Zəngəzur qəzasının Qubadlı nahiyəsində soyqırımı faktları

Azərbaycanın əzəli bölgələrindən biri olan Zəngəzur qəzasının Gorus və Qafan nahiyəsinin yaxınlığında yerləşən Qubadlı nahiyəsinin (Həkəri və Bərgüşad çayları hövzələrinin) bir çox yaşayış məntəqələri 1905-1920-ci illər ərzində ardıcıl surətdə silahlı erməni quldurlarının təcavüzünə, dinc sakinləri isə soyqırımına məruz qalmışdır. Belə ki, yaxınlıqdakı Gərəvinc, Xot, Şner, Xınzirək, Muğancıq kəndləri Gorus çayı sahilində yerləşməklə (bu kəndlər əvvəllər müsəlman-türk kəndləri olub, sonradan orada haymənşəlilər məskunlaşıb. Məsələn, Bərgüşad çayı üzərində olan Şahverdilər kəndi 1954-cü ildə düşmənə verilib, adını qoyublar Voratan kəndi) Qubadlı nahiyəsinin Eyvazlı, Novlu, Gürcülü, Məzrə, Davudlu, Qədili, Əliquluuşağı kəndləri ilə ara məsafəsi 1-16 kilometr təşkil edir (Şahverdilər və Eyvazlı kəndlərinin arası 1 kilometrdir, Novlu kəndindən Gorus şəhərinə məsafə 16 kilometrdir).
1905-1920-ci illərdə Novlu kəndində 150, Eyvazlıda 60, Məzrədə 85, Gürcülüdə 60, Davudluda 65 ev olmuşdur. Həmin vaxt Bərgüşad çayının sağ sahilindəki Sofulu kəndinin 500 nəfərə qədər əhalisi silahlı hay quldurlarının qanlı vəhşiliyindən canını qurtarmaq üçün sol sahildəki Davudlu kəndinə və Cəbrayıl qəzasının Arazboyu kəndlərinə köçməyə məcbur olduğundan bu obanın yerləri nişanə kimi keçən əsrin 70-ci illərinədək qalırdı.
Nahiyə əhalisinin hay hücumuna, qətliamına və soyqırımına (Q.Nijdenin və A.Ozanyanın başçılığı ilə) tuş gələn obalarından biri olan Novlu kəndi Kəpəz dağının “Qarağac bulağı” və “İmamzadə bulağı” meşəliyi (burada 150-yə qədər yaşı 600 ilə çatan və üzərində qoç heykəlləri qoyulmuş qəbirlər olmuşdur. Mühafizəçisi Gorus şəhərinin Ağbulaq kəndindən olan Seyid Haşım ağa (1875-1960) idi, bu ocaq da barbarlar tərəfindən yandırılmışdır, qoç qəbirləri dağıdılmış və xeylisi aparılmışdır), “Saqqızsultan meşəliyi” (burada ən çox daş vələs və vən ağacları bitirdi. “Vəndam” toponimi bu sözdən yaranıb) əhatəsində yerləşməklə həm də Gorusun müsəlman-türk mənşəli Qurdqalağı, Şamsız, Şirnuxu kəndləri yaxınlığında idi. Novlu kəndinin simsarındakı “Göy qala” dağı və oradakı mağara, “Aynaxlı dərəsi”, Davudlu kəndinin mərkəzindəki “Nəbi bağı” (alma, armud, gilas, qoz, tut ağaclarından ibarət) yerləri Qaçaq Nəbinin adı ilə bağlıdır. Bu kənddəki su dəyirmanı Tapdıq Xudayar oğlu (1883-1972) tərəfindən Gorus çayından ayrılmış qolun üstündə tikilmişdi. Bu dəyirman da düşmən hədəfinə tuş gəlmişdi.
Novlu kəndindən Alı, Hüseyn və Təmraz İsmayıl oğullarının, Murtuza Cəfər oğlunun (1875-1965), Məcid Cəfər oğlunun (1876-1964), Şiralı İsa oğlunun (1882-1972), Adil İsa oğlunun (1890-1943), Qara İsmayıl Təmraz oğlunun (qardaşları Cavad və İbadla birgə), Göyüş Hümbətalı oğlunun (1872-1954), Albaba Allahverdi oğlunun (1853-1943, kəndin imkanlı şəxsi olub, həm də döyüşçüləri silah-sursatla təmin edib) müqavimətinə baxmayaraq düşmən əvvəlcədən bu soyqırımına hazırlıq gördüyündən qanlı faciələr bütün yaşayış yerlərini əhatə etmişdir. Novlu kəndinin igid döyüşçüsü Bərxudar Şahbaz oğlunu (1885-1918) haylar Gorus nahiyəsinin Kərəvünc kəndi yaxınlığında qətlə yetirmişlər (onun qardaşları Tanrıverdi və Novruz da bu döyüşlərdə vuruşub), ümumilikdə bu kənddən 35 döyüşçü, Davudlu və Məzrə kəndlərinin 25 dinc sakini həmin illərdə şəhid olmuşdur.
Qanlı hadisələr zamanı dinc sakinlərin sığınacaq yeri kimi Məzrə kəndinin yaxınlığındakı 1000-ə qədər mağara-kühül, IV əsrə aid tarixi keçmişimizin maddi yaddaşı kimi qədim Alban kilsəsi, Gürcülü kəndində isə XV əsrə aid olan gümbəz və ətrafındakı qəbir daşları da hay quldurlarının nişangahına çevrilmiş və yerlə-yeksan edilmişdir.
Bərgüşad çayı boyunca hayların Qubadlı nahiyəsi kəndlərinə basqınları əsasən “Erməni günlüyü” deyilən yerdən (Novlu kəndindən 1 kilometr aralı), Ağ qayanın altı (Gorusa tərəf), “Qızıl qaya”, “Məzrə suyu”, “Keç-çuxuru”, “Xinkiris düzü” adlı yerlərdən və Qafan-Gorus istiqamətlərindən olurdu. Həmin vuruşmalara aid kənd qəbiristanlıqlarında bağ daşlarında qalan güllə yerləri, səngər izləri (ən çox “Laçın qayası” deyilən yerdə) hələ də qalırdı. Səngər izlərinə “Hacı yurdu”, “Çanaxçı yeri” (meşə-kol sahəsində), “Gümüş quyusu”, “Daran yeri” (“Səvədərə bulağı” yanında, ətrafındakı qəbirləri də quldurlar dağıtmışlar) adlanan sahələrdə rast gəlinirdi.
Döyüşlərin getdiyi Qarayazı və Ağyazı düzlərində (əkin sahələri idi) daşnaklar əsir götürdükləri qadınların kürəyində samovar qaynadaraq, kişilərin gözünü çıxararaq onlara bu düzlərdə ağır işgəncələr vermişlər. Onlar Məzrə, Davudlu, Eyvazlı, Novlu kəndlərinin dinc sakinləri idilər.
Novlu kəndinin Arazqırağı yerlərə gedə bilməyən dinc sakinlərin çoxu Cavad Qara İsmayıl oğlunun (1824-1906) kahasına (uzunluğu 20 metrdir), Nəsib kahasına sığınmalı olmuşdur. Həmin qaçhaqaç zamanı Məcid Ələkbərovun ailəsində doğulan körpəyə Qaçay adını qoyublar. Tarixin təkrarlanan acı səhifələrindən birini də Qaçay yaşayıb – bu, 1988-ci ildə, 70 ildən sonra baş verib. O, Nəzər Heydərov adına kolxozun sədri kimi Davudlu kəndindən qayıdarkən kənddən 3 kilometr aralıda körpü üzərində Gorusun Xınzirək (bu kənd əvvəllər müsəlman-türklərin yaşadığı Almalıq kəndi olub) və Gərəvünc kəndlərinin daşnak saqqallıları tərəfindən bir neçə həmkəndlisi ilə birlikdə qətlə yetirilib.
Davudlu kənd sakini Balaxanım Xudayar qızı (1862-1966) həmin illərdə A.Ozanyanın, Q.Nijdenin quldur dəstələrinin nahiyənin bu kəndlərinə silahlı basqınları barədə (əhalinin əksəriyyətinin Cəbrayıl qəzasının Arazsahili obalarına köçməsindən, düşmənin talançılığından – bütün mal-mülkü, heyvan-qaranı qarət edərək aparmalarından, evləri, məscidləri yandırmalarından, dinc sakinlərə ağır işgəncələrlə divan tutmalarından) ağalaya-ağlaya, yana-yana danışardı. O deyərdi ki, bu hadisələr 1905-1907-ci illərdə necə olubsa, 1918-1920-ci illərdə də eyni qansızlıqla təkrarlanmışdı.
Nahiyənin Eyvazlı kəndinə basqınlar Qafan nahiyəsinin haylar yaşayan kəndlərindən olmuşdur. Bu illərdə düşmən həmlələri əvvəlcə bu kəndə, sonra isə Qədili kəndinə yönəlmişdir. Bərgüşad çayının sağ sahilində, Qülləlik dağının ətəyində yerləşən, tariximizin ən qiymətli səhifələrini özündə yaşadan (yaşı 500 ildən artıq olan qədim Mədrəsə yeri qəbiristanlıq olmuşdur) bu kənddə o qanlı illərdə 20 ev vardı, Gorus şəhəri ilə arası 7-8 kilometr idi. Hay quldurları bu kəndin dinc sakinlərinə də ağır müsibətlər yaşatmışlar.
Bu vuruşlardan və hay daşnaklarının törətdikləri vəhşiliklərdən sonra Qubadlı nahiyəsinin bir çox yaşayış məntəqələri sıradan çıxmış, əhalisi köçərək başqa yerlərdə məskunlaşmış, yurdumuzun xeyli toponimik sərvətləri də soyqırımına məruz qalmışdır. Nəticədə 1918-1920-ci illərdən sonra Azərbaycan xəritəsində Xallava (40 ev olub, Novlu kəndindən 10 kilometr aralı qərbə tərəf, camaatı Bərdə və Ağdam nahiyələrinə köçüb), Qarıqışlaq (40 ev olub), Məmmədli (50 ev olub, əhalisi bütünlüklə Bərgüşad çayı üzərində yerləşən Bəxtiyarlı kəndinə köçüb) kəndlərinin adları yox olmuşdur. Əsgülüm dağlıq silsiləsinin Səlk dağı sıldırımlarından Şuşa şəhəri aydın görünür və ətəyində yerləşən Teymur-Müskanlı kəndində 1918-ci ildə 70 evi, kənd qəbiristanlığını, məscidi və gümbəzi, 1850-ci ildə Bərgüşad çayı üzərində tikilmiş və Əliquluuşağı kəndinə keçid olan “Laləzar” daş körpüsünü hay silahlıları məhv etmişlər. Əliquluuşağı kəndi ilə Gorusun Gərəvünc kəndi arasında 1 kilometr məsafə var, bu kəndə də hücum olduqda əhali yaxınlıqdakı mağaralarda gizlənmişdir.
Q.Nijdenin quldurları Novlu, Davudlu, Teymur-Müskanlı, Eyvazlı, Qədili və Məzrə kəndlərindən əsir götürdükləri əhalinin bir hissəsini Gorus həbsxanasında saxlamışlar. Həmin həbsxana hasarının hündürlüyü 4 metrə çatırdı.
Həkəri və Bərgüşad çaylarının qovuşağının solunda yerləşən Zilanlı kəndində o vaxtlar 10-15 ev olub. Əhalinin əkin-biçin yeri Yazı düzü idi. Bu ərazidə qonşu Xocahan, Mahrızlı, Xanlıq, Həmzəli, Əfəndilər kəndlərinin camaatı da əkin-biçinlə məşğul olub. Elə əkin-biçin vaxtı olduğundan və bu düzdə əli yalın əhali yığışdığından hay quldurları həm kəndlərdə, həm də Yazı düzündə qətliamlar törətmiş, 50-60 dinc sakini qətlə yetirmişlər. Zilanlı kənd sakini Əbdülhüseyn Cabbar oğlu (1886-1961) kəndə gəlir və evdə heç kimi tapmır. Görür ki, qonşu gəlin hamilə olduğundan qaça bilməyib, evdə qalıb. Kömək edib onu gətirir Yazı düzünə. Həmin qadın dərələrin birində körpəsini dünyaya gətirir və sonralar həmin yer “Xıdır olan” adlanır. Xıdır Əbdülrəhman oğlu isə 2003-cü ilədək yaşayıb, Sumqayıt şəhərində müəllim işləyib.
1918-ci ildə ən ağır döyüşlər məhz Yazı düzündə olmuşdur.
Qubadlı nahiyəsinin Həkəri çayı hövzəsindəki kəndlərə (Milanlı, Deşdahat, Hat, Başarat, Muradxanlı, Həkəri...) düşmən hücumları Gorusun Gorunzığ, Daşkənd, Xənəzək, Dığ kəndləri, eləcə də Qarabağın dağlıq hissəsində yuva qurduqları Arpagədik, Ağcakənd, Donu kəndləri istiqamətindən olmuşdur. Həkəri kəndi eyni adlı çayın sağ sahilində yerləşməklə, əski yerindən (“Kalafalıq” adlı) 5 kilometr cənubda salınmışdı. Bu kəndin əsl adı Xəlifəzur olub. 1918-ci ildə hay quldurları bu kəndin 50-dək evini yandırmış, 30 dinc sakinini amansızlıqla qətlə yetirmişlər.
İskəndərli kəndinin camaatı ətrafdakı kahalara – mağaralara sığınmaqla (11 mağara olub, uzunuluğu 20, eni 10 metr) canlarını bu qətliamdan qurtara bilib. Amma kəndin yaxınlığındakı qədim qəbiristanlıqdakı qoç şəkilli qəbirləri quldurlar dağıtmış, “Meyin bağı” meşəliyindəki qiymətli dəmirağacı talasını doğrayıb aparmışdılar. Həmin soyqırımı faciələrinin şahidi olmuş Həkəri kənd sakinləri Gözəl Kərbəlayi Süleyman qızının (1864-1971), Xanpəri Ağakişi qızının (1886-1989) dediklərinə görə, bu qanlı hadisələr Osmanlı Türkiyəsinin xilaskar ordusu gələn günə kimi davam etmişdir. Ordunun qərargahı bu kənddə yerləşsə də Qubadlı, Laçın və Şuşa nahiyələri üzrə döyüşlərin idarə edilməsi buradan həyata keçirilirdi.
1905-1918-ci illərdə baş vermiş bu qanlı hadisələr Osmanlı Türkiyəsinin 4-cü Qafqaz Ordusunun (K.Qarabəkir paşanın başçılığı ilə) döyüşçüləri gələnə kimi davam etmişdir. Bu xilaskarlıq yürüşündən sonra həm Zəngəzur qəzası, həm də Qubadlı nahiyəsi düşmən caynağından xilas edildi. Bu ordunun üzvləri Novlu (Salah kişinin evində qərargah olub) və Davudlu (Xudayar kişinin evində) kəndlərinin hərəsində bir həftə qalmaqla və yerli özünümüdafiə qüvvələrini bir daha səfərbər etməklə düşmənə layiqli cavab veriblər. Bu orduya edilən el yardımı da quldurlara vurulan gücün, dəyən zərbənin artmasına dayaq olmuşdur.
Ordu və yerli müdafiə-müqavimət dəstələri qısa müddət ərzində hay quldurlarını Gorusun 4 kilometrindəki “Dəlik daş”a qədər qovub əraziləri azad ediblər.
QİSMƏT YUNUSOĞLU,
Bakı Dövlət Universitetinin müəllimi.
https://xalqqazeti.com/mobile/az/news/18892