SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Qardaş Türkiyənin fəal dəstəyi ilə Azərbaycan ordusunun 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində qazandığı qələbənin kulminasiya nöqtəsi, zirvəsi noyabrın 8-də Şuşanın alınması oldu. O gün Qafqaz İslam Ordusunun Komandanı Nuru paşanın da, Bakının və Şuşa qarnizonunun ilk rəisi, 1-ci komendantı albay Cəmil Cahid bəyin də, 4000 türk şəhid əsgər və zabitinin də, minlərlə qazinin də ruhlarının şad olan gündür. İnanırıq ki, tarixdə misli-bərabəri olmayan Azərbaycan - Türkiyə qardaşlıq, birlik, bərabərliyinin daha bir nəticəsini 2021-ci ildə görəcəyik: Bakıda Nuru paşanın, Şuşada albay Cəmil Cahidin adları layiq olduqları, xalqımız qarşısında xidmətlərinə layiq şəkildə əbədiləşəcəkdir. 1918-ci ilin 15 sentyabrında Bakını azad edən Nuru paşa komandanlığında Qafqaz İslam Ordusunun ilk tədbirlərindən biri Qarabağ və Zəngəzura təcili kömək göndərmək oldu. Nuru paşa Qarabağ bölgəsində misli görünməmiş bir qətliam hazırlığına başlayan erməniləri dayandırmaq üçün hərəkətə keçdi. Qarabağ hərəkatı üçün 1-ci Azərbaycan diviziyası yaradıldı. Komandanlığına da Bakı Qarnizon Komandanı albay (polkovnik) Cəmil Cahid bəy gətirildi.

Bu diviziyanın əsas gücünü 5-ci Qafqaz piyada diviziyasının sərəncamında olan 106-cı piyada alayı ilə 9-cu Qafqaz alayı təşkil edirdi. Azərbaycanlılardan qurulan və cəmi 1.200 nəfərlik 1-ci və 2-ci Azərbaycan alayları ilə sayı 250 olan Azərbaycan süvari alayı da qurulan yeni diviziyanın hərbi qüvvələrinin tərkibindəydi. Atəş gücünü artırmaq üçün bir dağ topçu batalyonu ilə üç zirehli maşın, diviziyanın sərəncamına verildi. Bakı yaxınlığında qəhrəmancasına döyüşən türk əsgəri birlikləri, vaxt itirmədən yola düşdü və qatarla əvvəlcə Yevlaxa gəldi, oradan isə qərargahın qurulacağı yer olan Ağdamda toplaşmağa başladı. Cəmil Cahid bəyin qarşısında Şuşa və Gorusun ələ keçirilməsi ilə dağlıq Qarabağda asayişin təmin edilməsi vəzifəsi dururdu. Beləliklə, Baş Komandanlıq Qərargah rəhbərliyinin Azərbaycan ilə Osmanlı torpaqları arasında ortaq bir sərhəd olması ilə əlaqədar planı həyata keçmiş olacaqdı. Sentyabrın 23-də Ağdama çatan həmin bölük, oktyabrın 7-də Sultan bəy Sultanovun təşkil etdiyi qüvvələrlə Zəngəzur qəzasının mərkəzi Gorus istiqamətində hücuma başladı,  Şuşanı itkisiz ələ keçirdi,  özünü “Zəngəzuru qubernatoru” elan edən Andranik Ozanyanın əsas qüvvələri Gorusun cənubuna qovuldu.

Şuşanın mühasirədən xilas olan müsəlmanları Türk ordusunu hərarətlə qarşıladı. Cəmil Cahid bəy şəhər rəisi erməni Kavalanı erməni məhəlləsinə göndərərək, itaət edəcəkləri halda can və mallarının təminat altında olacağı, əks halda isə müharibə qanunlarına uyğun olaraq cəzalandırılacaqlarını bildirdi. Az sonra erməni başbilənləri Cəmil Cahid bəyin yanına gələrək, xalqın böyük hörmətlə Türk ordusuna bağlılığını və əmrlərə itaət edəcəklərini bildirdilər. Bundan sonra Komandan ermənilərin kilsəyə yığışmalarını tələb etdi. Cəmil Cahid bəy buradakı nitqində, ermənilərin indiyə qədər türklərə çox pisliklər etdiklərini, bununla bərabər Türk dövlətinin onlara tam bir vətəndaşlıq hüququ verməsinə baxmayaraq onların nankorluq etməsindən söz açdı. Bu səbəbdən ermənilər cəzalandırılmalı olduqları halda, Türkün ulu vicdanının bir daha onları əfv etdiyini bildirdi. Albay Cəmil Cahid bəy ermənilərə silahı dərhal təhvil verməyi tələb etdi. Türk ordusunun rəsmi keçid mərasimi keçirəcəyini bildirən Cəmil Cahid bəy, ermənilərin də bu mərasimdə iştirakını və beləliklə də, yerli müsəlman türklərlə barışmalarını istədiyini qeyd etdi. Dediyini də elədi və bundan sonra şəhərin erməni və türk məhəllələri arasındakı səngərlər yığışdırıldı, əsas erməni    məhəllələrinə Türk əsgərləri yerləşdirilərək asayiş təmin edildi, erməniləri müsəlmanlara qarşı   terroru dayandırıldı, davakar liderlərin bir çoxu aradan götürüldü. Başqa yol da arandı;   Qafqazdakı ingilis, fransız missiyasının Cümhuriyyət Hökumətinə qarşı təzyiqlərini azaltmaq,  Naxçıvan və Zəngəzurun işğal planlarından çəkindirmək üçün Osmanlı ordusunun Qəmərlidəki taxıl anbarlarından aclıq çəkən ermənilərə 12 ton buğda da paylanıldı.

Qafqaz İslam Ordusunun ən qorxmaz komandanlarından biri olan Cəmil Cahid bəyin adı Şuşaya qədər də dillər əzbəri idi. Onun rəhbərliyi ilə iyunun 7-də Qazax, iyunun 11-12-ə Gəncədə ermənilər tərksilah edilmişdi. Səməd bəy Rəfibəyov Gəncə döyüşləri haqqında xatirələrində yazır: "Döyüş axşama qədər davam etdi. Cəmil Cahid bəy hər an bizimlə idi. Ən ağır döyüşlərdə öndə gedərdi. Axşam saat 11-də bir keşiş, bir erməni zabiti və bir komissar əllərində ağ bayraq Cəmil Cahid bəyin qərargahına gəldilər. Danışıqlardan sonra onlar tərksilah olmağa razılıq versələr də, vədlərinə əməl etmədilər. Bundan əsəbiləşən Cəmil Cahid bəy avqustun 12-də səhər tezdən hücuma keçmək əmrini verdi”.   

Balkan, daha sonra isə Birinci Dünya Müharibəsində, Bakının alınmasında, qayda-qanunun təmin olunmasında misilsiz şəxsi igidlikləri, qətiyyəti ilə ad-san qazanmış albay Cəmil Cahid bəy Nuru paşanın da sevimlisi, ən etibarlı komandirlərindən idi və Nuru paşanın əmri ilə sentyabrın 15-də Bakı azad olunan kimi şəhər  komendantı təyin edilmişdi. Onun Bakı əhalisinə müraciəti, gördüyü sərt tədbirlər qısa zamanda nəticə verdi, ipə-sapa yatmayan qoçulardan tutmuş, talançı, oğru, sabotajçılara qarşı sərt tədbirlərin hamısının arxasında onun adı dururdu, hər kəsi lərzəyə salırdı, uzun illər xaos, anarxiya, çoxhakimiyyətlilik  içində intizamsız içində boğulan çoxmillətli, çoxminlik Bakıya məhz belə qətiyyətli, qorxubilməz komendant lazım idi. Onun küçə, məhlə, bazar, hər gediş-gəlişli yerə yazılıb yayılan əmrinin məzmunu belə idi: Osmanlı ordusuna pənah gətirən bütün əhalinin cins və məzhəbə ayırmadan canı, malı, ərz və halı əmniyyət altındadır.Hər kəs dükanları açıb iş və gücü ilə məşğul olacaqdır.Talançı, mülk yandıran, adam öldürən günahkarlar dərhal qətl ediləcəkdir. Heç bir kəs, heç bir bəhanə ilə axşam saat 7-dən sabah saat 7-yə qədər evdən çıxmayacaqdır.Tüfəng, silah götürmək, fişəng atmaq qəti qadağandır.  Bakı komandanı, miralay Cəmil Cahid.   

Şuşalıların onu necə çox böyük ehtiram və hörmətlə qarşılaması, erməni əhalinin Cəmil Cahid adı qarşısında xofu, bu qəhrəman türk zabitinin portreti, şəxsi mənəvi xüsusiyyətləri o zaman Şuşada yaşayan Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımın "Xatirələrim”də yaddaqalan cizgilərlə əks olunub: “ Şuşada ermənilərlə müsəlmanların münasibətləri tarıma çəkilmiş vəziyyətdə idi. Söz-söhbət gəzirdi ki, türklər gəlirlər. Türklər Şuşa yolunu açmaq üçün gəlirlər. Hər kəs türklərin gəlişini gözləyir və Şuşada böyük pişvaz tədbirləri görülürdü. Şəhərin bəzədilmiş, qala qapıların girəcəyində bir neçə zəfər tağı asılmışdı. Bu zəfər tağlarının birini Şuşa qadınları adından mən ucaltmışdım. Ağ kəlağayı üzərində tikmə naxışla hilal və ulduz salmış və türkcə belə bir şüar yazmışdıq: "Gün gələcək, həqiqət günəşi doğacaq, əsarətdə qalan Ana-Şərq istiqlal qazanacaq!...Şəhərə birinci olaraq Cəmil Cahid paşa avtomobilində daxil oldu. Paşa ilk olaraq məscidi ziyarət etdi. Sonra Xan bulağına qalxdı. Bu vaxt şəhərin erməni səmtindəki hakimiyyət nümayəndələri çoxlu sayda bayraq və nişanlarla əhatə olunmuş avtomobillə müsəlman səmtinə daxil olaraq öz itaətlərini bəyan etdilər. Sonra uzun-uzadı nitqlər söylədilər, sülhdən, dostluqdan, qonşuluqdan, danışdılar və getdilər.”

Həmidə xanım erməni başbilənlərin Cəmil Cahid bəyin şərəfinə ziyafət təşkil etməyini də, onu ələ almaq cəhdlərinin alınmadığını da yazır: “Bu ziyafətə müsəlman ziyalıları da dəvət olunmuşdu. Biz də orada idik. Ziyafət çox canlı keçdi. Paşanın ətrafında gözəl bir erməni qadını dolaşırdı”. Ermənilərin məkrli niyətlərini anlayan Cəmil bəy Mirzə Cəlilin və Həmidə xanımın təklifi ilə gecə onların qonağı olur. "Cəmil Cahid paşa dəvətimizlə bizə qonaq gəldi. Paşanın əhvalından görünürdü ki, Mirzə Cəlillə tanışlıqdan çox məmnundur. Onlar uzun-uzadı söhbət etdilər”. Həmidə xanım Cəmil bəyin tezliklə nəinki Şuşada, bütün Qarabağda əmin-amanlıq yaratdığını, Şuşadakı ermənilərin türk ordusuna tabe olduğunu yazır, ermənilərdən: "türk ordusunun bütün əmrlərinə tabeyik” vədini aldığını yazır.

Birinci dünya savaşının qalib dövlətlərinin Osmanlıya imzalatdığı Mudros sazişindən sonra Cəmil Cahid bəyin həyatında yeni dönəm başlayır. İstiqlal mücadiləsinin baş qəhrəmanlarından olur, jandarm qüvvələri komandanı, ordu generalı rütbəsində 1-ci Ordunun komandanı olur, CHP-dən millət vəkili, 1946-47-ci illərdə Türkiyənin milli müdafiə naziri olur. Cəmil Cahid bəy 1956-cı ilin 15 iyulunda vəfat edib.

Qardaş Türkiyənin fəal dəstəyi ilə Azərbaycan ordusunun 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində qazandığı qələbənin kulminasiya nöqtəsi, zirvəsi noyabrın 8-də Şuşanın alınması oldu. O gün Qafqaz İslam Ordusunun Komandanı Nuru paşanın da, Bakının və Şuşa qarnizonunun ilk rəisi, 1-ci komendantı albay Cəmil Cahid bəyin də, 4000 türk şəhid əsgər və zabitinin də, minlərlə qazinin də ruhlarının şad olan gündür.

İnanırıq ki, tarixdə misli-bərabəri olmayan Azərbaycan - Türkiyə qardaşlıq, birlik, bərabərliyinin daha bir nəticəsini 2021-ci ildə görəcəyik: Bakıda Nuru paşanın, Şuşada albay Cəmil Cahidin adları layiq olduqları, xalqımız qarşısında xidmətlərinə layiq şəkildə əbədiləşəcəkdir.

 Hacı NƏRİMANOĞLU