SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Сканировать101 ada-kitab-taqdimat-elman-arasli-80 illik ömrünün 46 ilini diplomatik xidmətə həsr etmiş Elman Araslının bu yaxınlarda nəşr edilən 630 səhifəlik “Yarım əsr Yaxın Şərqdə” kitabı təkcə şərəflə yaşanmış bir diplomat ömrünün bioqrafiyası, salnaməsi deyil, həm də müstəqil dövlətimizin xarici siyasətinin mühüm bir sahəsi-Azərbaycanla ərəb dünyası arasında münasibətlər haqqında, bu gün hər zaman olduğundan daha çox dünya siyasətinin gündəmində olan geniş bir region barədə zəngin məlumat mənbəyidir. Müəllif 35 ildən çox ərəb ölkələrində SSRİ, Rusiya və Azərbaycanın diplomatı kimi, o cümlədən 20 ilə yaxın Azərbaycanın Fövqəladə və Səlahiyyətli səfiri olaraq fəaliyyət göstərmişdir. E.Araslı ədəbiyyatşünaslıq elmimizin patriarxlarından biri olan akademik Həmid Araslının oğlu, qədim mədəniyyət, elm, dövlətçilik mərkəzimiz olan Gəncənin məşhur din xadimi və dövrünün tanınmış maarifçi ziyalılarından olmuş Məmmədtağı Araszadənin nəvəsidir.

Azərbaycanın görkəmli alim, yazıçı, şairləri Səməd Vurğun, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn, Mir Cəlal Paşayev, Cəfər Xəndan, Məmməd Arif Dadaşzadə və başqaları tez-tez Həmid Araslı ailəsinin qonağı olardı, Elmanın uşaqlığı da onların mehriban, qayğıkeş əhatəsində keçib, ədəbi söhbətlərinin balaca dinləyicisi olub, dünyagörüşü bu zəmində formalaşmağa başlayıb. Elmanı Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə aparan yol da elə bu maraqdan irəli gəlib. Ancaq daxilən azad təbiətli gənc olması, müstəqil həyatda bütün uğurları öz zəhməti ilə qazanmaq istəyi, daha geniş bilik almaq həvəsi gənc Elmanı SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna gətirir, ərəb filologiyası üzrə aspiranturanı bitirir. Bu İnstitut Sovet İttifaqında şərqşünaslıq üzrə tədqiqatların aparıldığı ən böyük elmi mərkəz idi. Elman 1961-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edir. Misirdə SSRİ Ticarət nümayəndəliyində işləyir, SSRİ-nin Bağdaddakı Mədəniyyət Mərkəzinin Baş direktoru olur, burada səfirliyin birinci katibi kimi ilk dəfə olaraq diplomatik fəaliyyətə başlayır, diplomatik nomenklaturaya daxil olur. 65 ölkədə nümayəndəliyi, filialları olan Sovet Dostluq Cəmiyyəti adlandırılan (SSOD) nüfuzlu qurumda beş il Yaxın və Orta Şərq ölkələri şöbəsinə rəhbərlik edir, “RSFSR-in əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülür. 1980-84-cü illərdə SSRİ-nin İordaniya, Yəmən səfirliyində çalışır, həm də Sovet Mədəniyyət Mərkəzinin baş direktoru vəzifəsini daşıyır.

 

Müstəqil Azərbaycan naminə

 

Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev: “Görkəmli diplomat, alim, ictimai xadim E.Araslının fəaliyyəti gənc Azərbaycan diplomatları üçün örnəkdir.”

 

 

 

1989-cu ildə SSRİ-nin dağılmasından sonra Moskvada Rusiya-Azərbaycan Dostluğu Cəmiyyətinin qurulmasında yaxından iştirak edir. Köhnə bakılı N.N Baybakov bu quruma sədr, Elmanın həyat yoldaşı Elvira Araslı müavin seçilir. Moskvada yaşayan tanınmış ziyalı, alim, iş adamlarının yaxından dəstəyi ilə yaradılan təşkilat iki suveren dövlət arasında son 70 ildə qurulmuş əlaqələrin davam və inkişaf etməsi üçün faydalı işlər görür.

Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin dəvəti ilə E.Araslı Bakıya gəlir və onunla görüşür. Elçibəy Həmid Araslıya alim, müəllim, insan kimi çox böyük hörməti olduğunu deyir, Elmanla ilk (və son) dəfə görüşsələr də haqqında çox müsbət fikirlər eşitdiyini deyir, onu ərəb ölkələrindən birinə səfir göndərmək niyyətində olduğunu, bu məqsədlə dəvət etdiyini bildirir. Nazir Tofiq Qasımova lazımi tapşırıq veriləcəyini deyir. Bir aylıq gözləmədən sonra nazirlə ilk (və son) dəfə görüşən E. Araslının ixtisasca fizik olan T.Qasımovla söhbəti tutmur, onun rəhbərliyi altında işləmək həvəsi tamam itir. Moskvada vəzifədə işləyən hər kəsi “KQB agenti” kimi görməsinə, inamsızlığına E. Araslı gərəkən cavabı verib çıxır. Düz bir ay nazirin qəbuluna çağırılacağı günü gözləyən E. Araslı boş dayanmır, ürəyinin hökmü, vicdanın səsi ilə müstəqil Azərbaycanın ərəb dünyası ilə münasibətlərinin əsas konturlarını, konsepsiyasını da hazırlayıb Nazirliyə təqdim edir. 1 oktyabr 1992-ci il tarixli həmin konsepsiya bu gün də XİN-nin Arxivində saxlanılır. Geniş həcmli bu yazı bütünlüklə kitabda da verilib, Azərbaycanın ərəb dünyası ilə siyasət, təhlükəsizlik, iqtisadiyyat, ticarət, maliyyə, humanitar-mədəniyyət sahəsində əlaqələr qurmaq üçün əsas istiqamət və müddəaların yer aldığı bu yazı nəzəri, praktik tutumu ilə, dərinliyi və genişliyi ilə səciyyələnir. Tərəddüd etmədən demək olar ki, 21 il əvvəl hazırlanmış konsepsiya dövlətimizin ərəb dünyasına yönəlik müasir dövrdəki siyasəti ilə üst-üstə düşür.

E. Araslı Moskvaya qayıdır, yenə də elmi, mədəni, ictimai işlərdə fəaliyyətini davam etdirir. Elçibəy bir neçə ay sonra Nəcəf Nəcəfov vasitəsi ilə Elmanı bir vaxtlar atasının rəhbərlik etdiyi Akademiyanın Şərqşünaslıq İnstitutuna direktor işləməyə razı salmağı tapşırır, Elmanın cavabı isə konkret olur: “Atam tanınan, qəbul edilən alim, akademik olub, bu gün o institutda direktorluğa layiq xeyli alim var...”-Prezidentin fikri sizi buradan XİN-ə rəhbər işə keçirməkdir, sözlərinə isə:-o zaman Azərbaycan diplomatiyasının “inkubatoru” olan Fizika İnstitutuna direktor təyin etsin...N.Nəcəfov yumorlu eyhamı başa düşür, bununla da məsələyə nöqtə qoyulur.

Azərbaycanın Moskvadakı nümayəndəliyində keçirilən Azərbaycan Milli Assambleyası Rəyasət Heyətində E.Araslının yeni yaranan bu təşkilata rəhbərlik etməsi təklif olunur. E. Araslı çıxışında Azərbaycandakı xaos, siyasi idarəçilikdə baş verən anormal vəziyyətdən nigaran olduğunu bildirir və Assambleya adından təcrübəli dövlət adamı Heydər Əliyevin respublikaya rəhbərlik etmək üçün çoxsaylı təkid, dəvətlərə müsbət cavab verməsi barədə onun ünvanına müraciət göndərməyi təklif edir, ziyalılar tərəfindən razılıqla qarşılanan bu təşəbbüs və bəyanatın mətni bəyənilib müdafiə edilsə də, Moskvalı cəbhəçilərin səyi ilə qəbul edilmir.

E.Araslı hələ SSRİ-nin İraq, Yəmən səfirliklərində çalışarkən, Moskvada Sovet Dostluq Cəmiyyətində Yaxın və Orta Şərq ölkələri üzrə kurator olarkən gözləri, nəzər-diqqəti daim Azərbaycanın üstündə olmuş, dəfələrlə mədəniyyət xadimlərimizin səfərlərini təşkil etmiş, sərgilərini açmış, incəsənət ustalarımızın bu ölkələrdə uzun müddətə gəlib çalışmalarına imkan yaratmış, vətənimizə dair kitablar nəşr etdirmiş, sənədli telefilmlər, radioverilişləri hazırlamışdır.

