SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Dondarlıda keçən məktəb illərim

23 ildir həsrətindəyəm göz açıb, könül verib, torpağında iməkləyib ayaq açdığım Sarayımın. Gündüz xəyalımda, gecə yuxularımda ən çox gördüyüm kəndimizdi, evimizdi, bir də evimizin qabağından axan Bərgüşad çayıdı, Qubadlıya, Dondarlıya gedən yoldur. Bu yol  həm də ömrümün məktəb illərindən başlayan həyatımın sonrakı pillələrinə aparan yoldur. Düşündükcə bir daha minnətdarlıqla anlayıram ki, həyatımda az-çox qazandıqlarım üçün Ulu Yaradanıma, Ana-Atama, bir də müəllimlərimə, ilk sırada Dondarlı kənd orta məktəbinə borcluyam. Mənə heç zaman itməyən, tükənməyən, əksinə, üstünə ən etibarlı “var-dövlət” gətirən – elm, bilik bəxş edən Dondarlı məktəbinə və müəllimlərimə vəfa borcumdu bu yazı. Gəncəli Nizami: “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsdən üstünlük eyləyə bilməz”. Özümü bircə bu cəhətdən bir az rahat hiss edirəm ki, arı pətəyinə bənzəyən beynimi o dünyaya içi boş aparmıram...

Evimiz Dondarlı ilə qabaq-qənşər idi. Evləri, kəvşənləri appaçıq gözümüzün qabağındaydı. Dondarlıda toy olanda, zurna səsi elə bil qonşuluqdan gəlirdi, məhlədə kənd uşaqları yığışıb qol götürüb oynayardıq, bir havanı da boş buraxmazdıq. Kəvşəndə Dondarlı kişilərinin səs-küyü, danışığı da aydın eşidilirdi. Çayın o tayında çəltik tirlərində, biçənəkdə işləyən kişilərə Veysəl babanın quyusundan o qədər su, evimizdən başqa bir şey olmasa da, ayrannaş, pendir, çörək aparmışam ki... – halal xoşları olsun.
Ləmində, qıjnovunda göyçə, xatınbilək, şuhud, sarıca balıqlar üzən, dumduru sulu, torpaqlarımıza xeyir-bərəkət verən Bərgüşad çayının qırağı ilə qarlı-şaxtalı, sazaqlı, qorabişirən yayda tərtökdürən, cızdaq çıxardan istisində hər gün yeddi kilometr yolu piyada gedib gəldiyim o məktəb yolunu unutmaq olarmı heç?!  Ömrümdə heç zaman bu qədər eyni uzaq yolu gedib-gəldiyim olmayıb... Məhləmizdən Dondarlıya aparan yolun hər döngəsi, düzü, əyrisi indi də gözüm önündə canlanır; mağal yeri, Kiçik düzün, Böyük düzün döngəsi, Dəvəüçən, körpü, kövşənnik, bağlar, Mikayıl dayının evinin yanındakı arxın üstündən keçirən körpü, aralıq, Dağbaşı, nəhayət adlı-sanlı, şan-şöhrətli Dondarlı məktəbi. Biz oxuyanda əlavə yardımçı otaqları da tikilirdi, maşallah, uşaq artımı bol idi el-obamızda.
Mən ailəmizdən – hacı Fətəli ocağından bu yolun yolçusu olmuş 5-ci uşaq idim. Hələ 4-ü də məndən sonra gedib gələcəkdi bu yolu. Ancaq fərq ondaydı ki, məndən əvvəlkilər bu yolu tam 6 il gedib gəlmişdi, mən və sonrakılar 2 il. Diləli Müskanlı kəndindəki 4 illik ibtidai məktəbi bitirib 5-ci sinifdən Dondarlıya oxumağa getməyimiz cəmi bir neçə gün çəkmişdi. Qərar verildi ki, Müskanlı məktəbin elədilər 8 illik, qayıtdıq uşaqlığımızın ilk məktəb yoluna. İndi də yadımdadı ki, mən 10 yaşımda hələ asfaltlanmamış o yolu ki gedib-gəlirdim, balacalar nə zülm çəkirdi.., bir Allah bilir... Yanımızdan maşın ötəndə çantamızı başımıza keçirırdik ki, toz-torpaq gözümüzə, ağız-burnumuza dolmasın.  İndiki kimi yadımdadır, 1-ci sinfə məni rəhmətlik Səfər müəllimim, – istəkli dayı əvəzimiz aparıb gətirərdi. Onda 6 yaşım hələ tamam deyildi.  Yəqin, o əziyyətin bəhrəsiydi ki, kəndimizdə məktəbi bitirən hər on uşaqdan 8-9-u tələbə olurdu. Bizim sinif həm də Diləli Müskanlı kənd 8 illik məktəbinin ilk məzunları olduq, 8 illik şəhadətnaməmizi alıb üz tutduq Dondarlı məktəbinin “kamal attestatı”na aparan yolun yağır eləməyə. Tətilləri üstdən çıxsaq, alınar 550 gün, obaş-bubaş hər gün 7 kilometr, eliyir 7700 kilometr. İzafa, bu uzunluqda yolu gedib-gəlməyə dəyərdi Məhəmməd müəllimin, Lətif müəllimin, Seyfəddin müəllimin, Əlif müəllimin, Balış müəllimin, Əbdül müəllimin, ...onların səsin-sözün eşidib, dərsin almağa hələ bu da az idi...
