Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 235

Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 252
    Xruşşova “Mən neft tapdım. Bax, belə! Salmanov”  

SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

 Tümen, Surqut, Megion kəndi. 21 mart 1961-ci il.

Bu 5 sözlük teleqramın müəllifi 26 yaşlı azərbaycanlı geoloq Fərman Salmanov idi.

F.Salmanov o günü belə  xatırlayırdı: “Əməlli-başlı səs-küy qopdu. Mənim sevimli Novruz bayramımda ilk quyudan neft fontan vurdu. Mən sevincimdən atılıb-düşərək “Biz qalib gəldik!” - deyə, bağırırdım.”

Bu ərəfədə F.Salmanovun yuxarılarla münasibəti tamam pozulmuşdu, vəziyyət kritik nöqtəyə gəlib çatmışdı. Məsələ, hətta, Xruşşova qədər gəlib çatmış, Mərkəzi Komitədə müzakirə edilmişdi. Mahiyyəti də bundan ibarət idi ki, Fərman Salmanov adlı biri rəhbərlik etdiyi 20 nəfərlik ekspedisiyanı, neft kəşfiyyatı avadanlığını barjalara (taxta və dəmir hissələrdən hazırlanmış yedək gəmisi, su nəqliyyatı vasitəsi) yükləyib rəhbərliyin icazəsi olmadan kəşfiyyat aparmaq üçün ezam olunduğu Kuzbasdan naməlum yollarla Surqut tərəfə keçib gedib. Onun bu hərəkəti Moskvanı əməlli-başlı əsəbiləşdirir, barəsində cinayət işi qaldırmağa, vəzifəsindən kənarlaşdırmağa, təcili geri çağırılmağa, hətta, qayıdan kimi həbsinə order verilməyə qədər iş böyüyür.

Kuzbasda neft axtarmağa göndərilən çılğın təbiətli, azadlıqsevər, həm də savadlı, istedadlı Fərman tezliklə anlamışdı ki, burda neft axtarmaq hədər işdir. Fərman bunu rəhbərliyə anlada bilmir, müqavimətə, israrlı təkidlərə baxmayaraq, ona inanan bir dəstə gənclə Sibirin gur, yarıdonmuş çaylarından keçib insan ayağı dəyməyən, mənfi 30-40 dərəcə şaxta, boranda, sıx meşəli, hər cür həşəratlarla dolu bataqlıqlarda neft axtarışına başlayır. Geri dönmək haqqında siqnallara da qəsdən cavab vermir. Geoloji proqnozlarına söykənən fəhmi, duyumu onu aldatmamışdı. Budur, gecə-gündüz demədən qazdıqları ilk kəşfiyyat quyusu 2 min metr dərinliyə çatanda neft fontan vurur, sutkalıq “qara qızıl” verimi də gözlənildiyindən artıq- 250 ton. Moskvaya teleqramı da ən yaxın poçt şöbəsindən şəxsən vurur, həm də “yoldaş”sız, çox hörmətli Baş katib”siz, quruca “Xruşşova...”. Moskvada hamı şokdadır, indiyədək heç kəs cəsarət edib bu  ərazilərdə neft quyusu qazmağın mümkünlüyünü dilinə belə gətirməmişdi, indi isə bir azərbaycanlı gənc Tümendə, hardasa Uraydan uzaq, keçilməz “Şaim” tərəflərdə neft yatağı tapıb. Hələ inanmaq üçün yuxarılardan axışıb yoxlamağa gələnlərə, müxbirlərə bunu da qətiyyətlə deyir ki, böyük  neft orada - Ob çayı sahillərindədir. “Ust-Balık”, daha sonra “Megion” yatağı kəşf ediləndən sonra məlum oldu ki, tam haqlı imiş. O, bir-birinin ardınca Urenqoy, Yanqo, Bovanenkov, Yamal yarımadasında yüzə yaxın yataq kəşf edir. SSRİ və dünya mediası Sibir, Tümenin zəngin neft yataqlarından xəbərlər yazır, F.Salmanov atıq ulduza, Sovetlər İttifaqının 1 №-li məşhuruna çevrilib.

Kuzbasda isə daş kömür mədənləri tapılsa da, neft görünməz olur.

Tümen vilayətinin sahəsi 1.464.200 km²-dir. Fransanın (643 801 km²) və İngiltərənin (130 395 km²) sahəsindən 2 dəfə böyükdür. Bir az əvvələ qədər az qala haqqında həbs qərarı verilən Fərman Salmanov artıq  Tümendə 1-ci şəxsdir, ən mühüm vəzifədədir - Baş Tümen Geologiya Birliyinin rəhbəridir. 9 il (1978-1987) bu vəzifədə çalışarkən, Fərman və onunla birlikdə neft axtaranların çoxu dövlətin yüksək mükafatlarına, Birlik isə Tümen neftinin kəşfi və işlənməsində xidmətlərinə görə SSRİ-nin ən ali Lenin ordeninə layiq görülür, F.Salmanovun adı “Rusiyanın Böyük Adları” siyahısına daxil edilir. Moskvada hamı onu eşidir, ona inanır, hər istəyinə əməl edilir. F.Salmanovun istedad və təşkilatçılıq bacarığı Tümenə sığmır, Mərkəzə çağırılır, SSRİ Geologiya nazirinin birinci müavini təyin olur (1987-1991).

 Bunlar Rusiyalı məşhurların Fərman Salmanov haqqında yazdıqlarından sətirlərdir: “Fərman Salmanov bütün zəmanələrin və xalqların böyük geoloqu idi. O, unikal neft duyumu olan kəşfiyyatçı geoloq idi. Fərman Salmanovun iştirakı ilə Qərbi Sibirdə 150-dən çox neft və qaz yatağı kəşf edilib. Onu dünya tarixində ən məhsuldar geoloq adlandırırlar. Fərman Salmanov böyük sovet alimi, dünya şöhrətli alim, fundamental elmi əsərlərin müəllifi idi. Onun 160-dan çox elmi məqaləsi və 10 monoqrafiyası dərc olunub. Əslində, Fərman Salmanov bütün bunları və bir çox başqa istedadları özündə cəmləşdirmişdi. O, hərtərəfli inkişaf etmiş, özünü reallaşdırmış, düşüncələri millətlərin, xalqların və nəhəng ölkənin hüdudlarını aşan qlobal miqyaslı şəxsiyyət olub. Fərman Salmanov, sözün həqiqi mənasında, dünyanın, sivilizasiyanın vətəndaşı, bütün bəşəriyyətin rifahını arzulayan dahi olub. O, qlobal tərəqqiyə töhfə verib və bu gün bütün dünya onun kəşflərindən istifadə edir. Ən gözəl xüsusiyyətlər – ağıl, istedad, əzm və sevgi onda cəmlənmişdi”. Yelena Kurilova, “Dünyanın vətəndaşı”,  “siapress.ru” analitik informasiya portalı.

“Sovet quruluşunun bütün qüsurlarına baxmayaraq, titanik miqyaslı, azad düşüncəli, istedadlı və cəsarətli insan olan Fərman Salmanov məhz burada özünü tam şəkildə reallaşdırmaq - gözəl karyera qurmaq, Sibirin simasını dəyişdirmək imkanı əldə edir və mütəxəssislərin fikrincə, SSRİ-nin iflasını tam 20 il təxirə salır”.

“Fərman Salmanovun neft yataqları barədə xüsusi duyumu vardı. O, anadangəlmə lider idi. O, insanlar tərəfindən sevilən hörmətli və nüfuzlu rəhbər idi. Yoxsa 20 adam öz ailəsini və varını-yoxunu toplayıb gecənin bir aləmində milisin əlinə keçməmək üçün sahilə yan almayan barjalarda ona qoşulub getməzdi. Çünki insanlar özlərindən çox ona etibar edirdilər. Onun üçün oddan-alovdan keçməyə hazır idilər.”

