SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

OĞUZ ELİM QUBADLIM

foto-HaciHacı Nərimanoğlu

«Türk ədəbiyyatının bütün əsərləri tərəzinin bir gözünə, «Dədə Qorqud» o biri gözünə qoyulsa, yenə «Dədə   Qorqud» ağır gələr.    M. F. Köprülüzadə
Adlar yerin, torpağın danışan dilidir, xalqların, millətlərin, həmin torpaq üstündə yaşamışların, qoynunda uyuyanların və bu gün yaşayanların, onların əsil-nəslinin, soykökünün güzgüsü, ən etibarlı ünvanları, canlı şahidləridir.

Doğulub boya-başa çatdığım Qubadlı torpağında neçə-neçə el-oba, dağ-qaya, dərə-təpə,  düz-düzəngah, bulaq-irmaq dil açıb «mən oğuz eliyəm, Dədə Qorqud yadigarıyam, mənim sinəm üstə oğuz igidləri, ərlər, ərənlər ox atıb, at çapıb dövran sürüblər»-deyir. Üz tutaq oğuz ellərinin əlçatmaz, ünyetməz, hay-haraylı ömür kitabına-”Kitabi-Dədə Qorqud”a ( Bakı, Yazıçı, 1988 ).

Kitabımızın və oğuzların baş qəhrəmanı Ulaş oğlu Salur Qazandır. Qazan xan, Qazlıq qoca, Qazlıq at, Qazlıq dağ kitabımızın hər boyunda var. Qaz/qazı- oğuz tayfasıdır. Cılfır kəndinin başı üstündə Qazı köşkü deyilən yer var. Bura oğuz iğidlərinin yurda keşik çəkdiyi yerdir, «köşk» də oğuz yaşıdlıdır, «meydanda bir köşk yapdırmış idi». Yazı düzündən bir az yuxarı Qazı dərəsi obası, Qaracallıda qazılar məhləsi və tayfası, Qazyan kəndimiz, kəndin üstündən uzanıb gedən Qazan dərə, Fərcandan aşağı Qazan göl oğuz elinin «alpanlar başı» Qazan xanın da mənsub olduğu soyun məskəni olub. Min üç yüz il sonra Azərbaycanın sərhəd qapısı olan Qubadlının dar günündə özünün yaratdığı könüllülər batalyonu ilə yurdunu yağmalayan kafirlərə qan udduran, yaraşıqda, güc-qüvvətdə, boy-buxunda Qazan xan timsallı sərkərdəmiz, idman ustası, güləşçi-pəhləvan, alay komandiri, Azərbaycanın Milli Qəhrəmanı Əliyar Yusif oğlu Əliyevin Qazyan kəndində doğulub boya-başa çatması məgər təsadüfdürmü? Su gələn arxa bir daha gəlməzmi olur?! «Dədəm Qorqud qazı ərənlər başına nə gəldügün söylədi». Türk qaziliyi (ya Qazi ol, ya Şəhid) bizim qazi babalarımızdan qalmadır. Şah İsmayılın qızılbaşları arasında döyüşkən qazyan tayfalarının da adı çəkilir.
Ulaş oğlu Salur Qazan... Oğuznamələrdə də adı tez-tez çəkilən Ulaş oğuz tayfa və igidinin adı Ulaşlı kəndimizdə yaşayır, oğuzların bu adda xanlıqları, mərkəzləri də olub. «Ulaşuban sular taşsa, dəniz tolmaz»-kitabda tez-tez işlənən ulaşmaq feli isə qarışmaq, qovuşmaq mənasındadır, indiki dilimizdə başqa məqamda işlənir (qurdlar ulaşır).
Qazan xan ləqəbi Salur iç oğuz tayfasından biridir. «Salur»un kökü «sal»dır. Əski dilimizdə böyük, bütöv deməkdir. Seytas kəndinin üstündə uca Salkan dağı və Saldaş kəndimizin adlarında (Salvartıda) sal-ın bu mənası daşlaşıb. «Kan» da arxaik türk sözüdür, hündür pilləli, dağlıq yerə deyilir (Balkan, Balakən, Beyləqan, Abakan və s.).
Kim idi Qazan xanın sağı, solu, «vur igidim» dedikləri; «altmış tutamlıq böyük nizəsinin ucunda igidləri böyürdən Səlçik oğlu Dəli Dondar çaparaq yetişdi: «çal qılıncın, ağam Qazan, yetdim»-deyən Dondar oğuz igidinin, oğuz soyunun ünvanı deyilmi ağır elli, qədimdən-qədim Dondarlı kəndi? Tondar adlı başqa oğuz igidi də var kitabımızda. «Sağ tərəfdə Qara Tükən Məlikə Tondar qarşu gəldi». Strabon, Plini, Plutarxın tarix, coğrafiya kitablarında da bu soyun adı çəkilir.
«Qonur Qoca oğlu Sarı Çoban deyərdilər adına, oğuzların önündə bundan əvvəl kimsə keçəmməzdi». Oğuz igidi Sarı Çobanın yurd, yataq yeri deyilmi Sarıyataq obası və Sarı dərə? Elə bizim çağlarda bol sürülü çobanlar azmı idi Sarıyataqda, təbii şəraiti ilə qoyunçuluq, maldarlıq üçün bu kənddən əlverişli yer tapmaq olardımı?
Sarı adında başqa personajlar da var kitabımızda. «İlək Qoca oğlu Sarı Qalmaş Qazan bəgün evi üzərində Şəhid oldı». «Yerin bir ucundan o biri ucuna çatım» deyən Savğan Sarı səninlə getsin. Sav şəxsdir, eponimdir. Savadərə, Sav bulağı var (Savalan dağ) Qubadlımızda. Ğan isə ata deməkdir-Qamğan oğlu Bayındır xan.
«Yazıda-yabanda keyiki qovar, sənin önünə gətirər». Elimizin bol bəhrəli taxıl anbarı olan Yazı düzü oğuz yaşıdlıdır, düzəngah yer anlamındadır. Elə «yazı yazmaq» ifadəsi də mənasın bu kökdən alıb.
Yazı düzündəki Quşçu düz, Qanlıdüz, Qanlı dərə də oğuz yaşıdlıdır. Qanlı kitabımızdakı «Qanlı qoca oğlu Qanturalı boyu»nun baş qəhrəmanıdır, «oğuz zamanında Qanlı qoca, derlərdi, bir gürbiz (müdrik) ər vardı». Qanlı- oğuz türklərindən olan kəngərlərin (kəng+ər) ilkin soyköklərindəndir. «Qanlı-qanlı suların sovulmuşdu, çağladı axır»; qanlı aşıb-daşan, vurub-yıxan deməkdi.
Fəzlullah Rəşidəddin «Oğuznamə»sindəki oğuz hökmranlıq şəcərəsində beşinci Əbülcə xandır, uzun illər yaşadığı göstərilir. Dədə Qorquddakı oğuz igidlərinin adlarını yada salaq; Qaraca, Ulca, Bulca, Alınca...İslamiyyətdən sonra Əbil, Qara, Alı kimi adlar qalsa da, ca, cə şəkilçi artımı ilə ondan uzaqlara gedib çatır. Əbilcə, Altınca ( bu adda kəndimiz yaxınlıqdakı Qiyaslıya köçüb qarışmış, kənd Altınca Qiyaslı adlanmışdır), Qannıca obalarımız oğuz yaşıdlıdır.
Oğuz igidlərinin adlarına bir də baxaq; Beyrək, Tünək, Dirək, Yeynək və s. Boynakər kəndimizin adında Boynək-Beynək şəxsdir, ər- igid, ya da oğuz tayfa adıdır. Boynakərdən bir az o yana Qafanın Gəyrək kəndi də vardı.
Xocamsaxlı, Xocahan, Xocik kənd adlarımız Dədə Qorquddakı Uşun Qoca, Qazılıq Qoca, Qanlı Qoca, «Oğuznamə»dəki Qara Xoca, Tulu Xoca və s. ilə həmyaşdır. Xoca-Qoca keçmişlərdə aqil, ahıl kişilərə deyərdilər. Sak-sax, han-hun qədim türk soylarımızdandır, həm də şəxsdir (müqayisə et; Dədəm Qorqud, Ağam Qazan-Xocamsaxlı). Qalacıq Xocamsaxlı kəndinin başı üstündə qədim müdafiə qalası olduğuna görə belə adlanırdı. Xocik isə əslində Xoca İlik-İləkdir, tələffüzə uyğun sadələşib. Dədə Qorqudda da eyni adlı eponim var. X-XIII əsrlərdə əslini bu soydan almış İləkxanlı dövlətimiz olub, hökmdarlarına, sərkərdələrinə verilən titul isə İlik idi; Bilgə İlik, Arslan İlik, Boğra İlik, Xoca İlik.