 

Ulu öndərin etimadını layiqincə doğrultdu

 

AXC hakimiyyətinin iflasa uğraması E.Araslının vətənə qayıdışına da yol açır, Prezident Heydər Əliyev onu Azərbaycanın Səudiyyə Ərəbistanında Fövqəladə və Səlahiyyətli səfiri, ardınca həm də İslam Konfransı Təşkilatında Daimi Nümayəndəsi təyin edir, tövsiyələrini verir: “Mən Sizi çox mühüm bir ölkəyə göndərirəm. Mən Səudiyyə Ərəbistan ilə əlaqələrin qurulmasına böyük əhəmiyyət verirəm. Əzmkar, təşəbbüskar olun, yalnız irəli baxın, mən sizə hər cür səlahiyyət verirəm, cəsarətli olun”. Heydər Əliyev onu qəbul edərkən dediyi sözlər hər zaman yaddaşında qalır. İslam dünyasının ən nüfuzlu ölkəsində fəaliyyətə başlamasının 3-cü ayında 11 iyul 1994-cü ildə dövlət başçısı Heydər Əliyevin Səudiyyə Ərəbistanına yüksək səviyyəli rəsmi səfərini təşkil edir, Kral Azərbaycan rəhbərini ən yüksək səviyyədə qarşılayır, Məkkədə Kəbə evini də ziyarət edir, ümummilli liderin Məkkə ziyarəti dünyada geniş əks-səda görür. Sənədlərin imzalanmasından sonra mətbuat konfransında ulu öndər E.Araslıya üzünü tutub deyir: “-Azərbaycanın səfiri Elman Araslı 3-cü aydır ki, burdadır, xahiş edirəm ayağa qalxın ki sizi görsünlər...Mən fəxr edirəm ki, keçmiş SSRİ-nin müsəlman respublikalarından birinci biz Səudiyyə Ərəbistanında səfirlik açıb rəsmi səfərə gəlib mühüm sənədlər imzalamışıq...”. Bu ölkə ilə yanaşı, həm də Azərbaycanın Qətər, Bəhreyn, Omandakı səfiri, İslam Konfransı Təşkilatında səlahiyyətli nümayəndə kimi E.Araslının on iki illik geniş miqyaslı fəaliyyəti, çoxsaylı tədbirlərdə iştirakı, məntiqli çıxışları, peşəkarlığı, ərəb dilinin incəliklərini kamil bilməsi yenicə müstəqilliyini əldə etmiş dövlətimizə də hörmət gətirmiş, xeyirli, uğurlu olmuşdur.

Kral E.Araslını ölkəsinin ən ali mükafatı-“Kral Əbdül Əziz” ordeninin 1-ci dərəcəsi ilə təltif edir. Bu orden xarici vətəndaşlara, o cümlədən səfirlərə verilməsi çox nadir hadisələrdəndir. 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Elman Araslı İordaniyaya səfir təyinatı alandan sonra bu dövlət Azərbaycana ən yaxın dost və tərəfdaş ölkələrdən birinə çevrilir, dəfələrlə yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlər təşkil edilir, beynəlxalq qurumlarda haqq işimizi müdafiə edirlər, dövlət rəhbərləri arasında mehriban münasibətlər yaranır. Eləcə də İraqda akkreditə olan səfir kimi bu ölkə ilə də münasibətlərin, əlaqələrin genişlənməsinə çalışır. 13 iyul 2012-ci il təqaüdə çıxana qədər bu ölkələrdə Azərbaycanı təmsil edir, İordaniyada da xoş iz qoyaraq doğma vətənimizə haqq etdiyi qanuni istirahətinə dönür.

 

Yaxın Şərqin ensiklopediyası

 