“Fərman Qurban oğlu bir rəhbər kimi insanların arxasında dağ kimi durmuşdu, tabeliyindəkiləri müdafiə edir, köməyini əsirgəmir, onların qayğısına qalır, heç vaxt heç kəsi ümidsiz qaytarmırdı. F.Q.Salmanov üçün sosial problemlər istehsalat problemləri qədər əhəmiyyətli idi. Fərman Qurban oğlu mümkün olan bütün vasitələrlə istehsalat birliklərinin rəislərini idman-sağlamlıq komplekslərinin quraşdırılmasını sürətləndirməyə məcbur edirdi. O, bütün obyektlərə şəxsən gedir, işlərin gedişi barədə dərhal məlumatlandırılır, sonra rəhbərləri tikintinin gedişi barədə məruzə ilə yanına dəvət edirdi.” https://special.azertag.az/az/xeber/1312237

Hazırda Rusiya və Azərbaycanın bir neçə universitetində geoloq ixtisası üzrə təhsil alan tələbələr üçün “Fərman Salmanov adına təqaüd” təsis edilib. Rusiyanın “Neft paytaxtı” Sibirdə hər il Fərman Salmanov adına  beynəlxalq neft konqresi keçirilir. Surqutda “Fərman Salmanovun evi” adlı memorial kompleksi var. Burada onun “komandanlığı” ilə geoloq-kəşfiyyatçılar desantının Surqut torpağına ayaq basmasının 50 illiyi münasibətilə xatirə abidəsi ucaldılmışdır. Sibirin, Tümenin hər guşəsində neçə-neçə belə ünvan - “Fərman Salmanov evi”, onun adını daşıyan küçə, gimnaziya, neft yataqları, teploxod, xətt təyyarəsi var. Antı-Mansiysk və Salexard şəhərlərində F.Salmanova abidələr ucaldılıb. Surqut şəhərinin ilk aeroportuna əhali səsverməsi ilə 3 nəfər namizədin sırasında ən yüksək səs fərqi qazanan Fərman Salmanovun adı verilib. Bu gün də Sibir-Tümen neftçıxaranları fəxrlə deyirlər:- biz Fərman Salmanov məktəbinin yetirmələri, məzunları, davamçılarıyıq.

F.Salmanov Rusiyada yaşamasından, yüksək vəzifələrdə çalışmasından asılı olmayaraq, hər zaman öz azərbaycanlılığını qoruyub saxlamışdı. Hətta, bəzən çıxış edərkən fikrini rus dilində ifadə etməkdə çətinlik çəkəndə Azərbaycan dilində və ləhcəsində danışarmış. Və bir dəfə yerdən kimsə zarafatyana dillənir: “Xahiş edirik, gələn dəfə Fərman Salmanov çıxış edəndə Azərbaycandan özü ilə tərcüməçi də gətirsin”.

Ancaq bu “Fərman Salmanovun bütün zəmanələrin və xalqların böyük geoloqu” olmasına mane olmamışdı, əksinə azərbaycanlı mentaliteti onun ucalmasında mühüm faktorlardan biri idi. 1980-ci illərdə SSRİ-nin ümumi gəlirlərinin yarıdan çoxu, Rusiyanın gəlirinin 70 %-i Sibirdə Fərman Salmanovun kəşf etdiyi 160-dan çox neft yatağının işlənməsi hesabına əldə olunur. O, “SSRİ-nin iflasını tam 20 il təxirə salan” şəxs idi.

Onlarla kiçik neftçi, balıqçı kənd, qəsəbəsi – Surqut, Nijnevartovsk, Meqion, Urenqoy, Nefteyuqansk, Koqalım, Uray, Lanqepas, Nyaqan...SSRİ-nin 15 respublikasından gələn 50-dən çox xalq, millətə mənsub minlərlə ailənin yaşadığı abad şəhərlərə çevrilir.

Sibiri fəth edən azərbaycanlı  tək o deyildi; yenə də Azərbaycan Neft və Sənaye İnstitutunun məzunu Sabit Orucov 1965-72-ci illərdə SSRİ Neft Sənayesi nazirinin birinci müavini, 1972-81-ci illərdə SSRİ Qaz Sənayesi naziri olmuşdu. Sovetlər İttifaqı adlanan dövlətin neft-qaz sənayesinə o rəhbərlik etmişdi. O da əmək fəaliyyətinə 1947-ci ildə Bakıda “Azneftkəşfiyyat” idarəsinin rəhbəri kimi  başlamış, Xəzər dənizindəki əfsanəvi Neft daşlarının kəşfi və istismarına misilsiz töhfələr vermiş, Moskvaya işləməyə çağırılmışdı.

 Ancaq bu cür nadir intellektin də çoxlu düşmənləri var idi, xüsusilə SSRİ-nin dağılmasına doğru gedilən illərdə hər şeyi qamarlamağa, özününküləşdirməyə çalışanların qarşısında Salmanov maneə idi. Bütün dövlət vəzifələrindən azad olunur. Prinsipial Salmanov isə yenidən özünü təsdiq  edir. Bütün mülklərini girov qoyub bankdan kreditlər götürür, yenidən Sibirə yollanır, bir-birinin ardınca zəngin neft yataqları kəşf edir, o, hətta, Moskvada evindən idarə etdiyi geoloji kəşfiyyat işlərinin nəticələrini irəlicədən deyirdi: filan məntəqədə neft 90 metr dərinliyindədir, filan yerdə 70 metrdən fantan olacaq, elə bil əlləri ilə yerləşdirmişdi.

Yenə öz yaxın bədxahları belə nəcib, yalan, fırıldaq, xəyanət bilməyən Salmanovu asanlıqla tora salır, müflis edirlər, çətin günlər yaşayır, cavan oğlu ölür, ağır sarsıntılar keçirir, xərçəngə yoluxur, ömrünün son günləri Bakıya, Şəmkirə gedir, qohumları ilə vidalaşır, Prezident İlham Əliyevlə görüşür, ona Bakıda ev hədiyyə edilir. Təbii ki, Salmanov Bakıda gördüyü diqqət, sevgidən dərs də alır. Ancaq gec idi, ömür son dayanacağa yetmişdi...

Başqası da var – Vahid Ələkbərov! O da Bakıda Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib, Xəzər dənizində neft-qaz hasilatı ilə məşğul olan kiçik müəssisədə operatorluqdan əmək yoluna başlayıb, gənc yaşda SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini vəzifəsinə yüksəlib. SSRİ dağılan kimi yeni azad bazar iqtisadiyyatına keçid dövrünün tələblərinə uyğun dövlət neft-qaz strategiyasının işlənib reallaşmasında onun praktik və təşkilatçılıq qabiliyyəti, fəaliyyəti yüksək nəticələr verib; V.Ələkbərov 1991-ci ildən  PermVolqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri "LUKoyl" şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olub, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək həmin  Lukoyl şirkətinin prezidentidir. O da F.Salmanov, S.Orucov kimi həm də tədqiqatçı alim, elmlər doktorudur. Dünyada milyarder kimi tanınan ilk azərbaycanlıdır,  2006-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının - 793 milyarderin siyahısında 37-ci yeri tutub.

Rusların ən obyektivlərinin təkrar etdiyi fikirdir; Rusiya dövləti bu gün də ayaq üstə duruş gətirdiyinə görə Sibirin, Tümenin  neft-qaz ehtiyatlarına və bunun  kəşf edilib işlənməsində yol göstərən mayak rolunu oynamış fədakar  azərbaycanlılara borcludur.

Başqa fikir də var; azərbaycanlılar torpağın dərin qatlarından neft-qaz iyini duyan yeganə millətdir.

Haqlı sözdür, həm də əsası vardır, çünki “Azərbaycan” sözü “Odlu diyar” anlamını verir, ən qədim zamanlarda burada içməli su ümidi, arzusu ilə qazılan quyulardan çox zaman neft, yanar qaz çıxırdı, bu, onlarla səyyahın qeydlərində də qalıb. Neft Bakısı XIX əsrin sonunda, XX əsrin əvvəllərində dünyada hasil olunan neftin 70 %-ni verirdi. II Dünya müharibəsində quruda, suda, havada hərəkət edən sovet texnikasının 80 %-i gücünü Bakı neftindən alırdı.

Bakı neft qoxulu şəhər, insanları əməksevərdir.

2021-cil 28 iyulda onun 90 illiyi tamam oldu, bu yubiley Moskvada səssiz, xəbərsiz ötdü

 Hacı Nərimanoğlu