1 dekabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişə əsasən Laçın rayonu (Laçın şəhəri də daxil olmaqla) Azərbaycana qaytarılmışdır. Laçın – erməni işğalından azad edilmiş sonuncu Azərbaycan şəhəridir. Qarabag.com saytı XIX əsrin əvvəllərindən müasir dövrə qədər Laçın şəhərinin inzibati-ərazi bölgüsünün tarixi haqqında material hazırlamışdır.

Azərbaycanın qədim tarixi ərazilərindən biri olan Laçın bölgəsi antik dövrlərdə və erkən orta əsrlərdə Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olub.
Rayonun Mirik kəndi ərazisindəki “Qaranlıq kaha”, “Bayqara” mağaraları, Hoçaz kəndindəki mağara məbəd, hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Azıx və Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər tariximizin maraqlı, dəyərli və nadir sənət əsərlərindəndir. Bununla yanaşı rayonun ərazisində olan qədim qaya təsvirləri, mağaralar, daş üzərində süjet xarakterli oymalar, qəbirüstü abidələr və kurqanlar, at və qoç fiqurları, həmçinin gildən hazırlanmış müxtəlif bəzək, məişət və digər əşyalar, ərazidəki Ağoğlan qəsri (IX əsr), Dəmrovlu Pir Məbədi ( XI əsr), Məlik-Əjdər türbəsi (XII əsr), Uşaq qalası (XV əsr), Kar kümbəz (XVII əsr), habelə X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcədə çoxsaylı su dəyirmanları və s. kimi tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir. Ümumilikdə, Laçın rayonunda 54 dünya və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr mövcud olmuşdur. Ərazi çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olmuşdur.