Dondarlı məktəbi həm də Poladlı, Dəmirçilər, Mirlər, Saray kəndlərini birləşdirən, uşaqlarını dalaşdırıb-barışdıran, çəkişdirib bərkişdirən, qovuşduran mərkəz idi. Elə 23 illik ayrılıqdan sonra da bu kəndlərin Sumqayıtda xeyir-şəri hələ də birdi. Dondarlı həm də sovetliyimizin mərkəzi idi, Şura hökuməti qurulana qədər nahiyə mərkəziydi,  Zəngəzur qəzasında söz, nüfuz sahibi olmuş Zəngəzurun sonuncu qazısı Bəhlul Behcət bu kənddə doğulub yaşamışdı (onun haqqında oğlu Mustafa Əəfəndidən geniş müsahibəni alıb, yazıb, çap elətdimişdim sovetin diri vaxtında. Müsavatın üzvü, Məmmədəmin Rəsulzadənin dostu olduğun, Cümhuriyyət dövründə Zəngəzurda gördüyü işlərdən, rus bolşeviklərinə qarşı Cihadından yazmışdım, kitablarda, saytlarda yayılıb o yazım). Ətraf kəndlərin bəyliyi də burda yerləşirdi, ancaq onların Sarayda da üzü Dondarlıya sarı baxan bəylik evləri var idi. Dünyanın işinə bax ki, Şura hökuməti qurulandan sonra kəndimizdəki Bala bəyin mülkünə onun nökəri olmuş Balay kişi sahib durmuşdu və Bala bəyin nəvəsi Arif də Balay kişinin qızı Nubarla evlənmiş, oğul-uşaq sahibi olmuşdu. Və uzun illər o ikimərtəbəli, eyvanlı imarət  kənd camaatının yığnaq yeri idi, kinomuzu da gətirib orda göstərirdilər, kəndin mağazası da, kolxozun taxıl, yem anbarları, xırman yeri  də Bəyliyin hazır mülklərində qərar tutmuşdu. Dondarlı bəylərinin Zəngəzurda məxsusu xətir-hörməti vardı, böyük mal-mülk sahibi idilər, ətraf kəndlərin torpaqları onlara məxsus idi, Zəngəzur haqqında kitablarda bu barədə çox yazılıb.
Bərgüşadın o tayında Dondarlı bəyləri Fərzalı babaya, Hacı Fətəli babama (Hacəfəndi) məxsusi torpaq sahələri ayırıb veribmişlər, onların taxılı, otu biçilib yığılmamış öz kəvşənlərində əkin-biçinə başlamazlarmış. Dondarlı ilə bizim ailə, ocaq arasında hər zaman belə mehr-ülfət olub. Allah zurnaçı Nuhu dayıya rəhmət eləsin, sonuncu elədiyi toy böyük qardaşım Məhəmmədinki olub. Qubadlıdan 450 kilometrlik yolu 3-lü dəstəsiynən Qazağa getmişdi, nasaz idi həm də. Dedi, – “Hacı babamın ilk nəvəsinin toyunda mən çalmasam, kim çalacaq ki”... Və 6 saatlıq yolçuluqdan sonra yetişdiyimiz Qazağın Əzizbəyli kəndində yolumuzu gözləyən məclisdə birinci havanı nətər çaldısa, masalar ətrafında oturan görüb-götürmüş qazaxlılar hamısı ayağa qalxmışdı, məclisi yola verən çalğıçılar alətlərin yığışdırıb gəlib Nuhu dayının əlindən öpüb məclisi tərk eləmişdilər...
Dərs aldığım müəllimlərimin zəhmətini ödəmək mümkündürmü görəsən... Heç şübhəsiz, mənim üçün 1-ci sırada dil-ədəbiyyat müəllimim Məhəmməd Yaqubov durur, necə ki dostum, sinif yoldaşım Aslan üçün birinci yerdə cəmi Qubadlının ən bilikli riyaziyyat müəllimi Lətif Məhərrəmov olan kimi... Bəxtim açıldı ki, Dondarlı məktəbinə gəlişimizdə Məhəmməd müəllim bizə təzəcə dərs deməyə başladı. “Komsomol” kolxozunun sədri işləyəndə də bizə dərs deməkdən qalmadı. Ondan öyrəndiklərim, əxz etdiklərim geniş dünyagörüşü, mütaliəsi, orijinal təlim-tədris metodları sonrakı həyatımda həmişə gərəyim olub, ali məktəbdə dərs deyəndə də, indi tez-tez işimlə bağlı şagirdlər qarşısında çıxış edəndə də adın çəkirəm, çox istifadə edirəm onun öyrətdiklərindən. Məktəbu qurtaranda dedi ki, dil-ədəbiyyatdan 5 (əla) almasan kəndə qayıtma, neynirsən elə, mənim “beş”imi gətir. 1975-də biz orta məktəbi bitirəndə əcaib qaydalar var idi; Universitetin hüquq, jurnalistika, şərqşünaslıq fakültələrinə məktəbi qurtarandan sonra 2 il stajı olmayanın sənədlərini götürmürdülər. Digər fakültələrinə də xarici dillərin birindən mütləq imtahan verməliydin. Bircə yolum qalmışdı, sənədlərimi V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun – APİ-nin filologiya fakültəsinə verdim. İndiki kimi yadımdadı 124  nəfərdən biri keçirdi. Xarici dildən avtomatik “3” yazırdılar. İlk imtahanım “az dili-ədəbiyyat”dan idi, biletimi çəkib baxmadan dedim ki, müəllim, olar mən birbaşa cavab verim? Yaşlı kişi idi, dedi: – Bala, get otur, hər sualın cavabın kağıza yaz, qayda belədir. APİ-nin əsas binasında 3-cü mərtəbədən aşağı yola baxan açıq pəncərəyə bitişik səkidə qardaşım Dostəli dayanmşdı (o da bu institutun həmin fakültəsində 3-cü kursda oxuyurdu, onun mühazirə dəftərlərinin də hamısını oxumuşdum, daha doğrusu çeynəyib udmuşdum sanki və elə bu imtaanda da karıma gəldi), bir kağıza  “5 alacam” yazıb tulladım aşağı. Növbə mənə çatdı, cavablarım qane etmişdi: – “yaxşı” yazıram, get, – deyəndə əlimi atıb imtahan vərəqin götürdüm: – “Müəllim, 5 alacam mən”. – Ay oğul, görürsən hələ heç kimə 5 yazmamışıq, 5 almaq üçün rektorun xüsusi komissiyası var, gərək onlar gəlib iştirak eliyələr, protokol yazılmalıdı... – Mənim dil-ədəbiyyat müəllimim deyib ki, – “5 almasan geri qayıtma!” – dirəşdim. Qəliz durum yaranmışdı, geri çəkilmədim, yerdən də uşaqların pıç-pıçı qulağımı deşir: – “Müəllimləri hirsləndirmə, 4-ünü almısan, çıx get də”... (bu epizodları olayın canlı şahidi, tələbə, alim dostum astaralı Mehman Qaraxanoğlu yazıb, kitablara da düşüb). Əlqərəz, kimliyin sonra bildiyim Adilə xanım Bəşirova komissiyanı gətirməkdə olsun, biz də sual-cavab deyişməsində. Sabir, Cəlil Məmmədquluzadədən cavab verdikcə görürəm müəllimin  üzü gülür, dil-boğaza qoymuram, – “Bu məsələni Xeyrulla Məmmədov belə deyir, ancaq Məmməd Məmmədovun yanaşması, sübutları daha məntiqlidir”... – Sən onların hansını görmüsən? – müəllim soruşur.– Heç birini – cavab verirəm. – Qorxmursan bəs, o adın çəkdiyinin biri mən olaram? Hardansan, müəllimin kimdi? – deyəsən üzübəriydi.
