SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

100 il əvvəl – 1920-ci il yanvarın son günlərində Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasının Qubadlı nahiyəsində tariximizin qanlı faciələri yaşanırdı.

Təpədən dırnağadək silahlanmış nizami erməni quldur dəstələrinin qarşısında əliyalın, silahsız, köməksiz, arxasız, yalqız qalmış insanların dəhşətli fəryad səsləri, acı göz yaşları, nifrət və qəzəbli nidaları arxiv sənədlərinə hopub içimizi göynədir, bir əsr əvvəlin ağrı-acısı eşidilir bu sarı vərəqlərdən.

 Zəngəzurun heç bir yaşayış məntəqəsi ilə poçt, rabitə əlaqəsi olmadığından  bölgənin təhsilli insanları Şuşa, ya Cəbrayıla gedib oradan Bakıya teleqramlar vurur, vəziyyətin nə qədər faciəli olduğunu bildirib kömək istəyirdilər.

Bu teleqramlar qəzanın bir əsr əvvəlki həmin qanlı yanvar günlərinin dəhşətli mənzərəsini əks etdirir.

Azərbaycan Parlamentinə Məmməd Həsən Xocahanlı, Fərrux bəy Sarmasbəyov, Abbas bəy Mirzəyev, Baqrat bəy Cavanşir, İsmayıl Muxtarovun adından vurulmuş teleqramda deyilirdi: «Yanvarın 19-dan başlayaraq ermənilər nizami ordu və artileriyanın köməyi ilə Zəngəzur müsəlmanlarını qırmağa başlayıblar. Artıq Əliquluuşağı, Eyvazlı, Şamsız, Şurnux, Məzrə, Novla, Tarovlu kəndləri tamamilə dağıdılıb, hücum davam edir. Müsəlmanların vəziyyəti çıxılmazdır. Heç yandan kömək yoxdur. İranlı ermənilər tərəfindən də təhlükə gözlənilir. Yalvarırıq, təcili tədbirlər görün».

Bu teleqramı Cəbrayıldan Bakıya - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə, Hökumətə, müxtəlif partiya fraksiyalarının rəhbərlərinə göndərən şəxs Cümhuriyyət parlamentinin “Müsavat” fraksiyasının üzvü, Zəngəzurdan seçilmiş deputat, Müsavat partiyasının qəzada yaşayan nüfuzlu təmsilçisi Cəlil Sultanovdur.

 «Zəngəzur qəzasında dörd gündür ki, erməni quldur dəstələrinin, nizami ordu ilə birlikdə top və pulemyotların atəşi altında hücumları davam edir. Cəbhə xətti Qubadlıdan Xocahana qədər 50 verst məsafədə uzanır. İtgilər olduqca çoxdur. Əhali vahimə içərisində qaçır və kömək umur. Artıq dərəcədə xahiş edirəm çox sayda ordu və patron göndərmək haqqında təcili tədbirlər görün. Qəzanın bədbəxt əhalisi adından yalvarıram, kağız üzərindəki etirazlardan fəal hərəkətə keçin. Azərbaycanın ən gözəl guşələrindən birini tamamilə məhv olmaqdan xilas edin. Zəngəzurun ardınca növbə Qarabağındır. Bütün bunların itirilməsi üçün siz türk xalqı və Azərbaycan qarşısında cavab verəcəksiniz».

Yanvarın 22-də Cəbrayıl məktəbinin nəzarətçisi, hörmətli müəllim Hüseyn Axundzadə Azərbaycan Parlamentinə göndərdiyi teleqramda yazırdı: «Ayın 19-da səhərdən erməni silahlı qüvvələri Zəngəzurda Xocahandan Qaladərəsinə kimi ərazidə (Qubadlı nahiyəsi-H.N) bütün cəbhə boyu toplardan və pulemyotlardan müsəlman kəndlərini atəşə tuturlar. Altı  kənd tamam dağıdılmış, doqquz kənd isə od içərisində yanır. Ermənilər qadınlara və uşaqlara belə rəhm etmədən qəddarlıqla müsəlmanları qırır, kəndləri dağıdırlar. Müqavimət göstərməyə heç bir qüvvəlləri olmayan müsəlmanlar bütün əmlaklarını ermənilərə qoyaraq yalnız qaçmaqla canlarını qutarırlar». 

Yanvarın 23-də Cəbrayıldan müəllim H. Axunzadə və başqaları tərəfindən kiril əlifbası ilə Azərbaycan dilində Parlament və Hökumətin adına göndərilən  teleqramda deyilirdi: «İkinci dəfə olaraq teleqraf edirik. Zəngəzur müsəlmanları tərəfindən başınız sağ olsun. Nə qədər Zəngəzurlular ağladılarsa da, nalələri Zəngəzur dağları, dərələri və obaları arasından bir tərəfə çıxmadı. Qarı arvadların məmələri kəsilmiş, məsum balalarının başsız bədənləri qırmızı qanlarına bulaşmış çöllərdə qalıblar. Qızlar və gəlinlər ermənilərin əlinə keçmiş, onların namuslarına təcavüz edilmişdir. Zəngəzurda düşmən müqabilində bir az kişi qalıb. Lakin onlar da tam ümidsiz vəziyyətdədirlər. Heç bir tərəfdən kömək gəlməmişdir. Ermənilərin nizami orduları on min nəfərə çatmışdır və hər an qüvvələri artmaqdadır. Ararat tərəfindən hər an onlara kömək gəlir. On ədəddən yuxarı topları və çoxlu pulemyotları vardır. Topların gurultusu Cəbrayılı həyacana gətirmişdir. On minlərlə Zəngəzur qaçqını Cəbrayıl qəzasına yayılmışdır. Üzümüzü çeviririk ümumi Azərbaycan dindaşlarınmıza. Onları Zəngəzurdakı qardaşlarımızın, bacılarımızın, məsum balaların məzlumanə şəkildə şəhid olmalarına qarşı kömək, kömək deyə yalvarışlarına cavab verməyə çağırırıq.

Ermənilərin fikri budur ki, Zəngəzurla qurtarmaqla Cəbrayıl erməniləri ilə birləşib buralarda da dəxi dava etsinlər və Naxçıvan ilə bizim əlaqələrimizi tamamilə kəssinlər. Əgər hökumət tərəfindən fövqəladə binagüzarlıq olmazsa müsəlmanların işi fəna olacaqdır». 

Cəlil Sultanov yanvarın 23-də hərbi əməliyyat yerindən Parlamentə göndərdiyi üçüncü teleqramında yazırdı: «Bu gün axşam vaxtı qəza rəisi ili birlikdə Cəbrayıla gəldim. Açıq səma altında Zəngəzurdan təzəcə gəlmiş on minlərlə lüt, ac qadın və uşaq qaçqınları gördüm. Zəngəzur qəzası İrəvandan on top və pulemyotlarla gəlmiş nizami ordu tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən nizami erməni ordusunun sayı on minə çatır. Ermənilərin döyüş meydanında qalmış ölüləri arasında bir neçə rəngli ingilis əsgəri də vardı. Xocahan və Zabux arasındakı bütün yüksəkliklər ermənilər tərəfindən tutulmuşdur. Əkərə çayının sağ sahili boyu üçüncü polis sahəsi tamamilə toplarla və pulemyotlarla məhv edilmişdir. Bu gün Zəngəzur qəzasının dördüncü polis sahəsinin (Qubadlı nahiyəsi-H.N) sağ qalan hissəsini ermənilər mühasirə ilə kəsib ayıraraq onun da axırına çıxırlar. Zəngəzurda tam hakimiyyətsizlik hökm sürür. Döyüşmək və müqavimət göstərmək üçün heç bir vəsait yoxdur. Hökumətin köməyinə ümidini itirən əhali bütün Azərbaycan türk xalqına müraciət edir. Aldığımız məlumata görə sabah Zəngəzur tərəfdən Cəbrayıl qəzasına hücum başlanır. Məqsəd Qarabağ erməniləri ilə birləşməkdir. Nəticədə Naxçıvanla əlaqəni tamam kəsmək, beləliklə də həm Qarabağ və həm də Naxçıvan məsələsini birdəfəlik həll etməkdir. Qarabağın Dağlıq hissəsinin erməniləri sürətlə üsyana hazırlaşırlar. Hökumətin cinayətkarcasına fəaliyyətsizliyi Zəngəzur və Qarabağın məhvinə gətirib çıxarıb. Artıq kağız üzərindəki etirazlara son qoymaq, iki yüz mindən yuxarı Zəngəzur müsəlman əhalisinin məhvinə gətirib çıxarmış xain xatisovların təntənəli ziyafətləri, Azərbaycanın erməni təbəələrinin həyasızlığı yetər. Xahiş edirəm təcili tədbir görün ki, heç olmasa Şuşa və Cəbrayıl qəzaları  xilas edilsin.  Hər  dəqiqə  qiymətlidir.  Yubanmaq  xalq  və  vətən qarşısında cinayət və satqınlığa bərabərdir. Hərbi nazirin iştirakı çox vacibdir».

Bu da yanvarın 24-də Cəbrayıldan C.Sultanovun Azərbaycan Parlamenti göndərdiyi son - dördüncü teleqramıdır: «Bütün teleqramlarıma əlavə olaraq hərbi əməliyyat yerindən məlum edirəm ki, Zəngəzur sarıdan başınız sağ olsun. Ermənilər öz qüvvələrini Cəbrayıl qəzasının sərhədlərində – Əkərə çayı ətrafında cəmləşdirirlər. Qarabağı xilas etmək lazımdır. Erməni xəyanəti və hiyləgərliyi qurbanlarının sayı hesaba gəlməzdir. Yalvarıram təcili və qəti tədbirlər görün». 

Və bütün bu, üstəlik Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun, Zəngəzur qəza rəisi Məlik Namazəliyevin, qazı Bəhlul Behcətin, el-oba ağsaqqallarının, hökumət tərəfindən vəkil edilmiş Zəngəzur qaçqınlarına yardım komitəsi üzvlərinin imzaları ilə göndərilmiş teleqramlar Parlamentin rəsmi "Azərbaycan" qəzetində dərc edilirdi, Zəngəzurdan seçilən digər deputat Mirzə Sadıq Axundzadə tərəfindən parlamentdə oxunurdu, təcili yardım göstərilməsi məsələsində qızğın mübahisələr gedirdi, qərarlar da qəbul edilirdi.

Eyni ilə 1919-cu ilin noyabrın əvvəllərində  Zəngəzur, Qarabağ, Naxçıvandan göndərilən teleqramlar, xəbərdarlıqlar, yalvarışlar da beləcə cavabsız qalmışdı.

"Biz Oxçu-Şabadin və Gığı dərəsi (Qafan rayonu-H.N) sakinləri hər tərəfdən ermənilərlə əhatə olunmuşuq, onların bütün əməlləri və rəftarları bizə hücum etməyə hazırlaşdıqlarını açıq şəkildə sübut edir, onların köməyinə nizami qüvvələr gəlib. Onların top və pulemyotları var. Biz çıxılmaz vəziyyətdəyik, biz qorxuruq. Sizin ayaqlarınıza düşüb mərhəmət diləyirik və bizi xilas etməyinizi xahiş edirik. Bizə güllə və pulemyotu olan bir neçə zabit göndərin. Əgər göndərməsəniz, xəbər verin ki, biz vaxtında öz kəndlərimizi tərk edək, yoxsa biz bilirik ki, xilas ola bilməyəcəyik".

Zəngəzura kömək bir yana, qəzaya göndərilmiş az miqdar Cümhuriyyət qoşunu da 1919-cu ilin noyabrın ortalarında ərazini tərk etmiş, həm də yerli özünümüdafiə dəstələri, partizanların qat-qat güclü düşmənlərdən qoparıb aldığı strateji yüksəklikləri də əldən vermiş, ermənilərin planladığı müsəlmansız Zəngəzur ssenarisinin icrasına rahat imkan yaradılmışdı.

Bunun ardınca da qaniçən erməni başçılarından biri Hamazasp 240 silahlı quldurla Oxçu-Şabadin kəndinimühasirəyə alıb, danışıq aparmaq adı ilə ətraf kəndlərin əhalisini də kəndin ortasındakı meydana topladıb, heç kimin qaçıb sağ qurtulmaması üçün kənddə bütün yol, cığırlar kəsilib. Kişilər karvansaraya doldurularaq dinamitlərlə partladılıb, daş-qalaq olunub, son nəfərədək öldürülüb. Bölgənin Ermənistana birləşdirilməsi əleyhinə çıxan hörmətli ağsaqqal, din xadimlərinin əl-ayaqları  bağlanaraq erməni zabitlərinin ayaqları altında başları kəsilib. Qocalar, uşaqlar və qadınları  məscidə doldurub diri-diri, tikə-tikə doğrayıblar, ah-naləsi göylərə bülənd olan, aman diləyən, can verən yaralıların əzalarını süngülərlə dəlik-deşik ediblər, hər yandan insan qanı sel suları kimi axıb gedib.

Çarəsiz, köməksiz, əliyalın insanlar ələ keçirdikləri ağac, daş, dəmir parçaları ilə gənc qız-gəlinlərin sir-sifətini, qarnını, əzalarını dəlik-deşik ediblər ki, namusları gözəl görkəmdə ləkələnməsin, manyak vəhşilərin əlinə diri, sağ-salamat keçməsin. Analar quyulara, yanar təndirlərə atılan körpələrinin dalınca özləri də odun içinə tullanıb balaları ilə birgə diri-diri yanıblar, neçəsi bu vəhşətdən çıldırıb dəli olub, xəstə, əlil, ahıl, ana qucaqlarındakı südəmər körpələrə belə  aman verilməyib. Həmin dəhşətli gündə 1400 müsəlman-türk, o cümlədən təkcə Çaylı və Oxçu kəndlərindən 400-ü uşaq, qadın olmaqla 900 insan heç bir xalqın tarixində görünməmiş amansız vəhşiliklə, güllə, mərmi işlənmədən məhv edilib.

Qaniçən quldurlar bu qanlı mənzərənin Allahverdi adlı yeganə şahidini sağ buraxıblar ki, gedib gözləri ilə gördüyünü, erməni hakimiyyətini tanımayan, nəyəsə ümid olub gözləyən  müsəlman kəndlərində hər kəsi belə sonun gözlədiyini söyləsin.

1919-cu il dekabrın 1-i sübh çağı üç istiqamətdə başlayan hücumlarda ermənilər 118 türk-müsəlman və 22 erməni kəndindən ibarət Qafan bölgəsinin müsəlmanlar yaşayan el-obalarının əhalisni insan ağlına sığmayan üsullarla kütləvi şəkildə qırıb, evlərini talan, qarət edib yandırıblar. Atqız kəndinin əhalisi erməni hücumundan tez xəbər tutub çıxıb qaç¬mağa macal tapsa da, Ordubada çatanadək 167 uşaq və qadın qarlı yollarda şaxtada donub həlak olub. Qafanın Gığı dərəsi boyu kəndlərinin 4 min sakinindən yalnız 262-si sağ qalmışdı.

Andronikin 1918-ci ilin yayından başlayaraq Zəngəzurun Sisian, Gorus, Laçın bölgələrində axıtdığı qanlar qurumamış, 1919-cu ilin noyabr-dekabr və 1920-ci ilin yanvarında bu dəfə Hamazasp, Dro, Qazaryan, Njdenin başçılıq etdiyi quldur dəstələri Zəngəzur qəzasının Qafan, Zəngilan, Meğri, Qubadlı bölgələrində 200-dək kəndi ciddi müqavimətlə üzləşmədən günahsız dinc insanların qanı ilə suvarmış, viran qoymuşdu.

1917-1920-ci illərdə Zəngəzur qəzasının 7892 kv.km ərazisindəki 406 yaşayış məntəqəsinin 314-də müsəlman türklər yaşayıb, yandırılıb xarabalığa çevrilən kəndlərin yarıdan çoxu məhz bu 3 ayın-1919-cu ilin noyabr-dekabr, 1920-ci ilin yanvar ayının payına düşür. Qəzanın əhalisinə qarşı əvvəlcədən cızılmış ssenari üzrə deportasiya və etnik təmizləmə, soyqırımı nəticəsində 1917-ci ildə Zəngəzurda yaşamış 123 min nəfər əhalinin 1926-cı ildə yalnız 5 mini viran qalan yurdlarına geri qayıda bilmişdi. Həmin illərdə qəzada qətlə yetirilən insanların sayı Azərbaycan Xalq Cümhuriyyətinin uzaqgörənliklə yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində göstərilən, tarixçilərimizin tez-tez istinad etdiyi rəqəmlərdən dəfələrlə çoxdur.

1918-1920-ci illərin hadisələri ilə 1992-1994-cü illərin hadisələri arasında o qədər   heyrətamiz uygunluqlar var ki, hətta, günləri də bəzən üst-üstə düşür. Ermənilərin hərəkətləri, azərbaycanlıların hərəkətsizliyi 7 894 kv.km ərazisi olmuş təbii gözəllikləri, zənginlikləri ilə məşhur olan tarixi türk yurdu Zəngəzurun tamam itirilməsi ilə nəticələndi.

Zəngəzur ünvanlı növbəti kitabımız bu barədə olacaqdır.

Mənbə: 

  1. ARDA: f. 895, siy. 1, iş 1299, f. 970, siy. 1, iş 161, f. 1061, siy. 1, iş 49-65 və s.
  2. ARDA: f. 894, siy. 4, iş 65.
  3. ARDA: f. 897, siy. 1, iş 112, vər. 48.
  4. ARDA: f. 895, siy. 1, iş 299, vər. 20., 35-37.
  5. http://zengezur.com/KITABLAR/Z-r.-PDF1.pdf

Hacı Nərimanoğlu

"Zəngəzur" Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru