SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

https://avropa.info/post/357922, 17:10 - 22 Oktyabr 2020-ci il, oxunma sayı: 2454

Qubadlı rayon mərkəzindəki bu binanın bəri başdan 1-ci giriş, 3-cü mərtəbədəki mənzil mənim, o birilər Mehman, Allahverdi, Fehruz, Qabilindir, inşəallah, tezliklə hamımız qayıdacağıq. Balkonlardan asılan yorğan-döşəklərdən göründüyü kimi, xeyli erməni ailəsi də yaşayıb, təbii ki, artıq indi qaçıb gedirlər. Xarabalığa çevrilən yerdə Ticarət mərkəzi, arxasında uşaq bağçası var idi və orada 2-ci tabor yerləşirdi. Dağılanları yenidən tikərik.

Erməni, gedəndə bu binanı dağıtmadınsa, içi təpili qoyub gəldiyim mənzilimdə nə varsa, haramxoşun olsun, onsuz da murdarlanıb, heç nəyə əlimi vuran deyiləm, götür apar, 28 ildi qarovulun çəkmisən yolumuzu gözləyərək, səksənə-səksənə.

Ancaq...əgər qalıbsa, istəyərdim kitablarım qalsın. Mənzildə sovetin vaxtında aldığım o finski stenka mebelin bütün gözlərinə kitablarımı yığmışdım, xanımın cer-cehizi açılmamış bağlamalarda alt gözdə qaldı. İstitutu yalnız “əla” qiymətlə oxuyurdum, həm də təqaüdə görə, hər ay təzələrinə çox gücüm çatmasa da, “Bukinist”dən azı 5-10 kitab almağın xatirinə. Rayonda ən böyük şəxsi kitabxanalardan biri Saray kəndindəki evimizdə idi, bir otağımız ancaq kitabxana idi. Qardaşım Dostəli də, mən də bütün çoxcildliklərə abunəydik, dil-ədəbiyyat müəllimi idik, çörəyimiz qələmdən çıxırdı.

Söz kitabdan düşmüşkən... Sovetin dağılan vaxtıydı. Gördüm raykomun zavxozu Nuruş kişinin oğlu Vidadi partkabinetin zalından kitabları daşıyıb zibilxanada yandırmağa aparır. İçində də xeyli erməni kitabı, bizdə elə nəfisləri çox az olurdu, mehriban qonşuluq vaxtlarında tez-tez Qafan, Gorusdan gəlib gedən olurdu, məhsul bayramı, bayraq-filan, bu namərdlər həmişə hədiyyə yerinə kitab verirdilər, biri-birindən gözəl rəssamlıq əsərləri, tarixi yerlərin albomları, içi saxta tarixlə dolu nəfis kitablar. Heyfim gəldi, yığıb gətirdim evə, balkonda ağzı bağlı qaldı.

Erməni, bir də foto albomlarımı aparma, sənin nəyinə lazımdı mənim şəkillərim, uşaqlıq, tələbəlik albomlarım ayrıca idi, ancaq institutdan sonra Kosmodrom Baykonurda hərbi xidmətimin yadigarı o albomumun xüsusi yeri var içimdə, kosmonavtlarla, generallarla birgə fotolarım var idi orda, son səhifəsində albomu düzəldən Naxçıvan ermənisi Onik Dovlatyan adın həkk eləmişdi. Rəngli televizorun (rayona 3-ü gəlmişdi, 1-i mənə çatdı) üstündəki dəmirdən yonulmuş Kosmik raketi də o düzəltmişdi, alçaq elə düzəltmişdi ki elə bilirdin startdadı, bu saniyə göyə uçacaq, altda alovu, içində kosmonavt əksi, sizinkilər ustalığı, belə şeyləri yaxşı bacarır axı. Və o Onikin əlinə belə şeylərdən kalan pul gəlirdi, “xozvod”un donuz fermasında dəzgah qurmuşdu, hətta, özünə fəhlə soldatlar da tutmuşdu, komandirlərə də görüm-baxım edirdi...

Başqa heç nə, hara ermənisisən bilmirəm, ancaq xaçını da çıxart özünlə apar gedəndə. Son gedişiniz olacaq bu dəfə, artıq biz də dərsimizi aldıq, bir də aldanmarıq.

Hacı Nərimanoğlu