi gəldi, həsrət və ayrılıq ili kimi gəldi. Çox təəssüflər olsun ki, Zəngəzur azərbaycanlıları min müsibətlə, min əzab-əziyyətlə, neçə illərin zəhməti ilə qurub yaratdıqları ev-eşiklərini, əkin sahələrini, bağlarını, mal-qaralarını bir anın içində itirdilər, bir anın içində öz doğma torpaqlarından, el-obalarından didərgin düşdülər.

...2006- cı ilin iyun ayının 6- sında Sisyana, Uruda getmişdim. Şəki, Qızılcıq, Ağudi, Vağədi kəndlərini də gördüm. Min ildən çox yaşı olan bu kəndlər elə bil bir anın içində qocalmışdılar. Belləri bükük, nimdaş, yazıq, boynubükük, sahibsiz qalmışdılar!

...Urudun kəfşənlərini gəzdim. Üçtəpə yaylaqları əkilməmiş qalmışdı, bizim taxıl zəmilərimizin yerini alaq, ot- ələf basmışdı.

...Milyon dəfə şumlanıb əkilsə də, torpaqda bir paklıq, bakirəlik var. Yad əl dəyəndə bərəkətini itirir.

...İnsan işığı səmadan, gücü torpaqdan alır.

...Hər kəs öz torpağında güclüdür.

...Biz o torpaqlara bərəkət gətirəcəyik!

...Biz o torpaqlardan güc alacağıq!

...Sisyanda olarkən qonşu Vağədi kəndindən olan yaşlı erməni Kolya Azoyandan
soruşdum:

- Məni burada görən hər kəs heyrətlənir. Sən isə heç təəccüb eləmədin?

- Niyə təəccüb edim ki, - dedi, siz gedəndə bilirdim ki, bir gün qayıdacaqsınız, indi sən gəlmisən, sonra da o birilər gələcəklər! Geci-tezi var, bir gün bu dava qurtarmalıdır!

...Bəli, bu davanı siz başlamışdınız, biz qurtardıq!

...Bəli, biz Zəngəzura qayıtmışıq!

zengezur.jpg (21 KB)

...Biz gəlmişik! Mərd oğullarımız İşıqlı dağında, Qaragöldə xidmət aparır. Zəngəzurun keşiyini çəkir!

...Biz bu torpaqlarda əbədi yaşamaq üçün gəlirik!

Zəngəzur Azərbaycandır!

Musa URUD, DEPUTAT