Xalq qəhrəmanı Qaçaq Nəbi

 (anadan olmasının 170, qətlinin 125 illiyinə) 

Çar üsuli-idarəsinə qarşı mübarizə. Qaçaqlıq xalqın istismarçı zümrənin hədsiz özbaşınalığına, işğalçı yadellilərin müstəmləkə zülmünə qarşı mübarizə forması idi. Hökumətin təqiblərindən qaçıb dağlarda, meşələrdə gizlənən və yerlərdə hökumət məmurlarına qarşı mübarizə apardığına görə ev-eşiyindən, yurd-yuvasından ayrı düşməyə məcbur olmuş adamları xalq “qaçaq” adlandırırdı. Əzilən çoxluğun haqqını müdafiə edən qaçaqları xalq sevirdi və qoruyurdu.

Maksim Qorki “Qafqazda qaçaqlar” oçerkində yazırdı: “Rusiyanın əyalətlərində həm xalqın müdafiə etdiyi mərd qaçaqlar və həm də xalqın nifrət etdikləri quldurlar da olmuşdur…Adi bir soyğunçu  quldur olan Qara Nəbinin fəaliyyəti ilə XIX əsrin sonlarında Azərbaycanda kəndli hərəkatına rəhbərlik etmiş xalq arasında populyar olan Qaçaq Nəbinin azadlıq mübarizəsi arasında bir ayırma xətti çəkməliyik.” (https://www.baku.ru/enc-show.php?id=109150&cmm_id=276).

Zəngəzur qəzasının sonuncu qazısı, tarixçi, tərcüməçi, folklorşünas, “Müsavat”ın Zəngəzurdakı əsas dayağı, bolşeviklərə qarşı “Cihad Bəyannaməsi”nin və silahlı üsyanın rəhbəri olmuş Bəhlul Behcətin (1869-15.03.1938) qələmə aldığı “Qaçaq Nəbinin tarixi” (vəsiqə və sənədlər üzrə)” kitabı Qaçaq Nəbinin uşaqlığından başlamış ölümü daxil həyatı, mübarizəsinə həsr olunmuş ən sistemli, zəngin, etibarlı, əhatəli mənbədır (Çıraq nəşriyyatı-2011, 296 səh. mətndə bundan sonra-B.B). B.Bəhcətin bu kitabda gətirdiyi çoxsaylı sənədlərin, faktların dəqiqliyi, düzgünlüyü XIX əsrin son iyirmi illiyində Rusiya, Bakı, Tiflisdə çıxan qəzetlərdə, arxivlərdə, Azərbaycan, İran, Türkiyə mənbələrində, ayrı-ayrı tədqiqatçıların elmi araşdırmalarında, müxtəlif kitablarda yer almış digər mənbələrlə də üst-üstə düşür. Eləcə də Nəbinin doğum tarixinin  1851-ci il olması barədə həmin kitabda sənədlər üzrə göstərilən məlumatları AMEA Tarix İnstitutu da düzgün hesab edir (AMEA Tarix İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunan “Qubadlı: qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” monoqrafiyası, Bakı-2013, s.109).

 1920-ci illərdə qələmə alınmış 55 başlıqdan ibarət bu əsər hələ sovet ideologiyasının tam və qəti qələbə çalmadığı, repressiyaların tüğyan etmədiyi illərdə yazılıb, əlyazması sovetlərin 70 illik hakimiyyəti dövründə arxivlərdə gizli saxlanıb, nəşrinə izin verilməyib, yalnız 2011-ci ildə AMEA Folklor İnstitutunun, “Zəngəzur” Cəmiyyətləri Birliyinin və professor Əliağa Cəfərovun birgə zəhməti ilə nəşr edilib. B.Behcət Qaçaq Nəbinin müasiri, həmyerlisi idi, Zəngəzurun ən nüfuzlu, hörmətli ixtiyar sahiblərindən biri kimi bu qaçaq hərəkatının hərəkətlərini, məramını, hədəflərini də yaxşı bilirdi. Sözügedən kitabın mündəricatındakı bəzi başlıqlara diqqət yetirək; “Nəbinin Sarımsaqlı dağında (Kəlbəcər rayonunda-H.N) Naxçıvan naçalniki Slovenki ilə davası və qar tığına düşməsi”, “Qaçaq Nəbinin Ərikli dağında (Laçın rayonunda-H.N) üç naçalniklə davası”, Kürdlər, Göyçə, Naxçıvan, Zəngəzurdakı Çətəndaş, Qoparandağ, Qısırdağ, Güllüpir, Murov, Dikpiləkən və digər savaşların hamısında Nəbinin dəstəsi ilə döyüşənlər rus naçalnik, pristav, saldat, kazakları idi. Bu savaşların iştirakçıları, şahidləri, söyləyənlər, savaş yerlərinin dəqiq coğrafiyasına qədər hamısı kitabda yerbəyer, adbaad göstərilib və arxiv sənədlərli-yerli hakimiyyət nümayəndələrinin raport, məruzə, teleqramları ilə eyni məzmundadır. Sadə həqiqət budur ki, Nəbinin savaşdığı, öldürdükləri müsəlman camaatın torpağına, mal-mülkünə tamah salan yadellilər, çağırılmamış həyasız gəlmələr, yerli xalqa düşmən kəsilən, ona həqarətlə baxan soyğunçu, istismarçı, talançı rus-çar üsuli-idarəsidir. B.Behcət sözügedən kitabda Qarabağ xanlığının tarixi, torpaq, vergi münasibətləri, Nəbinin yaşadığı bölgənin ümumi vəziyyəti, dövrü, qaçaqçılıq və onun yaranma səbəbləri, o cümlədən gəzib gördüyü İranda ara-sıra baş qaldıran tanınmış qaçaqlar haqqında zəngin məlumatlar verib yazır: “bu kimi üsyançı qaçaqlardan biri və bəlkə də ən məşhuru, bütün hadisə və təfərrüatı ilə tarixini yazdığımız Qaçaq Nəbidir...çar və çarlıq zülmünə qarşı çıxan və xalqın arasında bu qədər şöhrət tapmış bu böyük şəxsiyyət haqqında indiyə qədər yazan olmamışdır.” Səbəbini də əlavə edir ki, “kübar zümrələr” yoxsul bir kəndli “gədə”si olan Nəbinin və onun yoldaşlarının göstərdikləri qəhrəmanlıqların miqyasını hər vasitə ilə kiçiltməyə çalışmış, yanlış və qeyri-təbii bir halda təsvir etməyə çalışmışlar. “Biz Qaçaq Nəbi tarixini nə əfsanələrlə dolu qeyri-təbii hadisələrin bir-birinə quraşdırılmış macəralar yığını hesab edirik, nə də Qaçaq Nəbini “olmayan sərgüzəştılər” qəhrəmanı kimi tanıyırıq. (B.B, s.137-138).

 Xalqın qoşduğu dastan, nəğmələrdə də Qaçaq Nəbi mücadiləsinin bu əsas hədəfləri, ən böyük düşmənin kim olduqları  adbaad göstərilib; urus, qubernat-qoburnat, naçalnik, pristav, kazak, saldat, qazamat… erməni hampa və keşişləri, belə yabançı, yadelli ünsürlərə boyun əyib qarşılarında quyruq bulayan  “sapı özümüzdən olan baltalar”...

Qubernat, naçalnik gəlsin, qorxmaram,

Düşmənin qanından içsəm, doymaram,

Zalımda qisası, yəqin qoymaram,

Hər yanda desinlər qaçaqdı Nəbi,

Arvadı özündən qoçaqdı Nəbi!*

Nəbiyəm, atımın ayağı ala,

Qubernat başına gətirrəm bəla,

Qoymarıq toxumun yer üstə qala,

Divanı çaşbaşa salan qoçağam,

Zalımlar gözünə iti bıçağam!*

Nəbinin sədası düşüb hər yana,

Naçalnik, pristav qal yana-yana.*

Qazamatın yanı tökmə qaladı,

Saldat da zalımdı, yaman bəladı.*

Üçtəpə düzündən qopubdur sazaq,

Düzülüb qarovul saldatla kazak.*

Qoburnat, naçalnik hey kağız yazar,

Onların yazdığın qoç Nəbi pozar.* və s.(B.B, səh.252-267)

Azərbaycanın XIX əsrin II yarısı, XX əsrin 20-ci illər tarixinin tanınmış araşdırmaçı-tədqiqatçısı, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin yaxın silahdaşı Hüseyn Baykara (azərbaycanlı adı- Qara Hüseynbəyli‎; Şuşa-1904-Türkiyə, Kayseri 1984)  “Azərbaycan Milli İstiqlal Mücadiləsi” kitabının “Azərbaycan tarixində qaçaq hərəkatı” bölümündə Qaçaq Nəbinin mübarizəsində məhz bu məsələni, yəni çarizmin müstəmləkə siyasətinə qarşı çıxmasını önə çəkib, xüsusi qabardaraq bəzi tədqiqatçıların “öz məhdud görüşü ilə yanlış qiymətləndirdiyi” məqamları, Qaçaq Nəbinin “əsl şəxsiyyətini aydınlaşdırmaq məqsədilə” yazırdı: “Zəngəzur və Naxçıvanda qorxmadan partizan müharibəsi aparan Qaçaq Nəbi…həbsdən qaçaraq həmfikirlərini ətrafına toplayır. Rus çar rejiminə və onun Azərbaycandakı əlaltıları olan bəylərə qarşı mübarizəyə başlayır. Nəbinin əsas düşmənləri çar rejimi, xanlar və bəylər idi. O, bu mübarizədə kasıbları və onların hüquqlarını müdafiə edirdi. Nəbi uzun müddət rus kazakları ilə vuruşur, sıxışdırıldığı zaman İrana və Türkiyəyə sığınırdı. Çar idarəsi bu hərəkatı yatırtmaq üçün bütün vasitələrə əl atırdı. Rus idarəsinin casusları Həcərin Çiçəkli kəndində olduğunu xəbər tuturlar və Həcər bacısı Mehri ilə birlikdə həbs olunur. Gorusdakı qalada saxlanılır. Nəbi 1895-ci il oktyabrın 28-də Gorus qəsəbəsini öz dəstəsiylə əhatəyə alır, rus polkovnikindən Həcəri və baldızını tələb edir. Rus polkovniki Nəbinin bu tələbini yerinə yetirməyə məcbur olur…”Qaçaq Nəbi” dastanının da əsas mövzusu rus imperializminə qarşı aparılan azadlıq mübarizəsindən ibarətdir. Dastanda “Nəbi urusları burda qoymadı” misrası olduqca çox işlədilir. 1896-cı ilin mart ayında Nəbi Kərbaladan dönərkən Türkiyə ilə İran sərhəddi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olur.”(Azerbaycan istiklal mücadelesi tarihi". İstanbul, 1975. https://www.edebi.net/index.php/kardes-edebiyatlar/azerbaycan-edebiyat/azerbaycan-cumhuriyeti/4892-huseyn-baykara-az-rbaycan-milli-istiqlal-mucadil-si). Kitabda Anadolu və Qafqazda Nəbinin şəninə qoşulan xeyli şeir də yer alıb.

1890-cı illərdə Peterburq, Tiflisdə çıxan “Qafqaz”, “Zaqafqaziya”, “Novaya vremya” qəzetləri Rusiyanın hökumət qüvvələrinin Qaçaq Nəbiyə qarşı mübarizədə gücsüz olduğunu, onun azsaylı dəstəsinin tez-tez kazaklarla qeyri-bərabər döyüşlərə girib qalib çıxdığını dəfələrlə yazmışdı. “Novaya vremya” qəzetində dağıstanlı Qaçaq Nəbi tutulanda “Nəbi tutulmuşdur” başlıqlı məqalə dərc olunmuş, dağıstanlı qaçaqla zəngəzurlu qaçaq səhv salınmışdı. “Qafqaz” qəzeti “Novaya vremya” qəzetinə rişxəndlə yazırdı: “Redaksiya sevindiyindən onu dağıstanlı Nəbi ilə qarışdırmışdır....Məşhur Qaçaq Nəbi öz dəstəsilə heç vaxt Quba qəzasında olmamışdır.” (Kafqaz,11.07.1895, №181).

Nəbinin həbsdən iki qaçışı. B.Bəhcətin kitabında “Nəbinin birinci dəfə tutulması”, “Nəbinin ikinci dəfə tutulması” başlıqlı bölmələrdə qələmə alınan olaylar igidlik, cəsarət nümunəsidir. Nəbi ilk qaçışında Dağıstanlı imam Şeyx Şamilin silahdaşı Hacı Muradı təkrar etmişdi: 8 il katorqa cəzası alıb Şuşa həbsxanasına aparılan  Nəbi qolları özündən qabaqkı və arxadakı kazakın əllərinə qandalla bağlı olduğu halda dar, sıldırım yarğandan onların hər ikisini dartıb özü ilə bərabər uçuruma tullanıb sağ qalmış, silahlarını da götürüb qaçmışdı, bu hərəkəti qəzetlərə də düşüb onu məşhur etmişdi. (B.B, s.147-148).  Nəbinin ikinci qaçışı isə B.Behcətin doğulub həbsinə qədər yaşadığı qazılığın və nahiyə pristavlığının yerləşdiyi Dondarlı kəndində, Məhəmməd Şərif adlı (bu nəslin nümayəndələri qoçaqlığı ilə Qarabağ müharibəsində də fərqləniblər-H.N) varlı kəndlinin evində baş verib. Ev sahibi, kəndin ağsaqqalları belə qeyrətli, qonşu kənddən olan, el-obada hörmətli bir qoçaq cavanın sabah bu evdən, kənddən yetişməkdə olan güclü mühafizə altında   katorqaya, gedər-gəlməzə göndəriləcyini, ya qətlə yetiriləcəyini bilib, tədbir görürlər; yasavulları  yuxuya verib Nəbinin saxlandığı mal tövləsinin üstdən bacasını genişləndirib ayağına vurulan qıfıllanmış at buxovu, qollarına bağlanmış zınqırovlu qandalların  səs salmaması üçün əski parçaları ilə bürüyüb sarıyıb ziyansız, həm də yasavulları güdaza verməmək xatirinə qaçırdıb Dondarlının məşhur qalın bağlarına gətirirlər, kəsib doğrayıb at, yol yeməyi də verib azad buraxırlar. Nəbi tutulana qədər tez-tez gedib gəldiyi İrana tanışlarının yanına keçir, az sonra  qardaşı Mehdi, Həcər, qaynı Məhəmməd də labüd həbsdən qaçıb birlikdə qaçaqçılığa başlayırlar. (B.B,150-152). Təsvirlərdəki yerli-yataqlı dəqiqlik, şahidlərin adbaad yazılması, qaçaqların sonrakı taleyinin də birbəbir yazılması, yazılanların bəzilərini təkzib edib düzəliş verməsi şübhə yeri qoymur ki, qazı B.Behcət Nəbini və dəstəsindəkilərin çoxunu yaxından görüb, tanıyıb, bəlkə onlarla gizli əlaqəsi olub.

Qaçaq Nəbi ermənilərin qənimi idi. B.Behcətin kitabının “Qaçaq Nəbinin Xinzirəyə hücumu və Gorusun pristavı Bedrus bəylə keşişi öz evində öldürməsi”, “Qaçaq Nəbinin dağbəyi Ginkor Qrikoru öldürməsi”, “Nəbinin Xuçmanski Lütvəli bəyi öldürməsi”, “Nəbinin qardaşı Mehdinin Ordubadın Qarçıvan kəndində ermənilər tərəfindən öldürülməsi və intiqamı” və sair başlıqlı yazılarda bədnam ermənilərin mənfur niyyətləri, azərbaycan-türk əhaliyə qarşı kin-küdurəti və cinayətləri müqabilində Nəbinin onlara verdiyi cəzalar yerli-yataqlı əks olunub.

1894-cü il iyulun 20-də Nəbi dəstəsi ilə yenə Zəngəzur, Naxçıvanda təqiblərdən yayınıb Arazın o tayına keçmək istəyir. Hər yerdə çuğulçular qaçaq dəstəsinin izində idilər, Nəbinin özünün, adamlarından kimin yerini desə, öldürsə elan edilən mükafatı almaq həvəsində idilər, əsas da ermənilər. Qardaşı Mehdi Ordubad qəzasının Qarçıvan kəndində qaçaq dəstəsindən ayrılıb kazakların onların izinə düşüb düşmədiklərini, saylarını, istiqamətlərini öyrənmək üçün gizlənib qalır. Nəbinin əlindən yanıqlı olan erməni hampaları bunu bilib gecə ilə onun düşdüyü evi tapıb mühasirəyə alıb Mehdini zülüm, işgəncə ilə öldürürlər.

Nəbi əziz qardaşının, silahdaşının ölüm xəbərini, nəşinin düşmən əlində qalmasın eşidən kimi gecə dəstəsiynən geri qayıdır, ətraf dağlarda gizlənib fürsət gözləyir. İyulun 23-də öz dəstəsi ilə kəndə girməzdən əvvəl silahdaşlarından iki nəfərini, kazak çaparı qiyafəsində göndərib, Ordubad həbsxanasından qaçıb guya bu kənddə gizlənən Qəmbər adlı bir dustağı tutmaq üçün naçanik, pristavın kəndə gələcəyini hampalara xəbər verirlər, onların arxasınca da “qəza rəisi” və “18 kazak” kəndə daxil olur. Kəndin hampaları və keşişləri “rəis”in pişvaza çıxırlar. Hamını məsləhət üçün kilsəyə yığırlar, qapı bağlanır, üst geyimlər atılır, erməni başbilənləri qarşılarında Nəbini və qaçaqları görəndə hesab verəcəklərini anlayıb tir-tir əsir, ayaqlarına döşənirlər. Qətli törədənlərin bir neçəsi qabaqcadan qaçıb aradan çıxsa da, qalanların cəzası ağır olur, kəndin erməni varlılarından toplanan qəniməti 17 dəvəyə yükləyib Arazın o tay, bu tayında yol boyu kasıb-kusuba paylayıb, çəkidən yüngülünü özü ilə götürürlər. Mehdinin nəşi yaxınlıqdakı müsəlman kəndində etibarlı dostların yardımı ilə gizli dəfn edilir. Tiflisdə çıxan “Kavkaz” və digər qəzetlərdə gedən məlumatda hampa və varlı keşişlərdən qarət edilmiş əmlakın dəyərinin 29 min rubla dəyərində olduğu bildirilirdi. Xəyanətkar ermənilərə layiqli dərs olan Qarçıvan qisası bu gün də  xalqın yaddaşında yaşayır, aşıq havaları, dastanın bir səhifəsinə çevrilir.

 Bu davada Nəbi tufan eylədi

Kazakları qırıb fiğan eylədi.

Burda Nəbi yenə bir ad eylədi

Erməni Ginkuru murdar eylədi.*

Gör nə vaxtdı mən görmürəm elimi

Mehdinin ölməyi əydi belimi,

Qanmadım düşmənin fitnə-felini

Gərək düşmənlərdən qan alıb gedim

Erməni yurduna od qoyub gedim.* B.B, səh.266

Ermənilərə nifrət, qəzəbi daha da artan Nəbi Dərələyəz, Uz, Dulus, Ağkənd, Binis kəndlərində də erməni, rus dəstələrinə qarşı savaşlarda yenə xeyli rus, erməni qırıb, çox sayda silah, patron ələ keçirib ehtiyat tədarükünü görmüşdü. 1895-ci il 12 sentyabrında Qaçaq Nəbi silahdaşları ilə Dərələyəz mahalının Uz kəndində  rus əlaltısı Moses Markarov adlı varlı bir erməninin həyətinə erməni varlılarını toplayır, Moses Markarovdan üç tüfəng və 337 patron, Osip Sarkisovdan bir tüfəng və 57 patron, 591 rubl pul, qiymətli əşyalar, atlar alaraq çıxıb gedir. Arxalarına düşən kazak dəstəsi ilə Dulus kəndi ətrafında döyüşə girir, Nəbi dəstəsini iki hissəyə bölüb Ağkənd, Binis, Təzəkənd və Hortuyüz kəndləri həndəvərində də pusqu qurub xeyli rus sərhədçi, kazakı öldürür. Bir neçə gün əvvəl Şuşadan Zəngəzur qəza rəisi vəzifəsinə təyinat almış Səlim bəy Rüstəmbəyov Naxçıvan qəza rəisini də xəbərdarlıq etməklə hər ikisi Qaçaq Nəbinin dalınca düşürlər, hökumət qüvvələrinin hər tərəfdən üzərinə gəldiyini görən Nəbi təqibdən yayınaraq hər keçidinə bələd olduğu ilboyu başı qarlı, dumanlı, çənli Salvartı  dağlarında gözdən itirlər. Lakin yolda o, Qafana bitişik Şabadin və Ecanan kəndlərində də varlı ermənilərin bir neçəsinə divan tutub, şikayət sənədlərində göstərilən 1000-1200 rubl dəyərində qənimət də əldə etmişdi. Nəbinin türk-kürd kəndlərinin həyati mənafeyini ermənilərdən və çar hökumətindən  necə qorumasına dair bir fakt da arxivlərdə qalır. Zəngəzur qəzasının əsrlər boyu Sultanovların mülkü olmuş Zeyvə kəndinin münbit torpaqlarının (bu günlərdə həmin məsələ yenə gündəmdədir-H.N) hökumət adamlarının üzgörənliyi ilə alınıb ermənilərə verilməsi barədə şikayəti həll etmək üçün Tiflisdən buraya təhqiqat qrupu göndərilir. Nəbinin hər yerdə adamları var idi, bunu ona çatdıran kimi Nəbi yolda onların qabağını kəsir, məsələyə ədalətli baxılmasını tələb edir, əks halda cəzalanacaqlarını deyir. Məmurlar Qaçaq Nəbinin qorxusundan mübahisəni yuxarıdan deyilən kimi yox, şikayətçilərin xeyrinə, həm də ədalətlə həll edir (Kafqaz, 1895, 27 sentyabr nömrəsi).

Bu kimi səbəblərdən də təkcə sadə kəndlilər deyil, bir çox yerli bəylər də bacardıqca Nəbini, dəstəsindəkiləri hökumətdən qorumağa çalışırdı. İrəvan qubernatorunun Tiflisə raportundan: “Nəbinin dəstəsinin fəaliyyət göstərdiyi bölgənin, demək olar ki, bütün müsəlman əhalisinin hamısı onu müdafiə edir və qoruyur.” (Tİ, EA-3993(1)v.50).

Əhliman Axundovun "Qaçaq Nəbi" kitabında Nəbinin Yazı düzündə tacir Simonun   varidatını alıb yoxsullara paylaması səhnəsi qələmə alınıb. Çünki o, türk, kürd bəylərdən torpaq alıb erməniləri oralara köçürməklə məşğul idi.

Ermənilər bizdən fərqli olaraq, heç nəyi unutmur, bunu yaxşı öyrənib yadda saxladıqlarından Nəbi haqqında film çəkiləndə Moskvaya çox sayda teleqram vurmuş, güclü kampaniya təşkil etmiş, Moskvadakı himayədarlarının əlbir səyi ilə filmin adını 2 dəfə  dəyişdirərək həm də çox yerinin kəsilib doğranmasına nail olmuşdular.

Qubernat, naçalnik gəlsin, qorxmaram,

Düşmənin qanından içsəm, doymaram,

Zalımda qisası, yəqin qoymaram,

Hər yanda desinlər qaçaqdı Nəbi,

Arvadı özündən qoçaqdı Nəbi!*

Nəbiyəm, atımın ayağı ala,

Qubernat başına gətirrəm bəla,

Qoymarıq toxumu yer üstə qala,

Divanı çaşbaşa salan qoçağam,

Hampalar gözünə iti bıçağam!* B.B, səh.

4 rus, 1 fars generalı Nəbiyə qarşı birləşir. Peterburqdan gələn təlimat, qəti tapşırıq üzrə Qaçaq Nəbinin və dəstəsinin tam məhvi məqsədilə çar generalları - Cənubi Qafqaz diyarının rəisi A.S.Şeremetyev, Yelizavetpol qubernatoru knyaz A.D.Nakaşidze, İrəvan qubernatoru A.A.Freze, İrəvan quberniya  dəftərxanasının rəhbəri A.Saroyan, Naxçıvan  qəzası rəisi A.S.Slavoçinskinin və digərlərinin teleqramları, bir-biri ilə yazışmalarından aydın da aydın görünürdü ki,  40-50 nəfərlik qaçaq dəstəsinə qarşı qurulan planlar hər dəfə Nəbinin və dəstəsindəkilərin cəldliyi, cəsarəti, həm də yerli əhalinin yaxın köməkliyi ilə boşa çıxırdı. Çar üsuli-idarəsi türk, kürd naçalnik, pristavlara inamsızlıqdan onların Nəbiyə qarşı savaşlara göndərilməsinə imkan vermir, daha çox rus, gürcü, erməni qüvvələrindən yararlanırdı. Dərbənddə nəinki hökumət əleyhinə çıxan qaçaqları, hətta ailələrini də qırdıran, Tiflisə tezliklə Nəbinin dəstəsini məhv edəcəyi vədini verən A.D.Nakaşidze aciz durumda qalaraq heyfini Nəbiyə yardım edən bütöv kəndlərə, bəylər də daxil, əlavə vergilər qoymaqla çıxırdı. Ona Nəbini müdafiə etməyə cəhd edən istənilən məmuru, bəy, xan, kəndlini həbs etmək səlahiyyəti verilmişdi.(AMEA Tarix İnstitutunun Elmi Arxivi, v.114).

18 nəfərlik dəstənin İran tərəfə keçmək istəməsi barədə  məlumat alan A.A.Freze Arazboyuna 114 kazak, 16 uryadnikdən ibarət əlavə silahlı atlı dəstə göndərsə də, Nəbigil onların arasından o taya keçmişdi. 1895-ci ilin avqustunda Peterburqa yazdığı təliqədə A.S.Şeremetyev Qaçaq Nəbiyə qarşı görülən bütün tədbirlərin nəticəsiz olmasından bəhs edərək “cəzasını verə bilmədiyiniz Nəbinin dəstəsinin istənilən vaxt İrana keçmək iqtidarında olduğu” sözlərini də əlavə etmişdi. Nəbinin səsi tez-tez Maku, Qaradağ, Urmiya, Xoy, Qars, Iğdır, Dərələyəzdən gəlirdi. Nəbi bu tayda rus hökumətinə qarşı necə vuruşurdusa, o tayda da fars sərbazlarına elə qan uddururdu.

Nəbi getdi Əhmədxanın yanına

Əhmədxan susadı onun qanına

Nəhlət olsun xanın adı, sanına

Deyirlər geçibdi İrana Nəbi

İranda qonaqdı ay xana Nəbi!

Həcəri adlatdı Nəbi İrana

Nəbinin sədası düşüb hər yana

Naçalnik, pristav, qal yana-yana.*B.B.254

Nəbi son vaxtlar qaçaq ailələrini incidən, sürgünə göndərən çar məmurlarının bir neçəsini də öldürmüşdü. Vedili qaçaq Xanbala Sultanoğlu və Sibir sürgünündən qaçıb özünə dəstə toplamış qaçaq Heydərin də Nəbinin dəstəsinə qoşulması ilə dəstədəkilərin sayı ilk dəfə 80 nəfərə qalxmışdı.

1895-ci il sentyabrın 16-da Qaçaq Nəbinin növbəti dəfə Naxçıvana gəlişi A.A.Frezenin A.S.Şeremetyevə yazdığı təliqədə belə təsvir olunur: “Qaçaq Nəbinin keçəcəyi ehtimal olunan dağ, dərələrin ayrı-ayrı yerlərində gizli mühafizə qərargahları qurulmuşdur. Ostrouxovun dalınca adam göndərməklə onu da vuruşma yerinə tələsdirdim. Tezliklə döyüş yerinə poruçik şahzadə Şahruxun başçılığı ilə kazak dəstəsi də gəlib çıxdı. Tərəflər arasında döyüş axşama kimi davam etdi. Sayca üstün olan hökumət qüvvələrinə müqavimət göstərmək əhəmiyyətsiz olduğundan Qaçaq Nəbi qaranlığın düşməsindən istifadə edərək oradan uzaqlaşdı. Atışmalarda qaçaq dəstəsindən iki nəfər öldürüldü.” Bu döyüşdə Çənnab kəndinin yüzbaşısı erməni Ter-Sarkisov  komandir olduğu ermənilərdən ibarət dəstə atışmada fərqləndiklərinə görə şəxsən general-leytenant Frezedən mükafat olaraq qızıl saat, mükafatlar almışdı (AMEA Tİ Elmi Arxivi, iş 3982(1)v.118-119).

Nəbinin gücü xalqın ona arxa, dayaq durmasında idi. Nəbinin dəstəsinə qoşulanların, dastan və nəğmələrdə də adları keçən qaçaqların hamısı  el-obada qoçaqlığı, cəsarət, şücaəti ilə tanınıb seçilən, zülmkarlara qarşı barışmaz, hökumət adamlarını, bəyləri öldürən, həbsdən, sürgündən qaçıb gizlənən yetkin gənclər idi; ömür-gün yoldaşı Həcər, baldızı Mehri, qardaşı Mehdi, sofulu Balakişi, Dağtumaslı Allahverdi, Xıdır, Mahmud, Lətif, Atakişi, Telli Qara, Tuzvəli, İsgəndər, Qoca, Mollu Kərim, Başkəndli Ağahüseyn, Şahhüseyn, Məmmədhüseyn qardaşları bu dəstənin qorxubilməz savaşçıları idi (B.B, səh.171). Qaçaqları ələkeçməzliyinin əsas səbəblərindən biri kiçik mobil dəstələrlə hərəkət etməsi, dağ kəndlərində doğulub böyüməsi, yerli şəraitdə döyüşməyə adət etməsi (ona görə əsas döyüşləri dağlıq, qayalıq, meşəlik ərazilərdə baş verib), hər keçidə, dağ, dərə, qayaya bələdliyi, hər yerdə çoxlu etibarlı dostlarının olması, imkanlı bəylər də aralarında olmaqla, əhali arasında çoxlu tərəfdarlarının olması, kasıb camaatın haqqını müdafiə etməsində  idi. Qaçaqçılıq elmi ədəbiyyatda həm də buna görə haqlı olaraq, “qaçaq hərəkatı”, yaxud “partizan hərəkatı” adlanır.  Yüksək çinli məmurlar “xırda dəstələrin daha böyük dəstələrin özəyinə çevriləcyindən, vəziyyətin fövqəladə dərəcədə gərginləşəcəyindən” qorxurdu. Naxçıvan qəzasının rəisi çar II Nikolaya yazırdı: “Zəngəzur, Naxçıvan, Ordubad, Sisianda çoxlu tərəfdarları olan Nəbinin qaçaq hərəkatı təhlükəli bir şəkil almışdır.”(AMEA Tarix İnstitutunun Elmi Arxivi, iş 1479 .1, v.8).

Nəbinin ədaləti, xalqa yaxınlığı, kasıb-kusublara arxa, dayaq olması barədə çoxlu hekayətlər məlumdur. Kəlbəcərin Qaraçanlı dağlarındakı bir qaya el arasında bu gün də “Nəbinin ərizə qayası”adlanır.

Xain qətl planı qurulur. Tiflisdən Peterburqa göndərilən raportlar da nəzərə alınaraq, Nəbinin qətli üçün Peterburq sarayı ən təcrübəli  xəfiyyələrdən olan general-leytenant D.Skalonu Qafqaza ezam edir. Xəfiyyə D.Skalon raportunda vəziyyəti izah edərək yazırdı: “Əhali hakimiyyət orqanlarına quldurların yerini nəinki nişan verir, hətta, quldurlara böyük bir qonaqpərvərlik göstərir, inzibati orqanlar cinayətkarları tutmağa cəhd etdikdə, əhali açıqcasına onlara mane olur.” Bunu Tiflis Məhkəmə palatasının prokuroru Y.Vasilkov da təsdiqləyərək əlavə edir ki, “hətta, bəylər də qaçaqları öz evlərində gizlədirlər”. (Məs, “Qaçaq Nəbinin Bala bəylə görüşü”, B.Bərxudarov, İki sahil, 09.12.93). İran Culfasındakı Rusiya ali konsulluğunun başçısı knyaz Dobidze və İranın Hərbi naziri general Əmir Pəhləvan Cəng Paşa xan da bu xəyanətkar  plana qoşulur. Nəbinin Cənubi Azərbaycanda fəaliyyətinin qarşısını almaq üçün Qaradağ və Makudakı İran hökuməti məmurlarına lazımi sərəncamlar verilir. İ.Həsənovun “Qaçaq Nəbinin öldürülməsi haqqındakı məsələyə dair” araşdırması, Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində Nəbinin öldürülməsi ilə bağlı saxlanılan arxiv sənədləri ilə yanaşı, B.Bəhcət də Qaçaq Nəbinin Rusiya və İranın polis orqanlarının təşkil etdikləri xüsusi əməliyyat nəticəsində öldürüldüyünü ayrıca bölmədə aydın göstərir: “Əmir Bahadır Cəng Paşa xan Nəbini öldürmək işində” (B.B, s.222).

Urmiya şəhərində yaşayan tacir Paşa Hacı Fərəc oğlu Nəbinin çoxdankı dostu idi. İki dövlət yetkililərinin qızıl medal, torpaq, mülk, həmçinin əlavə olaraq min rubl pul vədi onu yoldan çıxardır. O da öz növbəsində Nəbinin yaxın silahdaşları olan Şahhüseyni və Kərbəlayı İmanı da belə şirin vədlərlə şirnikləndirir, Nəbinin öldürülməsinə razı salır, planlanan sui-qəsd 1896-cı il martın 12-də Urmiya vilayətinin Larni kəndində Novruz çərşənbəsinin gecəsi baş tutur, Şahhüseyn irəlidə gedən Nəbini arxadan güllə ilə vurub qaçır. Nəbinin  45 yaşı var idi.

Vəfalı ömür gün yoldaşı, ən yaxın silahdaşı qoçaq Həcər Nəbinin yolunu gözləyirdi, birlikdə çoxdan bəri üzlərinə həsrət qaldıqları, Qars, Iğdırdakı sədaqətli dost, qohumlarıgildə əmanət qoyduqları övladları - Əhməd, Xəlil, Zeynəbi görmək arzusu ilə yaşayırdılar. “Şahhüseynin arxadan atdığı güllələr gecənin qaranlığında Nəbinin həyatına son qoyur. Gecə saat 2 radələri idi...Həcər onu nahaq yerə evdə gözləyirdi. Həcər o gecə sabahadək yatmadı, Nəbini gözlədi, amma Nəbi gəlmədi. O artıq yox idi. Həcər Nəbini dəfn etdi. Həcərin Mollu kəndindən olan qohumları Həcəri İrandan öz kəndlərinə gətirdilər. Həcər bütün ömrünü Nəbi ilə keçirdiyi günləri xatırlamaqla başa vurdu.” (B.B. s.225-227). Həcər 1914-cü ildə 60 yaşında dünyasını dəyişib. Başdaşına əksi həkk olunmuş məzarı Qubadlının Aşağı Mollu kənd qəbiristanlığında indi də durur. Bu qəhrəmanların törəmələri Türkiyədə Qurtuluş savaşında, Qarabağ döyüşlərində igidlik göstəriblər, şəhid və qazi olublar.

Gürcüstan Mərkəzi Dövlət Arxivində Qaçaq Nəbini kimlərin öldürməsi, bunun müqabilində nə qədər pul, bəxşiş ödənilməsi barədə bütün sənədlər saxlanılır. İrəvanın növbəti general-qubernatoru Şirinkinin Tiflis canişininə göndərdiyi məxfi raportu bu cəhətdən daha geniş, dəqiq informasiya mənbəyidir. O göstərir ki,  yerli qüvvələr və hərbi komanda dəstələri tərəfindən Nəbinin öldürülməsi üçün illərlə aparılan silahlı yol nəticəsiz qaldığından başqa vasitə seçilib, aparılan danışıqlar, razılaşmaların təfərrüatları açıqlanıb, Nəbi və ondan ayrılmayan qaçaq İsmayılın öldürüldüyü dəqiq təsdiq olunub (ÇQİA Qruz. SSR.f.12, op.1,d.1-1473, v.3-4, 65. 1896, 13-15 mart).

Hətta, Nəbinin öldürülməsindən sonra da düşmənləri onun adından xoflanırdı. İrəvan quberniya dəftərxanasının rəisi A.Saroyan Tiflis canişinliyinə bu məlumatın bir daha yoxlanılmasının vacibliyini vurğulayaraq yazırdı: “Məlumatın həqiqiliyinə inanmaq düzgün olmazdı. Çünki biz Nəbinin öldürülməsi ilə bağlı yalan şayiələrin yayıldığının çox şahidi olmuşuq”.

Bu da məlumdur ki, XIX əsrdə, XX əsrin əvvəllərində çar hökumətinə qarşı mübarizə aparan digər qaçaqlar da olmuş, lakin onların bəziləri sona qədər qaçaqçılıq həyatının ağır məşəqqətlərinə, hər an gözlənilər, ölüm, xəyanət, həbs, sürgün təhlükəsinə qarşı davam gətirə bilməmişdir. Bunlardan bəziləri haqqında Hüseyn Baykara da yuxarıda sözügedən kitabında məlumat verib. Qaçaq Nəbiyə belə təkliflər gəlsə də o, əqidəsində dönməzlik nümunəsi göstərərək, heç birini qəbul etməmişdi.

Həcəri özündən ay qoçaq Nəbi. Nəbi Həcəri həbsxanadan çıxarmaq üçün Üçtəpə dağına gəldi və buradan 1895-ci ildə Zəngəzurun qəza rəisi vəzifəsinin icrasına bir neçə gün əvvəl başlamış Şuşanın əsil nəcabətli bəyzadələrindən olan Səlimbəy Rüstəmbəyova (https://az.wikipedia.org/wiki/Səlim_bəy_Rüstəmbəyov) bir məktub göndərdi. Nəbinin tələbi çox qəti idi. Təbiətən milli düşüncəli, maarifçi insan olan Səlim bəy bilirdi ki, bu tələbə əməl etməsə, harada olursa-olsun, Nəbi ondan qisasını alacaqdır. Bu məsələyə 1895-ci il 25 oktyabr tarixli “Qafqaz” qəzetində də aydınlıq gətirilir. Qəzetin müxbiri eyni zamanda əlavə edir ki, Zəngəzur qəza rəisi həbsxananın dağıdılmasından, çox sayda məhbusun azadlığa çıxmasından qorxub Həcəri həbsdən azad etmək məcburiyyətində qalmışdı.

“Atları yəhərləyin” filmindəki Nəbi, Həcər obrazlarını canlandıran aktyorlarımızın boy-buxunu tarixdən xəbərsiz sadəlövh seyrçiləri çaşdırır; həm B.Behcətin kitabında, həm də Nəbi, Həcəri şəxsən görən çox sayda yaşlı insanların hamısının xatirələrində, yazı, yaddaşlarındakı təsvir üst-üstə düşür; Həcər balacaboy, qarayanız, olduqca cəld, at sürətlə qaçarkən üzəngisinin, qantarğasının altından keçib belinə qalxan, sərrast atəş açan, uşaqlıqdan at minməkdə əminəvəsi Nəbi ilə yarışa girən xanım olub. Qori müəllimlər seminariyasının məzunu, uzun müddət Gorus məktəbinin müdiri olmuş P.Vostrikov yazırdı: “Həcər xanım da Nəbi kimi çox cəld silah işlədirdi. Onun atının sürətli çapacağında belə gülləsi hədəfdən yayınmırdı. Həcər həm də Nəbinin ən birinci köməkçisi idi”.

 Nəbinin görkəmini, xarakterini isə B.Behcət belə təsvir edir: “Nəbi gödək boylu, yığcam cüssəli, zirək, yüngül hərəkətli bir oğlan idi. Qorxu nə olduğunu bilməzdi, onun bütün hərəkətləri mətin və qüvvətli bir iradənin səmərəsi idi. Öz hərəkətlərində namus və iffətli olub ondan xalqın əxlaqına və qeyrətinə toxunan bir əməl çıxmazdı. O, qadına hörmət barəsində çoxdan çox ehtyatlı idi, qadına toxunmazdı. Yoldaşlarına qarşı çox hörmətcil və qayğı göstərən idi, gizli oğurluğu qadağan etmişdi. O yolları kəsərək hər gələn-gedəni soymaq işindən uzaq idi, təsadüfi yol kəsmək onların işi deyildi. “Aynalı” tüfəngi bir az əvvəl qurtarmış rus-Osmanlı müharibəsində iştirak edən dostu tərəfindən gətirilmiş “osmanlı” tüfəngi idi. Boz rəngli bir qulan olan Bozatı çox zirək, çox yüngül, görünüşcə də gözəl bir at idi.” (B.B, s.142-143).

Xalqın, ədəbiyyatın, musiqinin yaddaşında yaşayan qəhrəman. B.Behcət yazır: “Xalq Qaçaq Nəbini himayə etməkdə səmimi idi...Xalq tərəfindən qoşulmuş çox gözəl “el qoşmaları” vardır. Bu qoşmalar Nəbinin xalq tərəfindən nə qədər sevildiyini göstərdiyi kimi, öz-özlüyündə “el ədəbiyyatı” nöqteyi-nəzərindən də olduqca qiymətlidir.” (B.B, s.240). Görkəmli folklorşünas alim, prof. M.H.Təhmasib Nəbiyə “xalqın yüzlərlə hekayət və nəğmələr, “Qaçaq Nəbi” kimi epos-dastan” qoşmasının tarixi köklərini də bu kimi səbəblərlə əlaqələndirir.

M.Rahimin “Qaçaq Nəbi” poeması, S.Rəhimovun “Aynalı” povesti və “Qafqaz qartalı” romanı, H.Qasımovun “Dağlara çəkildi” povesti, C.Bərgüşadın “Boz atın belində” romanı, Ə.Vəliyevin “Tunc atlı” əsəri, S.Rüstəmin “Qaçaq Nəbi” pyesi və M.Təhmasibin “Nəbi” ədəbi kinossenarisi, Məmmədsadıq Axundzadənin (Türkiyədə Mehmet Sadık Aran adı ilə tanınır-H.N.) “Qaçq Nəbi” pyesi, Əhliman Axundovun yazıya köçürdüyü “Qaçaq Nəbi” dastanı, Muradxan Cahangirovun 1920-30-cu illərdə Zəngəzurda Qaçaq Nəbi və Həcəri görüb tanıyan şəxslərdən topladığı 220 səhifəlik mahnı, şeir, bayatı, nağıl, real əhvalatlardan ibarət əlyazması, “Atları yəhərləyin” bədii filmi  Qaçaq Nəbinin mübarizə dolu həyatınına həsr edilib. 130 ildən çoxdur Vətənimizin cənubunda, şimalında, Qafqaz, Kərkük, Anadoluda xalq dillər əzbəri olan, sevilən mahnılarla bu qəhrəmanları vəsf edir: Xan Şuşinski, Ağabala Abdullayev, Kamil Cəlilov, Aşıq Əsəd, Nevid Müsmirədək, Cemal Kaçar, Parisa Arsalani, Aşıq Əsgər Urmiyalı, Qarslı Mühsin Sinan və b.ifasında səslənən el, aşıq nəğmə, mahnıları öz təravətini saxlayır, çünki bu sözlər xalqın bağrından, içindən qopan sevginin əksidir.

 Qardaş Türkiyədə “Qafqazın İncə Məmmədi” (Anadoluda məşhur olan qaçaq, Yaşar Kemalın 40 dildə nəşr edilmiş məşhur “İnce Memed” romanının qəhrəmanı) adlandırılan Qaçaq Nəbi haqqında çox sayda araşdırmalar aparılıb.

Ümummilli liderimiz Heydər Əliyev 1996-cı ildə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Qaçaq Nəbi və Həcər xanımın xalqımızın ən çox sevilən qəhrəmanları olduğunu bildirib.

Azərbaycan ordusunun, əsgər və zabitlərimizin düşmənə nifrəti, döyüş ruhu, cəsarət və qəhrəmanlığı, eləcə də az, çevik qüvvələrlə apardığı partizan savaşının üstünlüyü 44 gün sürən Vətən müharibəsində özünü bütün dünyaya göstərdi. Bu örnək ənənə həm də keçmişdən gəlir və bu tarixi qəhrəmanlıq dərslərinin olduğu kimi öyrənilməsi, gələcək nəsillərə çatdırılması   dövlətimizin humanitar, hərbi, ideoloji siyasətində mühüm yer tutur.

Heç şübhə yoxdur ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 25-də 28 il sürən işğaldan azad edilmiş xalqımızın bu çox sevilən qəhrəmanlarının doğulub böyüdüyü Qubadlıda görəcəyi ilk işlərdən biri Qaçaq Nəbi ilə Həcərin mənfur qonşularımız tərəfindən dağıdılıb izi də itirilmiş yanaşı abidəsinin bərpası olacaqdır.

 Hacı NƏRİMANOĞLU,

“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru