12 mart Qaçaq Nəbinin, 15 mart Bəhlul Behcətin anım günüdür

Zəngəzurun sonuncu qazısı, tarixçi, ilahiyyatçı Bəhlul Behcət “Qaçaq Nəbinin tarixi” (vəsiqə və sənədlər üzrə)” kitabında yazır:

“Üsyançı qaçaqlardan biri və bəlkə də ən məşhuru, bütün hadisə və təfərrüatı ilə tarixini yazdığımız Qaçaq Nəbidir...çar və çarlıq zülmünə qarşı çıxan və xalqın arasında bu qədər şöhrət tapmış bu böyük şəxsiyyət haqqında indiyə qədər yazan olmamışdır.” Kitabın mündəricat başlıqlarına baxaq: “Nəbinin Sarımsaqlı dağında Naxçıvan naçalniki Slovenski ilə davası və qar tığına düşməsi”, “Qaçaq Nəbinin Ərikli dağında üç naçalniklə davası”,Kürdlər,Göyçə,Naxçıvan, Zəngəzurdakı Çətəndaş,Qoparandağ,Qısırdağ,Güllüpir, Murov, Dikpiləkən və digər savaşların hamısında Nəbinin dəstəsi ilə döyüşənlər rus naçalnik,pristav,saldat,kazakları idi.Bu savaşların iştirakçıları, şahidləri, söyləyənlər,savaş yerlərinin dəqiq coğrafiyasına qədər hamısı kitabda yerbəyer, adbaad göstərilib və arxiv sənədlərli-yerli hakimiyyət nümayəndələrinin raport,məruzə, teleqramları ilə eyni məzmundadır. Sadə həqiqət budur ki,Nəbinin savaşdığı,öldürdükləri müsəlman camaatın torpağına,mal-mülkünə tamah salan yadellilər,çağırılmamış həyasız gəlmələrdir,yerli xalqa düşmən kəsilən,ona həqarətlə baxan soyğunçu, istismarçı, talançı rus-çar üsuli-idarəsidir. “Nəbinin birinci dəfə tutulması”, “Nəbinin ikinci dəfə tutulması” başlıqlı bölmələr var. Nəbinin ilk qaçışı belə təsvir olunur; Nəbini Naxçıvanda qazamatda bir qədər saxlayıb sonra yatab ilə Şuşa şəhər türməsinə göndərirlər. Zəngəzur qəzasının içindən yolçular Gorus şəhərindən keçirdi, oradan da Şuşa şəhərinə aparılırdı. Nəbi piyada qolları bağlı, kazak gözətçiləri, qaravullar atlı idilər. Nəbi qolları bağlı halda dağ sıldırımı cığırdan keçəndə darısqal bir döngədə sıçrayıb yoldan çıxır, sıldırım qayalardan üzüaşağı dərəyə atlanıb aradan çıxır. Onun Şeyx Şamilin məşhur silahdaşı Hacı Muradın qaçışını xatırladan bu qaçışı o dövrün qəzetlərində də geniş əks-səda doğurmuşdu.
Maksim Qorki “Nijneqorodskoy listok” qəzetinin 1896-cı il 8 noyabr tarixli sayında dərc olunan “Qafqazda qaçaqlar” oçerkində yazırdı: “Rusiyanın əyalətlərində həm xalqın müdafiə etdiyi mərd qaçaqlar və həm də xalqın nifrət etdikləri quldurlar olmuşdur...Adi bir soyğunçu quldur olan Qara Nəbinin fəaliyyəti ilə XIX əsrin sonlarında Azərbaycanda kəndli hərəkatına rəhbərlik etmiş xalq arasında populyar olan Qaçaq Nəbinin azadlıq mübarizəsi arasında bir ayrım xətti çəkin.”
Nəbinin “cinayətlərini” araşdıran prokuror Jukovski Nəbiyə bəylərin, hampaların, mülkədarların əleyhinə qalxan üsyan başçısı maddəsi vermişdi və Peterburqa yazmışdı ki, Nəbi bildiyimiz qaçaqlardan deyil, buna yalandan qaçaq deyirlər. Bu, bəyləri, mülkədarları tamam qırmaq, torpağı yoxsul kəndlilərə paylamaq üçün qalxan güclü kəndli hərəkatıdır. Müstəntiq-silisçi Beçerovun topladığı Qaçaq Nəbi işinin həcmi 150 tom idi.
Naxçıvan quberniyasının polis rəisi çar II Nikolaya yazırdı: “Zəngəzur, Naxçıvan, Ordubad, Sisianda çoxlu tərəfdarları olan Nəbinin qaçaq hərəkatı təhlükəli bir şəkil almışdır.”
M.Ə.Rəsulzadənin yaxın silahdaşı Hüseyn Baykara yazır: “XIX əsrin axırlarındakı Azərbaycan qaçaqlarından üçünü əlimizdə olan məlumatlara və eşitdiklərimizə əsaslanaraq anlatmaq istəyirik. Nəbi həbs olunur. O, həbsdən qaçaraq həmfikirlərini ətrafına toplayır. Rus çar rejiminə və onun Azərbaycandakı əlaltıları olan bəylərə qarşı mübarizəyə başlayır. Nəbinin arvadı Həcər xanımla yanaşı baldızı Mehri xanım da bu mübarizədə yaxından iştirak edir. Onun bu ən çox işlətdiyi taktika...Qaçaq Nəbinin “partizan hərəkatında istismarçı imperializmə və rus çar rejiminə qarşı mübarizə” əsas yer tuturdu.
