SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Qərbi Azərbaycanda və Zəngəzur qəzasında Azərbaycan məktəbləri<b style="color:red"></b>

Qarakilsə rayonunun Ərəfsə kəndində 1932-ci ildə, Qafan rayonunun Oxdar kəndində 1933-cü ildə, Gığır və Baharlıda 1934-cü ildə, Gorus rayonunun Şurnuxu kəndində 1933-cü ildə, Mehri rayonunun Nüvədi kəndində 1935-ci ildə ibtidai məktəblər yeddiillik məktəblərə çevrildi. Zəngəzurda ibtidai məktəblərin sayı 34, yeddiillik məktəblərin sayı 11 oldu. Xeyli geriləmə olsa da, xalqın tələbi ilə 1936-37-ci tədris ilində Zəngəzur qəzasının Şəhərcik, Gığı, Vağüdü və Aldərə kəndlərində yeddiillik məktəblər orta məktəbə çevrildi.

İrəvan şəhəri istisna olmaqla 1936-cı ildə Qərbi Azərbaycandakı Azərbaycan məktəblərində bir nəfər də alitəhsilli müəllim yox idi. Həmin il Qərbi Azərbaycanda 541 müəllim çalışırdı ki, onlardan yalnız 5 nəfərin ali təhsili var idi. Onlar da İrəvan şəhərindəki məktəblərdə dərs deyirdilər. Zəngəzurddakı 110 müəllimin bir nəfəri də alitəhsilli deyildi.

Ermənistan hökuməti bilərəkdən Azərbaycan məktəblərini pedaqoji kadrlarla təmin etmək üçün heç bir tədbir görmürdü.

1935-ci ildə xalqın təkidi ilə Leninakan ikiillik Qiyabi Pedaqoji Müəllimlər İnstitutu təşkil edildi və 1937-ci ildə isə Yerevan Pedaqoji İnstitutunda Azərbaycan bölməsinin açılmasına razılıq verildi. Bu şöbənin açılması azərbaycanlılar təhsil alan məktəblərin ixtisaslı müəllim kadrları ilə təmin olunmasında böyük rol oynadı.

SSRİ Ali Sovetinin 1946-cı il mart sessiyasının qərarı ilə (1946-1950) yeddiillik icbari təhsil həyata keçirildi. Yeddiillik məktəbi bitirənlər ya orta məktəbin VIII sinfinə, ya da orta ixtisas məktəbinə daxil olurdular. 1956-1957-ci tədris ilində təkcə Zəngəzurdakı Gorus, Qafan, Sisyan və Mehri rayonlarında 9 orta, 24 yeddiillik və 17 ibtidai məktəb fəaliyyət göstərirdi. 1959-cu ildən isə səkkizillik icbari təhsilə başlanmışdı.

Müharibədən sonra məktəb şəbəkəsi genişlənsə də, Azərbaycan məktəbləri üçün tədris binalarının inşası geri qalırdı. Belə ki, 70-ci illərdə Ermənistandakı bütün erməni məktəbləri yeni məktəb binası ilə təmin edilmişdi. Bu, azərbaycanlıların narazılığına səbəb oldu. Məcburiyyətdə qalan Ermənistan hökuməti azərbaycanlılar yaşayan bəzi rayon və kəndlərdə də yeni məktəb binaları tikməyə başladılar. Amasiya rayonunun mərkəzində 1176 yerlik, Güllücə kəndində 320, Basarkeçər (Vardanes) rayonunun Əzizli kəndində 320, Kalinino rayonunun Mixaylovka kəndində 1176, Gorus rayonunun Şurnuxu 192 yerlik məktəb binaları tikilib istifadəyə verildi. Bu məktəblər Qərbi Azərbaycanda soydaşlarımızın deportasıyası ərəfəsində tikilmişdi. Erməni məktəblərinin fənn kabinetləri, laboratoriyalar, kinoaparatlar, radio qovşağı, televizor. maqnitofon və digər texniki və əyani vasitələrlə təmin edildikdən sonra Azərbaycan məktəblərində bu işə başlanmışdı. Lakin çox ləng həyata keçirilirdi.

