Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 235

Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 252
Ustad yazıçı, sadə insan

SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Xalq yazıçısı Əli Vəliyevin anadan olmasının 120 illiyinə

 Əli Vəliyev 27 fevral 1901-ci ildə Azərbaycanın qədim tarixi torpağı olan Zəngəzur qəzasının Ağudi kəndində anadan olub, bu kənddəki 3 sinifli rus məktəbini, Şuşa firqə məktəbini, ardınca Bakı mərkəzi firqə məktəbini bitirib. Zəngəzur bölgəsində işləyib, həm də təhsilini davam etdirərək Azərbaycan Dövlət Darülfünunu (APİ) bitirib. "Şərq qapısı" qəzetinin redaktoru, bir sıra rayonların partiya və icraiyyə komitələrində, Yazıçıları İttifaqında, İncəsənət İşçiləri İttifaqında çalışıb. Azərbaycan KP MK-nın orqanı olan “Kommunist” qəzetinin baş redaktoru, Yazıçılar İttifaqının katibi-"Azərbaycan" jurnalının baş redaktoru olub. Əli Vəliyev 2 fevral 1983-cü ildə vəfat edib, I Fəxri xiyabanda dəfn olunub.

Əli Vəliyev ədəbi yaradıcılığa gənc yaşlarından başlayıb, 1920-ci illərdən qəzet, jurnallarda  hekayələri çıxıb, 1930-cu ildə «Allahın səyahəti» və «Nənəmin cəhrəsi», sonra «Qarlı dağlar», «Qəhrəman», «Ordenli çoban» və «Sübut» kitabları nəşr edilib. Böyük Vətən müharibəsi cəbhələrinə könüllü yollanıb, tanınmış yazıçı-jurnalist həm də ön cəbhədə iştirak  etdiyi, şahidi olduğu döyüşlər, əsgərlərimizin qəhrəmanlığı haqqında silsilə məqalələr yazıb, «Cəbhə hekayələri», «Ərköyün», «Sovqat» kitablarını çap etdirib.

1945-1950-ci illərdə «Gülşən» povesti və «Hekayələr» kitabları buraxılıb, 1958-ci ildə «Gülşən» povesti və «Çiçəkli» romanı M.F.Axundov adına Respublika Dövlət mükafatına layiq görülüb. 1950-70-ci illərdə yazıçının «Madarın dastanı», «Ürək dostları», «Seçilmiş əsərləri»nin I-VI cildləri (Azərnəşr — 1968, 12 000 nüsxə), əziz dostu, görkəmli söz ustası Süleyman Rəhimovun anadan olmasının 60 illiyinə həsr edilmiş «Xalq yazıçısı» monoqrafiyası, «Turaclıya gedən yol», «Budağın xatirələri» (Azərbaycan və rus dillərində) romanları, «Zəngəzur qartalları», «Bir cüt tərlan» povestləri, «Uşaqlara sovqat», «Əziz nəvələrimə», «Anaqız», «Bir cüt ulduz», «Samovar tüstülənir», Gəncliyimi tapdım», «Durna qatarı» povest, hekayə, oçerk kitabları nəşr edilib. 1970-ci illərdə 2 kitabdan ibarət məşhur «Budağın xatirələri» romanı, «Yeni həyat» hekayələr kitabı, “Zamanın ulduzları», «İstedad» (rus dilində), 1980-ci illərdə «Qarabağda qalan izlər», «Narahat adam», «Turaclıya gedən yol» (3-cü nəşri) romanları, «Qənirsiz gözəl», «Zamanın ulduzları» (rus dilində) povest və hekayə kitabları kütləvi tirajlarla  nəşr edilib, saf, halal zəhmətlə dolanan, ad-san qazanan əmək adamları haqqında məqalələri dövri mətbuatda yayımlanıb. Onlarca əsəri xarici dillərdə çıxıb.

1950-ci ildə yazdığı “Gülşən” povestinin motivləri əsasında S.Hacıbəyovun bəstələdiyi eyniadlı balet Azərbaycan Opera və Balet Teatrının, 1953-cü ildə isə Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində tamaşaya qoyulub. 1952-ci ildə əsər SSRİ Dövlət mükafatına layiq görülüb. Əli Vəliyev Xalq yazıçısı, Lenin, “Qırmızı Əmək Bayrağı”, “Oktyabr İnqilabı”, “Şərəf Nişanı” ordenləri və SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib. Haqqında sənədli film çəkilib, monoqrafiyalar, məqalələr yazılıb.

