SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

15 Sentyabr: Anadolu və Qafqaz türklərinin əbədi qardaşlıq günü

1307524237 ights.Net 095 il əvvəl Bakı rus-erməni işğalından azad edildi

...8 minlik Osmanlı qüvvələrinə 6 min nəfərlik Azərbaycan hərbi birliklərinin də qatıldığı ikinci hücum 14 sentyabr 1918-ci il tarixində saat 02:00-da başladı. Türk Qafqaz İslam Ordusunun Gəncədən üzübəri qarşısına keçən təpədən dırnağadək silahlanmış seçmə rus-erməni birliklərini darmadağın edərək coşqun əhvali-ruhiyyə ilə günbəgün Bakıya doğru yaxınlaşması Bakıda öz qanlı hakimiyyətini qurmuş bolşevik-daşnak hökumətini həm qorxudur, həm də müdafiə tədbirlərini artırmağa sövq edirdi. Bu zaman Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak hökumətini sevindirən hadisə baş verdi: general Denstervillin komandanlığı ilə 1500 əsgərdən ibarət 39-cu ingilis briqadası 4-7 avqust 1918-ci ildə Ənzəlidən gəmi ilə Bakıya gəlib çatdı. İşğalçı qüvvələr bununla xeyli güclənmiş oldular. Türk Ordusunun birinci Bakı hücumu ərəfəsində qüvvələr nisbəti işğalçı yadellilərin xeyrinə idi. Şiddətli top atəşinin köməyi ilə avqustun 5-də saat 04:25-də başlanan hücum qarşısında erməni, rus və ingilislər çox güclü müqavimət göstərdilər. Ancaq türk qoşunlarının getdikcə şiddətlənən hücumu bu müqaviməti qırmağa başladı və düşmən birlikləri hissə-hissə geri çəkilməyə məcbur oldu. Lakin türk qoşunları əvvəlcədən davamlı hücum üçün kifayət qədər top mərmisi hazırlanmadığına görə düşmən əks-hücumla türk birləşmələrinı Bakıdan 4 kilometr məsafədə yerləşən Bibiheybət-Biləcəri dəmir yolunun qərbinə doğru çəkilməyə məcbur etdi. 5 avqust döyüşündə düşmən ölü və yaralı olaraq, 2000, türklər isə 9-u şəhid olmaqla 19 yaralı zabit, 139-u şəhid olmaqla 444 əsgər itki vermişdilər. Hücumun dəf edilməsi düşmən cəbhəsində ruh yüksəkliyinə səbəb oldu. Bakının müsəlman türk əhalisi şəhərin alınması işinin uzanmasından ciddi narahat olaraq, türk əsgərlərinin ruh yüksəkliyini qaldırmaq və onları daha da cəsarətləndirmək üçün avqustun 10-da türk əsgərlərinə müraciət hazırladı.

Müraciətdə deyilirdi:

“Neft və milyonlar səltənəti adlanan Bakının qapıları önündə neçə gündür qələbə quşunun qanadlarını tutmaq istəyən türk ordusuna. Bu gözəl şəhəri azad edə bilməsəniz, türkün və onun ordusunun şərəfini indi dayandığınız xəndəklərin içində basdırmış olacaqsınız. Əgər siz bu sərvət və qızıl şəhərini azad edə bilməsəniz, Qafqaz türkləri və Türküstan müsəlmanlarının ürəyinə sancılmış xəncərin üzərinə “Heyif ki, türk bizə köməyə gəlmədi“ cümləsi yazılacaq. Qafqaz fəryad edəcək, Türküstan ağlayacaq. Əgər siz bu böyük İslam şəhərini azad edə bilməsəniz, Allah deyənləri ortadan qaldırmaq istəyən düşmənlər qabaqdan və arxadan sizi əhatə edəcək və qıcanmış dişlər yeni zülmlər üçün alovlanmış olacaqdır. Əgər siz dəmir quyulardan dünyaya sərvət axıdan bu hərb şəhərini azad edə bilməsəniz, tarix qarşısında utanaraq yerə baxacaqsınız. Və bütün dost-düşmən ölkələrdə ən kiçik evdə, ən işsiz adamların belə, dillərinin əzbəri olan Bakı şəhəri uğrunda savaşın pərişanlığı türklərin pərişanlığı ilə sona çatacaqdır. Düşmənlər böyük və çox böyük bir zəfərin açarını ələ keçirdiklərini, bəlkə də bir az haqlı olaraq, elan edəcəklər. Dostlar isə belə bir itki üçün peşmanlıqlarını gizlətməyəcəklər və bizi kədərləri ilə məhv edəcəklər.
Ey türk əsgəri! Əgər sən bu şəhəri almasan, Bakıda sənin üçün hazırlanan süfrələr qonaqsız qalacaq, sənin üçün tikilən geyimi düşmənin geyinəcək. Sənin üçün verilən qurbanlar qəbul edilməyəcək, sənin üçün kəsilən qurbanlar düşmənə qalacaqdır. Əgər sən bu şəhəri ala bilməsən, İslam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, yenə mübarək İslam qanı qırmızı şərablar kimi vəhşi işgəncələrin yolunda axacaqdır. Sənin zəfərin üçün dua edən əlləri zalımlar kəsəcəkdir. Əgər sən bu şəhəri ala bilməsən, qadınlar saçlarını yolacaq, ağlını itirəcəkdir. İndiyə qədər axan qanlar boş yerə axmış olacaq, sən də bu toz-torpaqlı yerlərdə pərişan və səfil olacaqsan, türkün gözlərini çıxarıb iplərə düzən düşmənləri şənləndirəcəksən. Fəqət sən, ey türk əsgəri! İngilislərin gücünü öz gücünlə Çanaqqalada darmadağın etdin. Ən böyük döyüş gəmilərinin böyük mərmilərinə sinə gərdin. Quttuləmmarədə 14000 əsir götürdün. Qarsendəki düşmənin çoxunu, erməniləri, bəlkə, Azərbaycandan, Qarsdan bəri qabağına qataraq bu şəhərə qədər sıxışdırdın. Türk adını yüksəldən Çanaqqala, Quttuləmmarə, Qalisiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik tacının bir almaz qaşı olacaqdır. Al Bakını! Vətənə bir almaz ərməğan et!“

 Azərbaycan türkünün bu hayqırtıları cavabsız qala bilməzdi. 8 minlik Osmanlı qüvvələrinə 6 min nəfərlik Azərbaycan hərbi birliklərinin də qatıldığı ikinci hücum 14 sentyabr 1918-ci il tarixində saat 02:00-da başladı. Birinci müdafiə xətti 03:00-da, ikinci müdafiə xətti saat 06:00-da ələ keçirildi. Salxana və Səlyan kazarmalarından hücuma keçməyə hazırlaşan düşmən top atəşi ilə darmadağın olundu. 15 sentyabr günü saat 15:00-a qədər davam edən əməliyyat nəticəsində Bakıda müdafiə olunan erməni və rusların müqaviməti tamamilə qırıldı. 36 saat davam edən ikinci Bakı hücumunu gerçəkləşdirən 5-ci Qafqaz diviziyası və 15-ci piyada diviziyasının ümumi itkisi 1000 əsgər idi. Azərbaycan birlikləri isə 11 şəhid və 44 yaralı itki vermişdilər.

Türk əsgərlərinin qəhrəmanlığını, Azərbaycan sevgisini ingilis qioşunlarının Bakıdakı komandanı belə xatırlayır: "İnanmaq mumkun deyil. Cəbhəmizin ən guclu xətti turklər tərəfindən ələ kecirilmişdi. Həm də turklərin hucuma kecəcəyinin butun birliklərə xəbər verilməsinə baxmayaraq, işğal edildi. İnanmaq cətin olsa da, movcud vəziyyət belə idi. Cəbhədəki butun ustunluklərin bizim tərəfimizdə olmasına baxmayaraq, hucumun ilk anlarında darmadağın olan hərbi quvvələrimizin artıq nəsə edə biləcəyinə umid qalmamışdı. Bu vəziyyətdə uzərimizə duşən əsl vəzifə, geri cəkilmək və duşmənin hərəkət surətini azaldaraq, hərbi birləşmələri yenidən nizamlamaq idi". (General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 263)

