SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Şuşa şəhərinin əsasını 1752-ci ildə Qarabağ xanı Pənahəli xan Cavanşir (1693-1763) qoyub. Oğlu İbrahimxəlil xan (1732-1806) Şuşa dağının ətəyində yerləşən mənzərəli "Xanbağı"nda ailəsi ilə soyuq payız-qış aylarını keçirmək məqsədilə iqamətgah tikdirib, həmin ərazi də İbrahimxəlil xanın adı ilə el-oba arasında artıq  Xankəndi kimi işlənib. Oğlu Mehdiqulu xan ailəsinin və yaxın qohumlarının qış aylarını keçirdiyi Xankəndini sevimli xanımı Pəricahan bəyimə hədiyyə edir. 

Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsini rəsmiləşdirən 14 may 1805-ci il tarixli Kürəkçay və 12 oktyabr 1813-cü il tarixli Gülüstan müqaviləsindən sonra Xankəndinə rus hərbi süvari korpusu yerləşdirilir, bununla da kəndin əvvəlki sakit, firavan həyatı pozulur. 10 fevral 1828-ci ilin Türkmənçay müqaviləsindən sonra bu əraziyə Qacarlar İranı və Osmanlı Türkiyəsindən xeyli sayda erməni ailəsi köçürülür, bir qismi də Xankəndində lövbər salır, onlar çar ordusunun hərbi hissələrində, dövlət idarələrində işlə təmin edilir. 1822-ci ildə Şuşa qəzası Rus imperiyasının yeni yaratdığı Yelizavetpol quberniyasına daxil olur, Qarabağ xanlığı ləğv edilir, Xankəndində rus polkunun  "ştab"ı yerləşir. Bu ərazilərin tarixi, demoqrafiyası barədə dəqiq bilgilər verən rus etnoqrafı İ.Seqal yazırdı ki, Xankəndində (Selenie "Xan-Kendi") istefaya çıxandan sonra vətənlərinə geri dönmək istəməyən rus əsgərləri də ailəliklə qalıb yaşayırdı. Çar Rusiyasının XIX əsrə aid bütün hərbi və mülki xəritələrində bu yerin adı “Xankəndi” göstərilib, Şuşa da "Şuşi" yox, elə "Şuşa" kimi.

I Dünya müharibəsindən sonra yaranmış vəziyyətdən istifadə edən ermənilər  Rusiyada bolşeviklərin hakimiyyətə gəlişi ilə daha da fəallaşırlar, Osmanlıda gerçəkləşdirə bilmədikləri tamahkar torpaq zəbti, məkrli erməniləşdirmə siyasətini Qafqazda reallaşdırmağa başlayırlar. Bu fəaliyyətin ilkin bəhrəsi bolşevizm siyasətinin köməyi ilə Azərbaycanın İrəvan, Naxçıvan, Zəngəzur bölgələri ərazisində tarixdə ilk dəfə “Sovet Ermənistanı” dövlətinin yaradılması olur. Bitib-tükənməz torpaq tamahı ilə bu ərazilərlə də qane olmayan ermənilər bir müddət sonra – 1920-ci illərdə Azərbaycanın Qarabağ torpaqlarına iddia ilə çıxışlar etməyə, onlara yer-yurd vermiş dinc azərbaycanlıları rus silahlı hərbi birləşmələrinin köməyi ilə doğma torpaqlarından sıxışdırmağa başlayırlar. Azərbaycanlılara qarşı törədilən cinayət tərkibli təxribatlar, kütləvi qətllər 1923-cü ildə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasıyla nəticələnir.

10 avqust 1923-cü ildə Xankəndi şəhərinin adı Azərbaycana rəhbər təyin edilən Sergey Mironoviç Kirovun qərarı ilə dəyişdirilərək erməni bolşeviklərinin əsas ideoloqu, bolşevik Rusiyası tərəfindən Bakıda sovet-kommunist diktaturası yaradaraq 20 mindən çox azərbaycanlının qətlinə şəxsən başçılıq etmiş Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılır.

1988-ci ildən başlayaraq isə xarici ölkələrdə kök salmış erməni diasporu şəbəkəsinin maliyyəsi və millətçi emissarların təşkilatçılığı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana verilməsi tələbini irəli sürən icazəsiz mitinqlər başlayır. Miatsum adlanan bu hərəkatın ilk hədəfi – vilayətin mərkəzi şəhəri olan Xankəndini azərbaycanlı əhalidən təmizləmək, burada, ümumiyyətlə, azərbaycanlı izini yoxa çıxarmaq, park, küçə, məktəb, mədəni-maarif obyektlərinin adlarını erməni­ləş­dirərək məscid və tarixi abidələri dağıtmaq olur. Həmin illər rəsmi Moskva ilə – Sov.İKP.MK-nın Baş katibi Mixail Qorbaçov və xanımı Raisa Qorbaçovayla gizli razılıq əldə etmiş erməni təşkilatçıları bu istiqamətdə ardıcıl terror aktları həyata keçirməyə başlayırlar. Bu terrorun ilk qurbanı Xankəndi Universitetində təhsil alan azərbaycanlı tələbələr olur. Bu gənclər uzun illərlə davam edəcək Qarabağ müharibəsinin ilk qurbanları idi...Həmin illər doğma yurdlarını tərk etmək istəməyən azərbaycanlıların evləri yandırılır, insanlar mənəvi-fiziki işgəncələrə məruz qalır.

1988-ci ilin sentyabrında ermənilər Xankəndində yaşayan bütün etnik azərbaycanlıları silah gücünə şəhərdən qovub çıxarır, Azərbaycan dövlətinin vəsaiti ilə tikilmiş xeyli sayda zavod, fabrik avadanlığını Ermənistana daşıyırlar. Dağlıq Qarabağda yerləşən rus hərbi hissələrinin silah-sursatı, döyüş texnikası qanunsuz erməni hərbi birləşmələrinin, terrorçu qrupların nəzarətinə keçir.

Xankəndində baş verənlər zəncirvari reaksiya ilə bütün Qarabağı bürüyür. Əhalisinin əksər hissəsi azərbaycanlılardan ibarət olan muxtar vilayət bir neçə ay ərzində tamamilə erməniləşdirilir.

27 sentyabr  2020-ci il tarixində başlanan, xalqımızın əbədi şərəf, qürur mənbəyi olacaq 44 günlük müharibə nəticəsində işğalçı erməni silahlı birləşmələri darmadağın edilərək ətraf ərazilər azad edilsə də, Azərbaycan tarixi və mənəviyyatının ayrılmaz parçası olan Xankəndi, Xocalı hələ də rus-erməni əsarətində qalmaqda davam edir.

Hacı NƏRİMANOĞLU