Xalqın qoşduğu dastan, nəğmələrdə də Qaçaq Nəbi mücadiləsinin bu əsas hədəfləri, ən böyük düşmənin kim olduqları adbaad göstərilib; urus, qubernat-qoburnat, naçalnik, pristav, kazak, saldat, komandır, qazamat… erməni hampa və keşişləri, “sapı özümüzdən olan baltalar”...
Peterburqdan gələn təlimat, qəti tapşırıq üzrə Qaçaq Nəbinin və dəstəsinin tam məhvi məqsədilə çar generalları - Cənubi Qafqaz diyarının rəisi A.S.Şeremetyev, Yelizavetpol qubernatoru knyaz A.D.Nakaşidze, İrəvan qubernatoru A.A.Freze, İrəvan quberniya dəftərxanasının rəhbəri A.Saroyan, Naxçıvan qəzası rəisi A.S.Slavoçinskinin və digərlərinin teleqramları, bir-biri ilə yazışmalarından aydın görünürdü ki, 40-50 nəfərlik qaçaq dəstəsinə qarşı qurulan planlar hər dəfə Nəbinin və dəstəsindəkilərin cəldliyi, cəsarəti, həm də yerli əhalinin yaxın köməkliyi ilə boşa çıxır.
Rus çarizminin Cənubi Qafqazdakı generallarının Qaçaq Nəbinin və dəstəsinin tam məhvinin Qacarlar İranı və Osmanlı dövlətlərinin köməyi olmadan mümkünsüzlüyü barədə raport, məlumatlarını nəzərə alan Peterburq sarayı ən təcrübəli xəfiyyələrindən olan general-leytenant D. Skalonu məxsusi olaraq Qafqaza ezam edir.
General-leytenant D.Skalon Peterburqa raportunda Qaçaq Nəbi ilə bağlı vəziyyəti izah edərək yazırdı: “Əhali hakimiyyət orqanlarına quldurların yerini nəinki nişan verir, hətta, quldurlara böyük bir qonaqpərvərlik göstərir, inzibati orqanlar cinayətkarları tutmağa cəhd etdikdə, əhali açıqcasına onlara mane olur.”
1890-cı illərdə Nəbinin mübarizəsinin daha geniş əraziləri əhatə etməsi, dəstəsinə qoşulanların, tərəfdarlarının sayının get-gedə çoxalması çar hökumətinin narahatlığını artırırdı. Bu, arxivlərdə saxlanan sənədlərdə, o dövrdə Peterburq, Tiflisdə çıxan qəzetlərdəki yazılarda da aydın görünür. “Qafqaz”, “Zaqafqaziya”, “Novaya vremya” qəzetləri Rusiya hökumət qüvvələrinin Qaçaq Nəbiyə qarşı mübarizədə gücsüz olduğunu, onun azsaylı dəstəsinin tez-tez kazaklarla qeyri-bərabər döyüşlərə girib qalib çıxdığını dəfələrlə yazmışdı.
Sentyabrın 16-da Qaçaq Nəbinin növbəti dəfə Naxçıvana gəlişi İrəvan qubernatoru A. A. Frezenin Cənubi Qafqaz diyarının baş rəisi A. S. Şeremetyevə ünvanladığı təliqəsində də təsvir olunur.
Nəhayət ki, rus və fars general (İran şahı Müzəffərəddin şahın yan-yörə adamlarından Bahadır xan Paşa da bu sırada olmaqla, axır ki, xain, xəyanətkar plan baş tutur: mühasirə xəlqəsinin daraldığını görüb bir müddət gözdən uzağa gedən - Kərbəladan dönən NəbiTürkiyə ilə İran sərhəddi arasında olan Larni kəndində həm Rusiya, həm İran generallarından yaxşı vədlər almış rus cəsusları – hacı Fərəc, məşədi Paşa və Şahhüseyn pusquda durduqları un dəyirmanın yaxınlığında arxadan atdığı güllələrlə Novruz çərşənbəsində Həcərlə görüşə tələsən Nəbini al-qanına qərq edərək qaçırlar.
Qaçaq Nəbidən bəhs edib vəfalı ömür-gün yoldaşı Həcər xanımdan danışmamaq bağışlanmaz günah olar. Anadolu ellərində hər zaman “Kaçak Nebi ile Kaçak Hacer” dastanı heyranlıqla dinlənilir, onların şəninə qoşulan el mahnıları Arazın o tay-bu tayında olduğu kimi sevilərək oxunur. Qubadlı Rayon İcra Hakimiyyətinin saytında “Qaçaq Həcər” başlıqlı bölmə var. Tarixi sənədlər də sübut edir ki, 20 ildən çox partizan savaşı aparan Nəbinin dəstəsində 2-ci ən qoçaq, igid qaçaq elə Həcərdir. Qori müəllimlər seminariyasının məzunu, uzun müddət Gorus məktəbinin müdiri olmuş, Həcər xanımı yaxından görüb haqqında bilgilər toplayan P.Vostrikov yazırdı: “Həcər xanım da Nəbi kimi çox cəld silah işlədirdi. Onun atının sürətli çapacağında belə gülləsi hədəfdən yayınmırdı. Həcər həm də Nəbinin ən birinci köməkçisi idi”.
Xalqımızın əvəzsiz, bənzərsiz qəhrəmanlarını hər zaman sevgi, əbədi ehtiramla yad edirik.

Mənbə: Hacı Nərimanoğlu "Qaçaq Nəbi tarixdә, elmi, yazılı vә şifahi әdәbiyyatda, incәsәnәtdә"

http://zengezur.com/.../Haci-Nerimanoglu_Qachaq%20Nebi1.pdf