Rəşidəddin və Əbülqazi «Oğuznamə»lərindən öyrənirik: Oğuz xanın atası Qara xan, oğulları Qun (Hun-Xun) xan, Muğan xandır. Qaralar, Muğanlı, Qundanlı kəndlərimiz oğuz-türk soyludur.
Biz atəşpərəst olmuşuq, mənim buna heç bir şübhəm yoxdur. Əgər min illər keçəndən sonra islam dininin də qadağalarına baxmadan indi də ən əziz andlarımızdan biri « o gün haqqı, o günə baxan gözüm kor olsun, bu isti zindan haqqı, bu ocaq haqqı...» deyiriksə, bu cana-qana hopmuş inamdır, zehin, fikir yaddaşıdır, dünyagörüşüdür. Uşaqlıqda ocağa tüpürmək üstündə dədəmdən yediyim sillə də mənə bu müqəddəsliyi ömürlük anladıb.
Belə bir elmi mülahizə də var ki, Zərdüşt-ün əsil adı Bərgüşt olmuş, atəşpərəstlərin müqəddəs odu Bərgüşad dağının ən uca zirvəsindəki Aramazd kahasında saxlanmış, bu qala-məbədgah isə xeyir allahı Ahura Mazda-Aramazd-Hörmüzd-ün məskəni olmuş, onun adından qalmışdır. İnandırıcı, ağlabatandır. Həm də bu dövrdə bizim ərazilərin də daxil olduğu Sasanilər dövlətinin hökmdarı I Qubad (Qubadlı) idi.
Oğuz xanın tarixi prototipi eramızdan əvvəl 20 il Hun hökmdarı olmuş Mavdun-Mavdan xandır ( Ziya Göyalp «Türkçülüyün əsasları»). Yazı düzündə və Xocahandan yuxarı kahalı, mağaralı Mavdan dərələrimiz vardı.
Qarakişilər kəndinin başı üstündə iki qədim insan məskəni-kaha-mağara var. Əsrdən-əsrə, nəsildən-nəslə keçib gələn adlarına bax- İçağız, Daşağız. Ulu tariximizin canlı ensiklopediyasına üz tutaq: «Ayğır, buğra, qoç qırdır! İç Oğuzun, Daş Oğuzun bəylərini üstünə yığ!». İç və Daş oğuz- oğuz ellərinin iki qoluydu, İkisi birlikdə Qalın Oğuz elində -dövlətində birləşmişdi.
Qaracallının (bəlkə Qaraca Alı?) başı üzərindəki qayalıqda daşdan yonulmuş qoç-qoyun fiqurları və qaya-çoban Qaraca Çoban ruhunun, cisminin canlı yadigarı idi. El arasında bu yer elə Qara Çoban yurdu adlanırdı. Bir az aşağıdakı daş mağaradan isə son illərə kimi kolxozun qoyun ferması kimi istifadə edilirdi. Oğuzlar kimi bizim camaatın da əsas dolanışığı elə qoyun- quzuynan idi.
Sarıyataq, Qaraağac, Qaracallı, Qarakişilərin yuxarı ətrafı göy altında təbii oğuz tarixi muzeyi idi. Taxıl təhkimçisi olanda qarış-qarış gəzdiyim bu həndəvərdə 45 adda qala, kaha, mağara, dağ-qaya, dərə-təpə, yol-keçid ...saymışdım. Hündürdə isə bu yerlərin nadir təbii eksponatı olan Humay qaya əzəmətli duruşu ilə adamı heyran edirdi. Bu elin, bu yurdun qədim, ulu keçmişinə -oğuz ünvanlı tarixinə güzgü tutur Humay qaya. Qədim türk Altungöl abidəsində yazı:-bizim adımız Humay bəydir, biz nəslən alp ərik, run yazılarından :- Humay bənzərli qadın anamın şərəfinə. Ana haqqı-Tanrı haqqı deyən oğuzlar Ananı Tanrı mərtəbəsində ulu, müqəddəs biliblər. Ən qədim türk soylar üç ilahiyə sitayiş edərdilər; -Tanrı, Humay Ana, Sub-Yer. Humay qaya ətrafında oğuzların mərasimləri icra edilib, min illiyin bu üzündə də Humay qaya pir, ocaq sayılırdı, üzbəüzdə göylərə ucalan Tumasata, Ziyarət dağ, Pirdağı, Ərzə, Qızıl qaya kimi. Səngər dag (Əyin və Dəmirçilərdə)- səng ərlərinin məskəniydi. Bazarçayın üstündə Günbəzdağ, Seytas kəndinin başı üstündə isə Oğuzqaya yurda keşik çəkirdi. Bir dağımızın adı Anabat idi. Bat - dağ deməkdi (Naxçıvanda Batabat). Oğuzlar uca dağ, qaya, ağacı (hər kəndin saqqız, dağdağan-ağac pirləri vardı, niyyətin hasil olması üçün bu ağaclara əski parçaları bağlanar, yan-yörəsində qurbanlar kəsilərdi), bozqurdu (Qurdbulaq, Qurddərə), suyu da (Ağaçay) müqəddəs bilirdi, onlara tapınırdı, dərd deyib dərman diləyirdi.
“Qara yerin üstünə ağ ban evin tikdirmişdi. Ala sayvan göy yüzünə dirənmişdi». Qara-böyük, geniş, torpaq, uca, duman-çən, igid, pis, uzun, ağ- böyük, geniş, ala-hündür, uca mənalarda gen-bol işlənib oğuzların zamanında. Oğuz anlamlı qara, ağ, ala-nın onlarla izi qalıb Qubadlımın hər yanında: Qaraqoyunlu, Qaramanlı, Qaralar, Qarağac, Qaracallı, Qarakişilər, Alaqurşaq kəndləri, Alakol, Ağdəyirmançay, Alaqaya, Qaragöl, Qaradağ, Ağdüz, Qarayer, Ağdərə, Ağqaya, Ağbulaq, Qaraqaya, Qarasu, Qaraçay (Əbilcədən yuxarı), Qaradərə, Qaravun (böyük, abun-sulu yer) dərə ... bunların da xeylisi Dədə Qorqudda eynən var.
Kitabımızın X boyundan öyrənirik ki, oğuz igidi Usun oğlu Əkrək də düz bizim elin içindən «Gorus-Əngəleyüz-Dərəşamdan dədə-baba, el yolu ilə» keçib özünü Əlincə qalada qara donlu kafirlər əlində zindanda yatan qardaşı Səkrəkə çatdırmışdı. Gorus-Us-un gor, yaşayış yeri, Qafan, Qacaran, Ağvan ... eyni adlı türksoyların yurdu idi, Zeyvə -ziyarətgah (kəndin ayağında Dəmirçilərli Şıx Veyis Baba ocağının pirləri vardı), onun söykəndiyi Xanəgah-Xanağa dağ-xan yurdu olanda hələ bu həndəvərə erməni ayagı dəyməmişdi.
Oğuzların özgə dilli, «sası dinli kafir» qonşuları bir yanda Rum eli (Bizans), o biri yanda Gürcüstan idi ki, onlar da oğuzlara xərac verirdi. «Bəkil şahanə ayqırı çəkdirib mindi, qohum-əqrəbasın ayırdı, ev-eşiyin yığdı, oğuz elindən köçdü. Gedib doqquz tümənlik Gürcüstan sərhədində çadır qurdu. Qaravulçuluq elədi. Buralara yad kafir gəlsə idi, başını oğuz elinə hədiyyə göndərirdi». Oğuz elinin düz mərkəzində yerləşən bizim ərazidəki Gürcülü kəndi də əsir, girov götürülmüş gürcülərin saxlandığı yer olub.