Azərbaycan ədəbiyyatının çox sayda məşhur simaları – Süleyman Rəhimov, Səməd Vurğun, Mehdi Hüseyn, Süleyman Rüstəm, Məmməd Rahim, Qasım Qasımzadə və başqaları Əli Vəliyev haqqında ədəbiyyatımızın, publisistika və jurnalistikamızın ən nüfuzlu, mötəbər, nüfuzlu təmsilçilərindən, Azərbaycan sovet nəsrinin görkəmli yaradıcılarından biri kimi bəhs ediblər.

Əli Vəliyev əsərlərinin dilinin zənginliyi, rəvanlığı,  xalq danışığından bəhrələnən şirin sadəliyi,  həm də şəxsiyyətindən doğan səmimiyyəti onu dövrünün ən çox nəşr edilən, oxunan, sevilən yazıçılarından biri edib. Janrından asılı olmayaraq, onun yazılarından torpaq, çörək ətri, halallıq qoxusu gəlir. İstedad və zəhmətin bəhrəsi olan yaradıcılığı ilə Əli Vəliyev Azərbaycan ədəbiyyatının inkişafına, nəsr dilinin zənginləşməsinə özünəməxsus mühüm töhfələr verib. Sözün namusunu ləyaqətlə qoruyub, başqalarını da buna təşviq edib. Yazıçı  Əlibala Hacızadə yazır: “1964-cü ildə çapdan çıxan “Heykəl gülür” adlı kitabım haqqında “Bakı” qəzetində Əli Qara oğlunun məqaləsi çap olundu. O zaman biz şəxsən tanış deyildik. O kiçik məqalə mənim ədəbi fəaliyyətimdə böyük rol oynadı - səmimiyyətinə, öyüd-nəsihətinə görə. Əli müəllim hekayədə 32 yerdə «bir» sözünün işlənildiyini haqlı olaraq irad tutmuşdu. Həmin vaxtdan bəri «bir» sözünü işlətməkdən qorxuram.”

Azərbaycanın rəhbəri Mircəfər Bağırovdan başlamış  bütün tanınmışlar ona xüsusi hörmətlə “Əli Qara oğlu” deyə müraciət edərdi - “Qara” qədim türk dilində həm də “böyük” deməkdir. M.Bağırov iclas keçirir, Səməd Vurğuna ölüm hökmü kəsilir, çıxış edən hər kəs artıq məsələnin həll olunduğunu bildiyindən eninə-uzununa döşəyir. Qəflətən sözü Əli Qaraoğluna verir. -Səməd Vurğun xalqın sevimlisidir, talantdır! deyir. Hamı donub qalır.-Talant idi! -Səməd Vurğun talantdır!  Bağırov dövründə belə cəsarət nümunəsinin ikinci təkrarı olmayıb. Bəlkə də Səməd Vurğunu xilas edən elə həmin söz olub.

Xalq şairi Nəriman Həsənzadə yazır: “Əli Vəliyev haqqında danışanda o nəslin Mirzə İbrahimov, Süleyman Rəhimov, Mir Cəlal, Rəsul Rza, İlyas Əfəndiyev kimi görkəmli şəxsiyyətləri göz önünə gəlir. Hərəsi bir epoxaydı. Əli Vəliyev xüsusi hörmət bəslədiyim bir şəxsiyyət idi. Mən onu mərd, bütöv adam kimi sevirdim. Onda ikinci bir söz yox idi, şax, düzü-düzünə - ya «hə», ya «yox» deyərdi. Əli Vəliyev xarakter idi. Əli Vəliyev obraz idi. Dediyi sözün ağası, gördüyü işin qulu idi. O, sözünü deyə biləmyi bacaran adam kimi yaşadı, yazdı, yaratdı”.

 “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il 56 №-li Sərəncamında Əli Vəliyevin “Seşilmiş əsərləri”nin də nəşri nəzərdə tutulmuşdu. Görkəmli ədəbiyyatşünas, ədəbi tənqidimizin patriarxı, akademik Məmməd Arifin bu nəşrə (Avrasiya Press-2005, 320 səh.) daxil edilmiş “Şərəfli ömür” başlıqlı məqaləsində Əli Vəliyevin xalq həyatının, kəndin təbii gözəlliklərinin, əməkçi insanların xalqın rifahına xidmətlə yoğrulan həyatının, yeni cəmiyyət quruculuğunun, insan təbiətinin, psixologiyasının mahir bilicisi olduğunu və çox inandırıcı, sənətkarlıqla, təbii əks etdirdiyini  vurğulayaraq yazır: “Əli Vəliyev əsil ali məktəbi-universiteti canlı həyatın özündə keçmişdir.”

Təbiətdən gələn təbiilik Əli Vəliyevin şəxsiyyət kimi də yaşam tərzi idi. Çalışdığı yüksək vəzifələr, fəxri adlar onu ömrünün sonunadək dəyişmədi, “şəhərləşdirmədi”, başqa adama çevirə bilmədi.

Moskvaya SSRİ Yazıçılar İttifaqının iclasına gəliblər. Nəbi Xəzri Əli Vəliyevin hər zamankı kimi sadə geyiminə baxıb deyir:- Əli müəllim, sizin bu geyiminizə baxanda heç demək olmaz ki, böyük bir yazıçısınız, İttifaq katibisiniz...Aldığı cavab belə olur:-Nəbi bala, bu Azərbaycanın istehsal etdiyi geyimi bir adam alıb geyməlidi, ya yox?

Əli Vəliyevə həm ədəbi aləmdə, həm də sadə xalq arasında böyük hörmət qazandıran başqa səbəb də var, bu da onun təbiətindən, doğulub böyüdüyü, göz açıb ilk gördüyü vüqarlı dağların əzəmətindən, suyunun, havasının təmizliyindən örnək alan mərdliyi, dostluqda, duz-çörəkdə sədaqəti, çətin günlərdə özünü irəli verməyi, təmənnasız xeyirxahlığı, yaxşılıq etməkdən yorulmadan zövq almağı idi. Səbail (keçmiş “26-lar”) rayonunda icrakomda çalışarkən çox sayda yazara növbədənkənar mənzil verdiyi üçün problemlər yaşamışdı. Qasım Qasımzadə,  Bayram Bayramov, Zəlimxan Yaqub, Famil Mehdi, Cəlal Bərgüşad, Eldar Baxış, Qulu Xəlilov, Elbrus Şahmar və başqalarının xatirələrində onun yazıçılığı ilə bərabər, dara düşənlərə, elçilikdən əliboş dönənlərə xeyirxah köməyindən, özünü irəli verib müşgül işlərə əncam çəkməyindən, müdrik ağsaqqallığından yaddaqalan, ibrətamiz detallar var. Təbiət uca boyu ona həm də şümal qədd-qamətini sonadək kişiyanə,  şux, dik saxlamaq üçün vermişdi. Azərbaycan sovet yazıçıları arasında Sovet-KQB rejiminin çətin sınaqlarından alnıaçıq, üzüağ çıxanlardan, mənliyini, qürurunu uca tutub, təmiz saxlayanlardan biri Əli Vəliyev olub.

Yazıçı-jurnalist Nahid Hacızadə yazır: “Bu günlərdə mənim bir xatirələr kitabım çapdan çıxıb. İyirminci əsrdə Azərbaycan ədəbiyyatının ən görkəmli simaları haqqında olan düşüncələrimi qələmə almışam. Onlardan biri də Əli Vəliyevdi. Əli müəllim koloritli, zəngin insan idi. Ağsaqqallığı üst qatdaydı. Azərbaycan dilinin canlı ensiklopediyası kimi sevilirdi, ləhcələri, şivələri bənzərsiz şəkildə ipə-sapa düzər, yerində işlədərdi. Əli müəllim çox mərd-mərdanə, sözü üzə şax deyən, yar-yoldaşa vəfalı, dostluğu ucadan uca tutan, Tanrısı zəhmət olan, qəlbi xalq hikmətiylə dolu, işıqlı bir şəxsiyyət idi…”

Ə.Vəliyevin 1957-ci ilin 8 yanvarında yazdığı tərcümeyi-halından: “Kəndimiz ona görə məşhur idi ki, 1905-ci ildə məşhur daşnaq başçısı Stepanyan üzərimizə hücum eləyən zaman kəndlilərimiz tərəfindən öldürülüb. 1918-ci ildə Andronikə müqavimət göstərib üç gün qızğın vuruşanlar da bizim kəndlilər idi… Andronik 1918-də ədavət saldı, nahaq qan tökdü…” Həmin illərdə bunları yazmaq risq, cəsarət tələb edirdi, Moskva, Bakıda güc strukturlarında ən mühüm postlarda ermənilər oturmuşdu və onlar özlərinə milli, mənəvi lider saydıqları Andronikin adını da göz bəbəkləri kimi qoruyurdular.

Bütün qəlbi, fəaliyyəti ilə Şura hökumətinə, onun ideallarına bağlı olan, bir əqidəylə xidmət edən Əli Vəliyev heç zaman öz həqiqətlərinə, tarixi olmuşlara, ən başlıcası, öz təbiətinə sadiq idi. Onun yazdıqları əslində xalqımızın bir əsrlik tarixinin ədəbi-bədii inikası idi.

Qubadlıya hər gəlişində də mütləq doğulub uşaqlıq illərini keçirdiyi Agudi kəndinə gedər, dünyadan köçənlərin evlərinə gedib başsağlığı verər, hələ ki qınına çəkilib kin-küdurətini, namərd xislətini gizlədib fürsət gözləyən yağıların diş qıcadığı bu ellərdəki çoxsaylı doğmalarına qonaq olar, dərdlərini, problemlərini öyrənib qələmə alır, ölkə və ittifaq rəhbərliyinin nəzər-diqqətinə çatdırar, həssasiyyətlə Bakıda əncam çəkməyə  çalışardı. O, mərhum akademik Həsən Əliyevlə birlikdə Zəngəzur camaatının sözü ötgün mötəbər ağsaqqallarından sayılırdı.

Xalq şairi Zəlimxan Yaqubun sözləri müdrik ağsaqqalın ömür, yaşam kredosunu dəqiq əks etdirir: “Əli Qara oğlu Azərbaycanı, onun təbiətini dünyanın heç bir cənnət guşəsinə, barı-barxanasına dəyişməzdi. Hər cür imkanları olmasına baxmayaraq, o, məzuniyyət günlərini o zamanın məşhur istirahət guşələrində yox, Laçında, Kəlbəcərdə, İstisuda keçirməyə üstünlük verərdi. Həyatda o şəxsiyyətlər zaman-zaman yaşayır ki, Yaradanının ona verdiyi ömür payını xalqına, onun inkişafına, mədəniyyət və ədəbiyyatına sərf etsin.”

Qubadlı rayon komsomol komitəsində işləyirdim, iş yerimiz də raykomun I mərtəbəsi idi. Raykomun birinci katibi Sisianlı Zöhrab Məmmədov  savadlı, ədəbiyyata yaxın adam idi, həm də yerlipərəst, Əli müəllimə simsar adam idi deyənə ağsaqqal onun vaxtında rayona daha tez-tez gələrdi. Raykomun binasına hər gəlişində rayon rəhbərləri Əli müəllimi həyətdə qarşılayırdılar, görüşürdülər, buradan yaxın, uzaq kəndlərə camaatın görüşünə, əkin-biçinlə məşğul olan sadə insanlarla canlı ünsiyyətə gedirdi. Hər dəfə də xeyli adam Əli müəllimin - “Alı dayı, Alı əmi”nin rayona, hansı kəndə gələcəyi vaxtı əvvəlcədən öyrənib səbirsizliklə yolunu gözləyirdi, ya da qaldığı Qonaq evinə, Mahmudlu kəndinə (vəfalı ömür-gün yoldaşı, əsil-nəcabətli, duz-çörəkli, nur üzlü mehriban Qumru nənəni bu kənddə görüb bəyənib özünə ömürlük yol yoldaşı etmişdi) gedirdi; paytaxtda işsiz, evsiz qalan, təyinat ala bilməyən, ya həbsə düşən doğmalarına yardımçı olmaq xahişi ilə ərizələr, məktublar verirdilər, hamıda da ümid, inam var idi ki, Əli müəllim heç bir xahişi boşuna buraxmaycaq, nədə isə kömək edəcək. Elə də olurdu. "Əli Vəliyev kömək elədi, Allah razı olsun!" tez-tez eşidilən sözlər idi. 1981-ci ildə Rayon Mədəniyyət Evində öz iştirakı ilə 80 illik yubileyinə həsr olunmuş ümumrayon tədbiri  və  bir neçə məktəb, kənd klubunda  görüşlərini  keçirmişdik. Şirin, səlis, rəvan, tutumlu söhbətlərini dinləmək böyük zövq idi. Əli müəllimin şifahi nitqində, yazı dilində bənzərsiz sadəlik, zənginlik var idi. 

Söhbət Qumru nənədən düşmüşkən; akademik Feyzulla Qasımzadə yazır ki, əgər müharibə vaxtı Qumru bacı olmasaydı, ailəmiz acından batardı. Sadə, gözütox yaşamağa öyrəncəli Əli müəllim ailəsinin çörək kartoçkalarını bizə verib deyərdi: “Biz birtəhər keçinərik. Qumrunun qohum-əqrabası kənddən tez-tez un, dən-düş göndərir, Qumru bacın birtəhər bizi yola verər.” Belə xeyirxah, sadə, mehriban cütlük idilər.

Ümummilli lider Heydər Əliyevin Əli Vəliyevə xüsusi hörməti var idi. Naxçıvan MSSR-in 50 illik yubileyində Moskva, İrəvan, o cümlədən Sisiandan və digər respublikalardan nümayəndələr iştirak edir, təbrik nitqləri söyləyirlər. Azərbaycan KP MK-nın birinci katibi  Heydər Əliyev son sözündə Sisian rayon pariya komitəsinin I katibinə üzünü tutub deyir:- bayaq sən Zəngəzur, Sisianda  doğulan xeyli tanınmış insanların sırasında Əli Vəliyevin də adını çəkdin. Sən onun “Budağın xatirələri” kitabını tap oxu, saydığın o adamların Sisianda həyatın çoxlu ağrı-acıları, sərt imtahanları ilə üzləşdiyini Əli Vəliyev aydın göstərib, yaşamaq, oxumaq arzusu ilə Azərbaycana üz tutub orada dediyiniz kimi şan-çöhrətə yüksəldiyi barədə ətraflı yazıb.

Ümummilli lider Heydər Əliyevin bu sözlərində böyük həqiqət var.  Əli Vəliyev həyatında görüb yaşadıqlarını avtobioqrafik səciyyəli “Budağın xatirələri”ndə o qədər bədii ustalıqla, həssas duyğularla qələmə alıb ki, təkcə bu əsərlə də Azərbaycan ədəbiyyatında əbədilik qala bilərdi; bu kitab Zəngəzurluların timsalında bədnam qonşularımızın xalqımızın başına gətirdiyi faciələrin   bədii, tarixi salnaməsidir, Zəngəzurun bənzərsiz təbiətinin, coğrafiyasının, yer-yurd adlarının-toponomikasının mükəmməl ensiklopediyasıdır, bu günkü, gələcək nəsillər üçün yaddaş  kitabıdır, müdrik ağsaqqal öyüdüdür, həm də ağır müsibətlər görüb yaşamış müəllifin daxili mənəvi zənginliyini, bənzərsiz ədəbi istedadını dəyərləndirmək baxımından unikal mənbə, ədəbi söz abidəsidir.

Əli Vəliyev təkcə yazıb yaratdıqları ilə deyil, həm də fiziki-mənəvi varisləri ilə də özündən sonra xalqımıza dəyərli töhfələr bəxş edib; 44 yaşında həyatdan köçmüş  Məsud Əlioğlu filologiya elmləri doktoru, professor, Azərbaycanın ən intellektli, novator ruhlu tənqidçi, ədəbiyyatşünaslarından biri idi. Nəvəsi, Xalq yazıçısı Afaq Məsud Əli Vəliyev ocağının layiqli, ləyaqətli davamçısı olaraq, həm şəxsi yaradıcılığı ilə, həm də dövlət əhəmiyyətli bir qurumun rəhbəri kimi milli ədəbi-bədii fikrimizin zənginləşməsində, dünyaya tanıdılmasında xalqımıza, vətənimizə sanballı xidmətlər göstərməkdədir.

 Xalq yazıçısı Əli Vəliyevin «Tərcümeyi-hal»ında yazdığı bu sözlər onun ömür yolu ilə tam üst-üstə düşür: «Öz namuslu əməyi ilə həyat sürmək, öz sənəti ilə yaşayıb ömrü başa vurmaq, öz əsərləri ilə oxucuların qəlbinə yol tapmaq yazıçı üçün ən böyük sərvətdir».

Əli Vəliyev belə zəngin sərvətə sahib yazıçımızdır.

Məqalə "Azərbaycan", "525-ci qəzet"də dərc olunub.

https://525.az/news/163351-ustad-yazici-ve-mudrik-sexsiyyet-yazi

https://www.azerbaijan-news.az/posts/detail/ustad-yazici-mudrik-sexsiyyet-1614631292?fbclid=IwAR0Z36E2BqTuwoTxSfk9_nsbyoo3CCYfsiTD2q_ql0yNwjXxXmR0uP5590I

   Hacı Nərimanoğlu,

Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru