SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

2008-2012-ci illərdə qardaş Türkiyənin ölkəmizdə səfiri olmuş Hulusi Kılıçın adı xalqımıza yaxşı tanışdır, bu ad hər kəsdə xoş duyğular yaradır – eynilə Türkiyə Cümhurbaşqanı R.T.Ərdoğan, Genelkurmay Başkanı Hulusi Akar, Xarici işlər naziri (dünyanın ən enerjili diplomatı) Mövlud Çavuşoğlu kimi.
 
1 yanvar (Ocak) Büyükelçimizin doğum günüdür. Bakıdan gedəndən sonra haqqında dəfələrcə bu epiteti yazdım: “Türkiyənin Azərbaycana gəlib getmiş ən fədakar diplomatı.” O, yeganə Türkiyə səfiri olub ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilib (13 sentyabr 2012-ci il).
 
Yaddaşlarımızı oyadaq; 10 oktyabr 2010-cu ildə İsveçrədə Türkiyə ilə Ermənistan arasında imzalanan protokollar, Türk şəhidliyindən Türkiyə bayraqlarının çıxarılması, Şəhidlikdəki məscidin bağlanması, Türkiyə XİN-nin Azərbaycana nota vermək məcburiyyətində qalması, Bakıda qardaş ölkəyə qarşı kənardan idarə edilən, indi 5-ci kalon deyilən, başı Kreml saatı ilə işləyənlərin – dünən Türk mehmetciklerinin Qarabağa gəlişi ilə gözləri tökülən sapı özümüzdən olan baltacıqların “bütün cəbhəboyu hücumlar”ı, qonşu dövlətlərin Azərbaycanı Türkiyədən ayırmaq, Moskvanın toruna salmaq üçün göstərdiyi həyasız cəhdlər, sərhədlərimizə təcavüzü... İki qardaş ölkə arasında çətin imtahan dövrü idi.
 
Sayın (say-seçmə, sayılıb seçilən deməkdir) Hulusi Kılıçın həmin çətin dövrdəki səbirli, təmkinli, ölçülü-biçili, müdrik davranışı, mahir diplomat mövqeyi o vaxtlar bir çox məkrli planların puça çıxmasında mühüm rol oynadı. 10 il sonrakı bir müsahibəsində o günləri xatırlayaraq deyir: “Biz böyük bir ailəyik. Ailədə problemlər ola bilər. Biz bu problemləri özümüz həll etməliyik. Bu, bir sınaq idi. Sınaqdan müvəffəqiyyətlə keçdik. Mən bir kitab yazıram. İnşallah, qarşıdakı illərdə onu oxuyarsınız. Adı “Çekişerek pekiştik”, yəni “Çəkişərək bərkidik”. O illəri gənc nəsillər də bilsinlər deyə yazıram. “Məni öldürməyən problem məni gücləndirir” məsəli var. Xarici düşmənlərə izin vermədim, Rəbbimə şükürlər olsun, öz millətimin əleyhinə çalışmadım. O günlərin ayrıntılarına girsək, proqram saatlarla sürər.”
 
2011-ci ildə çıxan Türkiyə Cümhuriyyətinin Baş naziri, AK Parti Başqanı R.T.Ərdoğan haqqında kitabımda Büyükelçi Hulusi Kılıçın həmin günlərdəki əhvali-ruhiyyəni olduqca gözəl əks etdirən, kədərli intonasya ilə dediyi bu sözləri-sitatı olduğu kimi heç bir şərh vermədən kopyalayıb kitabda vermişdim:
 
“Nə olar, artıq buna inanın! Dəfələrlə söylədik ki, o torpaqlar bizim ata torpaqlarımızdır. Biz bir bütövük, soydaşıq. Aramıza nifaq salmaq istəyənlərə, bizi ayırmaq istəyənlərə fürsət verməyin! Türkiyəyə güvənin! Türk xalqı hər zaman Azərbaycanın yanındadır. Azərbaycan istəmədən sərhədlər də açılmaz. Biz o torpaqlar üçün sərhədləri bağladıq. O torpaqlar azad edilmədən də açmayacağıq. Bunu bütün dünya bilir. Türkiyə protokolları imzalamaqla lazım olan addımı atıb. İndi növbə qarşı tərəfindir. Bütün Qafqazda sülh istəyirik. İstəyirik ki, bircə qapalı qapı qalmasın, hər kəs burdakı inkişafdan payını alsın!...Türkiyə prezidentinin, baş nazirinin və xarici işlər nazirinin “Azərbaycan torpaqları işğaldan azad edilməyincə Türkiyə Ermənistanla sərhədləri açmayacaq” bəyanatlarına inanın, biz bunu 50 dəfə demişik. Bura bizim ata yurdumuzdur. Türkiyəyə güvənin. Türkiyə xalqı hər zaman Azərbaycan xalqının yanındadır.” Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Bakıda abidəsinin ucaldılmasına, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın iştirakı ilə açılışına nail oldu (17 may 2010). Türkiyə-Azərbaycan qardaşlıq tarixinin iki ən şərəfli səhifəsinin 1-cisi 1918-ci il 15 sentyabrıdır - Nuru paşa komandanlığında Osmalı-türk əsgərinin Bakını və bütün Azərbaycanı erməni-ingilis-rus işğalından azad etməsi, 2-ci də 44 gün davam edən Vətən müharibəsi. Səfir Hulusi Kılıçın Bakıda Nuru paşanın xatirəsini əbədiləşdirmək səyləri sonda (28 iyun 2012) elə Büyükelçilikdə Nuru paşa büstünün qoyulması, Nuru paşa salonunun açılışı ilə yekunlaşmalı oldu (yaxınlarda başqaları da olacaq!).
 
Azərbaycandan sonra Moldovada səfir oldu, Qaqauzlarda Baş konsulluq açmağa, bizdən də əvvəl Moldova ilə Türkiyə arasında kimlik - şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişə nail oldu, çoxlu mədəniyyət mərkəzləri tikdirdi, türksoylu qaqauzlarla Türkiyə arasında etibarlı körpü qurdu, orda da Moldovanın yüksək ordeninə layiq görüldü.
 
H.Kılıç hazırda Türk Dünyası Parlamentlər Birliyinin (TDPB) xarici əlaqələr üzrə baş koordinatorudur. Hər zaman “Jurnalistlər Hulusi Kılıcın dostlarıdır” deyiminin həqiqiliyini qoruyub saxladı. TRT “Türkiyənin səsi” və TRT/ Azerbaycan saytına yaddaqalan, yuxarıda bir abzas gətirdiyim səmimi müsahibəni vermişdi, sadəcə üzündən xoş təbəssümü əskik olmayan bu müdrik insanı, qardaş ölkənin bu peşəkar azman diplomatını daha yaxından tanımaq üçün oradan iki abzası da oxucuların diqqətinə çatdırıram: “Mən kənddə doğulub böyümüşəm. Tokatın Reşadiye Köklü kəndindənəm. Ailədə 5 qız, 5 oğlan idik, tək ana-atadan 10 uşaq. Yəni mən kənddən – xalqın içindən çıxmış, sonralar səfir olmağa qədər getmiş bir adamam. Xalqın içindən gəlmək insana çox şey verir. Mənim etmədiyim iş qalmadı kənddə: mal-qara saxladım, əkin əkib-biçdim, amma Rəbbimə şükürlər olsun, səfir olmağa qədər yüksəldim. Həm də vəzifəmi layiqincə yerinə yetirmiş səfir sayıram. Həm Azərbaycanda, həm də Moldovada dövlət medalları ilə təltif edilmişəm.
 
Uşaqlıqda işlətdiminiz ortaq ifadələr var idi Bakıda. Anam mənə uşaqlıqda “Gəl səni çimdirim” və ya “Get, üzünü, əlini yu” deyərdi. Mən Bakıda doğulduğum kəndin türkcəsi ilə qarşılaşdım, əsil türkcə ilə. Bilirsiniz, İstanbul və Ankarada türkcə daha fərqlidir, amma Anadolu türkcəsini Azərbaycanda yaşayırsınız. Mən hələ də Bakıya getdiyim zaman özümü öz məmləkətimdə, şəhərimdə olan kimi hiss edirəm, çox xoşbəxt oluram. Bizi bir-birimizə yaxınlaşdıran əsil bağ damarlarımızda axan qandır.”
 
https://ataturk.az/2019/06/19/hulusi-kilic-məndən-sorussalar-ki-həyatinin-ən-onəmli-isləri-hansilardir/
 
Sevgi qarşılıqlıdır - can Azərbaycan da sizi cani-könüldən sevir.
 
Doğum gününüz mübarək, təbrik edirik, sayın Büyükelçimiz Hulusi Kılıç, sizİN etdiklərinizi sizdən özgə kimsə edə bilməzdi. Bundan sonra da sizə sağlam, uzun, xeyirli ömür diləyi ilə,
 
Hacı NƏRİMANOĞLU