Bu, kitabda Qorqud atanın ilk sözü, birinci dediyidir :- Axırda xanlıq geriyə-Qayıya dönər, heç kim əllərindən almaz. Qayı on iki daş-dış oğuz tayfasından biridir, «Oğuznamə»də Oğuz xanın böyük oğlu Gün xanın birinci oğlu Qayı xandır. Qayı adda daha dörd igid də var kitabda. Osmanlı sultanları da Qayı nəslindəndir, Sultan Süleyman Qanuni özünün bu nəslə mənsubluğundan qürurla danışıb. Qayalı- Qayılı oğuz tayfasının yadigarıdır, ahəng qanununun tələbi ilə ı a-ya çevrilib. Xanlıq-tayfa, soy birliyidir, kiçik dövlətdir. Rayonumuzun ən böyük, gur elli Xanlıq kəndi oğuz çağlarında da soyun qayıdış yeri, oturaq mərkəzi olub. Qarabağ xanı Pənahəli xanın oğlu Mehrəli bəyin malikanəsi də burda yerləşirmiş.
Qazan xan oğlu Uruz yağı əlində dustaq olur ( IV boy), kafirlərin girib-çıxanı qolu bağlı oguz igidini döyüb deyir:- «qarı düşmən, tatar oğlu əlimizə düşmüşkən cəza ilə öldürəlim», « kərəm eylə, ol tatarı quyudan çıxar». Tatar kəndi oğuz yaşıdlıdır. Bir çox tədqiqatçı alimlərimiz tatarların Azərbaycan ərazisinə gəlişini XIII əsrdə monqol-tatarların yürüşü ilə əlaqələndirirlər. Ancaq unudurlar ki, qədim türksoylardan olan tatarlar bu ərazilərdə oğuzlarla birlikdə hələ VI-VIII əsrlərdə elə kök salmışdılar ki, kafir qonşular da onları «qarı düşmən» adlandırırdı. Rus-fars şovinizmi də son iki əsrdə bizi tatar, azəri adlandırmaqla ( az da, ər də oğuz tayfasıdır- Bazarçay adında qoşalaşıb), türk əsil-kökümüzdən ayırmaq istədi, fəqət unutdu ki, hun, şumer, sak-dan üzübəri hamısı Türk ağacının qol-budaqlarıdır.
Ümumtürk tarixinin ən şərəfli səhifələrini yazmış, güclü bir imperiya yaratmış Göytürklərin izləri Qubadlımızda qalmaqdadır. Əliquluşağı kəndinin başı üstündə beşinci əsrə aid Göyqalanın adı da, özü də dururdu. Bura həm də müqəddəs ziyarətgah sayılırdı. Göy-təkcə səma, ənginlik, ucalıq yox, həm də Tanrıdır, müqəddəsdir. «Qalın oğuz bəyləri göyə üz tutdular. Əl qaldırıb dua etdilər.» Göy həm də şəxsdir, oğuz sülaləsinin bir qoludur. Xanlarxanı Bayandır xan Oğuz xanın oğlu Göy xanın oğludur («Oğuznamə»-F.R.). Göyərabas kəndimizdə Göy inancımız ər etnonimi ilə birləşib.
Ağ hasar-Dondarlı Mirlər kəndləri arasında düzəngahdakı qədim qəbristanlıq yeri belə adlanırdı. Qiblə, ziyarətgah, and yeri idi Ağ hasar. Arada Bərgüşad çayı, xeyli məsafə olsa da, bütün ətraf kəndlər ölənlərini burda dəfn edərdilər. Hər qəbir yeri qazılanda qatbaqat qəbirlər, torpağa dönmüş insan sümükləri çıxırdı. Ağ hasarda bir-birinə sarmaşıb dövrə vuran saqqız ağacları arasında babalarımın ayrıca «hücrəsi» -əbədi yurd yeri vardı, evimizdə həmişə o saqqız ağacının qol-budaqlarından, dibinin torpağından olardı, öpüb gözlərimiz üstə qoyar, ağrıyan yerlərimizə sürtərdik... «Kitabi-Dədə Qorqud»umuzun coğrafi adlar sırasında Ağ hasar da var.
Oğuz yurdum Qubadlım zaman-zaman müxtəlif türk dilli etnosları qoynuna almış, neçə-neçə türksoy öz adını kəndlərimizə möhürləmişdir: Abdalanlı, Padar, Poladlı (şahsevən tayfasıdır), Qaramanlı, Qədili, Qaracallı (kəngərli t-dır), Muradxanlı (təklə t-dır), Qaralar (kəbirli t-dır), Qaraqoyunlu, Əfəndilər, Dəmirçilər (qızılbaş t-dır), Xandək, Xalac, Cibikli, Korcalanlı (Çardaxlı kəndini də burdan köçənlər salmışlar), Hacılı (zülqədər t-dır), Gödəklər (xələc t-dır), Əliyanlı (qaraçorlu t-dır), Tumas (tərəkəmə t-dır), Tarovlu ( tar tayfalarının ovlaq yeri, tarlara məxsus yer)...
Qubadlıda min illərin yadigarı olan tarixi abidələr bu yurdun qədim tarixinə, ulu keçmişinə şahidlik edir. Muradxanlı, Saray, Əliquluşağı, Aşağı Xocamsaxlı, Qarakişilərin başı üstündəki IV-V əsrə aid qalalar Azərbaycan tarixinin, memarlığının əvəzsiz nümunələri idi, sonuncu Gavur qala adlanırdı, bu hansısa kafirin yox, bizim oğuz babaların qalası idi, gavur oğuzlarda yüksək, uca yerə deyilərdi. «Gəbr» isə oda inanan deməkdir, kafir, kafər ərəblərə bizdən keçib.
Yazı düzünün orta təpəsində Cavanşir qalasının adı və özül yeri dururdu. Məlikəhmədli, Abdalanlının qoca sakinləri danışırdı ki, 90-cu illərə kimi qala divarları qalırdı, bir neçə dəfə gəlib baxan, şəklin çəkən, üstü yazılı daşların çıxarıb aparan erməniləri də görübmüşlər. Bir müddət sonra baxıblar ki, dinamit qoyub partladıblar. Erməni xisləti belə idi, nəyi özününküləşdirə bilmirdisə, izin itirməyə çalışırdı.
Tarix yaradan biz olmuşuq, tariximizi yazan özgələr. Özlərinə nə cür sərfəli olubsa, elə də yazıb, yazdırıb hələ üstəlik bizi də məcbur eliyiblər ki, budur sizin tarixiniz, öyrənin. 80-ci illər idi, eşitdim ki, Göyərcikdə kolxoza heyvandarlıq ferması tikmək üçün özül yeri açılanda üstündə xaç şəkilləri həkk edilmiş qəbir daşları çıxıb, ermənilər eşidən kimi gəlib yiyə durublar ki, bura qədim erməni qəbristanlığı olub, daşları da çıxarıb aparmaq istəyiblər. Qoca tariximizin bu canlı şahidlərinə yad nəzərlə baxan müəllimlərimizi də çətinliklə inandıra bildim ki, xaç ermənidən çox-çox əvvəl bizim ulu babalarımızın Göy, Yer, Əbədi Dünya- nı dərki, qolları yana açılmış insan duruşu şəklində ifadəsi olub, qədim türklər Günəşin çıxmasını belə qarşılayıb onu salamlamış, sonralar bu ayin-xaç duruşu xristianlığın rəmzinə çevrilmişdir və bizim əcdadlarımızın böyük bir hissəsi ermənilər bu torpaqlara gəlməmişdən xeyli əvvəl xristianlığa- tək Allahlığa keçmişdilər, bu daş yadigarlar da bizə ululardan çatmış əmanətlərdi. Yadımdadır ki, mən bu barədə oxuyub bildiklərimi deyəndə, hətta, kənddəki tarix müəllimləri də mənə şübhə ilə qulaq asırdı. Başaratda ev yeri açılarkən bütöv bir təpədə içərisində ayaq üstə qoyulmuş insan sümükləri olan küplər, yan-yörəsində isə əmək alətləri, toxum çürüntüləri, bəzək əşyaları qoyulmuş daş sandıqlar çıxmışdı. Yağmalanmış əşyaların bir neçəsin tapıb gətirib muzeyə təhvil verdik. Çox kəndlərimizdə qoç, qoyun, at, quş formalı daş heykəllər dururdu, bunlar da tariximizin tayfa, qəbilə birlikləri dövrünın sənət, sənətkarlıq nümunələri, əcdadlarımızın həyata, dünyaya baxışlarının inikası idi. Bu ərazidəki ilk insan məskənləri olan kaha-mağaralardan üzübəri (Məlikəhmədli, Həmzəli, Müskanlı, Muradxanlı və b.), qalalar, gümbədlər-alban məbədləri (Gürcülüdə), türbələr (Dəmirçilərdəkilərin qurucusu Əli Məcdəddin), məscidlər (Dondarlı, Dəmirçilər, Saray, Məmər, Xalac...), körpülər (Lalazar, Sınıx, Hacı Bədəl, Korlar Həmzəlisi...) bu ellərin keşməkeşli tarixinin canlı şahidləridir.
Aşağı, Yuxarı Mollu, Mollalı (Mollu Alı), Mollabürhan (Mollu Bürhan), kəndlərimiz isə mollu tayfalarının yurd yerləri olub. XVI-XVII əsrlərdə Güney Azərbaycanın Mollu kəndindən köçmüş ailələr tərəfindən salındığı yazılı mənbələrdə qeyd edilib.
Oğuz elim Qubadlıda milli tariximizin bütün qəhrəmanlıq səhifələrinin izi qalıb, Cavanşir və Babəkin ərəblərə qarşı ən ağır döyüşləri bu torpaqlarda olub, səhra şəraitində yaxşı hərəkət etməyə vərdiş etmiş ərəblər dağlıq ərazilərdə, təbii istehkam və qalalarda ağır itkilərə məruz qalırdı. Həmin dövrlərin yadigarları olan Muradxanlı, Saray, A. Xocamsaxlıdakı qalalarda yeraltı lağım, su quyuları, saxsı su boru arxının izləri qalmaqda idi. Bunlar uzunmüddətli müdafiə üçün ucaldılmış etibarlı istehkamlar idi. Koroğlu savaşlarının da izi Yazı düzündəki Koroğlu arşını, Koroğlu tapında (təpə) qalmaqda idi. Bir çox tədqiqatçılar isə Koroğlunun əsas düşərgələrindən birinin Çardaxlıda olduğun yazırlar. Məgər dünya tarixində ikinci nümunəsi olmayan, 22 il ər-arvadın qoşa başçılıq etdiyi, rus-iran-türk hökmdarlarının saraylarına vəlvələ salan qaçaq dəstəsinin başçısı Qaçaq Nəbiynən Həcərin də Qubadlı torpağının bağrından qopması və üstəlik Bozatlı olması təsadüfidirmi? Oğuz igidi Bamsı Beyrəyin atı Boz ayqır, ləqəbi Boz oğlan, soyu Boz oğuz, darda üz tutub kömək dilədikləri Bozqurd deyildimi?! Boz oğlanın Banu Çiçəyi, Koroğlunun Nigarı olduğu kimi, Nəbinin də Həcəri vardı.
Qubadlı-türksoylu tayfadı. Bunu professor Məmmədhüseyn Təhmasibdən də eşitmişəm. Ancaq V əsr Sasani hökmdarı Qubad şahdan üzübəri xeyli Qubad-ların da tarixdə adları qalıb. 1823-cü il mənbələrində Qarabağ xanı İbrahimxanın Qubadlı kəndinə məxsus torpaq sahəsini satın alıb qardaşı Mehdiqulu xana bağışlaması qeyd olunub. Azərbaycan zor gücünə Rusiyaya birləşdirildikdən sonra xeyli vaxt viranə qalan Qubadlını çar generalı Kotlyarevski xidməti müqabilində Hacı Ağalar bəyə vermişdi.
Qubadlı toponimi qubadlı tirəsinin adı ilə bağlıdır. 1823-cü ilə aid mənbəyə görə, Qarabağ xanı İbrahimxəlil xan kəndə məxsus torpaq sahəsini pulla satın almış və qardaşı Mehdiqulu xana bağışlamışdı. Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsindən sonra viranə qalmış kəndi rus generalı P.S.Kotlyarevski göstərdiyi xidmətin müqabilində Hacı Ağalar bəy adlı birisinə vermişdir.
Bu isə az.wikipedia.org internet saytında rayonumuz haqqında verilən bilgidir.
"Versiyalardan birinə görə, Qubadlı toponimi V-VI əsrlərdə yaşamış Sasani hökmdarı I Qubadın adı ilə bağlıdır.
Tarixdə Bərgüşad mahalı kimi tanınan hazırkı Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində Cənubi Azərbaycan dövlətinin Qaradağ xanlığına inzibati ərazi vahidi kimi tabe olmuşdur. Lakin sonradan zəmanəsinin görkəmli şəxsiyyəti olan Qarabağ xanı Pənahəli xanın uzaqgörən siyasəti və əzmkarlığı sayəsində Zəngəzurun ayrılmaz qismi kimi Qarabağ xanlığının idarəçiliyinə verilmişdir.
Hələ indiyə qədər Bərgüşad toponimi tamamilə dəqiq izah olunmayıb. XIX əsrin 50-ci illərinə aid ədəbiyyatda Naxçıvanda bərgüşad adlı türkdilli tayfanın adı çəkilir. Bu tayfa adını Bərgüşad zonasından alıb. Səfəvi dövründə bərgüşad qızılbaş tayfalarının tərkibinə daxil idi. Orta əsrlərdə Bərgüşad mahalı Araza tökülən Həkəri çayı ilə Bərgüşadçay arasındakı ərazini əhatə etmişdir.
Bir çox tədqiqatçılara görə, birinci komponenti təşkil edən bərgü sözü qədim türk mənşəli barq tayfasının adındandır. Çingiz xanın oğlu Çuçinin 1207-ci ildə qərbə doğru yürüşü zamanı başqa tayfalarla yanaşı bərgü tayfasının torpaqlarını tutması faktı tarixdən məlumdur. İran tarixçisi Fəxrəddin Mübarəkşah (XII) 58 türk tayfası arasında bərgü tayfasının da adını çəkib. Fəzlullah Rəşidəddin (XIII əsr) bu etnonimi bərküt (bərgülər) kimi qeydə almışdır. Tədqiqatçıların fikrinə görə, bərgülər monqol işğalından xeyli əvvəl Azərbaycanda məskunlaşmışlar. Toponimin tərkibindəki şad/şat sözü isə bir növ cəmlik bildirir. Bərgüşad dağları, Bərgüşad çayı, Bərgüşad çökəyi toponimləri "bərgülərin dağı", "bərgülərin çayı", "bərgülərin çökəyi" mənasındadır. XV əsr Azərbaycan şairi Bədr Şirvaninin əsərlərində də Bərgüşad coğrafi adı çəkilir. Bərgüşad toponimi çox geniş coğrafi areala sahibdir. Ucar rayonunda Bərgüşad adlı kənd var.
Azərbaycan xalqının tarixi tarixi faciəsi kimi yaşanan 1921-ci ildə rus-erməni, eləcə də daşnak-bolşevik ittifaqının məntiqi nəticəsi olaraq, imperiya mahalı iki yerə bölmüşdür. Qubadlı, Laçın və Zəngilan rayonları çətinliklə də olsa, Azərbaycan Respublikasının inzibati ərazisində qalmışdır. Çox keçmədən bu cür bölgü erməni-rus cütlüyünü tam təmin etmədiyindən gələcəkdə həmin rayonları da Ermənistan ərazilərinə qatmaq məqsədilə Qubadlı, Laçın və Kəlbəcər rayonlarında Azərbaycan Respublikasının tərkibində "Qırmızı Kürdüstan" adında muxtariyyət təşkil olunmuşdur. Bununla yanaşı, hər üç rayon ərazi vahidi kimi öz statuslarını saxlamışdır. Bu muxtariyyətə qarşı qubadlılar sözün həqiqi mənasında əsl mübarizə aparmışlar. Xüsusilə Əlyanlı kəndinin sakinlərinin bu qərara qarşı fədakar mübarizəsi çox böyük hörmətə layiqdir. Bir neçə ildən sonra Qarabağın Ermənistana verilməməsi, Azərbaycan Respublikasının tərkibində və tabeçiliyində saxlanılması məsələsi həll olunandan sonra "Qırmızı Kürdüstan" muxtariyyəti öz əhəmiyyətini itirdi.
Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub."


Saray-göz açıb gördüyüm, könül verib ilk sevdiyim Anam olub, sən olmusan, a kəndim.

Köhnə kənd yerimiz Saray xanım deyilən düzəngahda olub. Burda qədim, şahanə imarət-sarayın özül yeri dururdu, qızıl-gümüş tapmaq arzusuynan buralarda o qədər yer eşmişik ki uşaqlıqda. Kəndimizin başının üstündə isə möhtəşəm sal qayanın zirvəsində əzəmətli müdafiə-gözət qalasının izləri qalırdı, kənddə o ev tapılmazdı ki, tikintisində burdan daşınan maşın-maşın yonulu hazır daşdan istifadə olunmasın. Qalaya bircə tərəfdən ensiz çıxış yolu vardı, bilinirdi ki, bura sonradan tökmə daş-torpaq yolu çəkilib. Qalanın içərisindəki sal qayada yonulmuş üç adam boyu quyu nadir möcüzəydi. Qocalardan, elə 35 evli kəndimizdəki yaşı 100-ü haqlamış 2 Saray adlı nənədən də öyrənmişdim ki, ötənlərdə kəndimizdə Saray xanım (Dədə-Qorqudda «xanım», «xanım hey» sözləri müraciət formasında çox işlənib) adında şahzadə yaşayıb, elə şura hökuməti gələnə kimi də bütün ətraf kəndlərin torpağı bizim kənddəki bəylik evlərinə məxsus idi, töycüsü, vergisi bura daşınardı. Bəyliyin kəndin ortasındakı 2 mərtəbəli gen-bol ev- eşiyindən, xırman, taxıl anbarlarından hələ də istifadə olunurdu. Tarixin gərdişinə bax ki, Bala bəyin bu cah-calallı imarəti ev-eşik işlərinə baxan Balay kişiyə qalmışdı, nəvəsi də elə onun qızına evlənmişdi. Xatırladaq ki, Əmir Teymurun ilk sevimli ömür-gün yoldaşının da, Çingiz xanın nəticəsi Qazan xanın anasının adı da Saray xanım olmuşdur. XIII əsrdə monqol-tatarların Azərbaycana hücumları dövründə saray adlı türk tayfalarının da bu ərazilərə köçü başlamış, Sibirdən üzübəri -Tatarıstan, Orta Asiya, Qazaxıstan ( 79-81-də hərbi xidmətdə olduğum Kızıl-Orda vilayətində), Türkiyədə də Saray adda xeyli şəhər, kənd, qəsəbə salmış, izlərini qoymuşlar. «Azərbaycan tarixi»ndən (I cild, Azərnəşr, 1994, səhifə 225) bir sitat: «Alban tarixçisi Moisey Xorenasinin məlumatına görə, Basean (Ağrı vilayəti) ərazisində bayandur, bulqar, vanad (vənəd) türk tayfaları məskunlaşmışdılar və hakimləri də Şaray idi, Şaray sonralar yad edilən türk mənşəli «saray» tayfa adını xatırladır. Onun nəslindən olan Quşara-Hunakertə qədər çatan Kanqar dağlıq ölkəsi və yaxınlıqda olan vilayətlər miras qalır, övladları isə bir neçə Armeniya vilayətinə sahib olur. Quşar adı da Şaray (saray) kimi türkmənşəli «quş», (həmçinin kuşan\quşan etnonimi), tayfa adından əmələ gəlmişdir».
Mirhəmzə Seyid Nigarinin müasiri olmuş, divanında da adını xüsusi ehtiramla çəkdiyi Fəxrəddin Ağabali Şeyxin həyatından bəhs edən “Hümayi-ərş” adlı əsərində Seyid Nigarinin özünün də bir müddət əmizadələrinin məskun olduğu Bərgüşad çayı sahilindəki Mirlər kəndində yaşadığını, validəsinin də buradakı məzarlıqda uyuduğunu yazır, qonşuluqdakı Dondarlı və Saray kəndlərinin də adını çəkir. Mənim kəndim haqqında yazır: “cənub-şərqində Saray kəndi vardır. Əhalisi səmih, əsil, müsafirpərvər zəkatdır.” (M.Ruhtimdarda saxlanan əlyazmasının 25-26-cı səhifəsi).
Sözümüzün əvvəlinə qayıdaq. Qubadlı camaatının dili, danışığı ilə «Kitabi-Dədə Qorqud»un yazılı mətninin arasında bəzi paralel müşahidələr aparmaq da kifayətdir ki, bu elin, bu camaatın oğuz əsilli olmasına, o kitabda danışanların törəmələri olduğuna şübhə yeri qoymadan inanasan.
Onun, bunun, ata-ananı, sana, mana-oğuz zamanında bu kimi sözlər sağır n (nun)-la deyilib və yazılıb. Biz tərəfin adamları bu sözləri elə indi də o çür deyillər. Biz də tövləyə həmişə ya tavla, ya da tölə demişik, onlar da. Təbsirdi-səyirdi, bu məhəldə-bu vaxt, dəpmək-təpmək-təpinmək, ökəc-öyəc, savmaq-qurtarmaq, məğmun-mağmın, qom-kom, genə-yenə ... bunlar kitabin tək bir səhifəsində «müasirləşmiş» sözlərdir.
Kitabın tanınmış tədqiqatçısı və ön sözün müəllifi professor Süleyman Əliyarov yazir : «Azvay qurd əniyi erkəkində bir köküm var (XI boy). Azvay sözünə gəldikdə onun açımı indiyədək qaranlıq qalır». Azvay-bizim şivədə cəld, qıvraq, hərəkətli mənasında, ölüvayın antonimi kimi işlənirdi. «Azvayışına fikir ver», «bir az azvayışlı ol»- böyüklərdən eşitdiyim bu sözlər həmişə qulaqlarımdadır. Buna oxşar “azmayiş”sözü isə Anadoluda təcrübədən, sınaqdan keçmiş mənasında ümumişlək sözdür.
Kitabımızın hər səhifəsində «av avladı, soy soyladı» kimi ifadələr görürük, biz də eynən belə deyirdik: - ölü öldü, söz söylədi, yem yemlədi, dən dənləyir...
Oğuzlarda el-dövlətə, gün-xalqa deyilərdi, Orxon-Yenisey yazılarında da həmçinin. Bizlərdə ana uşaqların sevib əzizləyəndə belə deyərdi: elim-günüm...Orta məktəbdə sinif yoldaşlarımın hər iki nəfərindən biri atalarına dədə, qağa, ağa deyirdi, Dədə Qorqudda da oğuzlar böyüklərə belə müraciət edir. Əsrlərdən əsrlərə, nəsillərdən-nəsillərə keçmiş, cana-qana hopmuş söz yaddaşıdır bu deyimlər. Əski dilimizdə işlənmiş, indi arxaikləşmiş neçə-neçə söz daşlaşıb qalıb yer-yurd adlarımızda. Onlara baxaq.
Çərəli. Çərə-örüş yeri, Cılfır-balaca kiçik yer-əzizləmə mənasında, gözəl yer, Başarat-da art-yayla deməkdi. (Ancaq XVI əsrə aid mənbələrdə Başarat bəyin və bəyliyinin adı çəkilir).
Hərtiz. Hərt-xərt-dəmir alətləri itiləmək üçün istifadə edilən bülöv daşıdı, görünür bu düzdə bülöv daşı çıxarmış, Ər düzü- yozumu da verilə bilər. Kəpəz- su üstündə dağ deməkdi.
Seytas. Sey-su (Yenisey çayı da bu mənadadır), tas-daş-dır. Daşdan su çıxan yer. Bu kəndlərin üçü də sofulu tayfaları tərəfindən məskunlaşıb.
Bizmin dağı. Həkəri və Xoşgədik çayları arasındadır. Biz-bis dağ deməkdi (Ağbis, Hərtbis-Hərtis), min isə qədim türk tayfasıdır- Mingəçevir, Mincivan, Minkənd, Mingənata və s.
Tapan dərə (Zilanlı, Molluda)-tapan-qoyun saxlanan yer, arxac deməkdi.
İtib getmiş, qonşulara birləşmiş kəndlərimizin adlarını da yada salmaq istəyirəm, xatirimizdən çıxmasın; Kosakərəm (Cibikli), Qarıkaha (Qayalı), Ocaqqışlaq (Abdalanlı), Xəliloba, Daşaltı, Əzizoba, Şərəfli (Qundanlı), Dağbaşı Vənətli (Dondarlı), Qarabaşlı (Əliquluşağı), Binədərə, Damlanac, Narcaq, Ciyciyi, İşıqlı (şıxlar seyid nəsli burda yaşadığından kəndin adı çönüb), Qarapərilər (Qədili), Mahmuduşağı (Ballıqaya), Hürneyit (Başarat), Məmmədli, İydəli (Məlikəhmədli), Narlıdərə (Novlu), Xudaverdilər (Hüseynuşağı), Seyidəhmədli (Qılıcan- Naxçıvandan gəlmə seyid nəsli olublar)...
Balasoltanlı (Cəbrayılın Soltanlı kəndindən ayrılıb gələn ailələr salmışlar), Məlikəhmədli, Əliquluşağı, Qiyaslı, Tinli, Eyvazlı, Yusifbəyli, Həmzəli, Xıdırlı, Balahəsənli, Davudlu, Saldaş, Ballıqaya (bu üç kənddə sofulular yaşamışlar), Mərdanlı (Hacı Mərdan), Mirlər (XVIII əsrdə Şeyx Mir İbrahim Ağa tərəfindən salınıb), Armudluq (Zəngəzurda bu adda bir neçə kənd, oba olmuşdur, lakin acı təəssüflər olsun ki, bir çox qələm sahibi həmyerlilərimiz bu kəndin adın erməniləşdirib «Amuduq» yazır; «Qubadlı»- İşıq nəşriyyatı, 1992, «Azərbaycan» qəzeti, 31 avqust 2002-ci il və s), Göyyal, Fərcan (əvvəlki adı Sarallı Fərəcan- saral tayfasına mənsub Fərəcin nəsli) kəndlərimiz türksoyluların məskəni olub.
Mehrili (Əyədi, Məzitli Mehrili də deyilib)- Mehranilər sülaləsinin adı ilə bağlıdır, Mehran 590-cı ildə Sasani hökmdarı Hörmüzə qarşı sui-qəsddə iştirak etdikdən sonra cəzalanacağından qorxub tərəfdarları ilə birlikdə Albaniyaya -Zəngəzur ərazisinə qaçıb gəlmiş, bu yerlərdə məskun olmuşdur. Böyük sərkərdə Cavanşir də bu nəslin nümayəndəsidir, Aşağı Xocamsaxlıdakı Qalanın da onun tərəfindən tikildiyi söylənir, Zəngəzurdakı Mehri rayonu və çayı da Mehranilər sülaləsinin adın yaşadır .
İstəkli oxucum! Üstündən on üç yüz il ötsə də, biz Dədə Qorqudumuzun kitab güzgüsündə necə varıqsa elə də görünürük.
Kitabımızın hər boyunda qanlı savaşlar görürük: bir-birinin yurdun yağmalayırlar, qız-gəlinlərin, anaların əsir aparırlar, torpağın yağmalayıb igidlərin ətin şişə çəkirlər. Üstünə hücum çəkdikləri, qanına qəltan etdikləri «qara donlu kafir» dedikləri kimdir? Nə rusdu, nə erməni, nə də farsdı, hamısı türkdü. Dilləri bir, yurdları birdi, qohumdular, bir birindən qız-alıb verirlər.Tayfa-tayfa, el-el bölünməyimiz elə oğuz zamanından başlamışdı. «Oğuznamə»lərdən öyrənirik: elə ki hakimiyyət Oğuz xandan oğlu Qun (Hun) xana keçdi, başladı atasının qurduğu vahid dövləti 24 nəvəsi arasında bölməyə- hər birinə rütbə, ad, ləqəb, nişan, torpaq ayırıb verdi. Tayfa, klan ayrı-seçkiliyi, bəylik, xanlıq ədavətləri elə o vaxtdan başlayıb üzübəri gəlməyə. Uşun Qoca oğlu Səyrək boyundan bilirik ki, Şərur, Əlincə qala ətrafında məskun olanlar oğuzlarla qanlı-bıçaq idilər. «Qara Təkur buranı oğuz igidləri üçün tələ etmişdi» (208). Daxili ədavətlə xəyanət tarix boyu türkün yol yoldaşı olub, için-için didib yeyib türkü. Əsrlərlə dörd okeanın arasında dünyanın o başından bu başına at çapıb qılınc çalan, dövran sürən Türkün qarşısında Çin, Roma, Bizans, Rus imperiyaları diz çöküb, tir-tir əsib. Xristian Avropasının üç yüz illik səlib yürüşləri Türkə heç nə edə bilmədi, ancaq türk Əmir Teymurla türk İldırım Bəyazidin, türk Şah İsmayılla türk Sultan Səlimin bir-biri ilə qanlı savaşları əydi türkün qəddini. Dış və iç düşmənlərin xain, uzaqgörən xəbis xisləti hiylə, məkr bilməyən türkü bir-birinə düşmən etmişdi. Rusla farsın iki yüz illik əsarətində əzilə-əzilə, torpaqlarımızı, mənəviyyatımızı, döyüş-savaş ruhumuzu, qəddin qaldırıb haqq söz deyənlərimizi itirə-itirə gəlib 1993-ün tufanlı, qar-boranlı yayına, milli qürur və heysiyyətimizin alçalan, tapdanan, əzilən, əyilən dövrünə gəlib çatdıq. Tarixin bizə bəxş etdiyi milli dövlət müstəqilliyinə torpaq itkisi ilə nail ola bildik. «Qazan xan evini Üç oğuzla Boz oğuza talan etdirmişdi, bu dəfə Daş oğuza bu talandan pay düşməmişdi, ona görə də Daş oğuza İç oğuz asi olmuşdu» (XII boy)....Vəzifə, kürsü, var-dövlət bölgüsündə kimlərsə kənarda qalmışdı, pay almamışdı, qan, torpaq bahasına da olsa, istəyinə çatmalıydı, budur bizim bir çoxumuzun həris düşüncəsinin nəticəsi, elə bu günkü faciələrimizin də kökünü burda axtarmalıyıq...
«Yağılar Oğuz elini yağmaladı. Namərd Beyrəyi qılıncladı. Beyrək huşunu itirib, qara qanına boyandı. Sonra dedi ki, mənim qanımı Qazan Aruzda qoyarsa, sabah qiyamət günündə əlim onun yaxasında olacaqdır». Oğuz igidləri qanı qanla yumuşdu, qisası isti-isti almışdı, Qazan xan tayfasını, taxtını «bir tazısı qalmış, yurdunda quzğunlar dolaşan elinə qaytardı, təzə evlərin tikdirdi». Yurd savaşında «alpanlar başı Qazan xanla» Qaraca Çoban çiyin-çiyinə döyüşmüşdü... Amma biz... bir-birimizə qənim kəsilmişik, qoyub gəldiyimiz yurd yerlərinə qayıdışımız acı bağırsaq kimi uzanır, qisasımız hələ də durur, heç bir tərpəniş də yoxdur, doğma ata-baba yurduna qayıdış arzu-istəyi, həvəsi(!) ilbəil azalır, o yerlərdən gələnlərin sayı kimi ...
Altı ildir ki, yağı düşmən tapdağında qoyub gəldiyimiz yurd yerlərimiz, Şəhidlərimizin, ölülərimizin ruhu çağırır bizi, karıq, koruq, qeyrət damarımızı don vurub, eşitmirik bu səsi, xəcalətimiz (əgər çəkiriksə) tək bu dünyada qız-gəlin, oğul-uşaq, dost-düşmən yanında deyil, qiyamət günü də (hansı üzlə yol gedirik üstündə üzüqara gəzdiyimiz torpağın altına) bu qeyrətsizliyimizin hesabı çəkiləcək bizdən, Azərbaycan kişiləri!
Hanı dediyim bəy ərənlər?

«Azərbaycan» jurnalının 1999 -cu il  № 7-də dərc olunmuş məqalə müəllifin "Qubadlısız 16 il" kitabına da daxil edilib.


QEYD: Qubadlı - Azərbaycanın cənub-qərbində (Qarabağ) yerləşir. Rayonun sahəsi 826 km² , əhalisi isə 31 min nəfərdir, əhalinin sıxlığı - 1 kv.km-ə 47 nəfər. Qubadlı şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən 120 km uzunluqda Ermənistanla həmsərhəddir. Meşələri, Yazı və Gəyən düzü kimi geniş düzənlikləri, zəngin təbii sərvətləri var. Azərbaycanın ən bolsulu çaylarından olan Həkəri və Bərguşad Qubadlıdan axır.
Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunmuşdur. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilmişdir. 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. Bakıdan 401 km-lik məsafədə yerləşir. 31 avqust 1993-cü ildə rus-erməni hərbi birləşmələri tərəfindən işğal olunub. Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub. Qarabağ müharibəsində isə Qubadlının ümumilikdə 232 sakini şəhid, 146-sı əlil olub.
Kənd/qəsəbələri: Abdalanlı, Alaqurşaq, Armudluq, Aşağı Cibikli, Aşağı Xocamsallı, Aşağı Mollu, Bala Həsənli, Bala Soltanlı, Ballıqaya, Başarat, Bəxtiyarlı, Boynakər, Cılfır, Çardaxlı, Çaytumas, Çərəli, Diləli Müskanlı, Deşdahat, Dəmirçilər, Dondarlı, Davudlu, Eyvazlı, Əbilcə, Əfəndilər, Əliquluşağı, Əyin, Fərcan, Göyərabas, Göyərcik, Göyyal, Gürcülü, Hal, Hat, Həkərli, Həmzəli, Hərtiz, Hüseynuşağı, Xallava, Xanlıq, Xələc, Xəndək, Xıdırlı, Xocahan, Xoçik, İşıqlı, K.Mahruzlu, Kavdadıq, Qaracallı, Qarağac, Qaraimanlı, Qarakişilər, Qaraqoyunlu, Qaralar, Qayalı, Qədili, Qəziyan, Qilican, Qiyaslı, Qundanlı, Ləpəxeyranlı, Mahmudlu, Mahruzlu, Mehrili, Məlikəhmədli, Məmər, Mərdanlı, Məzrə, Milallı, Mirlər, Mollaburan, Mollalı, Muğanlı, Muradxanlı, Novlu, Padar, Poladlı, Sarıyataq, Saray, Saldaş, Seləli, Seytas, Tarovlu, Tatar, Teymur Müskanlı, Tinli, Yuxarı Cibikli, Yuxarı Xocamsallı, Yuxarı Mollu, Yusifbəyli, Ulaşlı, Zilanlı, Zor.

Nəqliyyat vasitəsi kodu:     39 Telefon kodu:     133 Poçt kodu (Mərkəzi PŞ):     AZ 3900

 

MƏQALƏNİN MÜƏLLIFİ HACI NƏRİMANOĞLU HAQQINDA MƏLUMAT http://az.wikipedia.org/wiki/Hacı_Nərimanoğlu

 

Hörmətli Hacı Nərimanoğlu!


Sizi 50 yaşınızın tamam olması münasibətilə təbrik edirik. Siz tələbəlik illərindən respublika mətbuatında çıxmış etmiş, 1977 və 78-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı və Azərbaycan LKGİ MK-nın yaradıcı gənclərin respublika müsabiqəsinin ədəbi-tənqid üzrə qalibi olmusunuz. ADPU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmisiniz. Qubadlı rayon komsomol, icraiyyə komitələrində, İcra hakimiyyətində, 15 ildən çox AzərTAc-da, eyni zamanda 10 ildən çox Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında ədəbi hissə müdiri və San-Marino Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan filialının müəllimi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində işləyərkən də, hazırda qeyri-hökumət  sektorunda çalışarkən də Siz ədəbi-bədii yaradıcılığınızı davam etdirmisiniz. Cəbhə bölgələrində yaşayıb işləyərkən torpaqlarımızın  rus-erməni birləşmiş ordu hissələri tərəfindən amansız işğalına güzgü tutan sənədli məqalələriniz, respublika kütləvi informasiya vasitələri ilə yayılan operativ informasiyalarınız, Şəhidlərimiz haqqında çıxan onlarla yazınız, “Dağlar oğlu”, “Mingəçevirin Şəhid polisləri”, “Onlar bizim fəxrimizdir”, “İgidlər eldən gələr” kitablarınız, “Azərbaycan”, “Ulduz”, “Gənclik” jurnallarında və dövri mətbuatda çıxan hekayələriniz, elmi-publisistik yazılarınız  maraqla qarşılanmışdır. Müharibə veteranı olaraq Sizin qələminizdən çıxan yazılar Şəhid adının ucalığının, məcburi köçkünlərimizin Vətən həsrətinin, doğma yurda qayıdış arzularının bədii ifadəsi baxımından xüsusilə əhəmiyyətlidir.
Hörmətli Hacı Nərimanoğlu! Sizi təbrik edir, uzun ömür, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.
 
Azərbaycan Yazıçılar Birliyi
“Ədəbiyyat qəzeti”, 13 fevral 2009
 
 Nəşr edilmiş kitabları:

“Dağlar oğlu”, 1994-cü il, “İşıq” nəşriyyatı, 54 səh. 2000 tiraj
“İgidlər eldən gələr”, 1996, Bakı, “Səda” nəşriyyatı, 64 səh, tiraj 1000
“Onlar bizim fəxrimizdir”, 1997, Bakı, “Səda” nəşriyyatı, 88 səh, tiraj 500
“Mingəçevirin Şəhid polisləri”, 2001, Bakı, “Səda” nəşriyyatı, 96 səh, tiraj 500
“Qubadlısız 16 il”, 2009, “Elm və Təhsil” nəşriyyatı, 260 səh, 500 tiraj
“Rəcəb Tayyib Ərdoğan”, 2010, “NURLAR” nəşriyyatı, 230 səh, 1000 tiraj
“TURAN Aşiqləri”, 2011, “YEK  Production”, 152 səh, 1000 tiraj
“Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular”, 2011, “YEK Production” nəşriyyatı, 142 səh,  2000 tiraj

Rus dilindən hüquqa aid  tərcümə kitabları
"Danışıqlar",  "Konsaltinq xidməti"  və b.