SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

1828-ci ildə İrəvan xanlığı Rusiya imperiyası tərəfindən işğal olunduqdan sonra erməniləri kütləvi şəkildə bu torpaqlara köçürməyə başladılar. Çox qısa müddətdən sonra ermənilər və onların havadarları bu torpaqların əzəli sakinləri olan azərbaycanlılara qarşı soyqırım və deportasiya həyata keçirdilər. 1905-06, 1915, 1918-20, 1937, 1947-53 və nəhayət  31 il əvvəl - 1988-ci ilin oktyabr ayından  etibarən ermənilər tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların sonuncu deportasiyasına başladılar.
Yeniavaz.com-un soyqırım və deportasiya tariximizin ən faciəli dönəmlərindən olan bu hadisələr barədə suallarını Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa cavablandırıb.  

- Nazim müəllim, necə hesab edirsiniz İrəvanın ermənilərə güzəştə gedilməsində tarixi səhvlərimiz olubmu? Ümumiyyətlə, İrəvan ermənilərə verilməyə bilərdimi?
- Bilirsiz, o dövrün siyasi mənzərəsinə nəzər salmaq lazımdır. Bolşeviklər hakimiyyətə gəldikdən sonra rusların Cənubi Qafqazdan və ümumiyyətlə Şərqi Anadoludan geri çəkilməsi prosesi başladı. Bu zaman Cənubi Qafqazda 5 quberniya vardı. Bunlar Bakı, Gəncə (Yelizavetpol), Tiflis, İrəvan və Kutaisi quberniyaları idi. Bu quberniyaların bölünməsi məsələsi meydana çıxanda, yəni o zaman belə idi ki, təxminən 2 quberniya Azərbaycana düşürdü, 2 quberniya gürcülərə, 1 quberniya qalırdı ermənilərdə. İrəvan şəhərinə gəldikdə isə 1917-ci ili sonu, 1918-ci ilin əvvəllərində orada ermənilərin hərbi birləşmələri yaranmışdı. O zamanlar İrəvanda azərbaycanlıların vəziyyəti çox ağır idi. Düzdür, azərbaycanlılar müqavimət göstərirdilər. Lakin, fiziki güc, yəni silah artıq ermənilərin əlində idi. Çünki, 1918-ci ildə fevral ayında Şərqi Anadoludan, Osmanlı ordusunun qarşısından qaçan  Andranikin dəstəsilə birgə 300 min erməni də gəlirdi.  Bu erməniləri yerləşdirməyə yer axtarırdılar, o cümlədədn İrəvanda. 1918-ci ildə Azərbaycan, Gürcüstan, Ermənistan dövlətləri yarandı və İrəvanın paytaxt məsəsləsi orataya çıxdı. Bu məsələ Trabzon konfransında da Türkiyənin iştirakı ilə müzakirə olunub. Azərbaycan nümayəndə heyəti deyirdi ki, yaxşı olardı ki, yeni qurulan erməni dövlətinin paytaxtı Eçmiədzin olsun. Bildiyiniz kimi, bu məsələ Azərbaycan Xalq Cümhuriyyəti zamanında Milli Şuranın iclasında müzakirə olundu və Fətəli xan Xoyski çıxışında dedi: "Biz İrəvan şəhərini ermənilərlə müzakirə etdik və İrəvan şəhərini ermənilərə güzəştə getməkdən başqa çarəmiz qalmadı. Acı olsa da bu həqiqətdir".  Təxmini belə ifadə işlədib. Bəzən bəzi tarixçilər Cümhuriyyətin qurucularını çox ciddi təqid edirdilər. Ancaq mən hesab edirəm ki, tarixi reallığı nəzərə almaq lazımdır. Çünki başqa yol yox idi.
Ancaq burda başqa bir məsələ var idi, belə ki, bunu səsverməyə çıxarmaq olardı. Ancaq yenə deyirəm, o zamanki İrəvan quberniyasının əhalisinin çoxu artıq ermənilərdən ibarət idi. Azərbaycanın da elə bir gücü yox idi ki, İrəvan şəhərini qorusun və paytaxt kimi güzəştə getməsin. Yəni bu tarixi zərurət idi. Bir tərəfdən də yaxşı idi ki, heç olmasa müzakirə olunub.  Milli Şuranın qərarı var. Bu gün bizim əlimizdə sənəd var ki, biz ermənilərə İrəvanı güzəştə getmişik. O şərtlə ki, yeni qurulmuş erməni dövləti Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etməyəcək. Ancaq bu məsələ protokollaşdırılmadığı  üçün sonradan ermənilər bunu inkar etdilər. Şifahi şəkildə razılaşdırılmışdı ki, ərazi iddiası olmayacaq. Yəni, İrəvan şəhəri paytaxt kimi ermənilərə güzəştə gedilir və ermənilər Azərbaycana qarşı ərazı iddiası irəli sürməyəcəklər. Lakin, sənədləşdirmə olmadığına görə bizim nümayəndəlik belə bir razılaşmanın olduğunu deyəndə erməni tərəfi bununla bağlı sənəd tələb edib. Belə bir sənəd olmadığına görə ermənilər Qarabağa, Naxçıvana, Zəngəzura ərazi iddiası irəli sürdülər və bunun bir qismini sonradan gerçəkləşdirdilər. Sözün qısası odur ki, tarixi zərurətdən əmələ gələn məsələ idi və güzəştə getmək zəruri idi, qaçılmaz idi. Lakin, AXC Milli Şurasının qərarında belə bir sənəd qəbul edildi ki, biz bunu güzəştə getmişik. İrəvan Azərbaycanın tarixi şəhəridir və biz bunu ermənilərə güzəştə getmişik.