Bakının işğaldan azad edilməsi ilə onilliklər boyu müstəqilliyindən məhrum qalmış Azərbaycan Cümhuriyyəti 15 sentyabrda öz paytaxtına qovuşmuş oldu. Bir unudulmaz müqəddəs məqam da onda idi ki, Bakının azad olunması mübarək bir günə - Qurban bayramına təsadüf etmişdi.

Azərbaycan Cümhuriyyətinin Baş naziri Fətəlixan Xoylu 1918-ci il, 19 sentyabrda Nuru Paşaya müraciət ünvanladı: “Qafqaz İslam Ordusunun Komandanı Səadətli Nuru Paşa cənablarına! Komandanlığınız altındakı cəsur türk əsgərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətim şəxsinizə və dünyanın ən cəsur və soylu əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar duyuram“.

Və bir də heyf ki, 15 Sentyabr gunu milli bayramlarımız sırasında öz layiqli yerini tutmayıb hələ, Bakıda hələ də Ənvər Paşanın, Nuru Paşanın adına bir küçə, xiyaban, abidə yoxdur, təəssüflər...

 

 

Azərbaycanın Türkiyəyə əbədi bir vəfa borcu var

 

Dünya güclərinin, hətta bir blokda hərbi-siyasi müttəfiq olduqları Almaniyanın da bütün təzyiqlərinə baxmayaraq, Anadolu Mehmetciyi ilə Azərbaycan əsgəri Bakının işğaldan azad edilməsi ilə 100 ildən artıq müstəqilliyindən məhrum qalmış Azərbaycan Cümhuriyyəti 15 sentyabrda öz paytaxtına qovuşmuş oldu, Anadolu Mehmetciyi ilə Azərbaycan əsgəri çiyin-çiyinə döyüşürdü. Bunu da unutmayaq: Türk qoşunları Bakıya Guney Azərbaycanın ermənilərin bir gündə 10 min günahsız adamı tarixdə misli görünməmiş amansızlıqla qırdıqları Urmiya, Xoy, Təbrizi ingilis işğalcılarından tamam təmizləyib gəlmişdi! Dağıstan müsəlmanlarının cağırışları ilə 13 oktyabr 1918-ci ildə Qafqaz İslam Ordusu Komandanı Nuru Paşa, Quzey Qafqaz Cümhuriyyəti Ordusu Komandanı Yusuf İzzət Paşa və Quzey Qafqaz Cümhurbaşqanı Abdülməcid Cermoy Dərbənddə bir araya gəlib şəhərin bürclərinə Quzey Qafqaz Cümhuriyyətinin yeddi ulduzlu bayrağını ucaltdılar. Türk əsgəri Bakıdan sonra həm də Dərbəndi azad edərək Qafqazda rus işğalına qarşı ən böyük mücadiləni vermiş Şeyx Şamilin də arzu-istəyini yerinə yetirmiş oldular. Bakıda, Təbrizdə, Dərbənddə Türkə yenilən həm də bir ovuc ermənini silahlandırıb qızışdırıb əliyalın müsəlman turk əhalisinin üstünə saldıran Rusiya, Böyük Britaniya, Avtraliya, Kanada, Yeni Zelandiya... idi. Xislətində həmişə xainlik, məkr gizlənən erməni tarix boyu rus, ingilis, fransızın əlində alət, zopa olub-həm özlərinə, həm də Türkə saysız bəlalar gətiriblər. Osmanlı ordusunun Qafqazda başladığı möhtəşəm hərbi, siyasi, milli dövlət quruculuğu işlərini İstanbuldan gələn acı bir xəbər alt-üst etdi: Qafqaz İslam Ordusu “Devlet-i Aliyə”nin imzaladığı “Mondros Mütarekesi” nin tələbi ilə geri cağırıldı. Qəhrəman Nuru Paşa bir müddət daha Qarabağda qalıb rus qırmızı bolşevik ordusuna qarşı üsyanlar təşkil etdi, lakin sonucda çarəsizcəsinə Anadoluya döndü. Geridə Türk mehmetciyinin əziz xatirələri əbədi olaraq yaddaşlarda qaldı. Qafqaz musəlmanları hər zaman bir qurtuluş simvolu olan Nuru Paşanı və əlbəttə, bu Qurtuluşun ideya rəhbəri olan Ənvər Paşanı rəhmətlə anmaqda davam edəcəklər.

