Zəngəzur dəhlizinin alternativi: “dalan dövlət” yenə də “qatarın dalınca” baxası oldu...

Azərbaycan və İran arasında imzalanan dəhliz anlaşması Bakının növbəti uğurudur; analitik: “Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın həm yaxın, həm də uzaq perspektivdə ata biləcəyi bütün təxribatçı addımlar artıq cəhənnəmə vasil olub”

Ötən həftə Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasının yekununda iki ölkə arasında yeni sənədlər imzalandı. Müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən sənədlərin ən vacibi və əhəmiyyətlisi heç şübhəsiz ki, dəhliz anlaşması ilə bağlıdır.

Söhbət İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantısının yaradılması haqqında Anlaşma Memorandumundan gedir. Sənədin məqsədi muxtar respublika ilə yeni dəmir və avtomobil yolu əlaqələrinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasıdır. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Ekspertlər Bakı ilə Tehran arasında imzalanmış sazişin mühüm əhəmiyyətə malik olduğunu bildirirlər.

Faktiki olaraq Azərbaycan İranla Zəngəzur dəhlizinə alternativ yolun inşası üzərində anlaşmış oldu. Ermənistan sərhədi ilə 5 kilometr məsafədən keçən yol Şərqi Zəngəzur rayonunu Naxçıvanla birləşdirəcək. Bura avtomobil və dəmir yolu, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılması daxildir. Ermənistan yenə böyük layihədən kənarda qaldı. 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanata əsasən, Ermənistan dəhlizin açılmasına da şərait yaratmalı idi, lakin müxtəlif bəhanələrlə bu öhdəliyin icrasından yayındı. Əslində Azərbaycan çox uzun müddət səbr etdi və İrəvanın konstruktiv davranacağına ümid etdi. Lakin ötən ilin payızında Prezident İlham Əliyev qarşı tərəfin anlaşmanı pozduğunu açıqladı. Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibəsində dövlət başçısı bildirdi ki, 10 noyabr bəyanatında Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat əlaqəsinin qurulması “aydın qeyd olunsa da”, bu əlaqə qurulmayıb. İlham Əliyev qeyd etmişdi ki, Zəngəzur dəhlizi ilə bağlı “danışıqlar nəticəsiz qalır”. “Bu əlaqəni qurmaq üçün o qədər də böyük vaxta ehtiyac yoxdur. Burada yolun ümumi uzunluğu 40 kilometrdir. Biz müharibədən sonra bir ildə min kilometrdən çox yol tikmişik, həm torpaq yollar, həm də asfalt yollar. İndi orada 40 kilometrlik yolun açılması böyük bir problem deyil. Amma buna baxmayaraq, Ermənistan buna razılıq vermir. Danışıqlar nəticəsiz qalır. Ermənistan 10 noyabr bəyanatının şərtlərini kobud şəkildə pozur. Hələ ki səbr edirik. Ehtiyatla hərəkət edirik. Amma bizim səbrimizin də həddi var. İkinci Qarabağ müharibəsi səbrimiz tükənəndə nələrin baş verdiyini göstərdi. Buna görə də Ermənistan rəhbərliyinə 10 noyabr bəyanatının bütün şərtlərini yerinə yetirməsi və məsuliyyətli davranması üçün bir şans veririk”, - Prezident söyləmişdi. Nəhayət, Azərbaycan dövlətinin səbr kasası daşdı və alternativ yolla bağlı qərarını verdi.

