Kəlbalıyev Səyavuş Hümbət oğlu

Qarabag.com Cəbrayılın (qəza, rayon, şəhər) 1872-ci ildən 1989-cu ilə qədər demoqrafik məlumatları haqda arayışı təqdim edir. Sadalanmış məlumatlara görə, bu diyarda azərbaycanlıların sayının əsrlər boyu ermənilərin sayından çox olduğu faktı göz qabağındadır. Materialın tərtibində rəsmi rus və sovet mənbələrindən istifadə olunmuşdur. Bundan əvvəl Qarabag.com, XIX əsrin əvvəllərində Qarabağda yaşayan ailələrin ümumi sayının təxminən 20%-ni ermənilərin təşkil etdiyini təsdiqləyən, ermənilərin köçürülməsinə qədərki Qarabağın etnik tərkibi ilə bağlı “Sənədlər Qarabağın “erməni möcüzəsi”nin sirrini açır” materialını paylaşmışdı.

Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür. Cəbrayıl kəndinin əsasını qoymuş Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Bu müqəddəs şəxs hələ öz sağlığında böyük hörmət sahibi olub, vəfat edərkən öz mülkünün axar-baxarlı bir yerində - Alpaşa dağının üstündə dəfn edilmişdir. Cəbrayıl kəndinin şimalında "Cəbrayıl ata" adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır. Cəbrayıl atanın Mirzəcan, Yarəhməd, şahvələd, Bünyad, Qurban, Xubyar, Hasan və b. adlı oğlanları olduğu mənbələrdə göstərilir. Sonralar onun adından Cəbrayıllı tayfası formalaşmışdır.