…Məhəbbət qarşılıqlı olanda əsil xoşbəxtlik və səadətə apara bilir. Azərbaycanın başbilənləri nə qədər ağır günlərdə olsa da, həmin dövrlərdə ölüm-qalım savaşı aparan Osmanlıya, Anadoluya öz əsgəri və maddi yardım əlini uzatmışdı. Zəngəzur qartalı Sultan bəy Sultanov və qardaşı-AXC-nin ilk hərbi naziri Xosrov bəyin təşəbbüsü ilə bir süvari dəstəsi düzəldilərək Laçın, Zəngəzur, Naxçıvan dağlarından keçməklə Qarsa yola salınmışdı. Hacı Zeynalabdin Tağıyev o illərdə Türkiyənin nicatı bizim nicatımızdır, məhvi bizim məhvimizdir, düşüncəsi ilə Anadoluya yardım üçün "Qardaşlıq köməyi" adlı bir yardım kampaniyası başlatmış, şox gərəkli, sanballı yardım duzənləmişdi. Azərbaycan Xalq Komissarları Sovetinin sədri N.Nərimanov 23 mart 1921-ci il tarixdə Ataturkə yazdığı məktubunda böyük səmimiyyət və hörmət hissi ilə etiraf edirdi: "Paşam, 1918-ci ildə siz bizi mütləq bir ölümdən qurtardınız!" Qurtuluş savaşından zəfərlə cıxan Türkiyə ağır maliyyə böhranı keçirirdi. Atatürk 3 may 1920-ci ildə Şərq ordusu komandiri general Kazım Qarabəkirə göndərdiyi məktubda həmin əsil ürək kövrəldən ərklə, göz yaşardan qardaşlıq duyğusu ilə yazırdı: "Dövlətin pulu qalmadı. İndiki halda heç bir yerdən kömək istəməyə ümid də yoxdur. Başqa çıxış yolu tapana qədər Azərbaycan hökumətindən borc almağınızı rica edirəm". Kazım Qarabəkir Atatürkün xahişini birbaşa Nəriman Nərimanova çatdırır. Nərimanov 19 avqust 1920-ci ildə Atatürkə cavab məktubu göndərərək belə yazır: ”…qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşın əlindən tutar. Biz qardaşıq və hər zaman əlinizdən tutacağıq…Musəlman kommunistlər sizin istəyinizə catmağınız üçün bütün gücləri ilə yanınızda olacaqlar. Siz məğlub olduğunuz təqdirdə nə sizin üçün, nə də digər Şərq xalqları üçün qurtuluş yolu qalmayacaq". ( Doğan Avcıoğlu "Milli qurtuluş tarixi", 2-ci cild, səhifə 430) "Cənab general, bizim Turk millətində qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşın əlindən tutar. Biz qardaşıq və hər zaman əlinizdən tutacağıq" (A.Şəmsəddinov "Qurtuluş savaşı illərində Turkiyə-Sovet İttifaqı əlaqələri," səhifə 66). Azərbaycan hökuməti çox keçmir ki, 500 kiloqram qızılı Türkiyəyə göndərir. Qardaş köməyi bununla bitmir. Nərimanov Rusiyadan aldığı 10 milyon qızıl rublu da Türkiyəyə ünvanlayır. 23 mart 1921-ci ildə isə Türkiyənin müraciətini gözləmədənAzərbaycan hökuməti hədiyyə kimi 30 sistern neft, 2 sistern benzin, 8 sistern yağ göndərir.Yardımların arası kəsilmir. Çox keçmir ki, 62 sistern neft də göndərilir. Atatürk Azərbaycanın Türkiyə üçün önəmini çox yüksək dəyərləndirərək Bakıya bir səfir gondərir. Diplomat olmaqla yanaşı yaxşı bir yazıcı olan səfir Mehmet Şövkət Esendal Nəriman Nərimanovla və o dönəmin önəmli şəxsiyyətləri ilə görüşür. Hətta, Hacı Zeynalabdin Tağıyevin xanımını da ziyarət edir. Azərbaycan da ilk səfirini - İbrahim Əbilovu Ankaraya gondərir. İ. Əbilovun 1921-ci ilin oktyabr ayında Ankaraya gəlməsi böyük bir sevincə səbəb olur. Səfirlik binasını Atatürk açır və öz əlləri ilə Azərbaycan bayrağını yüksəldir. Bu Azərbaycan Sovet Sosialist Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında ilk rəsmi diplomatik əlaqənin qurulması demək idi.b Atatürkün ən yaxın adamlarından olmuş Dr. Riza Nur xatirələrində yazır ki, İ. Əbilov sonralar Atatürkün ən inanılmış, etibarlı adamlarından biri olur.

1921-ci ildə Nərimanov xarici işlər naziri Mirzə Davud Hüseynovu yanına cağıraraq Atatürkə 1 və 2-ci İnönu döyüşlərində qazandığı zəfər münasibətilə bu məzmunda bir teleqram vurmağı tapşırır: “Qazanılan bu böyük zəfərlərdən dolayı Türk xalqını Azərbaycan Sovet Sosialist Respublikası adından təbrik edirik.”

Atatürk 1921-ci ildə 3 nəfərlik bir heyət ayırıb Bakıya gondərir, Nərimanovla görüşdükdən sonra Moskvaya yola düşmələrini tapşırır. Nərimanov onlara dəyərli məsləhətlərini verir, Leninin xəstələnməyi səbəbi ilə onunla görüşə bilməsələr də, dövlətin 2-ci adamı Stalinlə mütləq görüşməyə nail olmalarını tövsiyə edir, hər şeyin onun əlində olduğunu bildirir, Stalinin adına bir məktub da yazıb verir. Behbud bəy Şahtaxtinskini də yardım üçün onlara qoşur. Dediyi kimi də olur, numayəndələri Stalin qəbul edir,Atatürkün istəyi gercəkləşir, Rusiya Turkiyəni 1-ci olaraq tanıyır, Qars muqaviləsinin şərtləri razılaşdırılır. Dr.Riza Nurun xatirələrində Azərbaycan oxucusu üçün maraqlı, yeni olan bir çox məqamlarla birlikdə bu epizod da diqqət cəkir: Türkiyəyə geri dönmək üçün Bakıya qayıdan nümayəndələrin vaqonuna 40 ədəd hədiyyə xalı qoyulur, ancaq onlar cətinliklə də olsa, bu hədiyyədən imtina edə bilirlər.Azərbaycan və Anadolu insanları Osmanlı Türklərinin Azərbaycana etdiyi yardımları yaxşı bilsələr də, Azərbaycanın Turkiyəyə etdikləri bu kimi köməkləri bilmirlər.

Azəri türklərindən Sovetlər İttifaqında ən yüksək vəzifədə çalışmış - SSRİ Xalq Komissarlar Sovetinin sədri Nəriman Nərimanovun (30 dekabr 1922 - 19 mart 1925) 20-ci illərdə Azərbaycan hökumətinin sədri olarkən Zəngəzur və Qarabağ məsələsində göstərdiyi prinsipsizliyi, qətiyyətsizliyi yaddan çıxarmayaraq, onun Türkiyəyə sözdə və əməldə münasibətindəki prinsipiallığı, əsil türk qardaşlığı mövqeyi nümayiş etdirməsi hər zaman hörmətə layiqdir.

Canakkalada Azərbaycandan ürəyinin istəyi ilə gəlib Qurtuluş savaşına qatılmış 18 yaşlı İbrahimin məzarı durur. Osmanlı tabeliyindəki Balkanlarda başlayan savaşda Osmanlıya ilk dəstəyi verən Bakı aydınları olmuşdu. 1912-ci ildə İstanbulda cıxan “Səbilur-Rəşad” məcmuəsində Bakıdan bir qrup insanın göndərdiyi bəyanat dərc olunmuşdu: “Dindaşlar! Bilin və agah olun ki, yeganə ümidimiz və nicatımız Osmanlının istiqlal və tərəqqisindədir!”

Türkiyə Cümhuriyyəti Başbakanlığı arxivində saxlanılan aşağıdakı bu sənəddə həmin qardaşlıq duyğuları əksini tapmışdır:

“Türkiyə Cümhuriyyəti Baş naziri və xarici işlər naziri İsmət Paşa cənablarına!

Türk ordusunun Azərbaycanı azğın düşmənlərin caynağından xilas etdiyi, sevgili, gözəl İzmirimizin və bir sıra digər müqəddəs türk torpaqlarının qana susamış mənfur düşmənlər tərəfindən atəşə verilərək işğal olunduğu bir zamanda türk yurdu Azərbaycan da ingilis əsgərləri tərəfindən işğal edilmişdi. Bütün qəlblərin sızladığı, qan ağladığı bir məqamda Azərbaycanın fədakar övladları 23 mart 1920-ci il tarixində baharın gəlişi münasibətilə Anadolu gününə həsr olunmuş xüsusi yardım kampaniyası təşkil etmişdir. Miqdar baxımından çox olmasa da, “Anadolu günü” yardım kampaniyasında bolşeviklərin işğalına məruz qalmış Azərbaycandan Anadoludakı qardaşlarımıza kömək məqsədilə 3 milyon rubl toplanmışdır.

Bakı Yardım Komitəsinin adından bank hesabınıza köçürülmüş 3000 ingilis funt sterlinqini qəbul etməklə yardım etmək istəyən vətəndaşlarımızın öz vicdanları qarşısında borcunu ödəməyə imkan vermənizi rica edirik.

Azərbaycan maliyyə naziri, xeyriyyə cəmiyyətinin sədri

Abdulvasi,   Bakı, 10 dekabr 1920-ci il”

 

 

Əziz yadigar. Nuru Paşanın babam Hacı Fətəli Əfəndiyə əmanəti

                  

Ağlım kəsəndən evimizdə az qala pıcıltıyla qulağımıza deyilən bu sözlər beynimə həkk edilmişdi: ana babalarımız Turkiyəyə köçüb getdilər, burda qala bilmədilər, qalsaydılar hamısın ya gülləliyəcəkdilər, ya da sürgünə göndərəcəkdilər. Artıq heç nə öyrənə bilmirdim. Evimizin üstü qamışla örtülü idi, altında gizlədilmiş taxta yeşiklərin içi Hacı Fətəli babamdan qalma Quran, əlyazma, Turkiyə və Ərəbistandan gətirmə nəfis cildli kitablarla dolu idi, ildə bir neçə dəfə atam, anam xəlvətcə cıxıb yeşik, bağlamaların üstün açıb

kitabları havaya verir, nəmin, tozun alıb yenə də yerinə düzüb üstün

örtürdük. Sovet KQB-sinin qorxusu cana, qana işləmişdi. Ancaq Allaha, UluYaradana inam, iman bundan daha üstün idi; yaxın, uzaq kəndlərdən, qonşu rayonlardan cümə günləri gəlib məhləmizdəki məscidin daş-divarını öpə-öpə, dəstamaz alıb Quran götürüb namaz qılması, üz-gözlərindən yağan mutluluq uşaq yaddaşımda, hafizəmdə əbədi həkk olub. Yaşlılardan dəfələrcə eşitmişdim; Nuru Paşa bax orda atdan düşdü, Hacı babanı sinəsinə sıxdı, bir yerdə gəlib taxtın

üstündə oturdular, yaxın kəndlərdən axın-axın gələn insanları salamladı,

sonra dəstamaz alıb namaza durdular.