Qərbi Azərbaycanda Azərbaycan məktəblərinin və orada təhsil alan şagirdlərin 1922-1980-ci illərdə sayı bu cədvəldəki kimi olub:

Cədvəldən göründüyü kimi, müharibədən sonrakı illərdə Qərbi Azərbaycanda ümumtəhsil məktəblərin sayı ildən-ilə azalıb. Bunun bir neçə səbəbi var idi. Səbəblərdən biri müharibədən sonra SSRİ-nin razılığı ilə BMT-nin 1947-ci ildə xaricdə yaşayan ermənilərin Ermənistana və Dağlıq Qarabağa gəlməsi idi. İ.Stalinin və A.Mikoyanın himayədarlığı ilə ermənilər İran, Suriya, Livan, Misir, Türkiyə və digər ölkələrdən Qərbi Azərbaycana köçürüldülər. Ermənistan ərazisinin onlar üçün az olduğunu bəhanə edən o vaxtkı SSRİ hökumətinin rəhbərləri - İ.Stalin, A.Mikoyan, L.Beriya və digər ermənipərəstlərin təzyiqi ilə qərar qəbul olundu ki, erməniləri yerləşdirmək üçün azərbaycanlılar Azərbaycan SSR-yə köçürülsünlər. Bununla da Qərbi Azərbaycanda soydaşlarımızın kütləvi deportasiyası başladı. 1948-1953-cü illərdə həyata keçirilən deportasiya kağız üzərində "könüllü" olsa da, məcburi xarakter daşıyırdı. Bu, Qərbi azərbaycanlılara ciddi mənəvi zərbə oldu, onların mədəni və elmi inkişafını ləngitdi. Deportasiya nəticəsində on minlərlə azərbaycanlı ata-baba torpaqlarından çıxarıldı. Minlərlə azərbaycanlı kəndi, evi, bağı, bostanı ermənilərə qaldı. Həmin kəndlərdə məktəblər bağlandı. Bu deportasiya zamanı İrəvandakı Azərbaycan Pedaqoji Texnikumu və X.Abovyan adına İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsi də deportasiyaya məruz qaldı. İnstitut 1948-ci ildə Gəncəyə, texnikum isə Xanlara köçürüldü. Bundan sonra Qərbi Azərbaycanda qalan məktəblərin kadrlarla təmin olunması ancaq Azərbaycan Respublikasından asılı oldu.

Məktəb və şagirdlərinin sayının azalmasının səbəblərindən biri də azərbaycanlı kadrlara olan qeyri-insani münasibət idi. Azərbaycanlı ziyalılara Ermənistanda yer, iş verilmirdi. Yerli azərbaycanlıların ən böyük vəzifəsi Azərbaycan kəndlərində ya məktəb direktoru, sovet sədri, ya da kolxoz sədri ola bilərdi. Bütün bu maneələrə baxmayaraq, azərbaycanlı müəllimlər və şagirdlər bütün sahələrdə uğurlar qazanırdılar. Müəllim kadrların tərkibi kəmiyyət və keyfiyyətcə dəyişmişdi. Azərbaycan müəllimləri arasında 77 nəfər "Əməkdar müəllim", 4 nəfər elmlər namizədi, 6 nəfər "Lenin" ordeni, 24 nəfər "Qırmızı Əmək Bayrağı" ordeni, 45 nəfər "Şərəf Nişanı" ordeni, 10 nəfər "Metodist müəllim", 47 nəfər "Baş müəllim" fəxri adlarına layiq görülmüşdü. Azərbaycan məktəbi məzunlarından isə 1988-ci ilə kimi 96 nəfər akademik və elmlər doktoru, 618 nəfər elmlər namizədi alimlik dərəcəsinə sahib olmuşlar. Onlardan dünya şöhrəti qazanmış akademiklər Həsən Əliyev, Əhliman Əmraslanov, Həsən Əhmədov, Mustafa bəy Topçubaşov, Heydər Hüseynov, Hüseyn Əhmədov, Budaq Budaqov, Bəhmən Axundov, Zərifə Budaqova, Afat Qurbanov, Cümşüd Zülfüqarlı, Rafiq Qasımov, Sabir Hacıyev və başqaları Qərbi Azərbaycan məktəblərində təhsil almışdılar. Bundan başqa, Azərbaycan məktəblərinin yetirmələrindən bir nəfər Sovet İttifaqı Qəhrəmanı, on səkkiz nəfər Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşlər. Sovet İttifaqı Qəhrəmanı Xıdır Mustafayev (Gözəldərə, Pəmbək mahalı), Sosialist Əməyi Qəhrəmanları akademik Mustafa bəy Topçubaşov, Abbas Məmmədov, Səkinə Əliyeva, Şamama Ələkbərova (İrəvan), Həlimə Abdullayeva, Əli Kərimov, A.Əliyeva (Oktamberyan), Murad Zeynalov (Krasnoselo), Nəbi Mərdanov (Vardenis), Mərziyə Mustafayeva (Dağ Borçalı), İbrahim Qurbanov (Əzizbəyov), İsrafil Hüseynov, Firidun Ağayev (Mehri), Musa Bayramov, Məmməd Adıgözəlov, Əli Hüseynov, Şirvan Cəfərov, Saməddin Şükürov (Qarakilsə) və başqaları Qərbi Azərbaycan məktəblərinin məzunlarıdır.

Əgər 1925-ci ildə Sisyan rayonunun azərbaycanlılar yaşayan kəndlərində 172 şagird oxuyurdu və bu, böyük tərəqqi hesab edilirdisə, 80-ci illərdə həmin rayonun Azərbaycan məktəblərinin məzunlarından 66 nəfəri elmlər doktoru və elmlər namizədi alimlik dərəcəsi almışdır. Təkcə Urud kəndindən 16 alim yetişmişdir. Bundan başqa, 1980-ci ilə qədər Mehri rayonunun Nüvədi kəndi 20, Basarkeçər rayonunun Böyük Məzrə kəndi 9, Krasnoselo rayonunun Əmrxeyr kəndi 8, Toxluca kəndi 8, İcevan rayonunun Salah kəndi 8, Gorus rayonunu Şurnuxu kəndi 8, Qafan rayonunun Gilətağ kəndi 7 alim yetişdirmişdi.

1988-ci ilin əvvəllərindən başlayaraq ermənilər azərbaycanlılara qarşı açıq mübarizəyə başladılar. İllərdir içlərində saxladıqları nifrəti M.S.Qorbaçovun rəhbərlik etdiyi Sovet Rusiyasının dəstəyi ilə həyata keçirməyə müvəfəq oldulur. Ermənilər azərbaycanlara məxsus kəndlərə basqın edir, evlərə od vururdular. Minlərlə soydaşımız Qərbi Azərbaycanın müxtəlif bölgələrində qətlə yetirildi, var-dövlətləri əllərindən alındı, ayaqyalın, başıaçıq, qarlı-çovğunlu gündə növbəti deportasiyaya uğradılar. 100 minlərlə soydaşımız öz əzəli torpaqlarından qovuldu. Ermənistanda 1988-ci ildən bir nəfər də olsun azərbaycanlı qalmadı. Bununla da kifayətlənməyən ermənilər rus ordusunun köməyi ilə Dağlıq Qarabağ və ətraf rayonları işğal etdilər. Azərbaycan ərazisinin 20 faizi düşmənlərin əlinə keçdi. Dünyada misli olmayan Xocalı soyqırımını törətmələri, Dağlıq Qarabağda və ona sərhəd Qubadlı, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Laçın, Cəbrayıl rayonlarında minlərlə azərbaycanlıların evlərini talan etmələri, tarixi abidələri, muzeyləri, kitabxanaları, məktəb və səhiyyə müəssisələrini viran qoymaları, minlərlə günahsiz insanı qətlə yetirmələri erməni vəhşiliyinin əyani sübutudur. Ermənistan işğal etdiyi Azərbaycan ərazisini qeyri-şərtsiz azad etməsi barədə BMT-nin 4 qətnaməsi də yerinə yetirilmədi.

Azərbaycana qarşı olan bu haqsızlığa baxmayaraq, 30 il ərzində dövlətimiz bütün istiqamətlərdə inkişaf etdi, iqtisadiyyatını gücləndirdi. Təhsil sahəsində olduğu kimi, digər sahələrdə də dünyada öndə gedən ölkələrdən oldu. Regionda həm iqtisadi, həm siyasi cəhətdən ən güclü dövlətə çevrildi. Torpaqlarının 20 faizinin işğalda olduğunu nəzərə alaraq Azərbaycan öz ordusunu dünya standartlarına uyğun qurmağa başladı.

Gec də olsa haqq-ədalət öz yerini tapdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 27 sentyabr 2020-ci ildə erməni təxribatının qarşısını alaraq əks-hücuma keçdi və 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Sözsüz ki, işğaldan azad olunan torpaqlarımızda quruculuq işləri uğurla davam etdiriləcək, dünya standartlarına uyğun ali və orta ixtisas məktəbləri açılacaq.

Şəlalə ADIGÖZƏLOVA
Pedaqogika üzrə fəlsəfə doktoru, Sumqayıt Dövlət Universitetinin baş müəllimi

https://525.az/news/164714-qerbi-azerbaycanda-ve-zengezur-qezasinda-azerbaycan-mektebleri