QHT Agentliyinin maliyyəsi ilə layihəmizin icrasına başladıq

Şərqi Zəngəzur ellərinə qayıdışa mənəvi dəstək

2010-cu ildən fəaliyyət göstərən zengezur.com saytı yenilənib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin həyata keçirdiyi “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsinə uyğun olaraq saytda Şərqi Zəngəzur bölməsi yaradılıb, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları ilə birlikdə Qərbi Zəngəzurun Sisian, Gorus, Qafan, Meğri bölgələrinin tarixi haqqında da məlumatlar yerləşdirilib.


Saytın baş redaktoru Hacı Nərimanoğlu qəzetimizə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 7 iyul 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərimizdə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması, 1933-cü ildə xəritələrdən silinmiş Zəngəzur adının yenidən bərpası xalqımızın, dövlətimizin ictimai-siyasi, mənəvi həyatında mühüm hadisədir. Bu sənəd həm də bizi tarixi ədalətin bərpasına aparır, minlərlə günahsız insanın qanı ilə suvarılmış, zorla Ana Vətəndən qoparılmış Zəngəzur torpaqlarımızın bütövləşməsini, birləşib bir-birinə və Azərbaycana qovuşmasını, bu mənəvi borcumuzun gerçəkləşməsini hədəf olaraq müəyyən edir. Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri artıq strateji yol xəritəsidir: “Qərbi Zəngəzura qayıdacağıq, kimsə bizi dayandıra bilməz! Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək, bütün region ölkələri üçün yeni imkanlar yaradacaq. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq? Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm. Zəngəzurun Şərqi varsa, onun Qərbi də var, bunların qovuşması artıq zaman məsələsidir.”

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi

https://butov.az/edebiyyat/zengezur/20436-rqi-zngzur-ellrin-qayd-mnvi-borcumuzdur.html