Ağdaşın Qumlax kəndində yaşayan anamın doğmaca dayısı, 89-cu il mayın 4-də 90-ı bir xeyli keçib dünyadan köçən ağzı dualı, namaz-oruclu Veysəl babamdan dəfələrcə eşitmişdim bu söhbəti: baban Hacı Fətəli Əfəndi həm azuqə, həm də silah-sursat almaqdan ötəri qızıl-gümüş nəyi vardısa Nuru Paşaya verdi, ağzı bağlı toxuma bəzəkli torbasıynan bir yerdə, bu gözlərimnən gordum, onlara mən qulluq edirdim, aftafa-ləyən gətirdim, namazdan sonra eyvandakı taxtımızın üstündə yanaşı oturmuşdular, çay-çörək yeyib içdilər, gedəndə də hamının gözünün qabağında başından qotazlı qırmızı fəsin çıxardıb qoydu Hacafəndinin başına, indiki kimi gözümün qabağındadı. Evinizdə durur həmən o fəs. Hacı Əfəndi (Hacafəndi) 2 dəfə Həcc ziyarətində olub-şura hökuməti gələnə qədər və sonra. Birinci gedib-gəlməyi uzun çəkmişdi - ordan gəlib bir muddət də Turkiyədə ali dini təhsil alıb, gəlib həmin vaxtlar tək Şirvan mahalında yox, bütün

Azərbaycanda məşhur olan Ağdaşın Zeynəddin mədrəsəsində, bir müddət də Ağdam, Bərdədə imamlıq-əfəndilik edib, yaşlı adamlardan Babandan dərs, izin alanlardan sağ qalanlar var, bura da gəlib gedirlər hələ də. Burda və ətraf bölgələrdə onun yolunda hər cür əzab-əziyyətə qatlaşmağa hazır olan yetirmələri çox olub. Mən biləni Baban Nuru Paşa ilə İstanbuldan tanış idilər, çünki çox mehriban görüşdülər, həm də başının dəstəsi ilə birbaşa bizə gəlmişdi.

Kommunistlərə, sovet hökumətinə qarşı Cihad Bəyannaməsini də o vaxt Qazı Bəhlul Behcətlə Hacı Fətəli bir yerdə bizim məsciddə azmışdı, Hacı baban Zəngəzur, Qarabağdan üzübəri ta bu Şirvan torpaqlarına qədər çox iş görmüşdu Allah yolunda, adamlar gecələr əl-ayaq yığışandan sonra xəlvət gəlirdilər cümə namazlarına-Hacı imam dururdu, Türkiyədə də bilirdilər ki, belə bir adamları var burda... Hacı babamın əmisi Hümbətalı Əfəndi həm də ana tərəfdən (Laçının Cicimli kəndindən) baba saydığımız Şeyx Mir Həmzə Əfəndinin ən sadiq müridlərindən olmuş, Laçından Kürdəmirə, Qazaxa getmiş, İrandan Türkiyəyə keçib Elazığda, Amasyada bütün ömrünü nəqşibəndi təriqətinin bu böyük şeyxinə xidmətə, nəqşibəndiliyin yayılmasına həsr etmiş, elə Türkiyədə də  Amasyada da dəfn olunmuşdur.

Nuru Paşa adı o zamandan həkk olmuşdu yaddaşıma. Çox

təsirli, ibrətlidi ki, yaşı 93-u keçən o qotazlı fəs bizim evdə babamın

Məkkədən gətirdiyi, Quran, torpaq, qara uzun təsbeh kimi hər zaman

ən əziz, müqəddəs tutya kimi saxlanıb, bu gün də 83 yaşlı dədəm Hacı Nərimanın sandığında durur. ( “Qubadlısız 16 il” kitabından-H.Nərimanoğlu, “Nurlan”, 2009)

 

Hacı Nərimanoğlu

 

“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri