Prof. Dr Aygün Attar: Fondun növbəti toplantısı Qarabağda keçiriləcək

Fondun növbəti toplantısı Qarabağda keçiriləcək2022-ci il yanvarın 29-da İstanbulda Vətən müharibəsi və daha əvvəl Qarabağ Zəfərinə gedən yolda dəstək göstərən media nümayəndələri ilə görüş keçirilib.

Tədbir Azərbaycanın Türkiyədəki səfirliyi, ölkəmizin İstanbuldakı baş konsulluğu, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Qars-Ərdahan-İğdır İnkişaf Vəqfinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Mərasimdə Qars müqaviləsinin 100-cü ildönümü perspektivləri, Türkiyə-Azərbaycan əməkdaşlığı, Şuşa Bəyannaməsi və Zəngəzur dəhlizi başda olmaqla, Ermənistanla normallaşma dövrü kimi bir sıra mövzularda müzakirələr aparılıb.

Tədbirdə çıxış edən Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attar,

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən təxribatları və işğalçılıq siyasəti, hazırda davam edən normallaşma prosesi, Azərbaycan dövləti tərəfindən Qarabağda aparılan bərpa-quruculuq işləri haqqında danışıblar.

Bildirilib ki, Prezident İlham Əliyevin apardığı çox doğru hərbi və diplomatik siyasət nəticəsində Azərbaycan Vətən müharibəsində qalib gələrək bölgədə sülhü bərqərar edib. Bu Zəfər yalnız döyüş meydanında deyil, həm də informasiya cəbhəsində qazanılıb. 44 günlük Vətən müharibəsi başa çatsa da, hazırda diplomatik yollarla iki ölkə arasında normallaşma prosesi davam edir.

Qars müqaviləsi haqqında danışan natiqlər bu sənədin bölgə ölkələrinin ərazi bütövlüyü, anlaşmanın müddəalarının yerinə yetirilməsinin isə regionda davamlı sülhün təmin olunması baxımından əhəmiyyətini vurğulayıblar.

Çıxışlarda Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin hər iki dövlət kimi, bölgə və dünya üçün də əhəmiyyəti xüsusi qeyd edilib, Şuşa Bəyannaməsinin bu qardaşlıq əlaqələrinə hüquqi güc qazandıran sənəd olduğu vurğulanıb.

Qarabağ müharibəsindən sonra fəaliyyətə başlayan "YAŞAT" Fondunun şəhid ailələri və qazilərə göstərilən dövlət dəstəyindəki rolu xüsusi vurğulanıb.

Mərasimdə "YAŞAT" Fonduna ianə edənlərə xüsusi plaketlər təqdim olunub.

Tədbirdə QHT-lərin, siyasi partiyaların təmsilçiləri, Türkiyənin incəsənət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Mərasimdə Azərbaycan musiqisindən nümunələr səsləndirilib.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu Qarabağda toplanacaq

Sözardı: Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun əsası 24 il bundan əvvəl Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Fondun əsas missiyası Türkiyə və Azərbaycan başda olmaqla, bölgədə sabitlik, sülh və əmin-amanlığın təmin olunması, ümumi olaraq iki ölkə, eləcə də türk coğrafiyası arasında iqtisadi, mədəni və bir sıra fəaliyyətlərin inkişaf etdirilməsinə töhfə verməkdir. Fond bu istiqamətdə həm Azərbaycanda, həm də Türkiyədə bir çox tədbirlər həyata keçirib.

TADİV rəhbəri, professor Aygün Attar deyib: “Türkiyənin bütün KİV-ləri, eləcə də Azərbaycan mediasının qardaş ölkədəki təmsilçiləri ilə olan görüşümüzün əsas məqsədi isə Ermənistanla normallaşma dövründə atılacaq addımları müzakirə etmək, QHT və mətbuat nümayəndələrinin buna yanaşmasını öyrənməkdir. Fondun növbəti toplantısı mart-aprel aylarında Qarabağda keçiriləcək. Fondun "Şuşa ilində" bir təməl hədəfi var. Bu da Zəngəzur dəhlizinin açılmasıdır. Bu baxımdan bugünkü toplantı çox vacibdir. Əsas məqsəd türk mətbuatının gücünü Türkiyə sərhədləri xaricində də göstərməkdir. Biz, 44 günlük Vətən müharibəsi dövründə də olduğu kimi, türk mətbuatının Avropaya, ABŞ-a açılma rolunu üstlənməsini istəyirik.

Qarabağda keçirəcəyimiz növbəti toplantıda sadəcə Türkiyə və Azərbaycan mediası deyil, dünyanın aparıcı KİV nümayəndələrinin də iştirakı gözlənilir. Xüsusilə iqtisadi sahə üzrə yazarların da olduğu bir görüşün keçirilməsi​ nəzərdə tutulur. Çünki, Zəngəzur dəhlizi sadəcə Azərbaycan və Türkiyə üçün deyil, Rusiya və İran da daxil olmaqla bölgə ölkələrinin iqtisadi inkişafı üçün olduqca əhəmiyyətli, Qarabağ Zəfərindən sonra bölgənin geosiyasi və strateji əhəmiyyətini dəfələrlə artıran yoldur. Buna görə də dəhlizin uğurlu şəkildə, ən qısa zamanda açılmasının təmin olunmasında sivil insanların, media qurumları və elm adamlarının çox böyük rolunun olduğunu düşünürük".