Bu yerdə zəruri xatırlatma etmək yerinə düşər. Rəsmi Tehran bir müddət öncəyədək Zəngəzur dəhlizinə qarşı müqaviməti ilə diqqət çəkirdi. Vaxtaşırı İranın İrəvandakı səfiri, yaxud ayrı-ayrı iranlı rəsmilər səviyyəsində Ermənistanın ərazi bütövlüyünün Tehran üçün qırmızı xətt olduğu bəyan olunur, Zəngəzurun hansısa formada güzəşt edilə biləcəyindən dolayı təşviş ifadə edilirdi. Bir sıra hallarda erməni revanşistlərinə stimul verən bu kimi davranışlar İranın başqa bir layihəsi ilə də diqqət çəkirdi. Belə ki, xəbərlər yayılmışdı ki, İran Zəngəzur dəhlizinə qarşı alternativ yol çəkir. İranın Ermənistan vasitəsilə Gürcüstan limanlarına çıxışı ilə bağlı səylərin anonsu verilmişdi, başqa adla Fars körfəzi - Qara dəniz marşrutunun. Düzdür, bu layihə əvvəldən mövcud idi, lakin sanksiyalar səbəbindən taqətdən düşmüş İran çox bahalı bir layihəyə əlavə xərc çəkməyə ehtiyatlanırdı. İranın yol və şəhərsalma naziri Xeyrullah Hatəmi hətta demişdi ki, Tehran Ermənistandan keçən və Gürcüstana qədər uzanan yeni tranzit yolunun çəkilməsində iştirak etməyə hazırdır. Bununla yanaşı, Gorus-Qafan yoluna alternativ marşrutun açılması istiqamətində işləyirlər. “Mümkün olduğu qədər tez bir zamanda Azərbaycan ərazisindən keçməyən alternativ yol yaradılmalıdır. Bu, ermənilərin maraqları üçün də vacibdir”, - Hatəmi bildirmişdi. Amma işə baxın ki, bu anonsun üstündən bir neçə ay sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında olan məsələdir və onunla bağlı qərara hörmətlə yanaşacağıq”, açıqlamasını verdi. Diplomat iranlı nazir Qaseminin bugünlərdə Azərbaycana səfər etdiyini diqqətə çatdıraraq əlavə edib ki, nazir azad olunmuş ərazilərə səfəri zamanı İrana yeni istiqamətin açılması, yolun çəkilməsi ilə bağlı müzakirələr aparıb. “İki ölkənin üstünlüyü odur ki, nəqliyyat dəhlizləri bu ölkələrdən keçir və biz bu dəhlizləri hər zaman müdafiə edəcəyik. Azərbaycan və İran arasında ticarət dövriyyəsinin həcmi 400 mln. ABŞ dolları təşkil edir. Bu, rəsmi rəqəmdir. Yaxın gələcəkdə iki ölkənin hökumətlərarası komissiyasının iclası keçiriləcək və bu tədbirdə ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasını müzakirə edəcəyik. İqtisadi əlaqələrimiz siyasi əlaqələrin yüksək səviyyəsinə çatmayıb, biz bu potensialın olduğunu, ticarət əlaqələrinin yüksəlməsini gözləyirik”, səfir bildirib.

Bu gedişat onunla nəticələndi ki, İran Azərbaycanla dəhliz anlaşmasını imzaladı. Ancaq istisna deyil ki, günün birində Ermənistan da “yuxudan ayılacaq” və Zəngəzur dəhlizi ilə bağlı razılığını Azərbaycan tərəfə təklif edəcək. Faktiki olaraq Ermənistan hökuməti Arazdəyəndən Horadizədək çəkiləcək nəqliyyat-kommunikasiya xətləri ilə bağlı dəyərləndirmələr aparmaqdadır və yaradılan komissiya bu istiqamətdə işləyir. Deməli, Rusiyanın da marağında olduğu Zəngəzur dəhlizinin açılmaması mümkünsüzdür. Amma istənilən halda alternativ dəhlizlərin olmasının Azərbaycanın maraqları baxımından üstünlükləri var. Üstəlik, üçüncü yol da mövcuddur - Gürcüstandan keçməklə... Araz çayı üzərindən çəkilən dəhliz yol Ermənistan ərazisindən keçəcək dəhlizdən nə ilə fərqlənir? İrəvan günün birində desə ki, Azərbaycanın şərtləri ilə razıyıq, ikinci dəhlizin inşası mümkün olarmı? Yoxsa Azərbaycanı İrandan keçən dəhliz qane edir?

Elçin Mirzəbəyli: Azərbaycan döyüş meydanında olduğu kimi hüquq müstəvisində də Ermənistanı məğlub etdi .

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında İranla əldə olunan razılaşmanı müsbət xarakterizə etdi: “Azərbaycanı ölkənin əsas ərazisindən və İrandan keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəhliz nəqliyyat-enerji dəhlizlərinin kombinə olunmuş ən müasir nümunələrindən biridir və komponentlərinə görə, Ermənistan istisna olmaqla, bölgənin bütün dövlətlərinin Zəngəzur dəhlizi ilə bağlı təsəvvürlərinə uyğun gəlir. Amma məlum olduğu kimi, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı müzakirələrdə həm dəhlizin statusu, həm də komponentləri ilə bağlı beynəlxalq nəqliyyat dəhlizləri anlayışının mahiyyətinə və bununla bağlı president xarakteri daşıyan dövlətlərarası müqavilələrə uyğun gəlməyən iddialarla çıxış edir və əslində özü üçün xilas yolu olan bu nəqliyyat dəhlizinin alver və təzyiq predmetinə çevrilməsinə çalışır. O zaman ortalığa bir sual çıxır: Əgər Ermənistan Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin aparıldığı bir vaxtda əsassız iddia və mülahizələrlə çıxış edirsə, dəhliz hazır olduqdan və fəaliyyətə başladıqdan, eləcə də Azərbaycan, Türkiyə, Rusiya və digər region dövlətlərinin dəhlizlə bağlı beynəlxalq öhdəlikləri yarandıqdan sonra hansı təxribatlara yol verə bilər? Bu qədər mühüm bir məsələdə Ermənistana etimad göstərmək mümkündürmü? Əlbəttə ki, yox! İran ərazisindən keçəcək dəhlizlə bağlı isə belə problemlərin yaranması mümkün deyil”.

