“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin Tofiq Hüseynliyə yubiley təbriki

 Çox hörmətli Tofiq Gülmalı oğlu Hüseynli! 

Sizi 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik. Mənalı həyat yolunuz, xeyirxahlığınız respublikamızda, xüsusilə yaşayıb fəaliyyət göstərdiyiniz Sumqayıt şəhərində daim yüksək ehtiramla yad edilir, örnək sayılır.

Zəhmətiniz, ağıl və bacarığınızla Çörək zavodunda fəhləlikdən şəhərin ən böyük kollektivlərindən olan Çörək-Qənnadı Kombinatının və “Sumqayıtçörək” ASC-nin direktoru vəzifələrinə yüksəlmisiniz. Şəhər sakinlərinin hörmət və etimadını  qazandığınız üçün 2000-ci il noyabrın 5-də II çağırış Milli Məclisin üzvü seçilmisiniz. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  "Əmək” ordeni ilə təltif olunmusunuz. Rəhbərlik etdiyiniz kollektivdə indiyədək yüzlərlə qaçqın, məcburi köçkün, şəhid, qazi, əlil ailəsininin üzvlərinin işlə təminatına, maddi problemlərinin həllinə yardımçı olmusunuz. Müəssisənin qarşısında ölkəmizdə ilk şəhid abidələrindən birinin ucaldılması da Sizin millət, xalq sevginizin, dövlətçiliyə sədaqətinizin bariz təcəssümüdür.

30 yaşlı “Zəngəzur” Cəmiyyətləri Birliyinin qurucu rəhbərlərindən, İdarə Heyəti üzvlərindən biri olaraq, Sizin bu qurumun  fəaliyyətində, təşkilatlanmasında, 28-30 il əvvəl tarixi yurd yerlərini tərk etmək məcburiyyətində qalan ailələrə, sərhəd bölgələrində yaşayan əhaliyə, ön cəbhədə döyüşən könüllü özünümüdafiə taborlarına yardımların təşkilində şəxsi nümunəniz, səmərəli fəaliyyətiniz hər zaman minnətdarlıqla xatırlanır.

Əziz Tofiq Hüseynli! Bundan sonrakı ömrünüzün də şəxsiniz, ailəniz, namus və ləyaqətlə xidmət etdiyiniz Sumqayıtlılar üçün xeyirli olmasını Ulu Yaradandan diləyirik.

70 yaşınız mübarək!

Hörmətlə,  

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası adından

Hacı Nəriman oğlu Abdulla

                                               21 avqust 2022-ci il