– Qubadlıdan, Dondarlı məktəbinin müəllimi Məhəmməd Yaqubovdu müəllimim.
Yenə suallar, yenə cavablar... Axırda, – “Ver o qiymət cədvəlini, ay oğul, mən sənə 5 yazıram” – aldı, yazdı. Elə bu heynədə 3 nəfər Adilə müəllimə ilə girdi içəri. Hörmətlə görüşdülər: – Məmməd müəllim, o 5 almaq istəyən budumu?
Məmməd müəllim:
– Şükür müəllim (prof. prorektor Ş. Sadıqov), mən artıq bu uşağın 5-in yazdım, öz dissertasiya işimdən də suallar verdim, uşaqlar gördü də, sizin də sualınız varsa, buyurun, xahiş edirəm... Müəlllimin çox güclü olub, salam deyərsən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri professr Məmməd Məmmədovdan – üzümə gülümsündü. Dostəli demişdi ki, vay o günə ki, Məmməd müəllimlə, Adilə Bəşirovanın qrupuna düşəsən... Amma, məndən elə o ikisi imtahan götürmüşdü. Komissiya özüylə protokol gətirmişdi, yazıb, imzalayıb getdilər. Və 1 sentyabrda ilk  mühazirəyə ləngərli, sakit yerişi ilə Məmməd müəllim girdi və birdən qayıtdı ki, – “İmtahanda bir uşağa “əla” yazmışdım, o burdadımı?”. Qalxdım ayağa, gülümsündü. Ancaq APİ-də oxuyanda onunla yola getməyən prof. Xeyrulla Məmmədovla daha mehriban olduq.
Dondarlı məktəbində tarix müəllimim Seyfəddin Hüseynov da demişdi, –“5 alacaqsan, ürəkli ol!”, – günah özümdə oldu, qəbul imtahanında axırıncı suala cavab verməyə başlayanda, sayıqlığımı itirmişəm, müəllimin gözünə baxıb əlin yaddan çıxarmışam, bir də baxdım ki: – “Dur, dur get, “yaxşı” yazdım sənə” – təbii ki, mən də yaxşıca daladım, sancdım Əbilhəsən müəllimi. Bunlar dil-ədəbiyyat, tarix müəllimlərim Seyfəddin Hüseynovla, Məhəmməd Yaqubovun mənə verdikləri idi, heç vaxt unutmaram. Dərsə gəlməyəndə, ya işləri olanda ikisi də məni göndərirdilər o biri siniflərə tarix, ədəbiyyat dərsin deməyə, 45 dəqiqəni yola verməyə.
 Məhəmməd müəllim biz Saray uşaqlarına tapşırıq vermişdi ki, – “Oğlanlar, hərəniz bir qom söyüd çubuğu qırın, gətirin körpüdən yeməkxananın qabağı ilə çayın qırağıynan üzüaşağı basdırın torpağa”. Dediyi kimi də eləmişdik, səhəri gəlib görürdük ki, qələmələri yolub atıblar çaya, heç 100-dən 10-u qalmayıb. Deyirdi yenə gətirib əkin... Neçə dəfə təkrar qələmə basdırmışdıq... Deyirdi ki, – “Pis pisliyindən qalmırsa, siz xeyirli, yaxşı, savab iş görməyinizdən niyə geri çəkilməlisiniz?”. O budaqların bir xeylisi bitib böyümüşdü çay qırağında. İndi uşaqlara insanlıq dərsi verən belə müəllimlər çox azdır...
Biz qardaşlar Lətif müəllimi doğma dayımız kimi istəmişik. Anamın keçmişdən qalma bir tikiş maşını var idi, tez-tez xarab olurdu. Sifarişini çatdıran kimi, Dondarlıdan o boyda yolu, ya da çayı keçib gəlirdi. Əlində balaca bir qutusu vardı, maşını səliqə ilə düzəldirdi, silib yağlıyırdı, işə salıb gedirdi. Yaxınların söhbətidi, Sumqayıtda yas yerində soruşdum ki, – “Lətif müəllim, o vaxtlar tikiş maşınımızın “çorniy”ini düzəltməyin yolun başa saleydin bizim birimizə, elə özümüz eliyəydik, bir də hər dəfə o uzun yolu niyə gəlib gedirdiniz?”.  Dedi: – “Bəs onda Səfrəndə bajımın fikrindən keçməzdi ki, Lətif qağam gəlib-getməyin, özün əziyyətə verməməyin dərdindən uşaqlara öyrədib bunu”... Belə böyük ürək sahibi idi Dondarlı məktəbinin doğma müəllimləri. Hacı Fətəli ocağına hər zaman içdən gələn sevgi, doğmalıq, mərhəmlik, xətir-hörmət görmüşük o gözəl insanlardan. Dondarlıda ən çox eşitdiyim bu mərhəm söz olub: – “Hajıbabamın balası”... Ağlımız kəsəndən evimizdə böyüklərimizdən bu sözləri eşitmişik, – “Yadınızda qalsın, Dondarlıdan İman kişi (kolxoz sədri olub), Abdulla kişi (rayonda icrakom sədri olub), Bərxudar dayı (bəy oğlu, bəy nəvəsi, sovet, kolxoz sədri olub) o tutatut vaxtlarında (30-cu illərdə) Hacı babanızı həbsdən, sürgündən xilas eliyiblər, rayondan gizli çıxardıb, hacı dostların tapıb, ailəliklə neçə illər Agdam, Bərdə, Ağdaşda gizlədilməyinə kömək ediblər, evimizə bitişik məscidimizin uçulub dağıdılmasına imkan verməyiblər (2009-da çıxan “Qubadısız 16 il” kitabımda “Babam Hacı Fətəli Əfəndi” adlı yazımda bundan bəhs etmişəm). Dondarlıdan adlarını çəkdiyim bu insanların simsar surətləri yaddaşımda qalıb. Qazı Bəhlul oğlu Molla Mustafanın, Əlmərdan müəllimin, Xizri müəllimin, Bayraməli müəllimin, Muradxan müəllimin söz-söhbətlərini heç zaman unutmaram. Ağbirçək yaşlarında da xanım xatınlığını, gözəlliyini saxlamış, yanaqlarının  qızartısı getməyən, qədimi naxışlı arxalığı yay-qış əyinlərində gəzən boyu uzun Burla Xatunların – Aşa qoca ilə  bacısı Süsən qocanın (biz uşaqlar onlara da, anamın anası Bahar nənəmə də “qoca” deyirdik), Rizvan nənə, Qəmsiyə bacımız ilə anası Səlbi qocanın.., əsas da, cümə günləri o uzaq yolu bizə gəlib Hacı Fətəli ocağının madarı Anamı doğma övladları kimi əzizləmələri, məhləmizdəki məscidin daş-divarlarını duz kimi öpmələri, Hacı babamdan qalma əşyaları nə məhəbbətlə öpüb üz-gözlərinə sürtmələri, dəstəmaz alıb namaza oturub bir yerdə Allaha dua eləmələri kino lenti kimi gözlərimin önündədi. Nə qədər saf, imanlı, təmənnasız, inamlı Allah adamları vardı ötənlərdə... Sovet-KQB rejiminin tüğyan elədiyi zamanlarda da mehri-ülfəti, sədaqəti, din-imanı qoruyub saxlamışdılar. Allah yerində qalanlara cansağlığı versin onların, hamısının da layiqli, ləyaqətli davamçıları var indi də.
Dondarlı məktəbinin bizə verdiyi biliklər, ata-anamızdan aldığımız tərbiyə qədər əzizdir. Ailəmizin ilki Məhəmməd elmə ilk cığıraçanımız oldu, hamımızı da arxasınca elmə, təhsilə çəkdi, özü mühəndislikdən ölkəmizin ən iri sənaye müəssisələrindən olan Bakı Şin Zavodunun direktorluğunadək yüksəldi. İndi ailəmizdə icra başçısından tutmuş elektrikə, alimdən yazıçıya, müəllimdən  mühəndisədək bütün peşədən olanımız var.
Dondarlı məktəbinin tarixində ancaq bizim sinfimizin “son zəng”i olmadı, günahı da özümüzdəydi. Heç “venetka”mız da olmadı. 40 ildi ki, ha deyirik yığışaq bir yerə, alınmır ki, alınmır. “Son zəng” günü ara qarışdırmağımızın layiqli “xeyir-duası” olaraq aldığımız “Hacıynan Aslan, gedin, heç qabağınıza xeyir çıxmasın” “alqışı” hələ də qulaqlarımdadır. Amma layiq idik bu qarğışa – kamal attestatı alsaq da, ağlımız-kamalımız yerində deyildi hələ, dirəşmişdik ki, biz deyən, istəyən kimi olmalıdı son zəngimiz, o da alınmamışdı. O da yadımdadı ki, qızıl medal almaq üçün indiki pulla 300 manatı dədəm tapıb-düzəldib maarifə verə bilməmişdi və  medaldan salmaq üçün “4”-ün birini bədən tərbiyəsi müəllimi yazmışdı, birini də direktorumuz özü demədiyi “kimya” fənnindən, başqa heç kimin əli gəlməmişdi qiymətimi kəsməyə. Amma 1975-ci ildə Dondarlı məktəbinin 52 məzunundan təkcə Aslanla mən o ili əyani instituta girdik...İndi isə nə qədər xətir-hörmətli insanlar, peşəkar mütəxəssislər var o ilki məzunların arasında-bizim buraxılışda!
Evdən məktəbə özümüzlə yağ-şor dürməyi götürsək də, Kimaya xalanın məktəb bufetindən bulku ala bildiyimiz gün mədəmizin üzü gülürdü. Bulku 5 qəpiyə idi, arasına bıçaqla kəsib pavidlo qoyanda 10 qəpik olurdu. Necə də iştahla yeyirdik...
Dondarlıda ən çox işimiz keçənlərdən biri kövşən gözətçisi (həm də sovetliyin poçtalyonu) Çingiz dayı idi. Məhləmizdən əl içi kimi görünürdü kövşən, atın minib gözdən itən kimi, çayı keçib özümüzü vururduq biçənəyin içinə, oraqla biçib bəndəm eliyib çatılayıb ot şələsin atırdıq kürəyimizdə gətirib dördayaqlılarımızı sevindirirdik...Hərdən inəklərimiz dilbilməzliyinə salıb, nəfsin saxlaya bilməyib gözlərinin, qarnının qurdun öldürmək üçün kolxozun yoncalığına hücum çəkərdi və Dondarlıda kolxozun mal tavlasının “ziyanlıq türməsi”nə damlanardı...
Xatirələri cöjələməklə yaşı yaş üstə yığırıq, vətən həsrətilə saçlarına dən düşmüş dostlarla görüşəndə uşaq kimi bir müddət qayğısız oluruq, sonra da, – “Dünənki uşaqlardıq, biz nə vaxt qocaldıq belə..? Hanı o dağlar, o məktəb yolları, o bin-bərəkət, qayğısız günlərimiz?” Cığırları gəzirik, Dəvəüçənin topulğanlığında, dərələrdə yemlik, quzqulaq, çiriş, qulançar, mərəvzə axtarırıq xatirələrimizdə. Ev-ev sadalayırıq kənd-kəsəyimizi, məktəbimizin siniflərini, müəllimlərimizin yaddaqalan xatirələrini...Ümid ən sonda ölərmiş. 23 ildir ümidimiz can verir, yalandan təsəlli veririk, ölməyə qoymuruq son ümid işartısını. Kaş yaddaşlarımızdakı o yol-irizlərin, cığırların yadlardan azad olunduğu günü görə biləydik.
Allah nəsib eləsin o günü görməyi arzu edənlərə!

                  Qubadlı

Əlim çatmır, səsim yetmir dağlara
Canım, gözum Qubadlıda qalıbdı.
 Səbr, dözüm daha çatmır dadıma
Ruhum, sözüm Qubadlıda qalıbdı.

Ağaçay, Həkəri, Bərşad ordadı
Səngər, Qala, Haçaqaya dardadı,
Həcər xanım! Qaçaq Nəbin hardadı?
Ulu dağlar gözü yolda qalıbdı.

Siyasilər oyununda qaldıq mat
Bu məkrli gedişlərdə olduq mat
Alan namərd, satan bədzat
Ər oğullar əli yanda qalıbdı.

Yurddan ayrı düşən qərib, yesirdi
Dönə bilmir el yerinə nə sirdi,
20 ildi  Vətən orda əsirdi,
Qurtuluşu bir savaşa qalıbdı
Qayıdışımız tək Allaha qalıbdı.

Hacı NƏRİMANoğlu
“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri,
Azərbaycan Yazıçılar, Jurnalistlər birliklərinin üzvü
Eldar Ağakişiyevin “Ana yurdum Dondarlı” kitabından (səh.280-88).