Hidayət Orucov, “Burdan min atlı keçdi”, əsərdən parça: Mığrı

...Daşnakların 1918-ci ildə mənim doğma yurdum - Gülüstan müqaviləsindən qabaq Bakıdan, Gəncədən çox Təbrizlə, Naxçıvanla daha sıx bağlı olmuş ulu Azərbaycan torpağı Mığrının başına açdıqları fəlakətlər bütün Zəngəzur, Vedibasar-Zəngibasar, Göyçə... mahalları üçün xarakterikdir. Zəngəzur uyezdinin rəisi 26 noyabr 1918-ci ildə öz raportunda yazırdı: “Erməni dəstələri Mığrı dərəsində müsəlman (Azərbaycan - H.) kəndlərini darmadağın elədilər. Lehvazdan - 70 tüstü, Teydan-75 tüstü, Mülkdən - 30 tüstü, Quldan - 10 tüstü, Bənövşəpuçdan - 5 tüstü, Tağəmirdən - 25 tüstü, I Vartanizordan (qədim adı Lökdür, daşnaklar hələ o vaxtlardan yer adlarımıza “gibs qoymaq” “ustalarıdır”) - 100 tüstü, II Vartanizordan (burada mənim doğma kəndim nəzərdə tutulur) - 60 tüstü kəsildi və əhalidən iki yüz nəfəri qətl elədilər, yeni məlumata görə, ermənilər Əlyanlı kəndinə hücum etdilər. Orda vuruşma gedir...” “Bundan əlavə, ermənilər üç məntəqədə: 1) Avansürədə, 2) Dərəli icmasında və 3) Razdərədə müsəlman kənd­lərinə hücum etmişlər.”

1918-ci ildən, yəni Andranikin quldur dəstəsi bütün Zəngəzur qəzası kimi Mığrının da azərbaycanlı əhalisini qırdıqdan, qovduqdan sonra bu kəndlər bir neçə il sahibsiz qaldı, ermənilər tərəfindən talan edildi, xarabalığa çevrildi. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra rayonun azərbaycanlı kəndlərinin əhalisinin ancaq bir hissəsi yenidən öz doğma kəndlərinə qayıtdı. Həmin dövrdə əhalinin etnik tərkibinin nisbətində kəskin dəyişikliklər baş verdi. Məsələn, 1914-cü ildə rayonun əhalisinin təqribən yarıdan çoxu azərbaycanlılar idisə, 1922-ci ildə bu münasibət belə dəyişmişdir: ermənilər 6370 nəfər, azərbaycanlılar 1554 nəfər olmuş, yəni soydaşlarımız dörd dəfə azalmışdır. 1926-cı ildə azərbaycanlılar bir qədər artmışdı; ermənilər 6519, azərbaycanlılar 1985 nəfər təşkil etmişlər. 1930-cu illərdə azərbaycanlıların rayonun bütün əhalisinin 1/3-dən çoxunu təşkil etməsinə baxmayaraq, rayonda milli münasibətlər pis olmuşdur. Azərbaycanlı kadrların yerləşdirilməsində çox az müsbət hallara rast gəlmək mümkün idi. 1950-ci illərin axırlarınadək Mığrı Rayon Partiya Komitəsinin katiblərindən biri daim azərbaycanlı olmuşdur.

Lakin ötən əsrin altmışıncı illərinin ortalarında Mığrı rayonunda azərbaycanlı raykom katibi Əli Cəfərov erməni ilə əvəz edildi, azərbaycanlıların rayondan tədricən sıxışdırılıb çıxarılması prosesi açıq-aydın hiss edilməyə başladı.

Bütün bu proseslər uydurma Qarabağ problemi ilə yeni xarakter aldı. Lakin soydaşlarımız İrəvandan idarə olunan, getdikcə güclənən şovinizmə qarşı müqavimət göstərirdilər, cəsarətlə mübarizə aparırdılar. Bunun nəticəsi olaraq yetmişinci illərdə mərkəz Mığrının Rayon Partiya Komitəsinin katiblərindən birinin azərbaycanlı olmasına icazə vermək məcburiyyətində qaldı. Həsən Musayev əvvəlcə RPK-nin katibi, sonralar isə ikinci katibi vəzifələrində çalışdı. Amma şovinizm siyasəti dönməz idi. Uzun illər Mığrı Rayon Sovetinin sədri, Rayon Partiya Komitəsinin birinci katibi işləmiş Sergey Tevanyanın mənə söylədikləri də bu deyilənləri təsdiq edir.

S.Tevanyan vəzifədən çıxarılandan sonra İrəvanda yaşayırdı və biz o vaxtlar Leninin adını daşıyan Mərkəzi Meydanda, Nazirlər Sovetinin qabağında təsadüfən görüşdük. Barmağı ilə Nazirlər Sovetini göstərərək dedi:

- Hamısını onlar edir... Arzumanyan (Nazirlər Sovetinin sədri idi - H.) məni yanına çağırıb dedi ki, sən türklərə (azərbaycanlılara - H.) çox üz verirsən, vəzifələrə irəli çəkirsən. Onları sıxışdırmaq, qovmaq lazımdır, ele et özləri çıxıb getsinlər.

Mənim də... öz içimdəkilər gəldi dilimə: “Mığrının öz ənənələri var, burada heç vaxt ayrı-seçkilik olmayıb. Yüksək azərbaycanlı ziyalıları mövcuddur. Onları sıxışdırmağa başlasam, vəziyyət qarışar... Rayonun erməni ictimaiyyəti də bunu başa düşməz... Mən çox şey dedim ona, axırda gördü ki, öz siyasətlərini mənə başa sala bilmir, çox narazı halda xudahafizləşdi və bu görüşdən iki ay sonra məni heç bir əsas olmadan işdən çıxardılar.

Tevanyanı işdən çıxarıb, onun yerinə başqa bir yerli ermənini - Yurik Arakelyanı qoydular, dərhal respublika Ali Sovetinə deputat seçdilər (Tevanyan neçə il birinci katib işləsə də deputat seçilməmişdi), “vacib” tapşırıqlarını verdilər. Lakin Yurik də “etimadı” doğrulda bilmədi. Yerli adam olduğundan babasından, atasından üzü bəri azərbaycanlılarla haqq-salamı vardı - tapdalayıb keçmək mümkün deyildi, həm də lap başlıcası rayonda azərbaycanlıların kultu güclü idi, yerli erməni katibi nə qədər amansız olsaydı da bu güclü kultu zəiflədə bilməzdi. Buna görə də Rayon Partiya Komitəsinin konfransını (seçkisini) gözləmədən onu da işdən azad etdilər, yerinə İrəvandan, Mərkəzi Komitədə işləyən, Mığrı ilə heç bir əlaqəsi olmayan Telman Dilanyan adlı birini gətirdilər və paytaxtın şovinizm qazanında “bişmiş” bu cavan oğlan yuxarının baş tapşırığını “məharətlə” yerinə yetirdi, Həsən Musayevi Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsindən azad edərək, yerinə erməni “seçdirdi”.

Ümumiyyətlə, Yurikdən sonra - SSRİ dağılanadək Mığrının rəhbərləri yalnız kənardan gətirildi. Bəli, Sergeyi də, Yuriki də işdən çıxarmaqla kifayətlənmədilər, soydaşlarımızı sıxışdırmaq üçün Mığrıda kifayət qədər olan peşəkar partiya işçilərindən deyil, başqa bölgədən birini gətirib birinci katib təyin etdilər, çünki başqa bölgədə böyümüş, işləmiş, şovinist kimi formalaşmış adam ürəyi ağrımadan türkləri sıxışdıra bilərdi.

1988-ci ildə Ermənistan hökuməti səviyyəsində, rayonun bütün partiya, sovet təşkilatlarının və inzibati orqanlarının bilavasitə iştirakı ilə respublikanın mərkəzindən alınmış ümumi göstərişə uyğun olaraq bir həftə ərzində rayonun bütün azərbaycanlı kəndlərinin əhalisi hər cür zorakılığa əl atılaraq qovuldular. Azərbaycanlı kəndlilərinin milyonlarla hesablanan kolxoz mülkiyyəti, bütün yaşayış binaları, bağları, ev əşyaları və əmlakları soydaşlarımızın əllərindən alındı.

Qədim Mığrı rayonunun ərazisində IX-X əsrlərə aid çoxlu tarixi abidələr, Alban kilsələri, qalalar və tikintilərin qalıqları vardı. İndi onların izlərini itirmək üçün ermənilər hər cür saxtakarlığa əl atırlar.

Qısaca da olsa rayonun azərbaycanlı kəndləri haqqında bəzi tarixi məlumatları oxuculara çatdırmaq istəyirik.

Bənövşəpuç - Xarabalıqları, binaların özülləri və qəbiristanı indiki Liçk kəndinin yaxınlığında, Mığrıdan 15-16 km şimalda, Mığrı çayının sağ sahillərindədir. Kənddə 1914-cü ildə 28 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ildə cəmi 5 tüstüdən (evdən) ibarət olan kənd erməni millətçiləri tərəfindən dağıdılmışdır. Torpaqları ermənilər yaşayan Liçk kəndinə birləşdirilmişdir.

Buğakar - Azərbaycanlı kəndi. Mığrıdan 12 km şimal qərbdə, Mığrı çayının sağ sahilində meşəlik yerdə yerləşir. Sovet hakimiyyəti Vartanizor (Lök) kənd sovetliyinə daxil olmuşdur. 1897-ci ildə 139 nəfər, 1904-cü ildə 194 nəfər, 1922-ci ildə 44 nəfər, 1931-ci ildə 41 nəfər azərbaycanlı əhalisi olmuşdur. 30-cu illərdə kənd ləğv edilmiş, əhalisi qonşu azərbaycanlı kəndlərinə köçürülmüşdür.

Vartanizor (Lök) - Azərbaycanlı kəndi. Rayon mərkəzindən 9 km şimal-şərqdə, Mığrı çayının orta axınının sol sahilində yerləşir. Erməni mənbələrində Vartanizor kəndi iki hissədən: I Vartanizor, yəni Aşağı Vartanizor və Yuxarı - II Vartanizordan (buraya Lök və Seyidlər kəndləri daxil olmuşdur) ibarət olmuşdur. 1831-ci ildə 136 nəfər, 1873-cü ildə 316 nəfər, 1886-cı ildə 480 nəfər, 1897-ci ildə 506 nəfər, 1914-cü ildə 1053 nəfər əhalisi olmuşdur.

1918-ci ildə Andranikin dəstəsi Sisyan və Qafan rayonlarının azərbaycanlı kəndlərini dağıdıb yandırdıqdan sonra Zəngəzurun digər rayonlarına, o cümlədən, Mığrı rayonunun azərbaycanlı kəndlərinə hücum edir. I Vartanizorda 100 tüstü, II Vartanizorda 60 tüstü dağıtmış və 200 nəfər əhali qırmışlar.

Lök kəndi bir neçə il sahibsiz qalmış, xarabalığa çevrilmişdir. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra rayonun azərbaycanlı kəndlərinin əhalisi tədricən öz doğma yurdlarına qayıtmağa başlamışdır. Lök kəndinin 1053 nəfər əhalisindən 1922-ci ildə cəmi 177 nəfəri qayıtmışdır. 1926-cı ildə onların sayı 187 nəfər, 1931-ci ildə 243 nəfərə çatmışdır. Kəndə qayıtmış didərginlər, əvvəlcə dağıdılmış yaşayış binalarını bərpa etməyə, təsərrüfatı dirçəltməyə başlamışlar. Kəndlilər bağçılığı, meyvəçiliyi, taxılçılığı, tərəvəzçiliyi inkişaf etdirərək qısa müddətdə özləri üçün güzəran yaratdılar. 1930-cu illərdə kolxoz qurdular, üzüm və başqa meyvələrin tədarükü məntəqəsini yaratdılar. Özləri üçün yeni evlər tikdilər. Ümumi milli ayrı-seçkiliyə baxmayaraq kənd camaatının öz qüvvəsi ilə kənddə məktəb, klub, kitabxana, kino qurğusu, məişət xidməti emalatxanası təşkil edildi, tibb məntəqəsi açıldı. 1988-ci ilin noyabrında rayonun partiya, sovet və inzibati orqanlarının zorakılıqla həyata keçirdikləri cəza tədbirləri ilə kəndin əhalisini, uşaqlara, qadınlara, qocalara məhəl qoymadan üç gün ərzində qaçmağa məcbur etmişlər. Kənddə kolxozun bütün mülkiyyəti, əhalinin evləri, bağları və ev əşyaları əllərindən alınmışdır.

Əməkdar jurnalist, yazıçı, publisist, tarix elmləri namizədi, uzun müddət Sovet Ermənistanı qəzetində redaktor müavini, redaktor və Ermənistan SSR maarif nazirinin müavini işləmiş tarixçi alim İsrafil Məmmədov, yazıçı Azər Abdulla bu kənddə anadan olmuşlar.

Vahruvar- Qarışıq kənd. Vahruvar çayının sahilində, rayon mərkəzindən 6 km şimali-qərbdə yerləşmişdir. Kənddə 1926-cı ildə 210 nəfər erməni, 8 nəfər azərbaycanlı, 1931-ci ildə 300 nəfər erməni, 64 nəfər azərbaycanlı əhali yaşamışdır. Sonralar azərbaycanlılar kənddən köçürülmüş, qonşu azərbaycanlı kəndlərində məskunlaşmışlar.

Düz Qışlaq - Xarabalıqları indiki Qarcevan (Qırxcavan) qəsəbəsinin yaxınlığındadır. 1926-cı ildə qışlaqda 7 nəfər azərbaycanlı yaşamışdır.

Aldərə (Əldərə, Əli damı) - Azərbaycanlı kəndi. Rayon mərkəzindən 12 km cənub-şərqdə, Araz çayının sol sahilində, Bakı-İrəvan dəmiryolunun sağ sahilində yerləşmiş, üç tərəfdən hündür dağlarla əhatə olunmuş, ətrafı başdan-başa bağlara bürünmüşdür. Rayonun qədim kəndlərindən biri olan Aldərədə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 911, 1886-cı ildə 1077 nəfər, 1897-ci ildə 1094 nəfər, 1914-cü

ildə 1987 nəfər əhali yaşamışdır. Rayonun ən iri yaşayış məskənlərindən biri olan bu kənd də cəllad Andranikin qəzəbinə düçar oldu. Zəngəzur qəzası rəisinin Gəncə qubernatoruna 15 dekabr 1918-ci il 745 nömrəli raportunda Aldərə kəndinin dağıdılması belə təsvir edilir: “Qonşu kəndin erməniləri müsəlman kəndləri olan Aldərə, Mərzəğat və Tuğut kəndlərini dağıtmış və yandırmışlar”. Beləliklə, 2000 nəfərə yaxın əhalisi olan kənd dağılıb yandırıldı və əhalisinin salamat qalan hissəsi müxtəlif qonşu vilayətlərə, qəzalara qovuldu.

https://www.yeniazerbaycan.com/xeberlenti_e76450_az.html