E.Mirzəbəyli qeyd etdi ki, rəsmi Tehranın bir sıra siyasi məsələlərdə region dövlətləri ilə müxtəlif dövrlərdə problemləri yaransa da, İran bir qayda olaraq, nəqliyyat dəhlizlərini, həm də öz iqtisadi maraqları baxımından təzyiq predmetinə çevirməməyə çalışıb: “Əslində bu, istənilən dövlətin reputasiyası ilə bağlı çox vacib bir məsələdir. Dövlətlərin taleyi onların regional və qlobal iqtisadi öhdəliklərinə, hətta ən kritik məqamlarda belə necə əməl etdiyindən asılıdır. Siyasət, fikir ayrılıqları öz yerində, amma qarşılıqlı fayda gətirən, həmçinin iştirakçı ölkələrin vətəndaşılarının maraqları, iqtisadi mənafeyi ilə bağlı olan məsələlərdə etimadsızlıq yaradan hərəkətlərə yol vermək olmaz. Çünki siyasi baxış bucaqlarının fərqliliyinə, fikir ayrılıqlarına nə zamansa son qoyula bilər, amma iqtisadi əlaqələr, xüsusilə də region dövlətləri və xalqları ilə iqtisadi münasibətlər əbədidir və iqtisadi münasibətlərdə məqsədyönlü təxribatlara yol verənlər, öhdəliklərinə əməl etməyənlər heç vaxt bağışlanılmır. Bu baxımdan, İran ərazisindən keçən dəhliz etibarlılıq baxımından, Ermənistan istisna olmaqla, bölgənin bütün dövlətləri üçün əlverişlidir”. Siyasi şərhçi qeyd etdi ki, digər tərəfdən, İran ərazisindən keçən dəhlizlə bağlı bütün aspektlər üzrə razılaşmalar əldə olunduğu üçün Zəngəzur dəhlizi artıq bölgədəki iqtisadi münasibətlərdə əsas daşıyıcı funksiyasını yerinə yetirməyəcək: “Yəni Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək dəhliz alternativ dəhliz deyil, alternativ dəhliz reallaşacağı təqdirdə, Zəngəzur dəhlizi olacaq. Bölgədəki nəqliyyat və enerji dəhlizlərinin hab funksiyasını yerinə yetirən, ideal logistik imkanlara malik Azərbaycan isə öz öhdəliklərini yerinə yetirməklə istədiyi an Zəngəzur dəhlizinin dondurulmasına nail olacaq. Yəni Azərbaycana İran, Rusiya, Türkiyə və Xəzər dənizi üzərindən qarşılıqlı hərəkət edən bütün yüklər nəqliyyat habına sahiblik edən Azərbaycan tərəfindən vaxt və maliyyə itkisinə yol verilmədən istənilən zaman İran ərazisindən keçən dəhlizdən, istənilən vaxt isə Zəngəzur dəhlizindən keçəcək. Bu xüsusda Şimal-Cənub dəhlizinin Rəşt-Astara seqmentinin də yeni yaradılacaq dəhlizlə sinerji içərisində olacağını nəzərə alsaq, həmçinin Şərq-Qərb, TransXəzər dəhlizlərinin də eyni prinsip üzrə funksional hərəkət imkanlarını da əsas götürsək, Zəngəzur dəhlizinin məhz Azərbaycanın müəyyənləşdirdiyi və diqtə etdiyi şərtlərə uyğun olaraq, fəaliyyət göstərəcəyini müəyyənləşdirmək olar. Bu isə o deməkdir ki, Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın həm yaxın, həm də uzaq perspektivdə ata biləcəyi bütün təxribatçı addımlar artıq cəhənnəmə vasil olub. Məşhur el məsələsində deyildiyi kimi, ”çox istəyən azdan da olar".

Ekspertimizin dediklərinə əlavə olaraq qeyd edə bilərik ki, əslində bu variant Azərbaycana sərf edir. İran üzərindən keçməklə dəhlizin reallaşdırılması həm də əlavə üsünlüklər qazandırır: Ermənistanın minnətini, şıltaqlığını götürmürük, üstəlik, ona bu avantajı qazandırmırıq. Dünyaya da göstərdik ki, israrla dəhlizin Ermənistandan keçərək reallaşmasını istəyirdik, amma Paşinyan iqtidarı Azərbaycanın bu alicənab davranışına adekvat yanaşmadı, nəticədə itirdi. İndi Azərbaycana yalvarsınlar. Qatarın dalınca baxan yenə də ermənilər olacaq, illər öncə Bakı-Tiflis-Qars qatarının ardınca boylandıqları kimi. “Dalan dövlət”ə yaraşan budur...

Elşad PAŞASOY,
“Yeni Müsavat”