SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Kamran Hüseynov15 dekabr 1913-cü ildə dünyaya göz açmış Kamran Hüseynov Azərbaycanın ən ucqar dağ rayonlarından olan Qubadlının Çərəli kəndindən Bakıya 50 qəpik pul, dörd büküm çörəklə çıxmışdı, Həkəri stansiyasında üç gün vaqonlara yük vurub qazandığı 10 manatın da 5-in əynindəki pencəyi ilə  birlikdə burdan kənddə atasız, əyin-başı yalın qalmış qardaşlarına qaytarıb sonra qatara minmişdi. Neft fəhləsi işləyərək həm böyük bir külfəti  dolandırmış, həm də Moskvada və Bakıda ali mühəndis təhsili almışdı.

20 yaşında ali partiya məktəbinin ən gənc dinləyicisi, müəllim və tələbələrin yekdil rəyi ilə məktəb partiya təşkilatının katibi seçilmişdi. Batalyon komandiri kimi  Böyük Vətən müharibəsinin ağrı-acısını yaşamış, ön cəbhədə M.C.Bağırovun xüsusi tapşırığını uğurla yerinə yetirib Sumqayıtın inşasına başlayan ilk tikinti trestini təşkil və rəhbərlik edib 31 yaşından başlayaraq Sumqayıtın, Bakının ən böyük neft rayonu Binəqədinin, Mingəçevirin, Neftçalanın birinci katibi işləmiş, o yaşdan  həm də  Ali Sovetin deputatı seçilmişdi. Onun həyatında xeyli “ilk”lər var: Sumqayıt və Mingəçevir tikintisində ÜİK(b)P  MK-nın partiya təşkilatçısı-1-ci katibi, Azərbaycan Həmkarlar İttifaqı Təşkilatının ilk sədri,  N.Nərimanov və H.Əliyevdən sonra azərbaycanlılardan Moskvada ən yüksək vəzifə sahibi – Ümumittifaq Həmkarlar İttifaqının katibi, dünyanın 30-dan çox ölkəsində sovet nümayəndə heyətinin rəhbəri, 13 il Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Respublika Ticarət-Sənaye Palatasının sədri, 50 ildən çox  MK üzvü, RSFSR və Azərbaycan Ali Sovetlərinin deputatı, Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, Respublika Ağsaqqallar Şurası Rəyasət Heyətinin üzvü olmuşdu. Tarix elmləri doktoru, müxtəlif dillərdə çap olunmuş 16 kitabın müəllifiydi. «Şöhrət» ordeni ilə təltif olunmuşdu, Prezident təqaüdçüsü idi, 2006-cı il aprelin 20-də dünyadan köçüb Fəxri Xiyabanda dəfn edilmişdi.
Bunlar tərcümeyi hala yazılan vəzifələrdir. Əsas olan bu idi ki, Kamran Hüseynov Azərbaycanın yetmiş illik kommunist-sovet tarixində yetişmiş partiya, dövlət və ictimai xadimlər arasında tək-tük ləkəsiz, təmiz ad-sanla ömür sürmüş, həqiqətən vətənsevər, xalqı üçün çalışan insan idi.
Mənə bu böyük insanla dəfələrlə və saatlarla həmsöhbət olmaq nəsib olmuşdu. İnsanda nə qədər zehin olardı. 80 yaşında ilk dəfə salaməleyk edəndə dərhal soruşmuşdu:-Sarayda kimlərdənsən, Bala bəygillərdən, ya Hacı Fətəligillərdən? 70 il qabaq olduğu evimizin yer-yurduna, qapıdakı şam ağacına, qədimi məscidimizin qalıb qalmadığına qədər soruşmuşdu.
Binəqədiyə təzə 1-katib təyin olunubmuş. Büro iclasına başlamaq istəyəndə yanındakılar deyirlər bəlkə bir az gözləyək.-Niyə?-Bəs “Binəqədinefttrest”in rəisi büro üzvü Nersesyan hələ gəlməyib, o gəlməmiş indiyə qədər heç vaxt iclas başlamayıb. Qalxır, gecikdiyinə görə onu iclasa da buraxmır, az keçmiş də bütün təzyiqlərə baxmayaraq onu vəzifədən götürməyə nail olur.  
12 il Mingəçevirdə yaşadım, onun bu şəhərdə nə qədər ürəkdən sevildiyinin canlı şahidi oldum, dəfələrcə şəhərin ilk qurucularının onun haqqında xoş xatirələrini eşitdim.
 M.C. Bağırov büroda birdən arxa sırada oturmuş K. Hüseynova üz tutub deyir: -ey Sultan bek, sabahdan Mingəçevirə gedirsən, o şəhəri, SES-i sən tikəsən!
 Uca boyu, yaraşıqlı ağbəniz sifəti, rus və azərbaycan dillərində səlis nitqi ilə dinləyənləri cəlb edən bu gənci görənlər deyirmişlər ki, çox olsa 10-15 gün burda qala biləcək. Çünki hər tərəfi qamışlıq, bataqlıq, ilk sancmadan adamı malyariyaya yoluxdurub o dünyaya göndərən ağcaqanadların meydan suladığı, alman əsirləri, SSRİ-nin hər tərəfindən gəlmiş məhbusların, bir də küyə düşüb gələn komsomolların yaşadığı yeraltı baraklarda duruş gətirmək hər oğulun işi deyildi, o ki qala Bakıdakı rahat katib kreslosundan ayrılmış biri ola.
Ancaq onun gəlişi ilə tikintidə elə bir canlanma yaranır ki, hətta bir neçə gündən sonra xanımını da bura yanına gətirir, ona baxıb başqaları da belə edir.
Mingəçevirdəki söhbətlərini xatırlayıram:- Mingəçevir Dövlət Dram Teatrının bu binası ki var, o Moskvanın təsdiq elədiyi layihədə bir fəhlə klubu olmalıydı, amma biz onu elə götürdük ki, bu gün də ölkənin ən gözəl binalarındandır. Moskvadan energetika naziri gəlib görəndə gözü kəlləsinə çıxmışdı ki, bu nədir saraydı tikdirmisən burda, burda biz şəhər yox, müvəqqəti fəhlə qəsəbəsi salmağı planlaşdırmışdıq.
Danışırdı ki, M.C.Bağırov neçə dəfə Yesentukidə istirahətini yarımçıq qoyub gəlmişdi, deyirdi tik nə qədər bacarırsan, Ermənistanın büdcəsi qədər pul almışdı Moskvadan bura.
Toxuculuq kombinatı işə salınanda Rusiyadan vaqon-vaqon qızlar daşınır burda işləməyə. K.Hüseynov da əlaltından ətraf rayonlara adamlar salır ki, cavan qızları yığın gətirin burda yataqxanalarda qalıb oxusunlar, işləsinlər, canları kərmə, pambıqdan qurtarsın, həm də bu şəhər Nataşalara qalmasın. Çox keçmir ki, şəhərə rus axını dayanır, gələnlər də geri qayıdır.
93-cü il idi, Mingəçevirdə 80 illik yubileyi keçirilirdi. Kür sahili boyu ən yaraşıqlı küçəyə Kamran Hüseynovun adı verilmişdi, vaxtilə yaşamış olduğu binaya xatirə lövhəsi vurulmuşdu, özü açılışın elədi, Dram Teatrda, ardınca da “Kür” restoranında gözəl tədbirin keçirdik. SES və DRES-i gəzdi, qayıdıb gəldik Qonaq evinin qarşısında 6-7 nəfərlik bir çay süfrəsi arxasında söhbətə başladı:-çox böyük bir nigarançılığımı sizlərə bildirmək istəyirəm, Bakıda da lazımı adamlara demişəm. Mən bu yaxınlarda Tehranda bir tədbirdə idim, yüksək rütbəli bir türk-azərbaycanlı xəlvətə salıb mənə bu sözləri çatdırdı:-Ermənistanla müharibədə sizin ən böyük qorxunuz Mingəçevir SES-di, o obyektin hər metrəsinin xəritəsi ermənilərin əlindədir, onların belə bir fikri barədə biz məlumat alan kimi dərhal qəti etirazımızı bildirdik, özü də kəskin şəkildə, çünki o Stansiyaya xətər yetirilsə, İranın da bir xeyli hissəsi su altında qala bilər. Bu fikirlərindən daşındırdıq onları, ancaq bildiyimizə görə o obyekt çox zəif qorunur. Siz bunu rəsmilərinizə çatdırın...
Sonra bənd dağılarsa yarana biləcək fəlakətlərin miqyasını anlatdı bizə, izah etməyə başladı ki, bu stansiyanı Stalinlə Mikoyan Azərbaycana sevgidən saldırmayıb bura, gizli məqamlar da çoxdur.   
92-93-də sıra ilə rayonlar işğal ediləndə yaşının, səhhətinin yol verdiyindən artıq bir narahatçılıq, gərginliklə tez-tez Qubadlı, Zəngilana gəlirdi, camaatı öz gücüylə torpaqların müdafiəsinə çağırırdı, büruzə verməsə də, narahatçılığı, üzüntüsü görünürdü. Ömrünün ahıl çağlarında yazdığı, kitablarının əvvəlinə saldığı şeirlərini oxumaq kifayətdi çəkdiklərini  görmək üçün.
«Bir ömrün salnaməsi» kitabının nəşrə hazır variantını bir balaca göz gəzdirmək üçün vermişdi mənə. Bu yaşda çoxusunu da birbaşa makinaçı qızlara diqtə etdiyi mətnlərdəki ardıcılıq, səlislik, məntiq, mükəmməl üslub, zəngin dil, fakt və detalların yerli yerində işlədilməyi həqiqətən heyrətləndirici idi. Ən başlıcası Azərbaycanın 70 illik keşməkeşli həyatı, mürəkkəb tarixi hadisələri, respublikaya rəhbərlik edənlər haqqında nə qədər zəngin bilgilər var bu kitabda.
        Kamran Hüseynov respublika hökumətində təhsil, mədəniyyət sahələrinə rəhbərlik etdiyi 13 ildə ziyalıların ən böyük dostlarından olmuşdu. Ona ən böyük dəyəri də təkcə Azərbaycan dövləti yox, həm də elə bu işıqlı düşüncəli aydınlar vermişdi. «Sən öz ədalətin və həqiqətsevərliyinlə, xeyirxahlığın və alicənablığınla, işlədiyin bölgələrdə qurduğun fabrik və zavodlarla, mədəniyyət sarayları və xəstəxanalarla, məktəb və uşaq bağçaları ilə özünə abidə ucaltmısan. Sənin bu əməllərin dərin hörmətini qazandığın xalqının yaddaşında əbədi yaşayacaq. Çünki sən xalqının böyük oğlu, Vətənin əsil vətəndaşısan.» (Xalq şairi Bəxtiyar Vahabzadə)
           Bu da Kamran Hüseynovun həyat, ömür, yaşam fəlsəfəsini ifadə edən öz sözüdür: «Mən özümü daim bal arısı hesab etmişəm. Arı bal verir, ilan ağu. Mənim həyat fəlsəfəm budur».

Hacı NƏRİMANOĞLU
“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri

BİR ÖMRÜN SALNAMƏSİ

   «Sən öz ədalətin və həqiqətsevərliyinlə, xeyirxahlığın və alicənablığınla, işlədiyin bölgələrdə qurduğun fabrik və zavodlarla, mədəniyyət sarayları və xəstəxanalarla, məktəb və uşaq bağçaları ilə özünə abidə ucaltmısan. Sənin bu əməllərin dərin hörmətini qazandığın xalqının yaddaşında əbədi yaşayacaq. Çünki sən xalqının böyük oğlu, Vətənin əsil vətəndaşısan» (Xalq şairi Bəxtiyar Vahabzadə).
«Nə yaxşı ki, dünyada Kamran Hüseynov kimi müdrik, sadə, mehriban, işgüzar, qərəzsiz insanlar vardır. Əqidələri, vicdanları bulaq suyu kimi saf olan belə insanlar el adamı, el ağsaqqalı, görkəmli dövlət xadimi kimi xalqımızın tarixində öz layiqli yerlərini tuturlar. Mən bu böyük qurucu və yaradıcı alimlə fəxr edirəm» (dünya şöhrətli həkim, professor Nurəddin Rzayev).
«Mən özümü daim bal arısı hesab etmişəm. Arı bal verir, ilan ağu. Mənim həyat fəlsəfəm budur». Bu amal ilə Azərbaycanın ən ucqar dağ kəndindən oxumaq, xalqa, Vətənə gərəkli adam olmaq arzusu ilə, 50 qəpik pul, dörd büküm çörəklə çıxan, əynindəki pencəyini də yoldan atasız, əyin-başı yalın qalmış qardaşlarına qaytaran, stansiyada üç gün vaqonlara yük vurub 10 manat da burda qazanıb Bakıya yola düşən Kamran Hüseynov neft fəhləsi işləyərək həm böyük bir külfəti  dolandırmış, həm də Moskvada və Bakıda ali mühəndis təhsili almışdır. 20 yaşında ali partiya məktəbinin ən gənc dinləyicisi olmuşdur. Müəllim və tələbələrin yekdil rəyi ilə məktəb partiya təşkilatının katibi seçilmişdir. Batalyon komandiri kimi  Böyük Vətən müharibəsinin ağrı-acısını yaşayan, ön cəbhədə M.C.Bağırovun xüsusi tapşırığını uğurla yerinə yetirib Sumqayıtın inşasına başlayan ilk tikinti trestini təşkil və rəhbərlik edən, Sumqayıtın ilk birinci katibi (o bu vəzifəyə təkrar qaytarılıb), Bakının ən böyük neft rayonu Binəqədinin, sonra Neftçala PK-nın birinci katibi işləyən K.Hüseynov 31 yaşında həm də  Ali Sovetin deputatı seçilmişdir.
Mingəçevir tikintisində ÜİK(b)P  MK-nın partiya təşkilatçısı  işləmiş K.Hüseynovun bioqrafiyasına daha bir neçə məsul vəzifə qeyd olunub: Sovetlər vaxtının ən böyük ictimai təşkilatı olan Azərbaycan Həmkarlar İttifaqı Təşkilatının ilk sədri,  N.Nərimanov və H.Əliyevdən sonra azərbaycanlılardan Moskvada ən yüksək vəzifə sahibi - ÜHİMŞ-in katibi, dünyanın 30-dan çox ölkəsində sovet nümayəndə heyətinin rəhbəri, 13 il Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Respublika Ticarət-Sənaye Palatasının sədri vəzifəsində çalışan, 50 ildən çox  MK üzvü, Ali Sovetin deputatı (o cümlədən Mingəçevirdən Ali  Sovetə seçilmiş ilk deputat), Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, Respublika Ağsaqqallar Şurası Rəyasət Heyətinin üzvü seçilmişdir.
K.Hüseynov texnika elmlər doktoru, müxtəlif dillərdə çap olunmuş 16 kitabın müəllifidir. Azərbaycanın son yetmiş illik tarixində yetişmiş partiya, dövlət və ictimai xadimlər arasında tək-tük ləkəsiz, təmiz ad-sanla ömür sürmüş bu insanın Vətən, xalq qarşısında səmərəli xidmətinin, gərəkli ömrünün, əməllərinin layiqli mükafatını üç ay öncə Prezident Heydər Əliyev cənabları verdiyi fərmanla bir daha təsdiqlədi. K.Hüseynovun «Şöhrət» ordeni ilə təltif olunması, Prezidentin bu ordeni ona şəxsən təqdim etməsi, haqqında ürəkdən gələn, dəyərli sözlər deməsi, o cümlədən son kitabının rusca da kütləvi nəşrini tövsiyə etməsi yaşanmış ömrün mənasına verilən həqiqi qiymət idi.
Kamran Hüseynovun «Bir ömrün salnaməsi» kitabının əhəmiyyəti, dəyəri haqqında Bakı və Sumqayıtın elm, təhsil ocaqlarında, sənaye müəssisələrində keçirilən müzakirələrdə, «Xalq», «Azərbaycan» və digər rəsmi, qeyri-rəsmi qəzetlərdə yazılmış geniş məqalələrdə xüsusi vurğulanmış bir fikir böyük maraq doğurur: Bu kitab Azərbaycan Respublikasının 70 illik keşməkeşli həyatının, mürəkkəb tarixi hadisələrinin, respublikamıza rəhbərlik etmiş ayrı-ayrı şəxsiyyətlərin və bu dövrlər haqqında canlı, obyektiv müşahidələrin zəngin fakt və detallarla qələmə alınmış salnaməsidir. Müəllifin Heydər Əliyev, İmam Mustafayev, Fidel Kastro, Xo Şi Min, Brejnev, Kosıgin kimi məşhur dövlət xadimləri ilə görüşlərini, S.Vurğun, Ç.Aytmatov, M.Tursunzadə, S.Rəhimov, R.Behbudov kimi ədəbiyyat, mədəniyyət adamları ilə dostluq münasibətlərini əks etdirən xatirə, yazı və foto şəkilləri, dünyanın bir çox tanınmış dövlət, siyasi xadimlərinin Kamran Hüseynov haqqında yazı, məktub və teleqramları bu böyük şəxsiyyətin özünəməxsus zəngin mənəviyyat, dərin, yüksək dünyagörüşü sahibi olmasını bir daha sübut edir.
310 səhifəlik kitabın «Mingəçevir qurucuları» adlı 20 səhifəlik bölməsi K.Hüseynov ömrünün Mingəçevir dövründən bəhs edir. Müəllif özünəməxsus lakonik, aydın təhkiyə ilə Mingəçevirdə su anbarı tikintisi ideyasının XVIII əsrdən başlayan tarixinə səyahət edir. M.C. Bağırovun Stalinin Mingəçevir tikintisinə qol çəkməsinə həsr olunmuş yığıncaqdakı təsirli çıxışını, bu tikintinin respublikamızda və Sovetlər ölkəsində müharibədən sonra yaratdığı coşqun əhval-ruhiyyəni, Mingəçevir tikintisinin vüsətini qələmə alır. Müharibədən Azərbaycan neftinin insafsızcasına sorulub çıxarılmasına əvəz olaraq Azərbaycanın gələcəyi naminə M.C.Bağırovun Mingəçevir, Daşkəsən və Sumqayıtın tikintisini Moskvadan, Stalindən nə yolla qoparmasını və bu tikintilərin «M.C.Bağırovun hökmü ilə» başa gəldiyini, onun hər gün Mingəçevirlə maraqlandığını, hətta, Yesentukidə istirahətini yarımçıq qoyub bura baş çəkib qayıtmasını yada salır.
Bizim bəzi qələm sahibləri isə indi «Mingəçeviri filankəs tikdi, qurdu, yaratdı» deməkdən, yazmaqdan, əsrin ən böyük möcüzələrindən birini yaradan, üstündə rahat gəzdiyimiz bu məkanda yox yerdən abad şəhər quran minlərlə ölü və diri həmvətənlərimizin ( rus, alman...da içlərində olmaqla) əməyini yerə vurub, ruhunu incitməkdən yorulmur. Müəllif Mingəçevir şəhərinin ilk qurucularını unutmur, haqqında məhəbbətlə söhbət açır, onları «Əvəzsiz işçilər» adlandırır.
Qədirbilən mingəçevirlilər Kamran Hüseynovun əməyini sağlığında qiymətləndirib, adın əbədiləşdirib, yubileylərini təntənə ilə qeyd edib, xatirəsini əziz tuturlar. Belə olmuşdur, belə də olacaqdır.

P.S. Bu yazını «Mingəçevir işıqları» qəzetinin iki sayında Kamran Hüseynov haqqında getmiş, iyrənc xislətlilərin üfunət iyi verən sərsəmləməsinə cavab kimi də başa düşmək olar.

«Azərbaycan işıqları», 20 avqust 1999

NEKROLOQ
SON MƏNZİLƏ

(www.azertag.com 21 APREL 2006, bütün rəsmi qəzetlərdə şəkillə    verilsin, müəllif: Hacı Nərimanoğlu)

Aprelin 21-də ölkəmizin ictimaiyyəti respublikamızın tanınmış ictimai xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, tarix elmləri doktoru Kamran Əsəd oğlu Hüseynovu son mənzilə yola salmışdır.
Mərhumun cənazəsi Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzinin matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulmuşdu.
Postamentin qarşısında tanınmış ictimai xadim və alimin təltif edildiyi orden və medallar qoyulmuşdu. Ətrafında isə Azərbaycan Prezidentinin adından, habelə Prezidentin İcra Aparatı, Nazirlər Kabineti, Ticarət və Sənaye Palatası, Sumqayıt şəhər və Qubadlı rayon icra hakimiyyətləri və başqa qurumlar adından əklillər düzülmüşdü.
Salonda həzin matəm musiqisi səslənirdi. Respublikanın dövlət və hökumət rəsmiləri, tanınmış elm, mədəniyyət və ictimai xadimləri, Milli Məclisin deputatları cənazənin yanında fəxri qarovulda dayanırdılar.
Matəm mitinqini Baş nazirin birinci müavini, dəfni təşkil edən hökumət komissiyasının sədri Yaqub Eyyubov açaraq dedi ki, Kamran Hüseynov böyük və şərəfli həyat yolu keçmişdir. O, əmək fəaliyyətinə gənc yaşlarından başlamış, uzun illər iqtisadiyyatın müxtəlif sahələrində, rəhbər partiya işində çalışmışdır.
Kamran Hüseynov 1958-1961-ci illərdə Respublika Həmkarlar İttifaqları Şurasının sədri olmuş, 1961-1968-ci illərdə Moskvada Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi işləmişdir. Kamran Hüseynov 1968-1980-ci illərdə respublika Nazirlər Soveti sədrinin müavini olmuşdur. 1980-1993-cü illərdə Azərbaycan Ticarət və Sənaye Palatasının sədri işləmiş, 1993-cü ildən isə Ticarət və Sənaye Palatasının müşaviri idi.
Kamran Hüseynov çalışdığı bütün sahələrdə yüksək peşəkarlıq, təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Sumqayıt, Mingəçevir, Naftalan kimi yeni yaşayış məntəqələrinin salınmasında, onların iri yaşayış, sənaye-mədəniyyət mərkəzlərinə çevrilməsində Kamran Hüseynovun səmərəli xidmətləri olmuşdur. O, bu şəhərlərin fəxri sakini olmaqla, sağlığında adı əbədiləşmişdir. Vətənpərvərlik ruhu, xalqına, dövlətçiliyə sədaqət onu səciyyələndirən əsas xüsusiyyətlər idi. Kamran Hüseynov sovet və Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi dünyanın bir çox ölkəsində keçirilən müxtəlif tədbirlərdə iştirak etmişdir.
O, uzun illər Azərbaycan Ali Sovetinin, eləcə də RSFSR Ali Sovetinin deputatı olmuş, Respublika Ağsaqqallar Şurası İdarə heyətinin üzvü kimi gənc nəslin vətənə, müstəqil dövlətçiliyimizə məhəbbət ruhunda tərbiyəsi üçün öz dəyərli məsləhətlərini əsirgəməmişdir. Onun respublikamızın son onilliklərdə keçdiyi inkişaf yoluna, sənayenin aktual problemlərinə həsr edilmiş kitabları rəğbətlə qarşılanmışdır.
Kamran Hüseynovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara layiq görülmüş, o cümlədən müstəqil Azərbaycan Respublikasının yüksək mükafatı - «Şöhrət» ordeni ilə təltif edilmişdir.
Respublika Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Aqil Dadaşov, Respublika Veteranlar Şurasının sədri Baloğlan Rüstəmov, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov matəm mərasimində çıxış edərək, Kamran müəllimin 1970-80-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında respublikamızda başlanmış geniş quruculuq işlərində ən yaxından iştirakını vurğuladılar, onun yüksək əxlaqi-mənəvi keyfiyyətlərindən danışdılar, vətənə, xalqa layiqli xidmət nümunəsi olan şərəfli ömür yolunun həmişə örnək kimi xatırlanacağını bildirdilər.
Mərhumun ailəsi adından qızı Hicran Hüseynova çıxış edərək, atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirdi, matəm mərasiminin iştirakçılarına təşəkkür etdi.
***
Kamran Hüseynovun cənazəsi Şəhriyar adına Mədəniyyət Mərkəzinin binasından qaldırılaraq Fəxri xiyabana gətirildi. Burada mərhumun ruhuna dua oxundu. Əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq nəcib ağsaqqal, ictimai xadim Kamran Hüseynovun cənazəsi doğma torpağa tapşırıldı. Məzarın üzərinə əklillər, gül dəstələri düzüldü.
Allah rəhmət eləsin, qəbri nurla dolsun.
Sözardı:  «Xalq qəzeti»nin 16 dekabr 2006-cı il nömrəsində yuxarıdakı yazıların əsasında mərhum ağsaqqalımız haqqında daha bir yazım çıxmışdır. Sevinirəm ki, 10 il Mingəçevirdə yaşayarkən şəhər rəhbərliyi ilə mehriban münasibətlərimizdən istifadə edib hələ 83-ün noyabrında 80 illik yubileyi ərəfəsində Kamran Hüseynovun adına sağ ikən küçə verilməsinə, xatirə barelyefinin vurulmasına, təmtəraqlı yubiley, ziyafət  məclisinin keçirilməsinə mən də gərəkən dəstək verə bilmişəm.  Onunla dəfələrlə görüşmüşəm, çox söhbətlərimiz olub. Bir gün Mingəçevirin İcra başçısı, əziz dostum Məhəbbət Qarabağlı zəng elədi ki, maşın göndərmişəm, dur bəri gəl. Dedi Kamran Hüseynov səninlə danışmaq istəyir. Evində idi. -Hacı Fətəlinin nəvəsi, sən gəl orda boş durma, bir işimə yara; demək bir kitab hazırlamışam öz həyatımdan, ora lazımdı Mingəçevirdə məni tanıyan, salamat qalan, xətir-hörmətimi saxlayan abırlı adamların bir neçəsindən haqqımda söz yazsınlar, Məhəbbətdən bir-ikisin soruşdum, dedi, dünyaların dəyişiblər, adamları da özün taparsan, hazır elə, gəti bura, sonra da, səni tərifləyirlər ki yazı-pozudan başın çıxır, bu kitabın əlyazmasın  da verim bir nəzər yetir. Dediyi kimi də elədim, indi o «Bir ömrün salnaməsi» kitabında mənə hər zaman çox əziz olan Mingəçevirin bir qrup sakininin də ürək sözləri yer alıb. İki gün də Bakıda-Filarmoniya ilə üzbəüz binadakı kabinetində kitabın makinadan çıxmış ilk nüsxəsin oxudum, redaktə, korrektə işinin əziyyətin bir balaca çəkdim, əslinə qalsa, elə səviyyəli, savadlı, peşəkarlıqla yazmışdı ki, əlavə çox iş də qalmamışdı.

 

Hacı NƏRİMANOĞLU