3 dövlətin-SSRİ-nin, Rusiyanın və Azərbaycanın Yaxın və Orta Şərq ölkələrində diplomatı olmuş E.Araslının “Yarım əsr Yaxın Şərqdə” kitabında ömrün Suriya, Livan, Misir, İraq, İordaniya, Yəmən, Qətər, Bəhreyn, Oman, Səudiyyə Ərəbistanı və digər ölkələrdə keçən anları səmimi duyğularla, təvazökarlıqla qələmə alınıb, çətinliklər, problemlər, onların həlli üçün sərf olunan enerji, bilik və bacarıqlar konkret hadisələrdə görünür. İslam Konfransı Təşkilatındakı (sonra isə İslam Əməkdaşlıq Təşkilatı-İƏT) fəaliyyətin ölkəmiz üçün nə qədər uğurlu olduğu göz önünə gəlir. Bu mötəbər təşkilatın Ermənistanın Azərbaycana təcavüzünü ilk dəfə bütün aydınlığı ilə dünyaya bəyan edən 24 bəndlik qərarı kitabda verilib. Elman müəllim belə bir mötəbər təşkilatda qəbul edilən qərarı kitabında Azərbaycanın dövlət başçısının müdrik siyasətinin, şəxsi nüfuzunun, ölkə rəhbərləri ilə isti münasibətlərinin nəticəsi kimi dəyərləndirir. Ancaq etiraf edilməlidir ki, bu qərarın hazırlanması, qəbul edilməsində E.Araslının xidməti az olmamışdır. 13 fəsildən, ön və son sözdən ibarət kitabı bütünlüklə Yaxın və Orta Şərq ölkələrinin tarixinin ensiklopediyası saymaq da olar. Burada xatırlanan, müəllifin şəxsən şahidi, iştirakçısı olduğu hadisələr Yaxın Şərqi öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Hər bir ölkənin tarixi, coğrafiyası, dövlət idarəetmə forması, diplomatiyasının üzdə olan və görünməyən cəhətləri, ölkə idarə edicilərinin xarakterik xüsusiyyətləri və bunların siyasətə təsiri, ayrı-ayrı ölkələrlə, o cümlədən Azərbaycanla münasibətlərinin spesifik cəhətləri kitabda ətraflı, yerli-yataqlı, gen-bol informasiya ilə təqdim olunur, oxucuda dolğun təəssürat yaradır. Bu mənada müəllifin şəxsi həyatı, ömrü də zəngin bilik, informasiya mənbəyi kimi oxucu önündə canlanır. Kitabda ərəb ölkələrinin liderləri, tanınmış siyasət, dövlət adamları ilə E.Araslının birgə fotoları, müxtəlif regional, dünya miqyaslı tədbirlərdə çıxışlarından yadigar şəkillər, çoxsaylı xatirələr, əhvalatlar də mənalı fəaliyyətin sübutları kimi diqqəti cəlb edir.

“Erməni faktoru”, “Ərəb baharı” bölmələrindəki faktoloji materiallar bu gün regionda baş verən hadisələrin mahiyyətini daha yaxşı anlamaq üçün əvəzsiz mənbədir.
Kitabda regional problemlərin təhlili, o cümlədən hazırkı mərhələdə Ərəb-İsrail münaqişəsi, İraq və Livan böhranları, ərəb dövlətlərinin bir-biri ilə münasibətlərinin müxtəlif aspektləri, İran və Türkiyə ilə əlaqələrə dair diplomatın rəyi və təhlilləri maraq doğurur. Qeyd edək ki, E.Araslının ərəb ölkələrinin tarixi, iqtisadiyyatı və ədəbiyyatına dair rus və ərəb dillərində çoxsaylı elmi məqalə və monoqrafiyaları ərəbşünaslar üçün qiymətli məxəz olaraq elmi dəyərini heç zaman itirmir. Onun səfir işlədiyi ərəb ölkələrində baş verən hadisələr, siyasi proseslərin təhlilinə dair şərhləri, proqnozları (E.Araslının dünya gündəmində olan Suriyaya dair “Zerkalo” qəzetinin 25, 28 iyun nömrələrində gedən yazısı da bu qəbildəndir) da dərin məntiqi, real faktlara söykənməsi ilə oxucunu inandırır, düşündürür.

 Diplomat Xanımı

 

                       2008-2012-ci illərdə xatirələr üslubunda qələmə alınan bu kitabda müəlliflə bərabər onun ailəsi, xanımı da görünür. Vətəndən, doğma və əzizlərdən uzaq ölkələrdə diplomata güc-qüvvət verən onun ailəsidir. Elman müəllimin xanımı haqqında da söz deməyə dəyər. Elvira xanımın atası SSRİ EA-nın ilk azərbaycanlı müxbir üzvü, SSRİ Baş Geologiya İdarəsinin rəisi-SSRİ-nin baş geoloqu, Kremlin müşaviri olmuş görkəmli təşkilatçı və tədqiqatçı alim Əli Əmiraslanovdur. SSRİ, Rusiya və Azərbaycan yazıçılar ittifaqlarının, Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, ərəb, ingilis, fransız, italyan, rus, alman, ispan, çex, Azərbaycan dillərində çapdan çıxmış povest, hekayə, publisistik məqalələrdən ibarət kitabların müəllifidir, 10-dan çox ölkədə əl işlərinin sərgisi açılıb. Onun «İnsan və onun yaşadığı zaman» (atam haqqında xatirələr)», «Səudiyyə Ərəbistanı diplomatın həyat yoldaşının gözləri ilə» və digər kitabları, povest, hekayə, publisistik məqalələri, sənədli filmləri ərəb, ingilis, fransız, italyan, rus, alman, ispan, çex, Azərbaycan dillərində yayılaraq populyarlıq qazanıb. Əsərləri əsasında Azərbaycan, Rusiya və Səudiyyə Ərəbistanı krallığında televiziya filmləri çəkilib. Yaxın və Orta Şərq bölgələrinin demək olar ki, bütün dövlətlərində olub, mədəni əlaqələrin qurulmasında, milli dəyərlərimizin təbliğində əmək sərf edib. Bu cütlük yaşadıqları ölkələrdə dövlət nümayəndələri ilə yanaşı, adi vətəndaşlarla da ünsiyyət qurmaqda mahir olmuş, azərbaycanlı adını layiqincə daşımışlar.

          Elman müəllim kitabında əldə edilən uğurlarda onunla birlikdə çalışmış əməkdaşlarının əməyini yüksək dəyərləndirir, cəmi iki səhifəlik “Postskriptum” başlıqlı hissədə yarım əsrdən artıq ona ən yaxın köməkçi, arxa, dayaq olmuş Elvira xanım haqqında xəsisliklə, ancaq səmimiyyətlə söz açır, bir epizodu xatırladır. Səudiyyə Ərəbistanı Krallığının Xarici işlər üzrə Dövlət naziri Hazar Madani E.Araslı ilə vida mərasimində deyir:-On iki il ərzində Azərbaycanın Krallıqda iki səfiri olub. Bunun biri Siz, digəri isə Sizin xanımınızdır, O da ölkənizin layiqli təmsilçisi olmuşdur.”

Uzun illər övladlarından, nəvələrindən uzaqda, ömür-gün yoldaşının yanında olan Elvira Araslı vəfalı və fədakar səfir xanımı nümunəsidir.               

O, səfirlikdəki xanım əməkdaşlar, eləcə də digər səfirliklərdə çalışan xanımlar arasında xüsusi hörmət, məhəbbət qazanmışdı, Elvira xanımın yaratdığı “Azərbaycan” qrupu milli kulinariyamızı, geyimlərimizi, musiqimizi, xalq adət-ənənələrimizi təbliğ edir, tanıdır, sevdirirdi. Həftənin ikinci günlərini hamı həvəslə gözləyirdi ki, Elvira xanım bu dəfə onların xoş istirahəti üçün nə düşünəcək, bilirdilər ki, hər dəfə də bir-birindən maraqlı ekskursiyalar, tamaşalar, pikniklər, yarışlar onları gözləyir. Doğmalarından, vətəndən uzaqda yaşayanlar, vərdiş etmədikləri iqlimdə, mühitdə uzun müddət yaşayıb işləyənlər üçün belə bir təşəbbüskar, lider xanımın öncüllüyü çox yerində idi. Kitab bu kateqoriyadan olan insanların həyatı haqqında əyani təsəvvür yaratmaq baxımından yenidir, mənalıdır.

Bu mehriban cütlüyün övladları Cəmilə Almaniyada yaşayır, bir oğlan və bir qızı var, Cahangir Araslı Müdafiə nazirinin beynəlxalq məsələlər üzrə məsləhətçisidir, bir sıra beynəlxalq layihələr üzrə işçi qrupun üzvüdür. Onun Ermənistan-Azərbaycan konfliktinin hərbi aspektləri barədə hələ 1995-ci ildə nəşr edilmiş tədqiqatı yüksək dəyərləndirilmişdir, geniş diskussiyaya, müzakirələrə yol açmışdır. Yüksək intellekt sahibi C.Araslının qlobal, regional siyasət sahəsində proqnozları həmişə diqqətlə qarşılanır, maraqla dinlənilir.

Heç şübhə yoxdur ki, kitabın rus dilində nəşrini arayıb tapıb bilməyən çoxsaylı oxucular yaxın vaxtlarda “Yarım əsr Yaxın Şərqdə” kitabının Azərbaycan dilində tərcüməsini oxumaq imkanı qazanacaqdır.

Ömrünün müdriklik çağını yaşayan sadə insan, nəcib ailə başçısı, ziyalı, diplomat, ləyaqətli vətəndaş Elman Araslını 80 yaşının tamam olması münasibəti ilə təbrik edir, şərəflə yaşanmış həyatının qədir-qiymətini bilənlər adından bundan sonrakı ömründə də ona sağlamlıq, oxucularla yeni-yeni mənalı görüşlər arzulayıram.

 

Hacı Nərimanoğlu,

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri

 

"Xalq qəzeti", 18.07.2013